Amerikanın cənub ştatlarını bürümüş "Katrina" qasırğasının faciəli nəticələri bütün ölkəni lərzəyə gətirmişdir. Cazmenlər də bu faciəyə biganə qalmamışlar, xüsusən ona görə ki, həmin qasırğadan ən çox zərər çəkən - cazın beşiyi sayılan Yeni Orlean şəhəri olmuşdur. Qasırğa qurbanlarına kömək məqsədilə keçirilmiş çoxsaylı aksiyalarından biri - sentyabrın 17-də Brodveydə (Nyu-York) "Frederick P.Rose Hall" konsert salonunda təşkil edilmiş böyük xeyriyyə konserti xüsusi qeyd edilməlidir. Bil Kosbinin idarə etdiyi bu konsertin iştirakçıları arasında Uinton Marsalis, Peter Tsinkotti, Elvis Kostello, Pakito D'Rivera, Eybi Linkoln, Dayana Kroll, Con Xendriks və digər tanınmış sənətçilər vardı.









Yeni Orlean şəhərindəki "Jazz at Lincoln Center" mərkəzinin art-direktoru, özü əslən bu şəhərdən olan Uinton Marsalis xüsusi bəyanatla çıxış etmişdir. Bəyanatda deyilir: "Yeni Orlean - Amerikanın ən unikal şəhəridir, çünki o, dünyada yeganə şəhərdir ki, musiqidə, memarlıqda, bayram mərasimlərində öz bənzərsiz mədəniyyətini yaratmışdır. Yeni orleanlılar blüzə bağlı insanlardır. Biz dözəcəyik, çünki bizim doğma şəhərimizin dirçələcəyinə əminik. Bu çətin anlarda bizim halımıza acıyanların səmimiyyəti bizim sivilizasiyanın yüksək səviyyəsini göstərir. Gəlin Amerikanı dünyada ən qüdrətli millətə çevirmiş dəyərləri dünyaya nümayiş etdirək. Söhbət nə toplardan gedir, nə pornoqrafiyadan, nə də maddi firavanlıqdan. Söhbət son vaxtlar az qala itirməyə başladığımız transendent mənəvi keyifyyətlərdən gedir və indi baş vermiş bu fəlakət bizim həmin keyifyyətləri yenidən qazanmağımıza şans verir".









Dünyanın ən virtuoz gitaraçılarından biri olan El Di Meola caz ilə etnik musiqi sərhədində eksperimentlərini davam etdirir

Di Meola rusiyalı Leonid Aqutinlə birlikdə buraxdığı uğurlu albomdan (bu disk Almaniyada hit-paradların yuxarı sətirlərini "işğal etmişdir") bir neçə ay sonra öz tarixi vətəninin - İtaliyanın musiqisinə müraciət etmişdir.
Bu dəfə onun tərəf-müqabili sardiniyalı müğənni, "Tazenda" etno-pop qrupunun keçmiş lideri Andrea Parodi (Andrea Parodi) olmuşdur. Parodi həm italyan dilində, həm də onun spesifik dialekti olan sardiniya dilində oxuyur. Bu iki sənətçinin əməkdaşlığı iki il bundan əvvəl onların hər ikisinin bir qala-konsertdə iştirak etmələri sayəsində başlanmışdır. Di Meola ilə Parodinin ilk birgə çıxışı 2004-cü ilin avqust ayında Sardiniyadakı Santa Maria Navarres şəhərində keçirilən "Rocce Rosse & Blues 2004" festivalında təqdim etdikləri "Armentos" layihəsi olmuşdur. 2005-ci ilin konsert mövsümündə Di Meola və Parodi həmin proqramla İtaliyada keçirilən bir neçə festivalda, eləcə də Macarıstanın Mişkolts şəhərində çıxış etmişlər. Lakin məhz həmin debüt konserti "Midsummer Night in Sardinia" adlı kompakt diskə çevrilmiş və bu disk yeni yaradıcı alyansın başlanğıcını əbədiləşdirmişdir.





Şahin Növrəsli ABŞ-da konsertlər vermişdir

ABŞ-da yay fəsli - çoxsaylı caz festivalları və bayramlar dövrüdür. Minnesotada (ABŞ) hər il keçirilən "Hot Summer Jazz Festival"ın festivalına dünyanın hər yerindən musiqiçilər gəlir. Gənc pianoçu Şahin Növrəsli artıq ikinci ildir ki, həmin tədbirdə ölkəmizi təmsil edir. İş burasındadır ki, Şahin və festivalın təşkilatçıları bir-birinə çox xoş təsir bağışlamışlar və hər iki tərəf qarşılıqlı əlaqələri davam etdirərək ənənə halına salmaq qərarına gəlmişdir. "Hot Summer Jazz Festival" festivalının veb-saytında fəxri qonaqlar sırasında bu gənc sənətçinin də adı var. Şahin Növrəsli bu il amerikalı tamaşaçılara özünün yeni kompozisiyalarını təqdim etmişdir.
Festivaldan dərhal sonra onun triosu Nyu-Yorka getmiş və oradakı "Şirin ritmlər" klubunda konsert vermişdir. Həmin konsertin lent yazısı trionun üçüncü albomunun əsasını təşkil edəcəkdir. Rusiya paytaxtında da buna oxşar bir layihə təşkil edilmişdir. Yaxın vaxtlarda Şahin Növrəslinin "Moskvada canlı konsert" adlı diski buraxılmışdır. Musiqiçi qeyd etmişdir ki, canlı formatda yazılmış və "rafinə edilməmiş" albomlar buraxmaq onun xoşuna gəlir, çünki belə albomlarda vəcdə gəlmiş tamaşaçıların qışqırmasını, onların alqış sədalarını və digər "kənar hay-küyü" eşitmək olar, bunlar da Caz adlı tarixin tərkib hissələrinə çevrilir.





"Pierre Ricard's Paris Jazz Sextet" və Rusiya caz ulduzları

Pier Rişarın aktyorluğu və şərabçılığa həvəs göstərməsi hamıya məlumdur. Lakin bunlarla yanaşı, onun bir sıra başqa əyləncələri və istedadları da vardır. Bu halda söhbət musiqidən, daha dəqiq desək, caz musiqisindən gedir. Sentyabrın 23-də və 24-də Moskvadakı "Kutuzov Holl" klubunun səhnəsində "Pierre Ricard's Paris Jazz Sextet və Rusiya caz ulduzları" proqramı təqdim edilmişdir. Bu qeyri-adi konsertin birinci bölməsində aktyorun oğlanları Olivye və Kristofun da iştirak etdiyi sekstetin ifasında Şarl Trene, İv Montan, Co Dassen, Serj Qensbur və Mişel Leqranın mahnıları səslənmişdir. Konsertin ikinci bölməsində isə fransalı qonaqlar yerli caz musiqiçiləri - pianoçu İqor Bril, onun saksofonçu oğlanları Aleksand və Dmitri, gitaraçı Roman Miroşniçenko ilə birgə çıxış etmişlər.



2005-ci il oktyabrın 6-dan 9-dək Vilnüsdə (Litva) "Vilnius Jazz' 2005" festivalı keçirilmişdir

Festivalın əvvəlində hazırda Litvada çox dəbdə olan "Dainius Pulauskas Sextet" caz qrupunun və Litva Dövlət Simfonik Orkestrinin məxsusi hazırladıqları birgə layihənin təqdimat mərasimi keçirilmişdir. Ertəsi gün - oktyabrın 7-də festivalda norveçli vokalçı Eldbjorg Raknes və Yaponiyanı təmsil edən Kazutoki Umezu (saksofon) - Hiviya Katan (gitara-vokal) dueti çıxış etmişdir. Oktyabrın 8-də isə Fransa-Litva qarışıq dueti - gənc, lakin artıq tamaşaçıların və tənqidçilərin rəğbətini qazanmış litvalı saksofonçu Liudas Motskunas və fransız gitaraçısı Mark Dükre öz əməkdaşlıqlarının məshullarını tamaşaçılara təqdim etmişlər. Mark Dükrenin öz triosu festivalda oktyabrın 9-da çıxış etmişdir.

Fets Domino Yeni Orleanda xilas edilmişdir

Əslən Yeni Orleandan olan və orada yaşayan 77 yaşlı məşhur ritm-ənd-bluz pianoçusu Fets Domino "Katrina" qasırğasından sonra öz qızı tərəfindən xilas edilmişdir. Musiqiçinin səkkiz uşağından biri olan bu qız qoca atasını qayığa mindirərək onu təhlükəsiz yerə aparmağa müvəffəq olmuşdur.
Fets Dominonun "The Fat Man" adlı ilk plastinkası çoxdan - uzaq 1949-cu ildə buraxılmışdır. 1950-ci ildə bu plastinka R&B hitə çevrilmiş, 1953-cü ildə isə qızıl plastinka statusu almışdır. 1949-1960-cı illərdə Dominonun lent yazılarının surətləri on milyon nüsxələrlə satılmışdır. Həmin lent yazılarının bəziləri bend-lider Dave Bartholomew ilə birlikdə yazılmışdır. Fetsin musiqisi "Shake, Rattle and Roll", "The Big Beat", "Jamboree" və başqa filmlərdə səslənmişdir. Fets Amerikanın ən prestijli salonlarında çıxış edirdi.

Herbie Hancock özünün "Possibilities" adlı yeni albomunu tamaşaçılara təqdim etmişdir

Alboma Henkokun musiqiçi həmkarları Enni Lennoks, Karlos Santana, Stinq, Coss Stoun və başqalarının köməyi ilə ifa etdiyi məşhur mahnıların kaver-versiyaları daxil edilmişdir. Musiqiçinin dediyinə görə, bu diskin əsas məqsədi - yaradıcılıq imkanlarının qeyri-məhdud olduğunu göstərməkdir. Henkok bu nəzəriyyəni təsdiq etmək üçün Latın Amerikasından olan gitaraçı Santana ilə afrikalı vokalçı Anjelik Çiconu ("Safiatou" mahnısı), britaniyalı soul ifaçısı Coss Stoun və amerikalı blüz vunderkindi Conni Lenqi (U2 qrupunun "When Loves Comes to Town" adlı kaveri) bir araya gətirmiş, Pol Saymona onun 1975-ci ildə yazdırdığı "I Do It For Your Love" hitinin aktuallaşdırılmasında iştirak etməsini, Stinqə isə 1987-ci ildə yazılmış "Sister Moon" kompozisiyasının caz versiyasını hazırlamağı təklif etmişdir. Nəticədə orijinalları heç nə ilə xatırlatmayan 10 yeni kompozisiya alınmışdır. Hebi Henkok özü "Possibilities" albomunu "çoxsaylı əlvan saplardan toxunmuş qobelen" ilə müqayisə edir.