AZƏRBAYCANDA CAZIN İNKİŞAFINA YENİ VƏ GÜCLÜ TƏKAN

Aprelin ilk günlərinə planlaşdırılan I Beynəlxalq Bakı Caz Festivalı milli caz mühitini daha da canlandıracaq.

Bakı Caz Mərkəzi bu ilin aprelində növbəti iri layihəsini caz həvəskarlarına hədiyyə edəcək. Aprelin 5-dən 12-dək paytaxtımızda I Beynəlxalq Bakı Caz Festivalı keçiriləcək. Qeyd edək ki, Mərkəz fəaliyyətinin ikinci ilində cazsevərləri bir sıra layihələrilə sevindirib. Mərkəzin direktoru, tanınmış caz ifacısı Rain Sultanovun redaktəsi ilə "Azərbaycan caz antologiyası" - ölkəmizdə musiqinin bu növünün yaranma tarixindən və məşhur nümayəndələrindən bəhs edən kitab buraxılıb. Bu yaxınlarda isə bu mədəniyyət ocağının iştirakı ilə Azərbaycan cazı, onun nümayəndələri haqda geniş məlumat verən, 10-dan artıq İnternet saytını birləşdirən "jazz.az" layihəsi gerçəkləşdirilib.
Rain Sultanov yeni layihələrini reallaşdırmaqla cazın ən gözəl ənənələrini bərpa edəcəklərini deyir:

"Beynəlxalq Bakı Caz Festivalını keçirməyi çoxdan arzulayırdıq"
Şəhərimizdə ötən əsrin 80-ci illərinin sonunda - bizim uşaqlıq və gənclik illərimizdə təşkil olunan festivalların nostaljisi ilə yaşayırdıq. Güman edirəm ki, bu caz həftəsi ab-hava baxımından həmin bayramların davamı olacaq. Miqyasına gəldikdə isə bu festival daha yüksək səviyyəsi ilə fərqlənəcək. Təxminən 15 illik fasilədən sonra, axırıncı üç ildə "Amerikanın səsləri" təşkilatı Bakıda caz festivalı düzənləsə də, bu tədbirlər qənaətbəxş səiyyədə olmayıb. "Xəzər Caz və Blüz Festivalı - 2002"nin əks-səda doğurmasına baxmayaraq, sonrakı iki ildə təşkilatçılar onlara göstərilən etimadı doğrultmayıb. "Amerikanın səsləri"nin festivala aşağı ranqlı ifaçıları dəvət etməsi, sonuncu festivalda breyk-dansı cazdan ön sıraya çıxarması yerli cazsevərlərin və mütəxəssislərin narazılığına səbəb olub.

"Amerikanın səsləri"nin "Xəzər Caz və Blüz Festivalı" ümidləri doğrultmadı
Hətta "Amerikanın səsləri"nə yaxından köməklik edən ABŞ-in ölkəmizdəki səfirliyi, ayrı-ayrı sponsorlar bu festivalın yenidən keçirilməsinə razı olmadılar". Odur ki, R. Sultanov həmkarları, əsl təəssübkeşləri ilə birgə yeni festival təşkil etmək qərarına gəlib. Bu ideyanı dəstəkləyənlərdən biri "AzEuroTel" Birgə Müəssisəsinin baş direktoru Nuru Əhmədov olub. Festivalın təşkilinə "Azərbaycan Mədəniyyətinin Dostları" Fondu, Mədəniyyət Nazirliyi, Gənclər, Turizm və İdman Nazirliyi, Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli yardım ediblər. Artıq caz həftəsində iştirak edəcək qonaqların kimliyi, festivalın keçiriləcəyi konsert salonları müəyyənləşdirilib. Gözlənildiyinə görə, festival çərçivəsində, nəhayət ki, Əzizə Mustafazadə Bakıya gələcək.
Rain Sultanov

R. Sultanov festivala dünya şöhrətli caz ifaçılarının dəvət olunduğunu bildirir: "Cazın babası" adlandıran avstriyalı ifaçı Co Zavinulun "Sindikat" qrupu ilə festivalda iştirakı nəzərdə tutulub. Elə festivalın keçirilmə tarixi də məhz bu ifaçının boş vaxtına əsasən müəyyənləşdirilib. Artıq onunla müqavilə imzalanıb. Bundan başqa, Uday Mazumdar (Hindistan), Kristof Bussenin triosu (Almaniya), Timuçin Şahin (Türkiyə), Vaqif Sadıxov, Yakov Okunun triosu (Rusiya), Qreq Ozbi, Ellison Miller (ABŞ), Freyzer Fifild (Şotlandiya) və başqalarının adları çəkilir. Son nəticədə bizə onların hamısını Bakıda görmək imkanını festivalın iştirakçılarına yüksək qonorarlar ödəməli olan və hələlik naməlum qalan sponsorlar verəcəklər.
I Beynəlxalq Bakı Caz Festivalına bütün yerli caz kollektivləri və ifaçıları - Cəmil Əmirovun "Savab", Salman Qəmbərovun "Bakustik caz", "Bəri bax" qrupu, Rain Sultanov, Emil İbrahim, Şahin Növrəsli, Cavan Zeynallı, Rauf Sultanovun kollektivi, Emil Məmmədov, "Orient Express" qrupu və başqaları qatılacaq. Həmçinin, festival çərçivəsində gənc caz ifaçıları üçün müsabiqə elan olunub. Artıq Caz Mərkəzində sənədlərin qəbuluna başlanılıb. Müsabiqənin ən yaxşı iştirakçıları müəyyən müddət ərzində professionallarımızdan dərs aldıqdan sonra onlardan yeni qruplar, caz kollektivləri yaradılacaq. Gənc ifaçılardan ibarət qrupların festival çərçivəsində açıq konsertlər verməsi nəzərdə tutulub. Həmin konsertlərin gündüz saatlarında və "Fəvvarələr meydanı"nda olması planlaşdırılıb. Açıq havada caz konsertlərinin verilməsi həm də festivalın daha geniş auditoriyanı əhatə etməsinə hesablanıb. Yeri gəlmişkən, festivalın açılış mərasimi Bakı Caz Mərkəzində, təntənəli yekun konserti isə Heydər Əliyev adına Sarayda baş tutacaq. Caz həftəsi boyunca "Fəvvarələr meydanı", Bakı Caz Mərkəzi və Opera studiyası konsertlərin keçiriləcəyi məkan olacaq. Hər gün Caz Mərkəzində təşkil olunacaq konsertlər "cem-seşn"lərlə, yerli cazmenlərin toplantısı ilə yekunlaşdırılacaq.
R. Sultanov festivalın ənənəvi xarakter daşıyıb-daşımayacağını deməkdə çətinlik çəkir. Buna festival yekunlaşdıqdan və nəticələrə nəzər saldıqdan sonra qərar veriləcək. Amma onun dediyinə görə, artıq gələn ildən Bakı bir deyil, bir neçə festivala ev sahibliyi edə bilər: "Cazın Azərbaycanda indiki inkişafı bunu labüd edir. Cazsevərlər ötən əsrin 60-70-ci illərini tez-tez xatırlayırlar. Amma mən deyərdim ki, bu gün Azərbaycanda caz sənəti daha yüksək səviyyədədir".

Vəfa Şahvələd qızı