BAKI CAZMENLƏRİ FESTİVAL HAQQINDA

Caz festivalı yaxınlaşır… Bütün caz həvəskarlarının küçədə keçiriləcək bu bayramı son illərdə şəhərimizin müsiqi həyatında ən yaddaqalan hadisələrdən biri olmalıdır. Hələlik isə hamı intizarla gözləyir. Gəlin, Azərbaycanda cazın ustalarının bu festivaldan nələr gözlədiyini onların öz dilindən eşidək.

Rain Sultanov

Rain Sultanov:
Mən həmin festivalın prodüsseri olduğum üçün çox istərdim ki, bu festival yüksək səviyyədə keçirilsin. Mən itirilmiş torpaqlarımıza həsr edilmiş yeni albomuma daxil olacaq kompozisiyaları ifa edəcəyəm. Festivala Hindistandan dəvət edilmiş sənətçi, tanınmış tablaçı Uday Mazumdarla birgə çıxış etməyi planlaşdırıram. Festivala janr etibarilə çox tanınmış caz ifaçılarının gələcəyi gözlənilir. Təbii ki, onların hər biri ilə, xüsusən "Zavinul Sindikat" qrupu ilə çıxış etmək istərdim, çünki Co Zavinulun musiqisi - mənim uşaqlıq dövrümün musiqisidir.

Salman Qəmbərov

Salman Qəmbərov:
Mən maraqlı və təzə musiqi gözləyirəm. Zənnimcə, festivalda bu cür musiqi bol olacaq… Öz çıxışımız barədə onu deyə bilərəm ki, hələ 30-cu ildə rejissor Mikayıl Mikayılov "Lətif" adlı səssiz kino çəkmişdi. Biz həmin filmi yenidən göstərəcəyik, lakin bu dəfə musiqi müşaiyəti ilə. Filmə bizim öz improvizəmiz olan musiqi müşaiyəti nəzərdə tutulmuşdur… Festivala həqiqətən çox güclü və maraqlı musiqiçilər gələcəkdir. Onların arasında saksofonçu Qreq Osbini xüsusi qeyd etmək istərdim. Mən çox istərdim ki, onunla görüşüm və cem-seşnlərin birində onunla birgə çıxış edim.

Rauf Babayev və "Bəri bax" ansamblı

Rauf Babayev ("Bəri bax" ansamblının bədii rəhbəri):
Mən çox şadam ki, bu cür geniş miqyaslı tədbiri, nəhayət özümüz müstəqil təşkil etmək imkanına malikik… "Caspian Jazz and Blues" festivalı üç il ərzində nə keyfiyyətli təşkilat, nə də musiqiçilərin seçilməsinə savadlı münasibət nümayiş etdirə bilmədi. Xüsusən bakılı musiqiçilər həmin festivalda çox zəif təmsil edilmişdi. Onlar öz bayramlarında "kasıb qohum" kimi təhqiramiz rol oynamağa məcbur idilər. Mən qarşıdakı festivaldan böyük uğur gözləyirəm, onun təşkilatçılarına qüvvə və müvəffəqiyyət, dinləyicilərə isə yaxşı və rəngarəng musiqi arzulayıram! Bu dəfə biz öz ansamblımızı təkcə vokal qrupu kimi deyil, həm də solistlər kimi göstərmək istəyirik. Bizim əsas məqsədimiz tamaşaçıları 50-ci illərdə Bakıda mövcud olmuş caz abu-havasına qaytarmaqdan ibarətdir.

Emil İbrahim

Emil İbrahim:
Mən yeni musiqiçilərlə görüş və ünsiyyət gözləyirəm. Konkret kiminlə və nə ifa edəcəyimi deməyəcəm, təkcə onu deyə bilərəm ki, bu çıxış bütün caz həvəskarları üçün xoşagələn sürpriz olacaqdır.
Cəmil Əmirov

Cəmil Əmirov:
Mən bu festivaldan nə gözləyirəm? - İlk nöbədə yeni adlar, yeni musiqi. Həm öz musiqiçilərimizin, həm də kənardan gələn sənətçilərin maraqlı çıxışlarını gözləyirəm. Təbii ki, əfsanəvi Co Zavinulun bu festivala gəlişini xüsusi qeyd etməmək olmaz. Biz isə tamamilə yeni proqramla və musiqiçilərin geniş heyəti ilə çıxış edəcəyik.

Cavan Zeynallı

Cavan Zeynallı:
Şəxsən mən gözəl caz müsiqiçilərinin çıxışlarını gözləyirəm. Özü də onların arasında həm yerli, həm də əcnəbi sənətkarlar olacaqdır. Bu festival ilk növbədə musiqiçilər arasında ünsiyyət imkanıdır və mənim fikrimcə, Bakı Caz Festivalı-2005-də ünsiyyət yüksək səviyyədə olacaqdır. Mən həmin festivalda həm pianoçu, həm də öz triomla birlikdə vokalçı kimi çıxış edəcəyəm. Trioya mənimlə bərabər Rauf Sultanov (kontrabas) və Vaqif Əliyev (zərb alətləri) daxildir. Onlar mənim sevimli musiqiçilərimdir - biz uzun illər boyu yaradıcılıq dostluğu edirik. Mən həm də müğənni Leyla Məmmədova ilə birlikdə duetlər oxuyacağam. Proqrama caz standartları və mənim Vaqif Mustafazadəyə həsr etdiyim “Vaqif bizimlədir” adlı kompozisiya daxildir.

Şahin Növrəsli

Şahin Növrəsli:
Mən Azərbaycanda cazın inkişafında növbəti və çox əhəmiyyətli bir addım atılacağını gözləyirəm. Bu, bütün musiqiçilərin və bütövlükdə bizim caz səhnəmizin inkişafı üçün güclü stimul olacaqdır. Mən festivalda yeniləşmiş heyətlə çıxış edəcəyəm. Festivalın qonaqları Natan Pek (bas) və Elison Miller (zərb alətləri) ilə Amerikada, Türkiyədə və Rusiyada uğurlu çıxışlarımız olmuşdur. Bizim çıxış proqramımız, həmişəki kimi mənim öz əsərlərimdən ibarət olacaqdır. Co Zavinul ilə tanış olmaq istərdim. Belə bir musiqiçi ilə tanış olmaq, onunla ünsiyyət saxlamaq sənətçinin həyatında böyük uğurdur.

The Orient Xpress

Anar Yusufov ("Orient Xpress" qrupu):
Həm Azərbaycanın, həm də xarici ölkələrin caz korifeyləri ilə bir səhnədə çıxış etmək bizdən ötrü böyük şərəfdir. Düzdür, bizim debitümüz keçən il olmuşdur, lakin bu çıxış da bizdən ötrü çox əhəmiyyətlidir. Axı bizim qrup məhz "Baku Jazz Festival"da tamhüquqlu iştirakçı kimi çıxış edəcəkdir. Bizə etimad və dəstək üçün bütün musiqiçilərə və təşkilatçılara təşəkkür etmək istəyirik. Bizim proqrama gəldikdə isə o, rəngarəng olacaq, həm özümüzün, həm də yaxşı məlum olan, Acid və Electro-Jazz üslubunda aranjiman edilmiş caz kompozisiyalarından ibarət olacaqdır.