QRAND PİANO

"Royal" sözünün fransızcadan tərcümədə mənası "krala aid, krala layiq" deməkdir. Əlbəttə, bu heç də o demək deyil ki, krallar bu çalğı alətinə xüsusi maraq göstərmiş və ya başqa alətlərlə müqayisədə onu daha asanlıqla və daha məharətlə çalmışlar. Royala bu adın verilməsi onun müstəsna musiqi "qabiliyyətləri" ilə bağlıdır. O, başqa musiqi alətlərindən xüsusi keyfiyyətləri ilə fərqlənir.
Royal - ən çoxsəsli alətdir: onda çox dərin bas səslərdən başlamış, yüksək, cingiltili səslərə gədər geniş diapazonu əhatə etmək, səsləri feyerik sürətlə "səpələmək" və güclü çoxsəsli akkordları ifa etmək mümkündür. Royal bütöv bir orkestrlə rəqabət apara bilər və bu halda royal, istər səsin gücünə, istər onun virtuoz rəngarəngliyinə, istərsə də məna dərinliyinə görə orkestrdən heç də qeri qalmaz.



Royal - solo ifa zamanı dinləyicilərin diqqətini uzun müddət cəlb etməyə qadir olan yeganə çalğı alətidir, yəni təkcə onun vasitəsilə - başqa alətlərin köməyinə müraciət etmədən, böyük konsertləri səsləndirmək mümkündür. Royalı orkestr-alət adlandıranlar haqlıdırlar. Bu alət həm də ona görə krala layiq sayılır ki, o, dərin məzmunlu, bravur-virtuoz, zərif-intim, güclü-sarsıdıcı janrlara aid istənilən musiqini eyni dərəcədə uğurla ifa etməyə imkan verir.
Royal nisbətən gənc çalğı aləti hesab edildiyinə baxmayaraq, onun yaranma tarixi kifayət gədər qədimdir. Deyə bilərik ki, royalın tarixi dünyada ilk simin yarandığı vaxtdan başlanır. Simlər olmasaydı, royal da olmazdı. Nə qədər qəribə təsir bağışlasa da, nəhəng və əzəmətli royal … skripkanın "uzaq qohumu"dur.
Lakin musiqi tarixçilərinin fikrincə, royalın "əcdadı" - indi hamının unutduğu "monoxord" adlı alət olmuşdur. "Monoxord" sözünün qədim yunan dilindən tərcümədə mənası "birsimli" deməkdir.
Pifaqorun simlərlə bağlı təcrübələri barədə yəqin ki, məlumatınız var. Monoxord alətini də Pifaqor məhz bu cür təcrübələr üçün düzəltmişdir. Əslində monoxord musiqi aləti deyil, təcrübələr aparmaq üçün nəzərdə tutulan bir cihaz idi. Doğrudan da, düzbucaqlı şəklində qutunun üzərinə tarım bağlanmış bir simdə uzun müddət çalmaq çətin olar. Monoxordun konstruksiyası çox sadə idi. Uzun bir qutunun üstünə (qutunun uzunu boyunca) mütəhərrik altlığı olan, tarım çəkilmiş sim bağlanmışdı. Pifaqor öz təcrübələrini keçirərkən həmin altlığı hərəkət etdirərək, onu simin altında müxtəlif yerlərdə saxlayırdı. Bu halda sim ya bərabər ölçülü, ya da müxtəlif uzunluqlu iki hissəyə bölünürdü. Altlıq simin düz ortasında olduqda simin hissələrinin uzunluqları bərabər olur və bu hissələr eyni cür səslənirdi. Altlığı hərəkət etdirdikdə isə simin parçalarının uzunluğu müxtəlif olur və bu hissələrin birinin səsi daha yüksək, digərinin səsi nisbətən alçaq olurdu.
Monoxordun üzərinə daha bir neçə sim çəkərək onu musiqi alətinə çevirən şəxsin kim olması məlum deyil, lakin Pifaqor öz təcrübələrini davam etdirən müddətdə fərasətli musiqiçilər monoxorda oxşayan yeni musiqi alətləri düzəltmiş və həmin alətlərdə bir sim əvəzinə bir neçə sim olduğuna görə, onları "polixord", yəni "çoxsimli alət" adlandırmışdılar.



Əslində royalın yaranma tarixi də həmin dövrdən başlanır. Polixordları müxtəlif şəkildə konstruksiya edir və onlarda müxtəlif üsullarla çalırdılar. Bəzi ifaçılar arfada və ya quslidə olduğu kimi, polixordun da simlərini barmaqları ilə tutur, digərləri polixordun simlərini, simbal alətində olduğu kimi, çubuqlarla "döyəcləyir", üçüncülər onu mandolina kimi - xüsusi mizrabla çalırdılar. Bir müddətdən sonra klaviaturalı mexanika icad edildi. İfaçı klavişləri basdıqda ağacdan hazırlanmış kiçik rıçaqlar hərəkətə gəlir. Bu rıçaqlardan birinin ucuna bərkidilmiş quş lələyi simə toxunanda simdən səs çıxırdı. Klavişlərin hər birinə bu cür mexanika qoşulmuşdur. Belə mexanika ilə təchiz olunmuş alət klavesin adlanırdı.
Klavesinin səsi bir gədər quru, şüşə kimi şəffaf idi. Əsas çətinlik isə ondan ibarət idi ki, klavesinin səsinin gücü və ucalığı həmişə eyni olurdu, yəni musiqiçinin klavişləri hansı zərbə ilə vurmasından asılı olmayaraq, səsin ucalığı dəyişmirdi. Bu ona oxşayırdı ki, biz otaqdakı elektrik lampasını yandırarkən elektrik açarını necə - güclü, yoxsa zəif hərəkətlə qoşmağımızdan asılı olmayaraq, lampanın işığı nə artacaq, nə də azalacaqdır. Klavesinin klavişi də səs üçün yalnız açar rolu oynayırdı. Təsadüfi deyildir ki, "klaviş" sözünün mənası "açar" deməkdir.
Təbii ki, sənətçilər klavesinin bu cür yeknəsəq səslənməsi faktı ilə barışa bilməzdilər. Buna görə də onlar klavesinin səsinin ucalığının müxtəlifliyinə nail olmaq üçün müvafiq vasitələr fikirləşib tapırdılar. Lakin bu qurğular o qədər də münasib deyildi, onlardan istifadə edəndə səsin ucalığı da sanki açarla idarə edilərək, gah "qoşulur", gah da "söndürülürdü".


Təqribən iki yüz əlli il bundan əvvəl Florensiya şəhərində Kozimo Mediçi ad-soyadlı bir hersoq yaşayırdı. Onun musiqi alətlərindən ibarət əsl muzeyi xatırladan zəngin kolleksiyası vardı. Həmin muzeyin baxıcısı Bartolomeo Kristofori ad-soyadlı bir usta idi. Muzeydə vəzifəsi çalğı alətlərini təmir etməkdən, səliqə-sahmana nəzarət etməkdən ibarət olan Kristofori boş vaxtlarında təzə çalğı alətləri düzəldirdi. Günlərin bir günündə Mediçinin kolleksiyasında qeyri-adı bir musiqi aləti peyda oldu. Bu alət, ilk baxışda, klavesindən o gədər də fərqlənmirdi: klavesin kimi, bu təzə alətin də klavişləri, simləri, mexanikası vardı. Amma əslində burada çox maraqlı bir yenilik vardı: Kristofori bu təzə alətin mexanikasına elə dəyişikliklər etmişdi ki, klavişə vurulan zərbənin gücündən asılı olaraq, səsin gücü də dəyişirdi. Klavesində olduğu kimi, bu alətdə də klavişlər rıçaqlar vasitəsilə sığın dərirsinə bükülmüş kiçik çəkiclə birləşdirilmişdi. Simlərə zərbə məhz bu çəkiclə vurulurdu.
Bu, dünyada ilk royal idi və cəsarətlə deyə bilərik ki, onu ixtira edən şəxs məhz Bartolomeo Kristofori olmuşdur.
Dünyada ilk royal olan bu aləti "pianoforte" və ya "fortepiano" adlandırdılar. "Forte" sözü "uca səslə çalmaq", "piano" sözü isə "ahəstə səslə çalmaq" deməkdir. Bu yeni alətin klavişlərinə vurulan zərbələrin gücündən asılı olaraq, onun müxtəlif ucalığa malik səslər çıxarmaq xassəsi musiqiçilər üçün çox əhəmiyyətli idi. Buna görə də musiqiçilər həmin alətin bu əlamətinə uyğun olaraq onu "fortepiano" adlandırdılar.
Beləliklə, Bartolomeo Kristoforinin fortepianosu bizim indiki royalın "ulu babası"dır.
Royalın ən mükəmməl musiqi alətlərindən biri kimi məşhurlaşması heç də birdən-birə baş tutmamışdır. Əvvəlki klavesin uzun müddət royalın rəqibi kimi qalmışdır. Əslində burada təəccüblü bir şey yoxdur, çünki fortepiano hələ ilk addımlarını atdığı dövrdə klavesin artıq tanınmışdı. Bəstəkarlar klavesinin nöqsanlı cəhətləri ilə barışaraq, bu alətdə ifa edilmək üçün nəzərdə tutulan çoxsaylı gözəl əsərlər yaratmışdılar. Musiqiçilərin də, dinləyicilərin də musiqi duyumu klavesinin zərif səslənməsinə öyrəşmişdi. Fortepianonun simlərinə çəkiclə zərbələr endirilməsi isə qeyri-adı və bir gədər köbud təsir bağışlayırdı. Hətta dahi İohann Sebastyan Bax da "çəkicli" fortepianonu dərhal qəbul etməmiş, əvvəlcə onu bəyənməmişdi. Böyük maestronun bu alətlə ilk tanışlığından yalnız bir neçə il sonra fortepianonun təkmilləşdirilmiş konstruksiyasını ona göstərəndə Bax məmnuniyyətlə həmin alətdə çalmış və onun səslənməsini tərifləmişdi. Musiqiçilərin və sənətsevərlərin səs duyumunu klavesinin səslənməsindən fortepianoya istiqamətləndirmək üçün təqribən yüz il vaxt lazım gəldi. Yüz il!
Motsart cavanlığında yalnız klavesin çalırdı, lakin sonradan o da fortepianonun üstünlüklərini etraf edərək yalnız bu alətdə çalmağa başlamış və fortepianonun bütün məziyyətlərini üzə çıxara bilən gözəl əsərlər bəstələmişdir. Konsertlərdə tamaşaçılar qarşısında fortepiano çalan böyük musiqiçilərin birincisi Motsart idi.
Lakin klavesinin tam "təslim olması" yalnız Bethovenin dövründə və əsasən Bethovenin musiqisi sayəsində baş vermişdir: sakit səsli köhnə klavesin bu böyük bəstəkarın gur və güclü musiqisinin ifa tələblərinə uyğun gəlmirdi. Bir dəfə Bethoven fortepiano ustası Ştreyxerin yanına gəlib royalın konstruksiyasını təkmilləşdirmək barədə öz təkliflərini ona bildirdi. Məsələn, o, royalın səslərinin və buna müvafiq olaraq, onun klavişlərinin sayını artırmağı, simlərin daha aydın və daha güclü səslənməsi üçün onların yaxşı elastik polad məftildən hazırlanmasını təklif edirdi.



Bu gün royal və onun "kiçik qardaşı" pianino ən geniş yayılmış musiqi alətləridir. Royalın səslənməsi çox əlvan və rəngarəng olduğu üçün o, əksər bəstəkarların sevimli alətinə çevrilmişdir. Musiqi bəstələyənlər arasında royal üçün əsər yaratmayan adama bəlkə də rast gəlməzsiniz. Keçmiş dövrün böyük bəstəkarlarının çoxu - Motsart, Bethoven, List, Şopen, Rubinşteyn, Raxmaninov və başqaları həm də gözəl pianoçular idi. Onlar tamaşaçıların qarşısında pianoçu artistlər kimi çıxış edir, bu bəstəkarların royal üçün yazdığı əsərlər isə həmin çalğı alətinin malik olduğu çox böyük imkanları üzə çıxarırdı.
Royal üçün çoxlu gözəl musiqi yaradılmışdır, lakin bəstəkarlar bu gün də onun "dibindən" yeni-yeni sərvətlər tapıb üzə çıxarırlar. Məhz royalın sayəsində musiqinin yeni çalarları, yeni səslər tapılır. Bir sözlə, bu alətin imkanları tükənməzdir.
Bu gün bizə bəlkə də gəribə görünür ki, bir vaxtlar - royal təzə icad edilən dövrdə o, musiqi meydançasında kövrək və özünə inamsız bir yenilik olmuşdur. Skripka kimi, royalın da musiqi aləmində öz yerini tutması xeyli vaxt tələb etmişdir.

A. Klyonovun
"Konsert salonunda "Nə üçün?" kitabından