KONTRABAS

Yayla çalınan müasir simli çalğı alətləri arasında ölçülərinə görə ən böyük, səslənmə dərəcəsi isə ən aşağı olan kontrabas həm ölçülərinə, həm də aşağı registrin həcminə görə başqa alətlərdən xeyli üstündür: kontrabas violonçen ilə müqayisədə iki dəfə böyükdür, halbuki violonçen özü də çox kiçik alət deyil - o da öz növbəsində, "alt" adlı simli çalğı alətindən iki dəfə böyükdür.
Çox güman ki, kontrabas qədim violanın davamçısıdır. Orkestrdə bu "nəhəng" çalğı alətindən ilk dəfə XVII əsrdə istifadə edilmişdir. Kontrabas o qədər böyükdür ki, ifaçı onu çalmaq üçün ya ayaq üstə dayanmalı, ya da hündür kətil üzərində əyləşməli olur. Kontrabasın iki növü var: simfonik orkestrdə hələ də istifadə edilən violalar ailəsinin yeganə nümayəndəsi olan alman kontrabasında renessans violalarına xas olan maili çiyinlər və bəzi başqa xüsusiyyətlər saxlanmışdır. İtalyan kontrabası isə skripkalar ailəsinə xas olan xarakteristikaları ilə seçilir.
Kontrabasın yan tərəflərinin maili vəziyyətdə olması ifaçıya imkan verir ki, ən yüksək səslər çıxarmaq üçün korpusun yuxarı hissəsindən əyilərək əlini qrifin aşağı hissəsinə çatdırsın. Müasir kontrabas virtuozluq baxımından kifayət qədər mütəhərrikdir. Bu alətdə çox sürətli pasajlar ifa etmək mümkündür. Kontrabas çalan ifaçı barəsində yüksək tələblər irəli sürülür. Alətin ölçüləri çox böyük olduğu üçün ifaçı barmaqlarını yüksək dərəcədə gərməyi bacarmalıdır, kontrabasın yayı isə çox ağırdır. Bütün bunlar kontrabasda ifa texnikasını mürəkkəbləşdirir.


Yüngüllük tələb edilən pasajlar bu alətdə bir qədər ağır səslənir. Onu ya ənənəvi qaydada - simlərə yayla və ya mizrabla toxunmaqla çalırlar, ya da bu texnikaya simlərə ritmik "şapalaq" vurulması əlavə edilir. Musiqidə kontrabasın çox böyük rolu var. Bas səsli partiyalar ifa edilərkən bu alət həmişə musiqi melodiyasının bünövrəsini yaradır. Orkestrdə dayaq nöqtəsi sayılan bas tonu yaratmaqdan ibarət olan əsas funksiyasından əlavə kontrabasdan həm solo, həm də ansambl aləti kimi istifadə edilir. Caz janrında kontrabas geniş yayılmışdır. Burada adətən simləri barmaqla çalırlar (pizzicato). Kontrabasçının əsas vəzifəsi - harmoniyaları növbələşdirməklə əsərin əsas xəttini idarə etməkdir. Bu halda ritmik pulsasiya saxlanmalı və ən başlıcası, pyesin forması gözlənilməlidir.