BEYNƏLXAQ FESTİVAL "Baku Jazz-2005"

Aprelin 5-dən 12-dək Azərbaycanın Bakı şəhərində "Bakı Caz-2005" 1-ci Beynəlxalq Bakı Caz Festivalı keçirilmişdir. Çoxsaylı tanınmış sənətçilərin təmsil edildiyi bu böyük beynəlxalq forumun keçirilməsi təşəbbüsünün müəllifi Bakı Caz Mərkəzidir. "Azərbaycan Mədəniyyətinin Dostları" Fondu, Mədəniyyət Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, "AzEuroTel" Müştərək Müəssisəsi, ABŞ və Fransa səfirlikləri bu Festivalın keçirilməsini dəstəkləmiş və buna kömək etmiş Azercell, və ən müxtəlif fəaliyyət sahələri üzrə ixtisaslaşan şirkətlər öz sponsor xidmətlərini əsirgəməmişlər.Beynəlxalq "Bakı Caz-2005" festivalının keçirilməsi ideyasını Bakı Caz Mərkəzinin baş direktoru, saksofonçu Rain Sultanov və "AzEuroTel" müştərək müəssisəsinin baş direktoru, son bir neçə ildə Azərbaycanda caz sənətinin irnkişafı üçün çox böyük işlər görmüş Nuru Əhmədov irəli sürmüşdü. Festivalın keçirilməsində Təşkilat Komitəsinin üzvlərindən Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli və "Azintertur" turizm şirkətinin baş direktoru Oyrat Rüstəmzadə də mühüm rol oynamışlar. Belə ki, Fərhad müəllim böyük lütfkarlıq göstərərək, Konservatoriyanın salonlarını müsiqiçilərin çıxışları üçün təqdim etmişdi. Bakı Caz Mərkəzinin işçilərindən ibarət yaradıcı qrupun məhsuldar təşkilati fəaliyyəti xüsusi qeyd edilməyə layiqdir. Məsələn, Festivalın açılışü ərəfəsində adlı məxsusi İnternet saytı yaradılmış, bu saytda istifadəçilərə Bakı Caz Mərkəzinin fəaliyyəti barədə məlumatlar və qarşıdakı festival barədə yüksək bədii səviyyədə tərtib olunmuş qısa arayış təqdim edilmişdir. "Caz dünyası" caz jurnalının baş redaktoru Leyla Əfəndiyevanın, eləcə də həmin jurnalın Orxan Məlikov və Səbinə Məlikovadan ibarət dizayner qrupunun fəaliyyətini xüsusi qeyd etmək istərdik. Məhz onların gərgin əməyi sayəsində caz festivalının orijinal simvolikası, üzərində caz emblemi təsvir olunmuş müxtəlif aksessuarlar - maykalar, döş nişanları, ipək şarflar, bukletlər, diplomlar və bir sıra başqa nümunələr hazırlanmışdır. "Caz dünyası" jurnalının üçüncü sayının işıq üzü görməsi də bu əlamətdar hadisə ilə eyni vaxta təsadüf etmişdir. Jurnalın həmin sayında festivalın bütün iştirakçıları barədə ətraflı informasiya verilmişdir. Qeyd etmək lazımdır ki, jurnalın bu sayının məhz həmin günlərdə çapdan çıxması çox yerinə düşdü, çünki tamaşaçılar hər növbəti müsiqiçini dinləməzdən əvvəl onun barəsində məlumat almaq imkanı əldə etmişdilər, bu isə çox əhəmiyyətli idi.

Nuru Əhmədov

Bir sözlə, çox gərgin hazırlıq işləri görülmüşdü, lakin kollektivin hərtərəfli köməyinə baxmayaraq, əsas təşkilati işlərin ağırlığı Caz Mərkəzinin baş direktoru Rain Sultanovun üzərinə düşmüşdür. Lap əvvəldən hər şey istənilən səviyyədə alınmırdı. Məsələn, görkəmli musiqiçi Vaqif Mustafazadənin qızı, tanınmış azərbaycanlı pianoçu və bəstəkar, həmyerlimiz Əzizə Mustafazadənin konserti baş tutmadı. Müxtəlif rəsmiyyətçilikləri, hər bir məsələyə dair operativ qərar qəbul etmək zərurətini də nəzərə alsaq, belə deməyə tam əsas var ki, Rain Sultanovun fitri musiqi istedadı ilə yanaşı yüksək təşkilatçılıq qabiliyyəti də varmış. Bütün işəlirn ən mühüm cəhəti onların nəticəsində özünü göstərir. Festivalda isə bu nəticə göz qabağında idi. Ötən əsrin 70-80-ci illərində cazmenlərin haçansa görüşmək şərəfinə nail olmağı təsəvvürə belə gətirə bilmədikləri əfsanəvi sənətçi Co Zavinulun Bakıya gəlişi bakılı caz həvəskarlarının hamısını sevindirdi. Onlar bu məsələdə Rain Sultanovun müstəsna xidməti olduğunu da layiqincə qiymətləndirdilər. Bəri başdan deməliyik ki, təşkilatı qayğıların bütün gərginliyinə baxmayaraq, Rain Sultanov bu Caz həftəsini böyük bir bayrama çevirməyə nail olmuş və üstəlik, öz qrupu ilə Festivalın hindistanlı qonağı, tabla alətində ifaçı Uday Mazumdarın bərabər hazırladığı birgə layihədə çıxış etmişdir.
Festivalın proqramı elə planlaşdırılmışdı ki, hər gün üç konsert verilir, onların da hərəsi azı bir saat davam edirdi. Üçüncü konsert qurtarandan sonra "Caz qurmanları" üçün düz səhərə qədər davam edən cem-seşnlər təşkil edilrdi. Bir məsələni də qeyd etməmək olmaz ki, Caz Mərkəzi ilə "Lider" media-holdinqin və onun "Lider"-TV bölməsinin bağladığı kontrakta əsasən, "cemlər" müstəsna olmaqla, demək olar ki, bütün konsertlər lentə çəkilmişdir. İki səyyar mini-televiziya studiyası, altı stasionar və iki mobil telekamera, peşəkar rejissorlar və operatorlar bu bayramı ən yüksək səviyyədə yadda saxlamağa imkan verdilər. Festitvalda dünyanın 12-dən çox ölkəsini təmsil edən musiqiçilər iştirak edirdi. İstedadlı cazmenlərin bu forumda iştirakı sözün həqiqi mənasında cazın qədrini bilən sənətsevərlərin nəzərindən qaçmamışdı. Hərçənd, festivalın davam etdiyi 8 gün ərzində geniş tamaşaçı kütləsinin ona sabit maraq göstərməsini söyləmək çətindir. Belə ki, Opera studiyasında konsertlər zamanı zal yarıya qədər boş olduğu halda (amma bu fakt ifa keyfiyyətinə heç də pis təsir göstərmədi) Bakı Caz Mərkəzində təşkil edilən konsertlər tam anşlaq şəraitində keçirdi. Ümumiyyətlə, üç səhnədə - Bakı Caz Mərkəzində, Opera studiyasında və Heydər Əliyev adına Sarayın səhnəsində 30-a yaxın konsert verilmiş, bu konsertlərdə müasir caz sənətində mövcud oolan ən müxtəlif stil və cərəyanlar - ənənəvi caz musiqisindən başlanmış ən avanqard istiqamətlərə qədər geniş çeşidli sənət nümunələri təmsil olunmuşdur. Festivalda musiqiçilərin iştirakı məsələsinə gəldikdə onu deməliyik ki, burada həm əcnəbi, həm də bakılı musiqiçilərin çıxışları üçün əlvernişli şərait yaradılmışdı.



Festivalın əcnəbi iştirakçıları arasında Kristof Bussenin triosu (Almaniya), Joffrey de Mazur Tribu (Fransa), Uday Mazumdar (Hindistan), Qreq Osbi, Ellison Miller və Natan Pek (ABŞ), Timuçin Şahin və Debora Karter (Hollandiya), Freyzer Fifildin triosu (Şotlandiya), Katya Surikovanın triosu (İngiltərə), "Tbilisi" qrupu (Gürcüstan), Vaqif Sadixov, Arzu Hüseynov, Yakov Okunun kvarteti (Rusiya) və nəhayət, Co Zavinul və onun "Sindikat" qrupu vardı. Festivalda azərbaycanlı cazmenlər də geniş təmsil edilmişdi: Salman Qəmbərovun "Bakustik Caz" qrupu, Rauf Sultanovun kvarteti, Cəmil Əmirovun "Savab" qrupu, Şahin Növrəslinin yeni triosu, Rain Sultanovun qrupu, Emil Məmmədovun triosu, Ələsgər Abbasovun qrupu, Svetlana Məhərrəmova - Aleksandr Pozdeyev dueti, "Bəri bax" vokal qrupu, "Oriyent Ekspres" qrupu, eləcə də bir qədər əvvəl Caz Mərkəzində keçirilmiş müsabiqənin qalibləri olmuş gənc musiqiçilər iştirak edirdi.
Festival Fəvvarələr parkındakı açıq meydançada, yaşlı nəslə mənsub olan musiqiçilərin - "Arena" caz orkestrinin və "Oriyent ekspress" qrupunun gənc musiqiçilərinin, "Bəri bax" vokal kollektivinin və gənc musiqiçilərin çıxışları ilə başlandı. Bu konsert Bakı Caz Mərkəzində təşkil edilmiş caz bayramının rəsmi açılış mərasiminin prelüdiyası oldu.

Arzu Hüseynov

Respublikanın mədəniyyət naziri Polad Bulbuloğlu tədbirin iştirakçılarına təbriklə müraciət edərək bu festivalın Azərbaycan üçün çox böyük əhəmiyyətə malik olduğunu vurğuladı, bu forumun ənənəyə çevrilərək hər il keçirilməsini arzu etdiyini bildirdi. Daha sonra çıxış edən "AzEuroTel" müştərək müəssisəsinin baş direktoru Nuru Əhmədov caz festivallarının hər il və daha geniş miqyasda keçirilməsi üçün əlindən gələni edəcəyini bildirdi. Sonra festivalın prodüseri Rain Sultanov çıxış etdi. O, Festivalın baş tutmasına kömək etmiş, onu dəstəkləmiş insanların və qurumların hamısına təşəkkürünü bildirdi. Rəsmi açılış mərasimindən sonra bayramın ilk qonaqları olan musiqiçilər - vokalçı Debora Karter, təbilçi Ellison Miller, kontrabasçı Natan Pek, Vaqif Sadıxov, eləcə də bakılı musiqiçilər Salman Qəmbərov və Şahin Növrəsli səhnəyə çıxdılar.

Debora Karter

Aprelin 6-dan başlayaraq ta yekun konsertinə qədər festivalın bütün iştirakçıları festivalın təşkilatçıları tərəfindən diplomlar və qiymətli hədiyyələrlə müuafatlandırıldılar. Qeyd etməliyik ki, "Bakı Caz-2005" Beynəlxalq Caz festivalı hər mənada yüksək səviyyədə keçdi. Bunu istər yerli və xarici kütləvi informasiya vasitələrində yayılmış məlumatlar, istərsə də musiqiçilərin özlərinin Festivala verdiyi qiymət təsdiq edir. Festivalın əcnəbi qonaqları təşkilatçıların ünvanına çox hərarətli sözlər söylədilər. Axı bu sənətçilər tez-tez dünyanın müxtəlif ölkələrində səfərdə olur və buna görə də onların müqayisə etmək imkanı var. "Festivalın təşkilatçıları çox iş görmüşlər. Belə hesab edirəm ki, bu, Azərbaycanda cazın inkişafı üçün çox mühüm hadisədir" (Uday Mazumdar). "Bütün dünyadan gəlmiş istedadlı musiqiçilərin iştirak etdiyi bu festival çox əladir. Burada iştirak etməyim mənə çox xoşdur və mən burada bir sıra yeni istedadların adlarını özüm üçün kəşf etdim" (Debora Karter). "Festivalın ən yüksək səviyyədə təşkil edilməsini və musiqiçilərin zövqlə seçilməsini qeyd etmək istərdim. Yerli musiqiçilərin çıxışları çox xoşuma gəldi". (Katya Surikova). "Buraya gəlmiş rusiyalılar kimi mənim də çox xoş təəssuratlarım var. Festival Avropa səviyyəsinə yüksəlmişdir və hər şeydən əlavə, burada çox yaxşı musiqiçilər təmsil olunmuşdur" (Vaqif Sadıxov). "Festivalın təşkil edilməsi, burada gördüklərim və eşitdiklərim məni məftun etdi. İş burasındadır ki, müxtəlif ölkələrdə müxtəlif festivallar keçirilir və onları bir-biri ilə müqayisə edərək deyə bilərəm ki, bu festival Avropa və dünya standartlarına müvafiqdir" (Co Zavinul). "Bu festivalın uğur qazanması onun səlis təşkil edilməsi, istedadlı musiqiçilərin iştirakı və stilistik müxtəliflik sayəsində mümkün olmuşdur" (Qreq Osbi).



Bu festivalda təmsil edilmiş stilistik rəngarənglik məsələsi üzərində ayrıca dayanmaq istərdik. Bu fakt festivala məxsusi bir effekt verdi. Burada caz musiqisinin demək olar ki, bütün üslub və istiqamətləri təmsil olunmuşdur: be-bop, post-bop, soul, modern caz, free-caz, funk-caz, acid-caz və s.



Musiqiçilərin çoxu, o cümlədən hazırda Moskvada yaşayan soydaşımız Vaqif Sadıxov festivalda caz musiqisinin ənənəvi be-bop istiqaməti ilə yanaşı nisbətən sonradan yaranmış post-bop istiqamətini də təmsil edirdi. Çox savadlı bir musiqiçi, qüsursuz ifa texnikasına malik olan pianoçu Oscar Peterson, Bill Evans, Erol Garner, Ahmad Jamal, Winton Kelly və bir sıra başqa musiqiçilərin təsiri altında inkişaf etmiş Vaqif Sadıxovun məxsusi dəsti-xətti onun ifasında aşkar hiss olunur. Vaqif Sadıxov öz triosu ilə çıxış edirdi: Anton Revnyuk (bas) və Aleksand Maşin (zərb alətləri). İstedadlı gənc musiqiçi Anton Revnyuk həm altı simli bas-gitarada, həm də kontrabasda peşəkar ifaçıdır. Gənc musiqiçinin bu mürəkkəb alətlərdə ifanı sərbəst mənimsəməsi onun zəngin potensial imkanlara malik olmasından xəbər verir. Eyni sözləri trionun digər üzvü - əslən Sankt-Peterburqdan olan, hazırda Moskvada yaşayan Aleksandr Maşin barəsində də demək olar. Hərtərəfli biliklərə malik olan bu təbilçi istənilən komboda öz yerini tutmağı bacarır.



Festivala dəvət edilmiş digər soydaşımız - trubada çalan Arzü Hüseynov da Vaqif Sadixovun xoşladığı istiqamətə üstünlük verir. Hazırda Moskvada yaşayan və Oleq Lundstremin idarə etdiyi orkestrda işləyən Arzu Hüseynovun postsovet məkanında trubada çalan ən yaxşı ifaçılardan biri olduğunu söyləsək, yanılmarıq. Bu çalğı alətinə mükəmməl yiyələnmiş, yaxşı improvizə texnikasına malik olması, qeyri-ordinar düşünmək bacarığı Arzu Hüseynovu çox yüksək səviyyəli sənətçi kimi səciyyələndirən keyfiyyətlərdir. Bakıda keçirilən festivalda Arzu Hüseynov məşhur azərbaycanlı kontrabasçı, bir vaxtlar Rəşid Behbudovun başçılıq etdiyi kollektivdə çalışmış, sonra Rafiq Babayevin qrupunda bas-gitara çalmış Rauf Sultanovun kollektivində çıxış edirdi. Bu qrupun təqdim etdiyi festival layihəsində pianoçu Vitali Volkov, gitaraçı Rafiq Bünyatov və təbilçi Sergey Krasnyanski də iştirak edirdi. Onların repertuarında D.Gerşvinin (Gershwin), A.K.Jobinin (Jobin), Kenni Baronun (Kenny Baaron) və bir sıra başqa bəstəkarların əsərləri özünəməxsus aranjirovkada səsləndi. Bu kollektiv bəstəkarların mövzularına xələl gətirmədən əsərlərin ritmik-harmonik əsasını dəyişirdi. Kollektivin rəhbəri Rauf Sultanovun dediyinə görə, bu və ya digər layihənin uğurla həyata keçirilməsi üçün iki amilin üst-üstə düşməsi zəruridir: musiqiçilərin peşəkarlıqla seçilməsi və insan amili. Rauf Sultanov bu prinsipə dönmədən riayət edir. Onun kollektivinin festivalda çıxış edən heyəti məhz bu cür musiqiçilərdən ibarət idi. Vitali Volkov özünü bütünlüklə musiqiyə həsr etmiş gözəl sənətkar və əla aranjımançıdır. O, böyük bir orkestrə rəhbərlik etməyi bacarardı. Peşəkar solo gitaraçı Rafiq Bünyatova gəldiukdə isə, o, musiqinin bütün istiqamətlərində özünü çox sərbəst hiss edir. O, Azərbaycanın aparıcı musiqiçilərindən biridir. Geniş ürəkli, yüksək səviyyəli və təcrübəli təbilçi Sergey Krasnyanski də bu kollektivdə öz yerini tapmışdır.



Rusiyalı pianoçu Yakov Okun barəsində ayrıca danışmağa dəyər. Bakı Caz Festivalında uğurla çıxış etmiş bu musiqiçi fitri ifaçılıq texnikasına, səlis improvizə strukturuna malik olması ilə seçilir. Okunun heyətində çıxış edən Sergey Qolovnya ifaçılıq manerası ilə dinləyiciləri maraqlandırmağı bacaran, zəngin təfəkkürə malik əla saksofonçudur. Sergey Vasilyev bas-gitarada və kontrabasda çalır. Aleksandr Maşin barəsində isə yuxarıda ətraflı məlumat verilmişdir. Yakov Okun post-bop və modern-caz stilində kompozisiyalar ifa edir.

Uday Mazumdar

Bu istiqamətdə çıxış edən növbəti musiqiçi David Mazanaşvilidir. "Tbilisi" caz triosu ilə birgə çıxış edən bu pianoçu aləti yaxşı mənimsədiyini, ifa etdiyi hər bir kompozisiyadan sonra özündə bir yüngüllük və səmimiyyət hiss etdiyini nümayiş etdirirdi. Trionun kontrabasçısı Nodar Ekvtimişvilinin ifası da dinləyicilərdə xoş təsuratlar oyandı. Təbilçi Giya Salaqaşvilinin adını da buraya əlavə etsək, “Tbilisi” caz triosu yüksək ifaçılıq məharəti, bir-birini yaxşı başa düşdüklərini göstərdilər və buna görə də yaxşı post-bop həvəskarları olan bakılılar bu trionun çıxışını alqışlarla mükafatlandırdılar.



Azərbaycanlı musiqiçi - pianoçu Emil İbrahim də festivalda uğurla çıxış etdi. Onun ilk kompakt diskinin işıq üzü görməsi məhz festival günlərinə təsadüf etmişdi. Onu da mütəxəssislərin "Modern jazz" və ya "Contemporary jazz" adlandırdıqları cərəyana aid etmək olar. Emil İbrahim kompakt diski çox maraqla qarşılandı və bizə belə gəlir ki, bu diskin yaradlmasına sərf edilmiş böyük və gərgin əmək, hər bir kompozisiyanın, bəzən hər bir notun üzərində səylə işlənməsi öz bəhrəsini vermişdir. Bakı Caz Festivalında Emil İbrahimi Ruslan Hüseynov (bas), Tofiq Cabbarov (perkussiya) və Aleksandr Maşindən (zərb alətləri) ibarət heyət müşayiət edirdi. Onların ifa etdiyi kompozisiyalar kompakt diskdəki əsərlər idi. Yeri gəlmişkən, pianoçu-bəstəkar Emil İbrahimin gözəl ifasını dinləməyə hələ macal tapmayanlara məsləhətim budur ki, həmin diski alsınlar, tükənməz improvizə məharəti ilə ifa edilmiş bu kompozisiyaları dinləsinlər və CD-nin əla dizaynına qiymət versinlər.
"Bakı Caz-2005" Festivalında caz vokalı çox parlaq təmsil olunmuşdu. Festivalın qonaqlarından biri - hollandiyalı muğənni Debora Karter artıq bir neçə ildir ki, Amsterdamda yaşayır, orada həm özünün daimi holland triosu ilə, həm də dəvət olunmuş musiqiçilərlə birgə disklər yazdırır. Deboranın Bakıya budəfəki gəlişi sayca ikinci idi. Özünün dediyinə görə, bura onun çox xoşuna gəlir. Müğənni festivalda beynəlmiləl heyətlə çııxış edirdi: onu kontrabasda Mark Zandveld, fortepianoda bakılı cazmen Salman Qəmbərov, təbildə rusiyalı Aleksandr Maşin müşayiət edirdi. Müğənninin repertuarna həm özünün yazdığı əsərlər, həm də Sting, Əhməd Camal və başqa müəlliflərin əsərləri daxildir. Bakı festivalında Debora Karter tanınmış Azərbaycan bəstəkarı Tofiq Quliyevin bir mahnısını da ifa etdi. Müğənni öz vokal yaradıcılığında polistilistikaya üztünlük verir. Təbii ki, burada caz janrı daha çox nəzərə çarpır, lakin onun ifasında ballada, soul, blüz, ritm ənd blüz, sket-vokal, latın istiqamətləri və bir sıra başqa stil çalarlarına rast gəlmək olar. Yeri gəlmişkən, bu müğənni bakılı musiqiçi və pianoçu Salman Qəmbərovun yaradıcılığını yüksək qiymətləndirmişdir. Onunla birgə ifasında müğənni bir qədər başqa saund hiss etmiş, bu isə onun kompozisiyalarına məxsusi bir kolorit vermişdir. Debora Karter bakılılara özünün "Girl-Talking!" adlı yeni diskini təqdim etmişdir. Bu disk Haaqa şəhərindəki caz klubunda canlı konsert vaxtı yazılmışdır. Müğənnini müşayiət edən fortepiano triosu artıq bir neçə ildir ki, onunla əməkdaşlıq edir. Təbii ki, bu fakt həm müğənninin, həm də çalğıçıların qarşılıqlı anlaşmaya nail olmasına müsbət təsir göstərmişdir. "Girl-Talking!" diskinə balladalarla yanaşı, pop musiqisinin "Nyu-York State of Mind" xitlərinin caz versiyası, dinamik sket və məzmunlu blüz nümunələri də rast gəlmək olar. Bütün onları Debora Karter özünəməxsus bir tərzdə aranjıman etmişdir. Debora Lennon-Makkartninin "Yesterday" əsərinin özünəməxsus, bəlkə də sayca min birinci versiyasını tamaşaçılara təqdim etmək riskindən də çəkinməmişdir. Bu versiya kifayət qədər inandırıcı səslənir. Bir sözlə, əla müğənni Karter -, öz işinin əsl ustasıdır! Bu başqa məsələdir ki, indiki vaxtda yüıksək səviyyəli peşəkarlar çoxdur və dünya miqyasında məşhurlaşmaq iddiasına düşmək üçün nə isə fövqəltəbii səy göstərmək tələb olunur. Amma, deyəsən, Debora bu iddiada deyil. O, Hollandiyada özünü yaxşı hiss edir və öz vətəninin musiqisi olan cazın sirrlərini avropalılara məmnuniyyətlə bəxş edir.

Co Zavinul

"Bakı Caz-2005" festivalında caz vokalının yerli nümayəndələrini Svetlana Məhərrəmova, Leyla Məmmədova və Cavan Zeynallı təmsil edirdi. Svetlana Məhərrəmova moskvalı gitaraçı Aleksandr Pozdeyevlə duet şəklində çıxış etdi. Onlar A.K.Jobimin (A.K.Jobim) və digər məşhur bəstəkarların 9 kompozisiyasını ifa etdilər. "Bossa nova" tipli və başqa latın ritmlərinə meyl göstərən müğənni bu dəfə tamaşaçıları əla kompozisiyalarla sevindirdi. Mahir müşayiətçi, akustik gitarada klassik caz ifa məktəbini əla mənimsəmiş Aleksandr Pozdeyev caz gitaraçısı kimi çox yüksək qiymətə layiqdir.
Bir neçə kəlmə də gənc musiqiçilər barəsində. Əvvələn, caz musiqisi ifa edən gənc kollektirvlərin sayının durmadan artması pozitiv meyl hesab edilməlidir. Rauf Babayevin başçılıq etdiyi "Bəri bax" vokal qrupu, “Oriyent ekspress” qrupu və bir neçə gənc musiqiçi hər cür tərifə layiqdir.



Bu festivalda fəal iştirak etmiş gənc qruplardan biri də "acid-jazz" üslubunda ifa edən və əsas repertuarı caz ilə elektronikanın qarışığından ibarət olan "Oriyent ekspress" qrupudur. Lakin qrup yalnız bu istiqamət üzrə ixtisaslaşmayıb, caz-rok stilində də ifa eidr, çoxlu eksperimentlər keçirir. “Orient ekspress”in daimi heyətində üç musiqiçi iştirak edir: Anar Yusifov (klavişli alətlər), Elvin Behbudov (bas) və Elvin Bəşirov (təbil). Lakin Festivalda təqdim edilən layihədə Oqtay Rüstəmov (truba) və Emil Əliyev də (perkussiya) iştirak edirdi. Bu qrupun ikinci heyəti də var. Həmin heyətə bu musiqiçilərdən əlavə, solo-gitaraçı və müğənni, hazırda Bakıda yaşayan ingilis Rob Cole də daxildir. Bu heyətdə müsiqi əsasən ingilis dilində ifa edilir, kompozisiyaların əsas üslubu isə qotika çalarları ilə fərqlənən özünəməxsus "nyu romans"dır. Bu kollektivin yaradılmasının təşəbbüsçüsü istedadlı, gənc və savadlı musiqiçi Anar Yusifov həmişə hərəkətdə, daim yeni ideyalar axtarışındadır. O, Oskar Petersonun musiqisindən başlamış, ən müasir super-elektron istiqamətlərə qədər müxtəlif üslub və cərəyanları sintez etməyi xoşlayır.
Daha bir gənc musiqiçinin - pianoçu Riyad Məmmədovun barəsində də ayrıca danışmağa dəyər. Riyad çox gənc olmasına baxmayaraq (o, Bülbül adına orta ixtisas musiqi məktəbinin onuncu sinfində oxuyur), indiyə qədər bir neçə caz festivalında çıxış etmiş, dəfələrlə xarici səfərlərdə olmuşdur. Festivalda gənc musiqiçilər bu heyətdə çıxış edirdilər: Riyad Məmmədov (klavişli alətlər), Zaur Əhmədov (bas gitara) və Elvin Bəşirov (təbil).
"Bakı Caz-2005" festivalında dünyanın müxtəlif ölkələrindən gəlmiş bir sıra maraqlı musiqiçilər də iştirak edirdi: Kristof Bussenin (Almaniya), Katya Surikovanın (İngiltərə) və Joffrey de Mazurun (Fransa) kollektivləri buna misal ola bilər. Maraqlıdır ki, bu üç heyətin hər biri müxtəlif istiqamətlərdə çıxış edirdi.



BEYNƏLXALQ FESTİVAL "Baku Jazz-2005"-dən ƏLAVƏ ŞƏKİLLƏRƏ baxın >>

Polad Bül-Bül oğlu

Almaniyadan gəlmiş musiqiçi Kristof Busse öz vətənində ən yaxşı pianoçulardan biri sayılır. Cazın müxtəlif stilistik imkanları ilə bağlı eksperimentlər keçirən, lakin "modern jazz" üslubuna daha çox üstünlük verən bu musiqiçi həm öz kompozisiyalarını ifa edir, həm də başqa musiqiçilərin əsərlərini öz zövqünə uyğun tərzdə aranjimanlayır. Balladalara və məşhur mövzuların işlənməsinə daha çox üstünlük verən Kristof Bakı Caz festivalında Stinqin mahnısının yenidən işlənilmiş variantını və Donald Feyqenin bir kompozisiyasını ifa etdi. Kristof Busse "Bakı Caz-2005" festivalına öz triosu ilə gəlmişdi. Bu kollektivdə Kristofdan başqa Sebastyan Hoffman (bas) və Tomas Hempel də (təbil) çıxış edirdi. Trionun "Last Miles" adlı ilk albomu 2003-cü ildə buraxılmışdır. Yaxın vaxtlarda Kristof Bussenin triosunun növbəti albomunun buraxılacağı gözlənilir. Festival Kristofa çox şox təəssurat bağışlamışdır. O demişdir: "Mən Rain Sultanovun kompakt diskini və Əzizə Mustafazadənin disklərini əvvəllər dinləmişdim və sizin musiqi ilə təxmini tanışlığım vardı, amma çox istəyirdim ki, bu musiqini "canlı şəkildə" eşidim. Festivalda eşitdiklərim məni heyran etdi".
Haqqında söhbət açmaq istədiyim növbəti musiqiçi Katya Surikovadır. Əslən Sankt-Peterburqdan olan, Londonda təhsil almış Katya bəstəkar və pianoçu kimi, özünün qeyri-standart təfəkkür tərzi ilə seçilir. O, avanqard və klassik musiqi ilə cazı kombinə edir. Katya qısametrajlı filmlər və multimediya layihələri üçün də musiqi bəstələyir, bir sıra başqa sahələrdə öz imkanlarını reallaşdırır. Katya Surikovanın festivalda ifa etdiyi bütün kompozisiyalar onun öz əməyinin məhsulları idi. Katyanın caz musiqisini seçməsində həlledici rol oynamış ilk musiqiçilər Bill Evans, Keith Jarret, MkKoy Tyner olmuşdur. Tədricən bu pianoçu öz stilini inkişaf etdirməyə başlamışdır. Katya Surikovanın triosuna daxil olan musiqiçilər çox yüksək peşəkarlıq səviyyələri ilə fərqlənir. Kontrabasda çalan Remi Jan Le Blank ənənəvi caz məktəbinə daha çox üstünlük verir, kanadalı təbilçi İvan Bemford isə həm klassik avanqardı, həm də ənənəvi caz musiqisini eyni dərəcədə yaxşı duyur. Katya Surikova, bir musiqiçi olmaqla, daim eksperimentlər keçirir və onun bu keyfiyyəti dinləyicilər tərəfindən həmişə böyük maraqla qarşılanır.
Fransadan gəlmiş trombonçu Joffrey de Mazur Festivalda özünün "Tribu" qrupu ilə çıxış edirdi. "Funk-jazz" və "free-jazz" istiqamətlərində işləyən bu qrup yüksək ifaçılıq səviyyəsi nümayiş etdirir. Nyu-Yorkun və Parisin ən prestijli musiqi mərkəzlərində təhsil almış Joffrey de Mazurun müəllimləri arasında Steve Coleman, Robin Eubenks və digər məşhur sənətçilər olmuşdur. Joffrey de Mazuru müşayiət edən musiqiçilər də onun özü kimi texniki cəhətdən hazırlıqlı və təcrübəli sənətçilər idi.

Fərhad Bədəlbəyli

"Bakı Caz-2005" festivalında etnik caz istiqaməti də çox parlaq təmsil olunmuşdu. Xalq musiqisi ilə cazın sintezindən ibarət olan bu istiqamət improvizə və fantaziyalar üçün geniş imkanlara malik olduğuna görə caz həvəskarları ona daha çox maraq göstərirlər. Festivalda etnik cazın ən yaddaqalan təmsilçilərindən biri Şotlandiyadan gəlmiş Freyzer Fifildin qrupu idi. Bu musiqi şotlandların məşhur xalq motivlərinə əsaslanır. Freyzer Fifild soprano-saksofonda və müxtəlif fleytalarda çalmağı bacarır. Ənənəvi şotland musiqisini və caz improvizələrini öz kompozisiyalarında uğurla əlaqəndirən bu musiqiçinin unikallığı ondan ibarətdir ki, həmin kompozisiyalarda qədim kelt musiqisinin ruhu duyulur.



Fifild ifaçılıq fəaliyfəti ilə yanaşı həm də bəstəkarlıqla məşğul olur. Sənətçi indiyıə qədər 40-dan çox albomun yazılmasında iştirak etmişdir. Freyzer Fifildin triosunda akustik elektrik gitarasından və təbillərdər ibarət ritm seksiyası iştirak edirdi. Genişləndirilmiş xüsusi saunda malik olan bu akustik elektrik gitarası həm bas-gitaranı, həm də təbilləri kompensasiya etməyə imkan verir. Başqa əcnəbi musiqiçilər kimi, Freyzer Fifild də "Bakı Caz-2005" festivalının mükəmməl təşkilindən və festivalda təqdim edilmiş yüksək ifaçılıq səviyyəsindən çox razı qaldığını bildirmişdir.
"Etnik caz" ifa edən azərbaycanlı musiqiçilər də özlərini yaxşı təqdim etmişlər. Bu məsələ ilə əlaqədar daha geniş təhlil aparmaq mümkündür, çünki Rain Sultanov, Şahin Növrəsli, Emil Məmmədov, Cəmil Əmirovun "Savab" kollektivi, Ələsgər Abbasovun qrupu, eləcə də Salman Qəmbərov öz kompozisiyalarında həm etnik cazdan, həm də muğamla cazın sintezindən ibarət elementlərdən müxtəlif formatlarda istifadə edirdilər.
Şahin Növrəsli öz sintezində klassika, muğam və avanqard istiqamətlərini harmonik şəkildə birləşdirir. Yeri gəlmişkən, ABŞ-dan gəlmiş musiqiçilər - Natan Pek və Elison Miller Şahinlə birgə çıxış edirdi. Təcrübəli kontrabasçı Natan Pek indiyə qədər Uinston Marsalis, Pakita de Riveyra və bir sıra başqa məşhur sənətçilərlə çıxış etmişdir. Nyu-Yorklu təbilçi Elison Miller isə təkrarsız və bənzərsiz ifa üslubu ilə dinləyiciləri məftun etdi. Şahin Növrəslinin dediyinə görə, o, özünün tələb etdiyi keyfiyyətlərə malik olan musiqiçilər tapmaq üçün uzun müddət axtarışda olmuş və deyəsən, nəhayət, axtardığını tapmışdır, çünki onların kollektivində qarşılıqlı anlaşma, musiqidə tam harmoniya var: yaradıcılıq prosesi onlara sevinc bəxş edir və daha böyük fantaziyalara ruhlandırır. Şahin Növrəsli festivalda özünün bəstələdiyi "Məhəbbətin payızı" adlı kompozisiyanı, Vaqif Mustafazadənin "Əzizəni gözləyərkən" əsərini və iki xalq mahnısı əsasında öz işləmələrini ifa etdi. Şahin gələcəkdə bu trio ilə birlikdə çoxsaylı yeni layihələr həyata keçirməyi planlaşdırır.
Rain Sultanov əla musiqiçi, saksofonçu və bəstəkardır. Özünün qeyri-ordinarlığı, geniş stilistik spektrə malik olması ilə fərqlənən Rain Sultanov festivalda qeyri-adi bir heyətlə çıxış etmişdir: Yasəf Eyvazov (ud), Akif Manafov (truba), Rauf Sultanov (bas), Şahin Növrəsli (piano) və nəhayət, bu festivala məxsusi dəvət edilmiş bir musiqiçi - hindistanlı tabla çalan Uday Mazumdar. Onların ifa etdikləri kompozisiyaların hamısı Rain Sultanova məxsus idi. Bu musiqi Azərbaycan təranələri ilə Cənubi Hindistan caz motivlərinin və Şahin Növrəslinin bəzi klassik nümunələrinin sintezi idi. Bir-birindən tamamilə fərqlənən çalğı alətlərinin uzlaşdırılması, ümumi harmoniya ilə seçilən bu etnik cazda həm şərq, həm də qərb elementləri diqqəti cəlb edirdi. Yeri gəlmişkən, Rain Sultanov yaxın vaxtlarda yeni CD buraxmağı planlaşdırır. Həmin diskə "Bakı Caz-2005" festivalında ifa olunmuş bəzi kompozisiyalar daxil ediləcəkdir.

Debora Karter

"Bakı Caz-2005" festivalının prodüseri, Bakı Caz Mərkəzinin baş direktoru Rain Sultanovun bu cür möhtəşəm bir festivalın təşkil olunmasında müstəsna rolunu bir daha qeyd etmək istərdim. Rain Sultanovun bu qeyri-adi layihəsi bakılı caz həvəskarlarını, sözün yaxşı mənasında, çox heyrətləndirdi. Bu layihədə kontrabasçı Rauf Sultanovun da böyük rolu oldu. İfanın aşağı notlarla səsləndirilməsi Raufun musiqisinə məxsusi saund vermişdir. Hindistanlı qonaq, fitri istedada malik olan tablaçı Uday Mazumdar bu alətin nə qədər geniş imkanlara malik olmasını göstərməyə müvəffəq oldu. Uday Mazumdarın ifa etdiyi musiqi əsasən klassik hind təranələridir. Burada çoxsaylı nüanslar və geniş musiqi məkanı hiss olunur. Lakin Uday tabladan başqa istiqamətlərdə də istifadə edir, çünki bu alət ifaçının improvizələr etməsi üçün çox geniş potensial imkanlara malikdir.
Azərbaycanlı pianoçu Emil Məmmədovun ifası əsasən Vaqif Mustafazadənin muğam-caz üslubunu xatırladır. Dahi Vaqif Mustafazadənin sənət ənənələrini davam etdirən Emil Məmmədovun fikrincə, beynəlxalq caz forumlarında ifa edilən musiqi milli elementlərlə zəngin olmalıdır. Emil Məmmədov öz triosu ilə çıxış edirdi: bas-gitarada Ruslan Hüseynov, təbildə isə İsgəndər Ələsgərov çalırdı. Bu musiqiçi yaxın perspektivdə iki albom buraxmağa hazırlaşır. Onlardan biri "muğam-caz" üslubunda olacaq, ikinci CD-də isə avanqard istiqamət bir qədər üstünlük təşkil edəcək. Növbəti iki kollektiv - Cəmil Əmirovun “Savab” qrupu və Ələsgər Abbasovun kollektivi, mənim fikrimcə, “caz-rok” təmayüllü etnik caz ifa edirdi.



Pianoçu və bəstəkar Cəmil Əmirov elektrik pianosunda və sintezatorda ifa üzrə ixtisaslaşır. Onun müxtəlif kompozisiyalar üzərində apardığı işlər və instrumental sintez qeyri-adi səslər əsasında "fyujn" yaratmağa imkan verir. Bu qrupa Şirzad Fətəliyev (zurna, tütək, balaban), Emil Həsənov (bas) və İsgəndər Ələsgərov (təbil) daxil idi. "Bakı Caz-2005" festivalı ərəfəsində İstanbulda böyük uğurla çıxış etmiş "Savab" qrupu hazırda yeni kompakt disk üzərində işləyir.
Təcrübəli musiqiçi, solo gitaraçı Ələsgər Abbasov hazırda Türkiyədə yaşyır. Vaxtilə Rəşid Behbudovla birgə çıxış etmiş, Rafiq Babayevin qrupunda işləmiş, djəfələrlə qastrol səfərlərində olmuş bu bəstəkar və aranjımançı Festivalda Rauf Sultanov (bas), Salman Qəmbərov (piano) və Vaqif Əliyevlə (təbil) birgə çıxış edirdi. Ələsgər ritmik ekspressiv intonasiyalara daha çox meyll etsə də, lirikaya biganə deyil. Ələsgər Abbasov Festivalda həm öz kompozisiyalarını, həm də xalq motivləri mövzusunda improvizələri, eləcə də Pat Metheny və Mike Mainieri kimi tanınmış caz musiqiçilərinin repertuarından bir neçə kompozisiyanı ifa etdi.



Azərbaycanlı pianoçu, pedaqoq və bəstəkar Salman Qəmbərovun caz improvizə musiqisində məxsusi yeri var. Bu istedadlı musiqiçinin yaradıcılığı o qədər unikal, istənilən formatda ifaçılıq səviyyəsi o qədər yüksəkdir ki, onu dünya miqyaslı pianoçu-improvizatorlarla eyni səviyyəli hesab etmək əsla mübaliğə olmaz. Salman Qəmbərovun ifaçılıq istiqamətini bir terminlə səciyyələndirmək çətindir. Mənim fikrimcə, bu - mürəkkəb harmonik improvizə strukturlarına malik olan caz və muğam elementlərinin sintezidir. Salman Qəmbərovun musiqisi fri-caz və ya caz-avanqard istiqamətinə yaxındır. Bu sənətçinin fərqləndirici xüsusiyyəti onldan ibarətdir ki, o, müxtəlif üslublu kompozisiyaları eyni dərəcədə yüksək səviyədə ifa edir. Burada həm standart kompozisiyalar, həm də fyujn; həm fri-caz, həm də post-bop üslublarına rast gəlmək olar. Yuxarıda deyilənləri ümumiləşdirərək bu qənaətə gəlmək olar ki, yüksək səviyyəli polistilistika caz musiqiçisinin özünün səviyyəsinin və mükəmməlliyinin göstəricisidir. Pianoçu Salman Qəmbərovun əsas üstünlüklərindən biri budur ki, o, dinləyicilərin və tamaşaçıların diqqətini öz yaradıcılığına cəlb etməyi bacarır. Salman Qəmbərovun “Bakı Caz-2005” festivalında təqdim etdiyi layihə öz orijinallığı ilə seçilirdi. Bu qeyri-adi eksperimentdə ötən əsrin 30-cu illərində Mikayıl Mikayılovun çəkdiyi “Lətif” adlı səssiz filmdən istifadə edilmişdir. Salman Qəmbərovu fortepiano, nağara və kamança üçlüyü müşayiət edirdi.

Şahin Növrəsli

Salman Qəmbərov qeyd etmişdir ki, "Lətif" filmində onu cəlb edən əsas cəhət - bu əsərin kameral xarakteri olmuşdur. Doğrudur, "Lətif" filmi totalitarizm ideologiyasını təbliğ edir, lakin müsiqiçi 6 səssiz filmə baxandan sonra seçimini məhz bu film üzərində saxlamışdı. Salman Qəmbərov onu müşayiət edən kamançaçı, respublikanın əməkdar artisti Bahəddin Dadaşovun yaradıcılığını xüsusi qeyd etmişdir. Maraqlı ideyalara həmişə üsiünlük verən bu sənətçi öz çalğı alətindən müxtəlif layihələrdə istifadə etməkdən çəkinmir. Salman Qəmbərovun ifa stilinə gəldikdə isə deməliyəm ki, bu, xalq musiqisi ilə cazın özünəməxsüus sintezi idi. Yeri gəlmişkən, bu musiqi filmin ruhu ilə üzvi şəkildə qovuşaraq, dinləyicilərin qəlbində qeyri-adi duyğular oyadırdı. Bu musiqidə insanı düşünməyə sövq edən bir məxsusilik vardı. Layihə sənətçinin tükənməz yaradıcılıq imkanlarına malik olmasını bir daha əyani şəkildə sübut etdi.
Gitaraçı və bəstəkar Timuçin Şahin musiqinin başqa istiqamətləri ilə cazın sintezini yaratmaq məsələsinə fərdi yanaşması ilə seçilir. Müasir qərb musiqisini, eləcə də Afrika və Hindistanın musiqi ənənələrini dərindən öyrənmiş, daim eksperimentlər keçirən Timuçin Şahinin bu həvəsi onun solo çıxışlarında özünü göstərir. Musiqiçi həmin çıxışlarda ladsız akustik gitara və elektrik gitarası ilə yanaşı müxtəlif elektronika vasitələrindən də istifadə edir və nəticə etibarilə musiqinin melodiyası zənginləşir, ifa edilən kompozisiyalar öz bənzərsizliyi ilə seçilir. Timuçin Şahin keçən il Bakıda konsert verərkən məşhur bas-gitaraçı Kay Ekhard ilə birgə çıxış etmişdi. Festivalda isə onu başqa bir heyət müşayiət etdi: Hans Qlavişniq (Hans Glawişnig, bas-gitara), Toni Moreno (Tony Moreno, təbil) və məxsusi dəvət olunmuş saksofonçu Qreq Osbi (Greg Osby).

Rain Sultanov

Qreq Osbi müasir caz sənətində ən tanınmış alt-saksofonçu olmaqla bərabər, həm də çox maraqlı şəxsiyyətdir. Özünün deidyinə görə, həyatda onun əsas ilham mənbəyi kitablar, kino (Amerika kinosu yox!) və hayku poeziyasıdır. Bu sənətçi çoxlu eksperimentlər keçirir, rok və pop musiqiçiləri ilə birgə layihələrdə çıxış edir, eyni vaxtda bir neçə komandada, o cümlədən 2003-cü ildə "St. Louis Shoes" layihəsi üzərində işləyərkən yaradılmış eyni adlı ansamblda, fyujn musiqisinə və sərbəst formalara daha yaxın olan "Project-Z" kollektivində fəal işləyir. 1985-ci ildə Qreq Osbi məşhur təbilçi Jak de Jannetin komandasında çıxış etməyə başlayanda bu musiqiçinin yaradıcılığında dönüş baş verdi. Osbi bu kollektivin iştirakçısı kimi öz yaradıcılıq konsepsiyasını əməli şəkildə həyata keçirmək imkanına malik idi. Ornet Koulmenin free-funk-ının genişlənmiş variantı hesab edilə biləcək "M-base" stili də o dövrdə yaranmışdı. Çox vaxt bu stilin adı gələndə izdihamlı kombo, qabaqcadan duyulması mümkün olmayan "funk-ritm" və "bi-bop"dan çox cəhətləri mənimsəmiş yeni solo ifa məntiqi ilə assosiasiya yaranır. Bu ifa istiqamətini alt-saksofonçulardan Stiv Koulmen və Qreq Osbi, tenor Qeri Tomas və bir sıra başqa musiqiçilər inkişaf etdirmişlər. Qreq Osbinin Bakı səhnəsindəki çıxışına gəldikdə isə cəsarətlə deyə bilərəm ki, bu, festivaldakı ən yaxşı çıxışlardan biri idi.



Festivalın ən yaddaqalan hadisələrindən biri - əfsanəvi caz musiqiçisi Co Zavinulun "Sindikat" qrupu ilə birgə konserti oldu. Bu konsert caz musiqisi sərrafları üçün ən böyük hədiyyə idi. Müasir caz musiqiçilərinin ən görkəmli nümayndələrindən biri olan Co Zavinul bütün dünyada populyardır. Co Zavinulun adı onun 1971-ci ildə saksofonçu Ueyn Şorterlə birgə yaratdığı "Weather report" qrupu ilə sıx bağlıdır. 1985-ci ildə bu kollektiv parçalandı və Co Zavinul özünün yeni qrupunu yaratdı. "Zawinul Syndicate" adlanan bu qrupun musiqisi dünyanın müxtəlif ölkələrinin melodiyaları əsasında qurulmuşdur. Bu musiqi cazla dünyanın etnik ənənələrinin sintezidir.
Co Zavinulun konserti Heydər Əliyev adına Sarayda tam anşlaq şəraitində keçdi. Son illərdə bu qrup hər il dünyanın ən müxtəlif guşələrində ildə 30-a yaxın konsert verir. Zavinulun musiqisində dünya xalqlarının çoxsaylı və müxtəlif melodiyaları hiss olunur. Bu musiqiçinin ifaçılıq istiqamətini bir kəlmə ilə xarakterizə etmək istəsək, deyə bilərik ki, onun ifası - etnik cazdır. Co Zavinul isə öz stilini belə müəyyənləşdirir: "Mən yalnız formadan istifadə edirəm, qalan şeylərin hamısı improvizədir". Co Zavinul ilə ünsiyyətdə olarkən ilk baxışdan hiss edirsən ki, bu insan unikal şəxsiyyətdir. Zavinul çox mütərəqqi dünyagörüşünə malikdir və insanların taleləri onu çox maraqlandırır.
Zavinuldan ötrü musiqi - insanlarla dialoq vasitəsidir. Ondan ötrü ən önəmli məsələ insanlardır, insani münasibətlərdir, musiqi isə ikinci dərəcəlidir. Hərçənd, musiqinin naminə hər şeyə hazır olan musiqiçilər də çoxdur. Zavinulun maraq dairəsi həddən artıq genişdir. Boksla məşğul olması və futbolu hədsiz xoşlaması buna əyani sübutdur. Kollektivdə yaranmış münasibətlər Co Zavinulun nəzərində çox böyük əhəmiyyət kəsb edir. O, musiqiçilər kollektivini formalaşdırarkən məhz bu prinsipi əsas götürür. Əlbəttə, peşəkar ifaçılıq səviyyəsinin yüksək olması da Zavinul üçün vacibdir, lakin müvafiq insani keyfiyyətlərə malik olmayan sənətçiyə "Sindikat" komandasında yer yoxdur. "Zawinul Syndicate" qrupunun heyəti beynəlmiləl tərkibə malikdir: Jorj Bazerra (Braziliya) - perkussiya, vokal; Alleqri Koreya (Braziliya) - gitara, Linli Marti (Afrika) - bas; Neteniel Taunsli (ABŞ) - təbil; Sabina Kabonqo (Belçika) - vokal.



Co Zavinulun və onun "Sindikat" qrupunun odlu-alovlu çıxışı tamaşaçıları vəcdə gətirdi. Sərrast, ritmik musiqi, sənətçilərin peşəkar ifası, plastik müğənni Sabina Kabonqonun rəqsləri və oxuması tamaşaçıların qəlbini fəth etdi. Co Zavinul isə bizimlə söhbət zamanı öz təəssüratlarını bildirdi, festivalın yüksək səviyyədə təşkil edilməsini, burada gördüklərinin və eşitdiklərinin keyfiyyətindən məmnun olduğunu qeyd etdi. Bakı şəhəri və onun sakinləri barədə söhbət açan Zavinul bizim xalqa böyük rəğbət bəslədiyini, Bakı şəhərinin ona çox xoş təsir bağışladığını bildirdi.
"Bakı Caz-2005" festivalının axırıncı gününün proqramı çox zəngin idi. Həmin gün qala-konsert səhnəsinə birinci olaraq Freyzer Fifild və onun triosu çıxdı. Freyzer Fifild şotland melodiyaları mövzusunda bir neçə kompozisiya-improvizə ifa etdi. Sonra Katya Surikovanın rəhbərlik etdiyi kollektiv səhnəyə çıxdı. Konsertin yekun hissəsində "Bakı Caz-2005" festivalının prodüseri - saksofonçu və bəstəkar Rain Sultanov Hindistandan məxsusi dəvət edilmiş musiqiçi Uday Mazumdarla birlikdə səhnəyə çıxdılar. Uday Mazumdar Rain Sultanovun "Tale of my land" ("Vətənim haqqında hekayət") adlı yeni layihəsindən bir kompozisiya təqdim etdi. Daha sonra Şahin Növrəsli və onun "New trio" kollektivi, Cəmil Əmirovun "Savab" qrupu və Tofiq Cabbarovun eksperimental qrupu (bu qrupa Uday Mazumdar (tabla), Natiq Şirinov (nağara), Aleksandr Maşin (təbil) və Tofiq Cabbarov özü (perkussiya) daxil idi) çıxış etdi.

Timuçin Şahin

Festivalın yekunlarına görə laureatlara "Bakı Caz-2005" festivalının diplomları təqdim edildi.
Heydər Əliyev adına Sarayda qala-konsertdən sonra Bakı Caz Mərkəzində Festivalın rəsmi bağlanış mərasimi oldu. Mərasimdə respublikanın mədəniyyət naziri Polad Bülbüloğlu, "AzEuroTel" müştərək müəssisəsinin baş direktoru Nuru Əhmədov və başqaları çıxış edərək festivalın yüksək səviyyədə keçməsini qeyd etdilər və ümidvar olduqlarını bildirdilər ki, bu festival Bakıda hər il beynəlxalq caz festivalları keçirmək ənənəsinin başlanğıcı olacaqdır. Festivala məxsusi dəvət edilmiş qonaq Co Zavinula söz verildi. O, öz çıxışında Azərbaycan cazının yüksək səviyyəsini vurğulayaraq bildirdi ki, təkcə konsertlər zamanı deyil, festival müddətində hər gün keçirilən cem-seşnlərdə də Azərbaycan cazı ilə yaxından tanış olmuşdur.



Yekunda qeyd etmək istərdik ki, caz həvəskarlarının hamısı üçün bayrama çevrilmiş "Bakı Caz-2005" beynəlxalq festivalı uğurlu oldu. Bu tədbirin təşkil edilməsi və həyata keçirilməsi Azərbaycan mədəniyyətinin inkişafına, əsası Azərbaycanın caz korifeyləri tərəfindən qoyulmuş milli caz ənənələrinin ruhunun qorunub saxlanması və dirçəldilməsi işinə böyük töhfədir.

Faiq Qurbanov