Caz lüğəti

Vest-koust-caz (Qərb sahillərinin cazı) / West Coast Jazz - 50-ci illərdə Kaliforniyanın bir sıra şəhərlərində formalaşmış müasir cazın stil istiqaməti (bu stilin ilk nümunələri 1949-cu ilə aiddir). Vest-koust-caz ilk növbədə proqressiv və bop stillərinin təsiri altında yaranmış olsa da, onda başqa stillərlə - simfonik caz, svinq, kul-caz və Avropa akademik musiqi stili ilə əlaqələr də özünü göstərir. Emosional təmkin, formanın və səsin ciddiliyi, linear-konktrapunkt texnikasından istifadə etmək meyli, mülayim templərə və cilalanmış kantilena melodikasına (balladalar və everqrinlər kimi) həvəs, səslərin yumşaqlığı (bu baxımdan, vest-koust-caz hot-cazdan daha çox kul-caza yaxındır), harmoniya və tembr vasitələrinin incə zövqlə seçilməsi, diatonik lad-tonal əsasla onun "solğun" xromatizmlərinin və müxtəlif modulyasiya priyomlarının əlaqələndirilməsi, qurğuşunu xatırladan pulsasiyanın "zəifləmiş" xarakteri və bununla bərabər, sakit, hamar ritmika, simmetrik, bitkin frazalar yaratmaq tendensiyası vest-koust-cazın səciyyəvi əlamətləridir. Vest-koust-cazın ənənəvi cazla əlaqədar olması həm də onunla təsdiqlənir ki, bu stildə işləyən musiqiçilər eyni vaxtda qrup şəkildə improvizə stilini də tətbiq edirlər. Kamera-ansambl musiqisi sahəsində böyük orkestrlərin ifa texnikası priyomlarının mənimsənilməsi vest-koust-caz üçün səciyyəvi haldır (bəzən bütün ansambl biq-bənd seksiyasına oxşar vahid instrumental qrupa çevrilir). Vest-kous-cazın orkestr praktikasında isə əks meyllər - kamera ifa manerası, tembrlərin fərdiləşdirilməsi, solo improvizasiyasının rolunun artırılması halları müşahidə olunur. Daha bir əlamətdar cəhət ondan ibarətdir ki, əvvəllər caz ansambllarında çox nadir hallarda istifadə edilən qoboy, ingilis sümsüsü, faqot, bas-klarnet, bas-truba, bas-trombon, valtorna, arfa, mizrabla çalınan simli alətlər indi bu ansamblların çalğı alətləri dəstinə daxil edilir. Ağacdan hazırlanmış nəfəs alətlərinin saksofonlarla birgə tətbiqi adi hala çevrilmişdir. Vest-kous-caz stili avropalaşdırılmış konsert cazının inkişafına əhəmiyyətli dərəcədə şərait yaratmışdır.
Vodevil / Vaudeville - Müasir mənada - məişət komediyasının musiqi nömrələri, kupletlər, rəqslər, pantomimlər və tryuk səhnələri ilə zəngin olan bir növü. ABŞ-da Amerika vodevili və onun bir növü olan zənci vodevili geniş yayılmışdır. Bu növün spesifikası fabulanın və musiqinin xarakterik milli cizgiləri ilə, yerli folklora və məişət materiallarına müraciət edilməsi ilə, eləcə də menestrel teatrın (bax: minstrel-şou) təsiri ilə əlaqədardır.

Sual-cavab (responsor) prinsipi / Responsorial principle (responsory, responsorium) (latın dilində "cavab vermək" mənasında işlədilən respondeo sözündən) - musiqi formalarının yaradılmasının əsas universal prinsiplərindən biri olub, forma elementlərinin (qurmalar, bölmələr, hissələr, motivlər, frazalar, cümlələr və s.) elə əlaqələndirilməsini nəzərdə tutur ki, bu elementlər bir-birini qarşılıqlı tamamlayan cütlər yaradır. "Sual" funksiyasını yerinə yetirən (buna görə də dayanıqsızlıq, yarımçıqlıq, açıqlıq kimi xassələrə malik olan) musiqi qurmasının mövcud olması "cavab" rolu oynayan (əvvəl pozulmuş dinamik tarazlığı bərpa edən, daha dayanıqlı və bitkin) qurmanın yaranmasını şərtləndirən amildir. Avropa musiqi formalarının çoxunda (konsentrik planlaşdırmaya, güzgü simmetriyasına və vaxtaşırı təkrarlara əsaslanan imitasiya, repriz, refren formalarda) sual-cavab prinsipi tətbiq edilir. İfaçılıq praktikasında bu prinsipin reallaşdırılmasının ən sadə üsulu antifon (latin dilində "əks səslənmə" mənasında işlədilən antiphonos sözündən) - iki ansambl qrupunun növbələşməsi, solistlərin öz aralarında, həmçinin solistlə ansambl arasında dialoqdur. Responsor texnikası afroamerikan musiqisində (uork-sonq, holler, spiriçuel, blüz) və cazda tətbiq edilən vasitə və priyomların qeyri-adi müxtəlifliyi ilə təmsil edilmişdir. Burada ən sadə vasitələrdən (səsləşmə) başlamış ən mürəkkəb priyomlara (improvizasiya və kompozisiyanın məntiqində, harmoniya və melodiyada, ayrı-ayrı ifaçılar və instrumental qruplar arasında vəzifə bölgüsündə) rast gəlmək olar.