PƏRVİZ RÜSTƏMBƏYOV - İŞ № ?

Azərbaycan cazının əfsanəsi, görkəmli musiqiçi, caz musiqisinin istedadlı ifaçısı Pərviz Rüstəmbəyovun taleyi çox faciəli olmuşdur: O, əsassız olaraq mənasız ittihamlarla "Qərbin pozucu, zərərli incəsənətinə meylli musiqiçi" kimi təqsirləndirilərək "Bağırov Lubyankası"nın zirzəmisində dünyasını dəyişmişdir.
Pərviz Rüstəmbəyov Bakıda vaxtilə zəngin bir nəsl sayılan Rüstəmbəyovlar ailəsindən idi. Hələ uşaq yaşlarından onda musiqiyə maraq yaranmışdı, Pionerlər Evinin musiqi dərnəyinə gedir, klarnetdə çalırdı. İstedadlı musiqiçi kimi o, dərhal diqqəti cəlb etdi və 1940-cı ildə Tofiq Quliyev onu öz orkestrinə dəvət etdi.
1944-cü ildə məşhur Eddi Rozner Bakıda qastrolda olarkən bu istedadlı saksofonçunun ifası onu valeh etdi və Rozner onu öz orkestrinə birinci saksofonçu və klarnetçi kimi dəvət etdi. Bu, əsl sensasiya idi - axı Eddi Rozner kimi dünyaşöhrətli musiqiçi öz kollektivinə yalnız istedadlı ifaçıları götürürdü. 22-yaşlı saksofonçu bu təklifə görə fəxr etməli idi və o, həmin təklifi məmnuniyyətlə qəbul etdi. Pərviz ölkədə özünün iştirak etdiyi bütün konsertlərdə o qədər uğurla çıxış edirdi ki, buna görə onu hətta "sovet Benni Qudmeni" adlandırmağa başlamışdılar.

Pərviz Rüstəmbəyov

Yuri Saulski Eddi Roznerin orkestrində çalan Pərviz Rüstəmbəyov haqqında belə söyləyirdi:
- Piro Rüstəmbəyov onun ifasını dinləyənlərin hamısını heyrətləndirirdi. O, çox yüksək səviyyəli musiqiçi və təbiətcə əsil improvizator idi. Rüstəmbəyov mürəkkəb musiqi cümlələri quraraq, o, sanki intuitiv olaraq harmoniyaya "düşürdü". Bir dəfə Pərviz o vaxtlar mənim də işlədiyim ansambla gəldi və bizimlə bir neçə pyes ifa etdi. Onun ifasında nə qədər də təravət və yenilik vardı! Onun improvizasiyanı nə isə qeyri-adi tərzdə duyması bizi valeh etmişdi. Onun solo ifası həmişə dəqiq inkişaf planı əsasında qurulurdu, hər bir şeydə aydın forma izlənirdi. Onun musiqisi dinləyicini düşündürürdü. Rüstəmbəyovla birgə çalmaq adama ləzzət verirdi…

Pərviz Rüstəmbəyov

İki il sonra, artıq məşhur musiqiçi olan Rüstəmbəyov Bakıya köçdü və əvvəlcə "Krasnıy Vostok" (indiki "Azərbaycan") kinoteatrında, sonralar isə "Nizami" kinoteatrında öz orkestrini yaratdı.
Pərviz Rüstəmbəyov

Lakin 1949-cu ilin yanvarında onu "Qərbə pərəstişkarlıq"da təqsirləndirərək işdən azad etdilər. Pərviz Rüstəmbəyov musiqi aləmində "pozucu qərb incəsənətinə" pərəstiş edən heç olmazsa bir nəfəri nəyin bahasına olursa olsun, tapıb ifşa etməyi öz qarşılarına məqsəd qoymuş xüsusi xidmət orqanlarının nəzər dairəsinə düşdü.
1949-cu il may ayının 20-də Pərviz Rüstəmbəyov Azərbaycan SSR üzrə DİN qoşunlarının hərbi prokurorunun səlahiyyətlərini icra edən ədliyyə mayoru Ayriyanın sanksiyası ilə həbs edildi. Bu barədə qərarda qeyd edilmişdi ki, "Rüstəmbəyov antisovet və amerikapərəst əhval-ruhiyyəli şəxsdir".
Heç nədə günahı olmayan, heç bir - nə ağır, nə də yüngül cinayət törətməyən 27-yaşlı caz musiqiçisi Pərviz Rüstəmbəyov o dövrün sovet qanunlarına görə 15 il müddətində həbs cəzasına məhkum edildi. Totalitar rejimin cəza tədbirləri maşını belə işləyirdi.
1949-cu il dekabrın 29-da Pərviz Rüstəmbəyov artıq həyatdan getmişdi. "Xüsusi müşavirənin" iclasına hələ bir neçə saat qalmış, səhər saat 3:50-də 877 nömrəli məhbus Pərviz Rüstəmbəyov Azərbaycan DTN-in daxili həbsxanasında çox müəmmalı bir şəraitdə vəfat etmişdi…
1957-ci ildə Respublika Prokurorluğu Pərviz Rüstəmbəyovun anasının illər boyu verdiyi şikayətinə əsaslanaraq, Pərvizin işi barədə izahat verilməsi barədə xahişlə DTK-ya müraciət edir. Bu iş Komitənin baş müstəntiqi kapitan Arutyunova tapşırılır, o isə, yazır ki, "xüsusi müşavirənin" qərarına yenidən baxılması üçün heç bir əsas yoxdur və hesab edir ki, "hökm qüvvəsində qalmalıdır". Bu, respublika təhlükəsizlik orqanlarına soxulmuş Arutyunovun və onun soydaşlarının yolverilməz üsullardan istifadə edərək, Azərbaycan ziyalılarının istedadlı nümayəndələrini məhv etmək üçün yeritdikləri, həyasızlığı göz qabağında olan bir xətt idi.
Lakin 1958-ci il yanvarın 6-da etir
af edildi ki, "SSRİ DTN-in "xüsusi müşavirəsinin" Pərviz barəsində qərarı ləğv edilməli və dəlillərin çatmazlığı səbəbindən işə xitam verilməlidir".
İstedadlı, gənc caz musiqiçisi Pərviz Rüstəmbəyovun həyatının çiçəklənməli vaxtında onun faciəvi taleyi qırıldı. Təəssüf ki, biz Pərvizin məzarının harada olduğunu da bilmirik. Bunu bilsəydik, əcdadlarımızın adət-ənənəsinə görə onun qəbri üzərində "Yasin" oxutdurar və Pərvizin ruhu şad olsun deyə, məzarının üstünə bir dəstə gül qoyardıq.