SALMAN QƏMBƏROV

Salman haqqında bu yazını başlamaq məndən ötrü çox çətin idi, çünki bunun üçün təsvir edilən obyektdən bir qədər uzaqlaşmaq, ona kənardan baxmaq lazımdır. Mən isə sanki həmişə onunla bir yerdə olmuşam.

Salman Qəmbərov

Mənim bəxtim gətirib: Bülbül adına musiqi məktəbində Salmanla bir sinifdə oxumuşam. "Bəxtim gətirib" sözlərini ona görə yazıram ki, indi - Salman bu qədər məşhur, öz imkanlarını reallaşdırmış musiqiçi olduğu bir vaxtda mən bu fakta görə fəxr edə bilərəm. Ən əvvəl ona görə ki, 14-15 yaşlı Salmanın məktəbdə tənəffüs zamanı piano arxasında nələr yaratdığını, bütün sinif yoldaşlarını bu haylı-küylü və xoş prosesə cəlb etdiyini görmək, onun ifasını dinləmək bizə ləzzət verirdi. Onu da deyim ki, o vaxt caz sədaları təkcə bizim sinifdən eşidilmirdi - siniflər arasında bir növ "gizli yarış" gedirdi. Biz isə arxayın idik, bilirdik ki, hamıdan irəlidə gedən bizim sinif olacaq, çünki bizim Salmanımız vardı.
İndi, xarici ölkələrin tanınmış caz musiqiçiləri Bakıya gələndə və onlarla birlikdə cem-seşn keçirmək imkanı olduğu bir vaxtda da mən yenə təxminən elə o cür arxayınlıq hiss edirəm. Dərhal fikirləşirəm ki, narahat olmağa dəyməz, çünki bizim Salmanımız var! Bilirəm ki, o, hər bir musiqiçinin stilistik "açarını" tapacaq, onun istedadını və emosiyalarını bütünlüklə üzə çıxaracaqdır. Belə anları - həqiqi səadət anlarını heç vaxt əvvəlcədən dəqiq planlaşdırmaq mümkün deyil. Bu anların xatirinə əvvəllər görmədiyin və gələcəkdə bəlkə bir də heç vaxt görməyəcəyin musiqiçilərin bu cür təsadüfi toplantılarına getməyə dəyər. Lakin bizi heyrətləndirən və sevindirən odur ki, həmin musiqiçilər günü bu gün, lap elə bu saat, nəbzi vuran canlı materiya kimi bizim yanımızdadır. Məhz bu cür təbii şəkildə alınmış birgə çıxışlardan sonra məşhur "Sax’n Hop" qrupunun musiqiçiləri Salmanı və onun "Bakustik caz" qrupunu "resident guests" qismində üç həftəliyə Almaniyaya, orada hər il yayda keçirilən "Zelt Musik" festivalına dəvət etmiş, tanınmış amerikalı müğənni Debora Karter isə Bakı Beynəlxalq Caz Festivalında Salman Qəmbərovla birgə çıxış etməyə məmnuniyətlə razılıq vermişdi.

Salman Qəmbərov

Musiqiçiyə xas olan və yəqin ki uzun illər boyu yaranan bənzərsiz müdriklik, dərinlik, başqalarını dinləmək bacarığı sənətçinin istedad, incə yumor, çevik reaksiya kimi təbii keyfiyyətlərinə əlavə olunur. Salman sanballı musiqi təhsili alandan sonra (o, Bakı konservatoriyasının iki fakultəsini - həm musiqişünaslıq, həm də bəstəkarlıq fakultələrini, özü də təkcə diplom xatirinə deyil, tamamilə əsaslı şəkildə bitirmişdir) özü üçün qərara aldı ki, hər halda onun əsl sənəti cazdır, lakin indi bu təhsil onun caza münasibətinə də öz təsirini göstərirdi. O, cazın həndəvərində elə-belə, heç bir məsulliyət hiss etmədən "fırlana" bilməzdi, gözləyə bilməzdi ki, ola bilsin, bəxti gətirəcək, tamaşaçılar onun köməyinə çatacaqlar (nə yaxşı ki, indi cazın sərhədləri tamamilə laxlamışdır, zövqlər barədə ümumi meyarlar isə elə bil heç əvvəldən yox imiş). Salman Qəmbərovun ifa etdiyi caz - sənətçinin könül süzgəcindən keçirilmiş, hökmən intellektual yükə malik olan saf musiqidir. Yadımdadır, Salmanı heç cür razı sala bilmirdik ki, disk yazdırsın - özünə və başqalarına münasibətdə hədsiz dərəcədə tələbkar olması onun Bakıda disk yazdırmaq üçün kompromisə getməsinə imkan vermirdi: bu sənətçinin fikrincə, Bakıdakı səsyazma studiyalarının heç birində onun sənət meyarlarına müvafiq olan royal yoxdur.

Salman Gambarov

Nəhayət, çıxış yolu tapıldı: Londonun məşhur "The Premises" səsyazma studiyasını icarəyə götürüb, orada cəmi iki gün ərzində "East or West?" müəllif layihəsinin bütün musiqisini yazdırdıq və bu ilin baharında həmin disk işıq üzü gördü. Disk yazdırmaq üçün buna bənzər başqa imkan olmayıb, buna görə də o xoşbəxt məqamı gözləmək lazım gəlir.











Salman Qəmbərov

Bakılıların çoxunun yəqin ki hələ də yadında olar: 1990-cı illərin lap əvvəllərində dünya miqyaslı caz ulduzu Bob Berq Bakıya gəlmişdi. Konsertdən sonra yerli musiqiçiləri səhnəyə dəvət etdilər ki, qonaqlarla birlikdə onlar da "standart" ifa etsinlər. Bu təklif səslənəndə məlum oldu ki, bizim sənətçilərin klassik caz sahəsində bilikləri çox cüzidir (axı əvvəllər bizdə heç vaxt məxsusi caz məktəbi olmamışdır, yalnız bir neçə nəfər "külçə qızıl" kimi, fitri istedad sahibi olan gənclərimiz vardı). Buna görə də amerikalı saksofonçu ilə birgə çıxış etmək istəyənlər lap az oldu, hətta buna cəsarət edənlər də onunla "dil tapmağa" çətinlik çəkirdilər. Nədənsə mənə elə gəlir ki, Salman məhz həmin ümumi konfuziyadan sonra bu qənaətə gəlmişdi ki, cazın əsaslarını müstəqil şəkildə öyrənmək vaxtı yetişmişdir. Beləliklə, o, öz qarşısına konkret məqsəd qoymuşdu və indi addım-addım həmin məqsədə doğru irəliləyirdi: o, "standartları" mənimsəyir, Art Tatumdan başlamış Qonzalo Rubalkabaya qədər müxtəlif caz ifaçılarının stil və maneralarına sərbəst yiyələnir, Bakının müxtəlif klublarında hər gün (daha doğrusu hər axşam) sayca çox olmasa da, cazdan başı çıxan tamaşaçılar qarşısında çıxış edərək öz ustalığını cilalayırdı. Bu gün inamla deyə bilərik ki, Salman Bakıda caz musiqiçiləri üçün nümunə hesab edilməyə layiqdir. O, əsl caz musiqiçisidir. Axı biz Bakını "caz şəhəri" hesab edirik, Salman da bu şəhəri təmsil etməyə layiqdir. Onun bəstələdiyi, aranjimanladığı və ifa etdiyi musiqinin caz olub-olmaması barədə mübahisə etməyə dəyməz. Bu, əlbəttə, cazdır! Hətta müəyyən layihədə opera müğənniləri Xuraman və Fidan Qasımova bacılarının, muğam ifaçısı Aygün Bayramovanın və ya pop-müğənni Sevda Ələkbərzadənin yaradıcı tərəf-müqabili olanda da, kamançaçı Fəxrəddin Dadaşov və nağaraçı Natiq Şirinovla birgə "səssiz" filmi "səsləndirəndə" də Salmanın caz ifa etməsinə şübhə ola bilməz.

Salman Qəmbərov

Amma açığını deyim ki, Salman ondan ötrü qeyri-adi şəraitdə - məsələn, Heydər Əliyev adına sarayda, yaxud televiziyada (bunu heç xoşlamır) geniş tamaşaçı kütləsi qarşısında çıxış edəndə onun əvəzinə mən həyəcanlanıram. Məni həyəcanlandıran məsələ birdir - görəsən, dinləyicilər Salmanın melodiyanı incə bir təçrzdə improvizə etməsini, mövzunu qəliz şəkildə dəyişməsini necə qəbul edəcəklər?! Axı bəzən onun "rebus"larını hətta biz musiqiçilər də çətinliklə başa düşürük. Amma bunu başa düşəndə uşaq kimi sevinirik.

Salman Qəmbərov

Bəs mövzunu ümumiyyətlə bilməyənlər və onun mənasını anlamaq irqtidarında olmayanlar nə etsinlər? Təbii ki, belə hallarda bəzi dinləyicilər vəcdə gəlmək əvəzinə çaşıb qalır, hətta əsəbiləşirlər. Onda qorxursan: birdən bu ovqat musiqiçiyə də sirayət edər, onun öz qüvvəsinə inamını sarsıdar. Lakin narahat olmaya bilərsiniz - Salman tamaşaçılarla dil tapmaq üçün, onları yorulmadan çəpik çalmağa məcbur etmək üçün nə lazım olduğunu yaxşı bilir, amma bu priyomlardan istifadə etmir, çünki onun mənəvi kredosu və yaradıcılıq prinsipləri çox möhkəmdir: kütlənin bəsit zövqünə uymaq, stilləri qarışdırmaq (və ya onları yalnız xüsusi niyyətlə qarışdırmaq) olmaz, sadəcə olaraq, insan necə varsa, o cür qalmalıdır. Məhz bunun sayəsində Salman onu adi çərçivəyə sığışmayan yaradıcı şəxsiyyət hesab edən çoxsaylı pərəstişkarlarının maraq obyektidir.

Cahangir Səlimxanov