HERBİ HENKOK

Herbi Henkok kimi sənətçilərin musiqi sahəsində tədqiqatları sərhəd bilmir və zamanla ayaqlaşır. Bundan əlavə, o, "Həyatın ritmi" Fondunun təsiscisi və gözəl klassik musiqi təhsili almış sənətçidir. Henkokun hərtərəfli şəxsiyyət olması faktı onun işində və yaradıcılığında öz əksini tapmışdır.

Herbi Henkok

Herbi Henkok 1940-cı ildə anadan olmuşdur. Çikaqo simfonik orkestri ilə birgə konsertlərdə çıxış etməyə başlayanda onun cəmi 11 yaşı vardı. Bu "möcüzə-uşaq" artıq o vaxt Motsartın əsərlərini fortepianoda ifa edirdi. Hələ orta məktəbdə oxuduğu dövrdə Oskar Petersonun və Bil Evansın musiqisinin təsiri altında o da caz çalmağa başlamışdı. Bu dövrdə elektronika elmləri ilə də maraqlanmağa və bu sahədə biliklərini təkmilləşdirməyə başlamış Henkok son nəticədə, Qrinnel kollecini iki ixtisas üzrə bitirdi: həm musiqiçi, həm də elektronika üzrə mühəndis kimi.

Herbi Henkok

1960-cı ildə Herbinin 20 yaşı olanda trubaçı Donald Veda onu öz qrupuna qoşulmağa dəvət etdi. Bundan əlavə, Ved Henkoku "Blue Note Records" qrupundan olan Alfred Lionla da tanış etdi və Herbi iki il bu qrupla işləyəndən sonra əfsanəvi solo artist kimi məşhurlaşdı. Henkokun 1963-cü ildə işıq üzü görmüş debüt albomu dərhal populyarlaşdı və bundan sonra "Qarpız-adam" adlı yeni albom üzərində iş başlandı. Bu albomda caz əlamətləri nəzərə çarpırdı. Elə həmin 1963-cü ildə bir telefon zəngi Henkokun bütün həyatını dəyişdi və o, caz musiqisi tarixində özünə möhkəm yer tutdu.
1960-cı ildən başlayaraq Herbi Henkokun yaradıcılığı akustik və elektron caz sahəsində baş verən bütün yenilikləri əks etdirirdi. Henkokun həsəd aparılmağa layiq maddi vəziyyəti və bir sənətçi kimi məşhurlaşması sayəsində indi hər bir yeni layihə üzərində işə başlayarkən onun yeganə arzusu öz yaradıcılığını daha da təkmilləşdirməkdir.
Henkokun musiqi karyerası və onun səsyazma studiyasının hüdudlarından kənardakı karyerası bir-birindən asılı olmayaraq paralel inkişaf edir. Onun əməkdaşlıq etdiyi təşkilatın iki məqsədi var: onlar həm əllərində texnologiya olan insanları bu imkandan məhrum olan insanlarla birləşdirmək, həm də texnologiya sahəsində qazanılmış uğurlar sayəsində cəmiyyətin inkişafına kömək etmək məqsədi güdürlər.
Bir sıra başqa görkəmli musiqiçilərlə birlikdə Herbi də kinonun inkişafına öz töhfələrini vermişjdir. 1987-ci ildə o, "Round Midnight" ("Gecə yarısına yaxın") adlı filmə yazdığı musiqiyə görə Akademiyanın mükafatını almışdır. Onun kinoda işi hələ 1969-cu ildə başlanmışdır. O vaxt Antonio Mikelancelonun "Blow up" ("Partlayış") filmi üzərində işləyirdi. Böyük uğur qazanmış bu filmin sayəsində o, həm kino üçün, həm də musiqili televiziya verilişləri üçün musiqi yazan bir sənətçi kimi öz karyerasını uğurla davam etdirə bildi. Ölməz Maylz Devis öz tərcümeyi-halında yazırdı: "Herbi Bəd Pauellin və Teloniz Monkun yerini tutmuşdur və mən indiyə qədər onun yerini tuta biləcək bir adam tanımıram". Herbi beş il Devisin qrupu ilə işləmiş, tamaşaçıları vəcdə gətirən bu qrupla birlikdə bir neçə şedevri bir-birinin ardınca lentə yazdırmışdır. Bu qrupun albomları arasında "Nefertiti"-nin adını xüsusi qeyd etmək olar. Veyn Şorterin (tenor saksofon), Ron Karterin (bas) və Toni Uilyamsın (zərb alətləri) daxil olduğu bu qrup 60-cı uillərdə tənqidçilərin çoxunun fikrincə, "kiçik qrupların ən böyüyü" hesab edilirdi. Herbi hətta Devisin qrupunu tərk edəndən sonra da onlarla birgə işi davam etdirmiş və Devisin "In a silent way" ("Sükuta dalaraq") adlı, caz-füjnün yaranmasından xəbər verən albomunun yazılmasında iştirak etmişdir.

Herbi Henkok

1969-cu ildə Maylz Devisin qrupunu tərk edən Henkok o vaxt özünü tamamilə yeni bir sahəyə - az sonra bütün dünyanı fəth etmiş olan elektron caz-fanka həsr etdi.
Henkok heç vaxt məhdud yaradıcılqla kifayətlənmir, lakin akustik cazın 70-ci illərdə yaranmış əsaslarına sadiq qalırdı. O, Maylz Devisin yenidən birləşmiş VSOP adlı kvinteti ilə albomlar yazdırır, bu qrupla birgə çıxış edirdi.
Herbi Henkok

Həmin qrupda onun yerini Freddi Xubart tutmuşdu. Bundan əlavə o, öz adını daşıyan müxtəlif trio və kvartetlərlə, eləcə də pianoçulardan Çik Kori və Oskar Petersonla duet şəklində çıxış edirdi.
Herbi Henkokun bəxti gətirib: o, Maylz Devisdən digər dünya şöhrətli başqa ulduzlarla da çıxış etmişdir. Onların arasında Stiv Uanderin adını çəkmək olar. Bu hadisə 90-cı illərin axırlarında baş vermişdi. 1999-cu ildə isə Herbi Henkok Stivi Uanderin "St. Louis blues" adlı əsərinin ifasına görə mükafata layiq görülmüşdü.
Ümumiyyətlə, Herbi Henkokun təltifləru çoxdur. O, 1991-ci ildən əməkdar caz artistidir (bu adı ona Koloradoda caz və Amerika musiqisinin ifasının təşkil edilməsi ilə məşğul olan müəssisə vermişdir). Bundan əlavə, Herbi Teloniz Monk adına caz təşkilatı nəzdində münsiflər heyətinin üzvüdür. Bütün dünyada cazın və təhsilin inkişafı ilə məşğul olan bu beynəlxalq təşkilatda Herbi Henkok münsiflər heyətinin üzvü, müəllim və hətta prestijli proqramlarda ifaçı qonaq kimi də çıxış etmişdir.

Herbi Henkok

70-ci illərin ortalarında Henkok dünyanın az qala bütün stadionlarında özünün çoxsaylı pərəstişkarları qarşısında çıxış edirdi. O vaxtadək Henkokun dörd albomu artıq işıq üzü görmüşdü. Ümumiyyətlə, on il müddətində Henkok pop musiqisindən ibarət olan on bir albom yazdırmışdır. Herbinin musiqi nümünələri ehtiyatı tükənməzdir. 70-ci illərdə xip-xop və rəqs musiqisinin inkişafına böyük töhfələr vermiş Herbinin lent yazıları populyarlığın zirvəsinə çatandan sonrakı 20 il müddətində sənətçilər bu əsərlərdən bəhrələnmişlər. Məsələn, hələ 90-cı illərdə xip-xop sitilində musiqi ifa edən Britaniya qrupu özünün "Cantaloup" adlı musiqi nömrəsində Henkokun "Cantaloupe İsland" adlı klassik əsərindən istifadə etmişdir. Beynəlxalq miqyasda xitə çevrilmiş bu əsərdə Henkokun çoxdan yazdığı musiqinin ruhu aşkar hiss olunurdu. Dünyanın bir sıra ölkələrində populyarlaşmış bu əsər kommersiya kanalları tərəfindən dəfələrlə alınmış və bundan sonra Henkokun bir sıra başqa əsərləri də yada düşmüşdü. 90-cı illərin birinci yarısında Henkok pop stilində "Dis is Da Drum" adlı macəra layihəsi üzərində də işləyirdi. Herbi Henkok öz işi ilə sanki yeni bir yol açır, ondan sonra yetişən gənc musiqiçilər isə, həmin yolla irəliləyirdilər.
Henkokun yaradıcılığında novator stilinə uyğun daha bir addım bundan ibarət oldu ki, o, Bil Lasvel ilə birləşərək gənc texno və xip-xop artistləri ilə əməkdaşlıq etməyə başladı. Həmin artistlərin sayəsində gələcəyin musiqisinin yaranmasına Henkokun çox böyük təsiri olmuşdur. Nəticədə 2001-ci ilin baharında "Future 2 Future" adlı albom yarandı.
Herbi Henkok iyirmi il ərzində səkkiz dəfə Qremmi mükafatına və minlərlə başqa mükafatlara layiq görülmüşdür. Buna görə də tam inamla demək olar ki, Herbi Henkok kimi böyük hörmət qazanmış və onun kimi nüfuz sahibi olan musiqiçilər çox deyil. Onun yaradıcılığında heç bir məhdudiyyət olmamış, lakin o, özünəməxsus stilini qoruyub saxlaya bilmişdir. Istənilən fikri musiqinin dili ilə dinləyiciyə çatdırmağı bacardığına görə Herbi gələcəyin musiqiçisi hesab edilirdi. Bundan əlavə, onun musiqisinin köməyilə tamaşaçılar müasir dövrdə baş verən hadisələrdən baş çıxarmağı öyrənir və əvvəlki kimi, bundan zövq alırlar.

Herbi Henkok

Herbi Henkokun sənət həyatına qədəm qoyduğu vaxtdan 50 il keçir. Lakin o, yenə də əvvəlki mövqeyində - mədəniyyətin, texnologiyanın və musiqinin ön sıralarındadır. Hərçənd, cəmi bircə dəqiqədən sonra onun harada olacağını heç kəs qabaqcadan söyləyə bilməz və şübhə yoxdur ki, Henkok harada olsa, bənzərsiz və təkrarsız sənətçi kimi, orada özünün izini qoyacaqdır.