QAYANI DA ÇAPMAQ OLAR

və ya əfsanəyə çevrilmiş həqiqət

Caz musiqisi bakılı ziyalıların yaşlı nəslin nümayəndələrinin taleyində həyat tərzi kimi, dünya duyumu prinsipi kimi çox mühüm rol oynamışdır. Heç kəs üçün sirr deyildir ki, müharibədən sonrakı dövrdə - ötən əsrin 50-ci illərindən başlamış ta 80-ci illərin axırlarına qədər "dəmir pərdə" arxasında yaşayan bu insanların çoxu tamamilə əmin idilər ki, "orada" - Qərb dünyasındakı azad, demokratik cəmiyyətdə insanlar özlərini lap cənnətdə oluduğu kimi hiss edir, gözəl və tox həyat tərzi keçirirlər. Kommunist təbliqatı ölkə əhalisini inandırmağa çalışırdı ki, kapital dünyası - dəhşətdir, orada insan insanın canavarıdır. Lakin bu təbliqat gücləndikcə, insanların ona inamı azalırdı.
Belə bir vaxtda Caz onların köməyinə gəldi. Caz musiqisinin bənzərsiz aləmi hər kəsin azadlıq şərbətini dadmasına, gündəlik məişət qayğılarından uzaqlaşmasına, partiya iclaslarında və ciddi reqlamentə salınmış həyatın diğər "gözəl anlarında" insanı bezdirən demaqoq yalanları unutmalarına imkan verdi. 60-cı illərdə sanki gözəgörünməz bir sosial sifariş əsasında son dərəcə istedadlı musiqiçilərin bütöv bir nəsli yetişdi. Bu insanlar sonrakı bir neçə onillik ərzində bizim musiqi sənətimin şöhrətini respublikamızın hüdudlarından çox-çox uzaqlara yaydılar. Əfsanəvi Vaqif Mustafazadənin, Müslüm Maqomayevin, Polad Bülbüloğlunun, hələ 50-ci illərdən öz parlaq istedadını nümayiş etdirmiş Rəşid Behbudovun adları bütün sosialist ölkələrində musiqisevərlərin dilinin əzbəri olmuşdu. Onları "dəmir pərdə"nin o tərəfində də tanıyır və sevirdilər.

Qaya

Əlbəttə, adları çəkilən sənət korifeylərinin heç də hamısı "gizli qiyam musiqisi"nin nümayəndələri deyildi, lakin keçmiş SSRİ-nin estrada-caz tarixində bütöv bir epoxanı təcəssüm etdirmiş "Qaya" ansamblına bu sözləri tamamilə aid etmək olar. Qələm əhli indiki musiqiçilərə yeri gəldi-gəlmədi müxtəlif titullar "paylamağı" çox xoşlayır. Özü də belə hesab edirlər ki, guya bu titullar nə qədər zəngin olsa, bir o qədər güclü təsir bağışlayır. "Qaya" ansamblının solistlərini isə SSRİ-nin müxtəlif gülşələrində yaşayan sadə insanlar Sovet "Bitlz"i adlandırırdılar. Hərçənd, şəxsən mən belə hesab edirmə ki, bu mübahisə o qədər də korrekt deyildir. Çünki bütün rok musiqisində əsl çevriliş etmiş, uzun illər boyu etalona çevrilmiş Liverpul dördlüyü də, öz növbəsində, caz vokalının nüanslarının başa düşülməsi və ifası məsələlərində Bakı kvartetindən çox şey öyrənə bilərdi.
Bu yaxınlarda "Karavan istorii" jurnalının köhnə bir nömrəsi əlimə düşmüşdü. Orada məhşur musiqiçisi İqor Butmanın yaradıcılığı barədə maraqlı bir məqalə vardır. Həmin məqalənin mətnindəki bir fotoşəkil dərhal diqqətimi cəlb etdi: məşhur cazmen Oleq Lünstrem və İqor Butmanla bir səhnədə bizim soydaşlarımız - "Qaya"nın üzvləri də vardır. Sonradan bu ansamblın solistlərindən biri - Rauf Babayevlə söhbət zamanı mənə aydın oldu ki, onlar bu və diğər məhşur cazmenlərlə birlikdə dəfələrlə çıxış etmişlər. Rauf müəllim o dövrü xatırlayarkən ilk növbədə həmin illərdə Bakının müsiqi həyatında yaranmış ab-havanı qeyd etdi. Təsəvvür edin ki, şəhərin bütün aparıcı musiqi müəssisələri bir binada cəmləşibmiş. Həmin binanın birinci mərtəbəsində musiqi məktəbi, ikinci mərtbədə sonradan Bülbülün adını daşıyan onillik məktəb, üçüncü mərtəbədə isə konservatoriya yerləşirdi.

Qaya

Tez-tez belə sözlər eşitmək olardı: - Uşaqlar, bu gün axırıncı kurs tələbələri dövlət imtahanı verəcəklər. Dərhal hamı qulaqlarını şəkləyirdi: - deyirlər, tələbələr elə maraqlı proqram hazırlayıblar ki, adam mat qalır.
Təbii ki, bu imtahan konsertlərində tamaşıçalar üçün boş yer qalmırdı. Yeri gəlmişkən, yuxarı kurs tələbələri Filarmoniyada və ya "Yaşıl teatr"da çıxış edəndə də eyni vəziyyət təkrarlanırdı. "Qaya" ansamblının solistləri məhz belə bir mühitdə yetişmişdir.
Bu kvartet mövcud olduğu illər ərzində onun heyəti dəfələrlə dəyişmiş, 90-cı illərdə isə daha da genişlənmişdir. Lakin bu qrupun ən böyük uğurları Teymur Mirzəyevin, Arif Hacıyevin, Rauf Babayevin və Lev Yelisavetskinin adları ilə bağlıdır. Kvartetin "canı" və bədii rəhbəri Teymur Mirzəyev hələ uşaq yaşlarında özünün caz qrupunu yaratamaq arzusu ilə yaşayırdı. Teymur müəllim Rauf Hacıyevlə birlikdə Konservatoriyanın nəznindəki musiqi məktəbinin xor-dirijorluq fakultəsində oxumuşdur. Qrupun ilk heyətində onların ikisindən başqa İlya Xaçayev və Bursalinski də vardı. Az sonra onları Adil Nəzərov və Rauf Babayev əvəz etdi. Bəlkə də bunu xatırlatmağa ehtiyac yoxdur ki, onlar hamısı cazın "dəlisi" idi:
- Bilirsən, dünən "Amerikanın səsi" xəbər verdi ki, bu gün Oskar Pitersonun konserti olacaq. Mənim isə radioqəbuledicim, tərslikdən, xarab olub.
- Heç qorxusu yoxdur, gələrsən mənim yanıma, orada bizim uşaqlar çox olacaq, elə həmin çıxışı maqnitofona yazmağa hazırlaşırıq.
Əvvəlcə onların məşğul olmağa yerləri yox idi. Buna görə də radioda və ya plastinkada eşitdikləri təzə əsərləri öyrənmək üçün bulvarın nisbətən sakit guşələrinin birində toplaşıb elə oradaca məşq edirdilər.
Bir dəfə bir məclisdə onlar oxumağa başladılar. Ev sahibəsi Svetlana Kravçun onların səsinə o qədər valeh olmuşdu ki, özü musiqiçilərə təklif etdi ki, o işdə olarkən gəlib onun evində məşq etsinlər. Az sonra "simsiz teleqraf" öz işini gördü və bakılılar xəbər tutdular ki, bu şəhərdə caz musiqisi ifa edən bir qrup yaranmışdır. Onlara dərhal təklif edlidi ki, Dövlət Teleradio verilişləri Komitəsinin simfonik orkestrinin heyətinə daxil olsunlar, lakin musiqiçilər bundan imtina etdilər. Ammma sonralar - həmin orkestrə görkəmli bəstəkar Rauf Hacıyev rəhbərlik etməyə başlayanda şəxsən özü bu təklifi bir daha təkrarladı və bu dəfə cavanlar onu təklifini qəbul etdilər. Elə həmin vaxtlarda moskvalı caz pianoçusu və aranjimançı Kalvarski orkestrin musiqi rəhbəri kimi dəvət edildi. Orkestr Leninqrada qastrol səfərinə hazırlaşırdı. Bu qastrolun proqramı üzərində Sıçkin, Levitin, Arkanov kimi müəlliflər işləyirdi. Oglanları sınaq dinləməsinə dəvət etdilər və onlar Amerika cazmenlərinin repertuarından bir-iki əsər oxudular.

Qaya

Rauf Hacıyev dedi:
- Afərin, uşaqlar, hər şey əladır. Amma bilirsinizmi, hər halda biz Sovet Azərbaycanında yaşayırıq və özünüzün də başa düşdüyünüz kimi, təkcə amerikan cazı azdır. Əvvəlcə tərkibində caz elementləri olan bir-iki milli mahnı oxuyun, sonra isə xalis caza keçin.
Gənc musiqiçilər maestronun məsləhətinə əməl edərək qısa bir vaxtda onun "Bakı haqqında mahnı" və Əziz Əzizovun "Tez gəl, yar" əsərlərini hazırladılar. Beləcə, 1961-ci ildə bakılı oğlanlardan ibarət kvartet (onların ifa etdiyi "Parni iz Baku" mahnısı sonralar Azərbaycanın iki məşhur "Şən və həvəskarlar klubu" komandası (KVN) üçün ad seçilmişdi) Sovet İttifaqında ilk vokal caz qrupuna çevrildi. Artıq ən prestijli konsert zallarında bu sözlər eşidilməyə başlamışdı: "Çıxış edir Bakıdan gəlmiş vokal kvarteti". "Caz" sözü işlədirmirdi. Buna görə də, necə deyərlər, "nə şiş yanırdı, nə də kabab".

Qaya

Rauf Babayev o günləri xatırlayaraq deyir:
- Lakin həyat özü bu hadisələrin gedişinə düzəlişlər etdi. Kvartetin iştirakçılarından biri - Adil Nəzirov moskvalı bir voleybolçu qızla tanış oldu və az sonra bizi heyrətləndirdi: "Bilirsinizmi, uşaqlar, mən sizi tərk etməli olacam. Biz Moskvada yaşamaq qərarına gəlmişik". O vaxt Lev Yelisavetski estrada orkestrində truba çalır və tez-tez bizim məşqlərə gəlirdi. Biz öz aramızda məsləhətləşəndən sonra ona təklif etdik ki, bizimlə bərabər oxusun. Beləliklə, kvartetimizin ən məşhur heyəti formalaşdı. Az sonra biz Azərbaycan SSR Dövlət Telefiziya və Radio Verilişləri Komitəsinin estrada orkestri ilə vidalaşmalı olduq və uzun müddət "baxımsız" qaldıq. Nəhayət, bizim həmyerlimiz, məşhur həkim Kajlayevin oğlu, Azərbaycan Dövlət Konservatoriyasının məzunu və Dağıstan Bəstəkarlar İttifaqının katibi Murad bizə Dağıstanda işləməyi təklif etdi. Orada biz instrumental heyətin rəhbəri Rafiq Babayevlə birlikdə "Qunip" adlı məşhur bir yerin adını daşıyan kvartet yaratdıq. Bir neçə ay ərzində hazırladığımız proqram böyük uğur qazandı. Az sonra bizim kvartet Moskvada ilkin sınaq dinləmərinə getməyə hazırlaşırdı. Bundan sonra bizi Əlcəzairdə keçirilən Beynəlxalq festivala göndərməli idilər. Belə bir vaxtda SSRİ mədəniyyət naziri Furtsevanın ünvanına Azərbaycandan şikayət məktubu daxil oldu. Məktubda göstərilirdi ki, Dağıstan bizim musiqiçiləri şirnikləndirib öz tərəfinə çəkir. Sonradan Əlcəzairdə çevriliş baş verdi və biz oraya gedə bilmədik. Dağıstanda isə bizə belə dedilər: "Uşaqlar, necə istəyirsinizsə, elə də edin. Burada qıalıb işləyə bilərsiniz, lakin gələcəyiniz barədə fikirləşsəniz, pis olmaz..."
Onda qrupumuzun üzvlərinin demək olar ki, hamısı evlənmişdi, uşaqları da vardı. Buna görə də geri qayıtmalı olduq.
Onlar ilk vaxtlar işsiz qaldılar. Nəhayət, "Azkonsert"in (Azərbaycan Dövlət Konsert Birliyinin) baş direktoru İldırım Qasımov gənc musiqiçilərə təklif etdi ki, Müslüm Maqomayevlə birlikdə Uzaq Şərgə qastrol səfərinə getsinlər. Elə o vaxt qrup üçün yeni bir ad fikirləşib tapmaq lazım gəldi. Variant çox idi. Onlardan biri "VOKİN" - yəni "vokal-instrumental kvartet" variantı idi. Dərhal brendə çevrilmiş "Qaya" adı isə Xəzər dənizinin sahilində küləkli havada "oxuyan" qayalarla assosiyasiya kimi yaranmışdır. Bu adın rəmzi mənası da var: monolitlik.
Həmyerlilərimizin Uzaq Şərgdə konsertləri dörd ay davam etdi və bu konsertlərin hamısı tam anşlaq şəraitində keçdi.
Rayf Babayev deyir:
- Sərt qış günlərində tamaşıçıların küçədə qalmış "ikinci növbəsi"nin necə əziyyət çəkdiyini təsəvvür edə bilməzsiniz. Onlar "birinci növbə"nin qurtarmasını gözləyirldilər ki, özlərinə yer tutsunlar. Müslüm bütün Sovetlər İttifaqında böyük uğur qazanmışdı. Dəfələrlə onun çıxışlarından sonra biz konsert salonlarından və stadionlardan "xəlvətçə", pərəstişkarlardan gizlənə-gizlənə çıxmalı olmuşduq.
1966-ci ildə Moskvada sovet mahnılarının ən yaxşı ifası üzrə Ümumittifaq musabiqə keçirilirdi. Bununla əlaqədar, bütün nazirliklər sifarişlər göndərirdilər. İttifaqın yuxarı orqanlarını heyrətləndirən bu oldu ki, Azərbaycandan həmin müsibiqədə iştirak etmək üçün heç bir sifariş daxil olmamışdı.
Qaya

Rauf Babayev o günləri xatırlayaraq deyir:
- Müsabiqənin başlanmasına 20 gün qalmış SSRİ mədəniyyət naziri Azərbaycanın o vaxtkı mədəniyyət naziri Rauf Hacıyevə zəng vurub soruşmuşdu: "Nə üçün sizin respublikadan heç kəs barəsində sifariş verməmisiniz?".
Bir neçə gündən sonra Hacıyev bizi öz yanına dəvət etdi və dedi:
- Mən bilirəm ki, bu qədər qısa müddətdə sizdən başqa heç kəs proqram hazırlaya bilməz. Müsabiqəyə cəmi iki həftə qalır. Şeytanlar, ümidvaram ki, sih yaxşı hazırlaşacaq və bizi biabır etməyəcəksiniz.
Opera Teatrında Kvartetə xüsusi otaq ayrıldı və onlar Tofiq Quliyevin rəhbərliyi altında hazırlaşmağa başladırlar. Müsabiqə 3 turdan ibarət idi. Birinci turda muharibədən əvvəlki dövrün mahnıları, ikinci turda muharibə illərində yaranmış mahnılar, üçüncü turda isə muharibədən sonrakı dövrdə yaranmış "Ex, doroqi", "Polyüşko-pole", "Yesli Volqa razlyotsya" mahnıları ifa edilməli idi. Müsabiqədə ən yaxşı kollektivlər və sonradan sovet musiqisinin təcəssümü olan artistlər iştirak edirdi - Alla Puqaçova, İosif Kobzon, Vuyaçiç, Maysuradze...
Rauf müəllim sözünə davam edir:
- Biz Moskvaya gələndə məlum oldu ki, bütün iştirakçılar bu müsabiqəyə hələ bir il bundan əvvəl hazırlaşmağa başlayıblar və onlar, repertuardan tutmuş kostyumlara qədər ən xırda detalları da ölçüb-biçmiş, götür-qoy etmişlər. Biz isə hərəmiz bir cür geyinmişdik: mənim və Teymurun əynində tünd göy rəngli kostyum, Arifin və Lyovanın əynində isə açıq boz rəngli kostyum vardı. Lakin təşkilatçılar xəbərdarlıq etmişdilər ki, kvartetin bütün iştirakçıları eyni cür geyinməlidirlər. Bir qədər fikirləşəndən sonra Oleq Lunstremə zəng vurduq. O vaxt onun kollektivi məzuniyyətdə idi. Lunstrem dedi: "Heç bir problem yoxdur, bizim bazaya gəlin, isətədiyiniz kostyumları seçin". Həmin müsabiqədə çıxış edərkən bizim əynimizdəki kostyumlarda yazılmış "O.L." hərfləri aşkar görünürdü.
Püşk çəkmək vaxtı yetişəndə Lyovaya dedik ki, biz hamımız azərbaycanlıyıq, təkcə sən yəhudisən - püşkü sən çək, bəlkə bəxtimiz gətirdi. Təsəvvür edin ki, bizə birinci nömrə düşdü. Bundan sonra Lyova dedi: "Bu da mənim yəhudi bəxtim!".
Biz səhər-səhər, birinci çıxcış etməli idik. Vokalçıların səhər tezdən oxuması isə ağılasığılmaz dərəcədə çətin olur. Həmin gün çıxışdan əvvəl bir qədər oxuyub səsimizi normal vəziyyətə gətirə bilmək üçün səhər saat 6-da yuxudan durmalı olduq. Biz birinci turdan uğurla çıxdıq. Şəhərdə gəzərkən "Torpedo" - "Neftçi" oyununun afişasını gördük. Onda mən dedim ki, uşaqlar, əgər bizim futbolçular bu matçda udsalar, biz də qalib gələcəyik. Biz həmin görüşə baxmağa getdik və bizim futböolçular qalib gəldilər...
Münsiflər heyətinin tərkibinə sovet estradasının görkəmli nümayəndələri - Utyosov, Logidze, bizim Tofiq Quliyev və başqa tanınmış sənətkarlar daxil idi.
Həmvətənlərimiz hər üç mərhələdən uğurla keçdilər və üçüncü mərhələ başa çatandan sonra münsiflər heyətinin üzvləri yaxşıların ən yaxşısını müəyyən etməyə getdilər. Metrlər zalı tərk edən kimi bakılıları yaxşı tanıyan bütün o biri musiqiçilər onlardan ötrü caz oxumalarını xahiş etdilər. "Veçernyaya Moskva" qəzeti sonradan bu musabiqəyə həsr edilmiş materialda yazmışdı: "Münsiflər heyəti musibiqənin yekunlarını müzakirə etməyə gedəndə Bakıdan gəlmiş "Qaya" kvarteti iştirakçılar üçün əsl konsert verdi"...
Münsiflər heyətinin üzvləri çox tərəddüd etmədilər. Müzakirədə çıxış edən Logidze dedi: "Uşaqlar, ümumiyyətlə burada fikirləşməli nə var, əgər Estoniyadan gəlmiş sekstet kvartet kimi, "Qaya" kvarteti isə sekstet kimi oxuyursa, onlardan hansının daha yaxşı olduğunu müəyyən etmək çətin deyil!
Oxucuların bunu da bilməsi maraqlı olar ki, həmin müsibiqədə Alla Puqaçova ikinci turdan sonra mübarizədən çıxmış, İosif Kobzon isə ikinci yeri tutmuşdu...
1967-ci ildə "Qaya" kvarteti Zeynəb Xanlarova, Müslüm Maqomayev, Şəfiqə Eyvazova, Çinqiz Sadıxov, Qara Qarayev və Ənvər Rzaquliyevlə birlikdə Azərbaycan nümayəndə heyətinin tərkibində Kanadaya getmişdi. Qara Əbülfəz oğlu ilk dəfə orada gördü ki, "Qaya" kvarteti öz repertuarından əlavə, klassik Amerika cazını da əla ifa edir. Kanadadan Bakıya qayıdandan sonra Qara Qarayevin təkidi ilə "Qaya" kvarteti Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin nəzdində fəaliyyət göstərməyə başladı. Kvartet orada iki il işlədi. Ansamblın solistlərini tez-tez Moskvaya dəvət edirdilər. Yeni il münasibətilə çəkilən "Mavi işıq" verilişlərinin heç biri onların iştirakı olmadan keçmirdi. Onlar Lunstremin məşhur orkestri, Lyudvikovskinin, Utyosovun estrada orkestrləri ilə birlikdə "Melodiya" ansamblının müşayiəti ilə "Yaşıl teatr"da tez-tez konsertlər verirdilər. Bir ildən sonra kvartet sovet nümayəndə heyətinin geniş tərkibində Bolqarıstana Beynəlxalq festivala gedir. Həmin festival çərçivəsində müxtəlif kateqoriyalı müsabiqələr keçirilirdi. Həmin festivalda folklor janrında ən yaxşı çıxış edən Sofiya Rotaru, klassik janrda isə Tamara Sinyavskaya olmuşdu. Estrada janrında çıxış edən kollektivlərin ən yaxşısı bizim həmyerlilərimiz oldu.

Qaya

Rauf müəllim deyir:
- İş elə gətirdi ki, biz bu dəfə də birinci çıxış etməli olduq. Münsiflər heyətinin rəyi belə oldu ki, yenə bizim tayımız-bərabərimiz yoxdur. Yadımdadır, bizim qaldığımız mehmanxananın vestibülündə çox orijinal mətnli bir fərman asılmışdı: "Sovet İttifaqına ilk qızıl medal gətirmiş "Qaya" kvartetini təbrik edirik". Türk mətbuatı da bizim uğurlarımızı geniş işıqlandırmışdı. Yeri gəlmişkən, Bolqarıstanda biz daha bir mükafat aldıq - yüksək ifaçılıq ustalığına görə. Bu, bizim yaradıcılığımızın ən xoşbəxt günləri idi.
1972-ci lidə Nazirlər Sovetinin qərarına əsasən "Qaya" kvartetinə dövlət ansamblı statusu verildi. Yuli Qusmanın təklifi ilə yeni şou hazırlanırdı. Bu məqsədlə sekstet yaradıldı - Tamilla Ağəmiyeva və Qala Barinova Bakıya dəvət edildi. Şounun əsasını "İisus Xristos - super ulduzdur" adlı rok-opera təşkil edirdi. İisusun partiyasını Rauf Babayev, İudanın partiyasını Lev Yelisavetski, Maqdalenanın partiyasını Qala Barinova ifa edirdi. Bundan əlavə, hamı birlikdə 5 xor oxudu. Bu şou bütün Sovet İttifaqında çox böyük uğur qazandı. İş o dərəcəyə çatmışdı ki, kvartetin konsertləri həmişə ağılasığılmaz ajiotaj və izdihamlı şəraitdə keçdiyi üçün xüsusi milis briqadaları çağırmaq lazım gəlirdi. Bizim artistlərin çıxışları yerli hakimiyyət orqanları üçün bu cür çətinliklər yaratığına görə onları həmin proqramla çıxış etmək üçün, məsələn, Odessaya buraxmamışdılar. Moskvanın ən böyük konsert salonlarından biri olan "Rossiya"da isə "Qaya"nın solistləri dalbadal 7 gün konsert vermiş və bu konsertlərin hər biri tam anşlaq şəraitində keçmişdi...
Yəgin ki yaşlı oxucuların yadından çıxmayıb: bu ansamblın hazırladığı "Böyük şəhərin işıqları" proqramı da böyük hay-küyə səbəb olmuşdu. Bu feyerik şounu yaradanqların təkcə adlarını çəkmək kifayətdir: şounun rejisyorları Mark Rozovski və Yuliy Qusman, geyim üzrə rəssam - şəxsən Vyaçeslav Zaytsevin özü idi, afişaları isə tanınmış satirik Lion İzmaylov və avanqardist rəssam Şşapov hazırlayırdı. Bir neçə hissədən ibarət olan proqram üç saat davam edirdi. "Qaya" öz universallığını nümayiş edtirmək üçün Azərbaycan xalq mahnılarını, SSRİ-nin diğər xalqlırının müsiqisini, eləcə də "Orero", "Samotsvetı", "Pesnyarı" kollektivlərinə və ... özlərinə dostluq parodiyalarını ifa edirdi. "Arşın mal alan", "O olmasın, bu olsun" operettalarından səhnəciklərlə müşayiət olunan "Köhnə Bakı" final zarisovkası isə şounun apoqeyi idi. Bu hissədə Azərbaycan çayxanası, "Gəlinin oğurlanması" səhnələri vardı.
Bir məsələ indiyə qədər anlaşılmaz qalsa da faktdır: "Qaya" kvarteti bu proqramla hansı ölkəyə qastrol səfərinə getməsindən asılı olmayaraq, proqramın final hissəsi yerli əhalinin dilində səslənirdi! Məni bağışlayın, lakin bu məqalənin əvvəlində söylədiyim bir fikrə yenidən qayıtmaq istəyirəm - Azərbaycan musiqisinin təbliği dedikdə məhz bu cür qrandların çıxışları və məhz bu səviyyədə çıxışları nəzərdə tutulmalıdır. Kollektiv sonradan da Azərbaycanı məşhurlaşdırmaqda davam etmişdir. Bu musiqiçilər, təqribi hesablamalara görə, dünyanın 40 ölkəsində qastrol səfərlərində olmuşdular. Azərbaycan və sovet cazının əfsanəsi olan "Qaya" ansamblının şanlı keçmişi belə olmuşdur. İndi isə ...
Qırx il səhnədə. Məncə bu qırx il, səhnədən kənarda, adi, necə deyərlər, musiqisiz keçmiş həyatın 120 ilindən daha dəyərlidir. Bu böyük yubiley bütün ölkə miqyasında qeyd edilməyə layiqdir. "Qaya" həmin yubileyi yarımçıq heyətdə qeyd edir - əvvəlcə, 1988-ci ildə Lev Yelisavetski Azərbaycanı tərk edib İsrailə mühacirət etdi, oradan da ABŞ köçüb getdi, sonra Teymur Mirzəyev İsrailə köçdü. Qalan iştirakçılardan yalnız Rauf müəllim Azərbaycan caz vokalının şanlı ənənələrini bərpa etməyə çalışır. O öz zəngin təcrübəsini bir neçə il bundan əvvəl yaratdığı "Bəri bax" qrupunda çıxış edən istedadlı gənclərə öyrədir. Bu cavanlar artıq bir neçə beynəlxalq müsabiqədə iştirak etmiş və həmin tədbirlərdə mükafat qazanmışlar. Tamamilə qanunauyğun haldır ki, bu vokal qrupunun bədii rəhbəri məhz Rauf Babayevdir. "Qaya"nın hələlik Azərbaycanda qalan iştirakçılarının maliyyə vəziyyəti isə o qədər kədərlidir ki, bu barədə danışmaq istəməzdim, lakin necə deyərlər, cidanı çüvalda gizlətmək olmaz. Bəli, həyatlarının ən yaxşı illərini Azərbaycanı məşhurlaşdırmağa həsr etmiş insanlar indi ayda ...15-20 "şirvan" alır, birtəhər dolanmağa çalışırlar. Nə qədər qəribə də olsa, onlara bu cür laqeyd münasibətin kökləri keçmişlə bağlıdır.

Qaya

Cazmenləri və caz qədri bilənləri təəsüfləndirən odur ki, "sadə sovet xalqı" deyilən adamların əksəriyyəti bu musiqini qəbul etmirdi. Əvvələn, qəzetlər, radio və televiziya vasitəsilə aparılan təbliğat öz təsirini göstərir, vətəndaşları "sovok"lara çevirirdi. Məsələn, o dövrün "qəzet incilərindən" birinə nəzər salaq: "Əgər Bethoven Yer kürəsinə qayıda bilsəydi və müasir caz orkestrlərini dinləsəydi, o, Ulu tanrıya şükür edərdi ki, kardır". İkincisi, amerikalılardan və avropalılardan fərqli olraraq, SSRİ vətəndaşlarının əksəriyyəti üçün bu musiqi, hətta onun barəsində heç bir qadağa olmasa belə, ümumiyyətlə onlara yabançı idi. "Şər imperiyası" dağılandan, hər şey öz yerini tutandan sonra bu fakt qəti təsdiq olundu. Caza xas olan improvizə sərbəstliyi, blüzə yaxınlıq və caz energetikasının sərtliyi "popsa" tərəfindən tamamilə kölə vəziyyətinə salınmış obıvatel təsəvvürlərinə heç cür uyuşmur.
Bununla belə, istər keçmişdə, istərsə də müasir dövrdə kiçik bir respublika üçün bu qədər şanlı ənənələrə, bu qədər çoxsaylı parlaq caz ifaçılarına malik oluğumuz halda bu musiqinin cavanlar arasında ağılla və həssaslıqla təbliq etməmək - CİNAYƏTDİR. Nəhayət, "Qaya"nın solistləri barədə: öz çıxışları ilə bütün dünyanı Azərbaycan barədə danışmağa məcbur etmiş insanları unutmaq, mən bu sözü deməyə çəkinmirəm: GÜNAHDIR.

Seymur Zəkəryəyev