NAZİM QULİYEVİN BLÜZÜ

Birinci hissə. Tərcümeyi-halı barədə arayış.

1951-ci ildə Azərbaycanın Gəncə şəhərində anadan olmuşdur. Atası Quliyev Məmməd Teymur oğlu milliyyətçə azərbaycanlı, anası Nojko Anastasiya Matveyevna milliyyətçə ukraynalıdır.

1958-1960-cı illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində, N. A. Axundovanın xüsusi fortepiano sinfində oxumuşdur.

1966-2005-ci illərdə montyor, yol nəzarətçisi, fəhlə, Azərbaycan Dövlət Konsert Birliyinin səsyazma kabinetinin müdiri, musiqiçi, satıcı, sürücü, firma mağazasının direktoru vəzifələrində işləmişdir.

Nazim Quliyev

1970-1990-cı illərdə "Orero", "Qaya", "Muğam" kollektivlərində, "Dəniz vağzalı", "Sadko", "Çənlibel", "İnturist", "Azərbaycan" və digər restoranların ansambllarında bas-gitarada ifaçılıqla məşğul olmuşdur.

Müxtəlif ansambllarla birlikdə Azərbaycanda, keçmiş Sovet İttifaqında, Afrika ölkələrində, Əfqanıstanda, Vyetnamda, eləcə də Çexiya, və Türkiyədə qastrol səfərlərində olmuşdur.

Iki dəfə evlənmişdir. Iki oğlu var - Teymur və Vaqif.

İncə zövqə malik olan bir insan idi, yaxşı xörəklər bişirir, deyib-gülməyi, yazmağı (məqalələr, hekayələr, məktublar) bacarırdı. Şəxsi münasibətlərdə, geyim, musiqi və dost seçimində bir qədər vasvası idi. Çoxlu dostları vardı...

2005-ci ildə Ukraynanın Dnepropetrovsk şəhərində vəfat etmişdir.

Nazim, sənin həyatının tale ilə şərikli çəkdiyin sxemi belədir.


Ikinci hissə. "İndiqo"- adam.
Psixoloqlar belə hesab edirlər ki, göy rəngə üstünlük verən adam müstəqil, melanxonik, təvazökar, ədalətli və ağıllı olur, başqalarına güclü təsir bağışlamağın əleyhinə deyil. O, dostluq etməyi xoşlayır, lakin özünə arxayın deyil və tez-tez öz aləminə qapanır. Göy rəng səma və dənizlə bağlı olduğu üçün onu uzaq məsafələrin, səyahətə çıxmaq istəyinin, nə isə fövqəltəbii hadisələr intizarında olmağın rəmzi hesab edirlər. Alimlər, artistlər, yazıçılar, din xadimləri bu rəngi çox xoşlayırlar. Göy rəngə üstünlük verən adamlar bir tərəfdən islahatçı, digər tərəfdən mühafizəkar olurlar. Onlar bəzən mülayimliyi, bəzən isə əhvallarının kəskin dəyişməsi ilə, bəzən ünsiyyətçil, bəzən isə fanatik olmaları ilə seçilirlər.

Nazim Quliyev

Sənin üzünü heç vaxt görməmiş, lakin on illik ayrılıqdan sonra doğma Vətənlə görüşdüyün xoşbəxt anlarda - 2004-cü ilin yayında çəkilmiş fotoşəklini elmi dəqiqliklə təhlil etmiş parapsixoloqun məqaləsində sənin psixoloji portretin bu cür təsvir edilmişdir.


Üçüncü hissə. "Serjant Pepperin idarə etdiyi tənha musiqiçilər klubu"nun üzvü olan musiqiçi.
Sənin tərcümeyi-halının sətirlərində və psixoloji xasiyyətnamələrində musiqiyə və caz sənətinə fanatik münasibətin barədə xatirələr sapfir kristalı kimi bərq vurur. Sən hələ yeniyetməlik dövründə Bitllərin pərəstişkarı idin və bir dəfə onların xatirinə, öz valideynlərinin döşədiyi relslərin üzəri ilə tam sürətlə hərəkət edən qatardan tullanmışdın: onlar səni "Yesterday"ın - sabahkı günün başlandığı yerə, qəlbinin yaşadığı məkana səsləyirdilər.
Nazim Quliyev

O vaxt musiqi ilə tək-tənha məşğul olmaqdan bezmişdin. Bu stil isə imkanı verirdi ki, səni yarımtaktdan anlayan dostlarınla birlikdə elə dərhal öz musiqini yaratmağa başlayasan. Birgə yaradıcılıq və müştərək yoldaşlıq sənin idealına çevrilmişdi. Sən adi həyat tərzini inkar edərək, o dövrün musiqiçiləri üçün əbədi xarakter daşıyan maddi və mənəvi maneələri (Popsa musiqisi çalmaq, xalis caz barədə arzularınla hesablaşmamaq) dəf edərək (təsadüfi deyildir ki, sənin yaratdığın ilk ansambl məşq etmək üçün zirzəmidə toplaşırdı), sovet rejiminin odlu-alovlu ürəkləri söndürmək üçün düzəltdiyi barrikadaların arasından keçərək öz ülvi məqsədinə doğru irəliləyirdin. Bu məqsəd isə nə qədər sadə idisə, bir o qədər əlçatmaq idi: sən həqiqi musiqiçilərlə birlikdə işləmək, öz musiqini ifa etmək, kordonun arxa tərəfindəki işığı görmək, oradakı səsləri eşitmək istəyirdin.
Bir tərəfdən sənin fitri istedadın, bir tərəfdən də bəxtinin gətirməsi sayəsində sən öz arzularını bir-birinin ardınca gerçəkliyə çevirirdin. Bakıdakı ən yaxşı peşəkarlarla birlikdə caz ifa edirdin, sənətinə pərəstiş etdiyin Vaqif Mustafazadə səni yaxşı başa düşmüş və öz ansamblına qəbul etmişdi. Sizin ilk tanışlığınızın təşəbbüskarı və şahidi olmuş səs operatoru Emil Quliyev söyləyirdi ki, o vaxtadək özünə münasib musiqiçilər tapa biləcəyindən əlini üzmüş Vaqif sənin ansamblının ifasını üçcə dəqiqə dinləyəndən sonra ayağa qalxaraq mətbəxə qaçmış, az qala qışqıra-qışqıra demişdi: "Elza! Onlar caz çalırlar!!". Bu hələ harasıdır! Sənin caz-rok basın (təbilçi Pərvizin ritmləri kimi) Ustadın klassik-caz yaradıcılığına yeni təkan vermişdi.
Vaqif Mustafazadə sənin qolların üstündə keçindi. Onun ölümündən sonra sən ağlasığmaz təşkilati maneələri aşaraq gərgin yaradıcılıq səyləri bahasına öz çərxi-fələyini - "Çarx" kollektivini yaratmağa müvəffəq oldun. "Çarx" Azərbaycanda caz-rok üslubunu yüksək zirvələrə qaldırmağa nail olmuş ilk kollektivlərdən biri idi.
Sən həm yaradıcılıqda, həm də həyatda "Bitl serjantı"ndan çox-çox irəli getdin: sən gənclərə xas olan, bir qədər çılğın stildən daha geniş auditoriyaya ünvanlanmış intellektual stilə keçdin, sədaqətli dostlarının və kənar adamlar üçün keçilməz səddə çevrilmiş sevimli musiqinin sayəsində özünü tənhalıqdan xilas etməyi öyrəndin. Sən hələ lap balaca ikən tək-tənha qalanda həmişə nə isə zümzümə edirdin. Həyatının son iki günündə isə, həkimlərin dediyinə görə koma vəziyyətində olduğuna baxmayaraq, sən onların tibbi ehkamlarına məhəl qoymadan musiqi dinləməkdə davam edirdin. Yatağının yanında səslənən bu musiqinin ritmini əl barmaqlarınla sakitcə təkrarlayırdın.

Nazim Quliyev

Sənin bəxtin bir də onda gətirmişdi ki, həyatın keşməkeşlərində sən dünyada yeganə olan, hər kəsin tapa bilməyəcəyi TƏBƏSSÜMLƏ işıqlanmış aydın, nurlu bir yol ilə irəliləyirdin.
...Bəs sənin sənətin - bizim ürəklərimizdə özünə həmişəlik yer tapmış blüzün görəsən nə üçün, nəyə görə bu qədər kədərlidir? Bəlkə də sən sağ olsaydın, mənim bu sualımın cavabında deyərdin: axı ümumiyyətlə şən blüz olmur... Elə isə sənin yoxluğundan kədərlənənlərin hamısına A.Puşkinin bu sözlərini xatırlatmaq istərdim:

"Bil ki, mənim kədərim də nurludur,
Çünki mənim kədərim də səninlə doludur!!"
Bu kədər ona görə nurludur ki, Allahın sevdiyi adamlar bu dünyanı gənc yaşlarında tərk edirlər.

Tahirə Quliyevə-Kərimova
05.05.05. Samsun, Türkiyə