RAFIQ QULIYEV: O, ÇOX ADAMA SEVINC BƏXŞ ETMIŞDIR

Onun ailəsi ilə ilk dəfə 1941-ci ildə tanış olmuşam. O vaxt mən Konservatoriyanın nəzdindəki musiqi məktəbində oxuyurdum. Həmin məktəbin binası Əzizbəyov küçəsində, Rafiq Babayevin doğulduğu evlə üzbəüz yerləşirdi, musiqi məktəbinin direktorunun təsərrüfat işləri üzrə müavini (o vaxtlar bu vəzifədə işləyən şəxsə "zavxoz" deyirdilər) Şura Babayeva isə Rafiqin anası idi. Biz hamımız bu Şura xalanı çox sevirdik. Müharibə dövrü, aclıq illəri idi. Altı uşaq anası olan Şura xala bu uşaqların tərbiyəsini və bütün başqa qayğılarını faktiki olaraq bütünlüklə öz üzərinə götürmüşdü və bu ağır yükü tək daşıyırdı (bunu sonradan öyrənmişəm). O vaxt mən balaca bir oğlan idim və hələ Şura xalanın uşaqlarının heç birini tanımırdım - nə Rafiqi, nə Vəsiləni, nə də Oqtayı. Amma bu fədakar qadının qarşısında baş əyirdim.
Müharibə illərində məktəbdə bizə (işçilərə və şagirdlərə) "payok" kimi, vermeşildən bişirilmiş və "babka" adlanan yüngülvari səhər yeməyi verirdilər. Şura xala öz "payok"unu yemək əvəzinə, onu səliqə ilə bükərək evə, uşaqlarına aparırdı!



1945-ci ildə bizim məktəb Konservatoriyanın indiki binasına köçdü və həmin illərdə mən Rafiqin böyük qardaşı Oqtay Babayevlə dostluq etməyə başladım. Oqtay, Qoqa Kotsitadze, Oyrat Rüstəmzadə, Con Kaşepava, Daneçka Qaziyan - bizim kompaniya idi, Rafiq isə o vaxt bizim nəzərimizdə sadəcə kiçik bir oğlan idi. Başının çox iri olması ilə diqqəti cəlb edən bu oğlanı ilk dəfə gördüyüm gün indiki kimi yadımdadır. O, sakit-sakit bizə yaxınlaşdı və bic-bic baxaraq (bunu çox yaxşı bacarırdı) gülümsəyəndə özlüyümdə fikirləşdim ki, Rafiq mənim kiçik qardaşım Vaqif Quliyevə çox oxşayır. Vaqifin başı böyük olduğuna görə biz ona "yekəbaş" deyirdik. Rafiqi görən kimi özlüyümdə onu "ikinci yekəbaş" adlandırdım. Mən hələ onun kim olmasını, necə musiqi çalmasını bilmirdim. Oqtayçik o vaxt saksofon çalmağa çox maraq göstərirdi, Rafiq isə musiqi məktəbində oxuyurdu.
Bir dəfə musiqi məktəbində bir tədbir keçirilirdi. Təsadüfən mən də oraya gedib çıxmışdım. Konsertdən əvvəl sinif otaqlarının birindən eşitdiyim musiqi sədaları məni valeh etdi. İndi də hər dəfə yadıma düşəndə "ağlımı başımdan alan" bu musiqi - mənim çox xoşladığım klassik amerikan cazı idi. Öz-özümə fikirləşdim: "Aman Allah, görəsən bunu çalan kimdir?". Onu da deyim ki, o vaxt mən özüm də caz çalmağı bir qədər bacarırdım. Həmin sinfin qapısını açanda gördüm ki, bu musiqini çalan Rafiq Babayevdir. Mən onun yanında oturdum, orada adam çox idi. O, gözaltı mənə baxa-baxa ifasını davam etdirdi. Bu hadisə 1950-ci, ya da 1951-ci ildə olmuşdu. Onun ifası məni heyran etmişdi. O vaxt Rafiqin öz tamaşaçıları, öz pərəstişkarları vardı. Mən də fəxrlə onun pərəstişkarları sırasına keçdim. Mən Rafiq Babayevi ərklə Rafka, Oqtayı isə Oqtayçik deyə çağırırdım…
Sonra bizim həyatımızın Konservatoriya dövrü başlandı. Rafiq Rauf Atakişiyevin sinfində oxuyurdu. Bu iki musiqiçi bir-birinə hədsiz rəğbət bəsləyirdi. Desəm ki, Rafiq çox yaxşı klassik pianoçi idi, bu səmimi olmaz. Rafiq, adətən, ciddi əsərləri, o cümlədən Listin konsertlərini ifa edirdi, lakin onun çox böyük bir nöqsanı vardı - texniki bazası yox idi. Mən özüm klassik əsərlərin ifaçısı olduğumdan, deyə bilərəm ki, Rafiq müəyyən texniki pasajı keçərkən çətinlik çəkirdi, amma kantilenanı əla ifa edirdi. Bu janr onun ifasında həmişə gözəl səslənirdi…
O vaxtlar Konservatoriyada belə bir ənənə vardı: Yeni il axşamlarında "kapustnik" deyilən şənliklər təşkil edilirdi. Bir dəfə Rafiq mənə təklif etdi: "Rafulya, gəl səninlə bərabər, qoşa royalda bir şey çalaq". Mən boyun qaçırmaq istədim: "Sən hara, mən hara - sən usta cazmensən, mən isə…". "Yaxşı, özünü yazıq göstərmə!" - deyərək mənim geri çəkilmək cəhdimə son qoydu. Yadınızdadırsa, o vaxtlar belə bir uşaq mahnısı vardı: "Malenkoy yoloçke xolodno zimoy". Biz bu mövzuda improvizə etdik - əvvəlcə Bax stilində, sonra Haydn, daha sonra Motsart, Bethoven, Raxmaninov, Stravinski, Gerşvin… sonra da lap kefiniz istəyən caz çaldıq! Həmin konsertdə Konservatoriyanın tanınmış müəllimlərindən Daniil Xristoforoviç Danilov, Georgi Zaxaroviç Burşteyn, Nikolay Semyonoviç Çumakov, Cövdət İsmayıl oğlu Hacıyev və başqaları iştirak edirdi. İnanın ki, onlar hamısı vəcdə gəlmişdi! Bir hay-küy vardı ki, gəl görəsən!


Özünüz təsəvvür edin: bu hadisə 1955-56-cı dərs ilində baş vermişdi. Halbuki o vaxtlar "caz" sözü bizim rəhbərlərin nəzərində "qırmızı əski" kimi bir şey idi.
Çox təəssüflənirəm ki, o vaxt həmin konserti lentə yazmaq ağlımıza gəlməmişdi. Rafiq sonradan Vaqif Mustafazadə ilə də buna oxşar bir məsələni planlaşdırmış, amma heç şey etməyə macal tapmamışdı. Buna görə Rafiq çox fikir çəkirdi…
Bizim, necə deyərlər, birgə debütümüz belə olmuşdu. O vaxtdan 50 il keçdiyinə baxmayaraq, həmin konsertdə olan tanışlarımdan hələlik sağ qalanlarla hər dəfə görüşəndə onların mənə ilk sualları "Necəsən, səhhətin necədir, işlərin yaxşıdırmı, evdəkilər necədir?" - deyil, belə olur:
- O "KAPUSTNİK" yadındadırmı?!
O vaxtdan neçə illər keçib, amma Rafiq Babayevlə birgə çıxış etdiyimiz həmin konsertə görə ömrümün axırına gədər ona minnətar olacağam. O vaxtdan bəri mənim çox konsertlərim olub, amma caz çalmamışam. Mən təbiətən klassikəm, lakin caz sənətini hədsiz sevirəm, caz - mənim üçün, bir növ, ruhi vəziyyət deməkdir…
"Dnepr-3" markalı, "Nuh əyyamından qalmış" yekə bobinalı maqnitofonu heç vaxt unutmaram. Bakıda birinci olaraq həmin maqnitofonu alanların biri də Rafiq idi. O vaxt Rafiq mənə zənq edib, dedi: "Rafka, sən mənim canım, bura gəl, yaxşı təzə lent yazılarım var". Biz əyləşib onun lent yazılarına ləzzətlə qulaq asdıq.
Bir dəfə Uilas Kanoverin translyasiyalarından birini lentə yazmışdım. Gecə saat 1-də bobinanı götürüb qaça-qaça Rafiqin yanına gəldim və məlum oldu ki, həmin çıxışı o da lentə yazıbmış. Səhv eləmirəmsə bu, biq-bendin yazısı idi. Rafiq onu çox xoşlayırdı, o artıq məşhur cazmen idi. Mənim nəzərimdə o, bütün Bakıda, bütün Azərbaycanda cazın ən yaxşı bilicisi idi.
Rafiqdən söz düşəndə onun fitri caz musiqiçisi olduğunu söyləmək azdır. O çox zəhmətkeş adam idi, daim nə isə öyrənirdi. O, minlərlə variant arasından birini seçir və bundan sonra yalnız həmin variantı təkmilləşdirirdi. Onun bu sözlərini heç vaxt unutmaram: "Bilirsənmi, bu necə zəhlətökən və necə şirindir…". O, bildiklərini başqalarına da öyrədirdi! Ondan heç kəs heç nə xahiş etməsə də, bəzən sadistcəsinə öyrədirdi, çünki o, professional idi və harada ölçü hissi axtarmağı, harada zövqlə hesablaşmağı yaxşı bilirdi. Onun incə zövqünə söz ola bilməzdi və bununla bərabər, onda zahiri parıltıdan, özünü göstərməkdən əsər-əlamət yox idi.
Onun həlak olması nə isə müəmmalı bir anlaşılmazlıqdır… Vaqif Mustafazadəni dəfn edəndə Rafiqlə birlikdə necə ağlamağımızı, onunla bərabər Aktyor evinin bir küncünə qısılıb necə hönkürməyimizi heç vaxt unutmaram. O vaxt mən haradan biləydim ki, tezliklə Rafiq də həlak olacaq?!

Rafiq Babayev

Bu gün öz ömür yoluma nəzər salanda başa düşürəm ki, mənim həyatımda Rafiqin, onun şəxsiyyətinin çox böyük rol olub. Mən həmişə bir caz musiqiçisi kimi onun qarşısında baş əymişəm və indi də baş əyirəm. Mənə deyirdilər ki, Rafiq ansambllarla çox sərt rəftar edir, həddən artıq tələbkardır. Bu və ya digər keyfiyətlərinə görə onu xoşlamayanlar da çox idi. Amma mənə belə gəlir ki, rəhbərlər, xüsusən musiqiçilər yumşaq xasiyyətli ola bilməzlər. Onlar müəyyən mənada qeyri-mütəşəkkil adamlar olur. Rafiq özü də, mən onu tanıdığım vaxtdan, hər məsələdə çox pedantik adam idi…

Rafiq haqqında danışmaq mənim üçün çox çətindir. Bu illər ərzində ilk dəfədir ki, onun barəsində bu qədər ətraflı danışıram. Elə əhvalatlar, elə xatirələr var ki, onlar insanın qəlbində qalmalıdır. Mən də onunla bağlı bütün hisslərimi açıqlamaq istəmirəm…
Rafiq sağlığında mənim üçün çox əziz idi, onun xatirəsi də mənim üçün əzizdir və mənim ömrümün axırına qədər beləcə əziz qalacaq. Mən bu insana hədsiz minnətdaram. O, çox adama sevinc bəxş etmişdir. Mən onu sevirdim,onu da bilin ki bu sözü mən çox az adamın barəsində deyirəm…