ORKESTRƏ REKVİYEM

Bütün dünyada olduğu kimi, Azərbaycanda da cazın inkişafı orkestrdən başlamışdır. 1939-cu ildə Tofiq Quliyev Moskvada Svasmanın məşhur orkestrində çıxış edirdi. Elə həmin il Bakıya qayıdandan dərhal sonra o, Niyazi ilə birlikdə estrada-simfonik orkestr yaratdı və bu hadisə ölkəmizin mədəni həyatında əlamətdar bir məqam oldu, çünki Abşeron bölgəsində caz sənətinin inkişafı məhz bu orkestrdən başlanmışdır. Bu hadisədən xeyli sonra - 1956-cı ildə Rauf Hacıyev Dövlət Estrada Orkestrini yaradır, daha sonra isə Rəşid Behbudov və "Qaya" qrupu caz orkestrlərinin ənənələrini uğurla davam etdirirlər.



Müasir Azərbaycanda caz orkestrinin mövcud olmasını göstərən əlamətlər görünmür. Yalnız hərdənbir, özü də bir qayda olaraq, nədənsə gecədən xeyli keçmiş Azərbaycan televiziyası Rafiq Babayevin idarəsi ilə orkestrin çıxışlarını nümayiş etdirir. Musiqiçilərin əynindəki moruğu rəngdə dama-dama pencəklərə baxanda düşünürsən ki, bu konsert 90-cı illərin əvvəllərində lentə çəkilmişdir. Televiziya xadimləri həmin orkestrin bir-iki çıxışını ilboyu göstərirlər.



İnkişaf vektoru yuxarıya doğru yönəlmiş caz triolarından fərqli olaraq orkestrlər, deyəsən, indi öz həyatlarının ən pis dövrlərini yaşayırlar.
Bakıda caz orkestrlərinin populyarlığının zirvəsi ötən əsrin 50-60-cı illərinə təsadüf etmişdir. Həmin dövrdə Kremldəki hakimiyyət orqanları sənətsevərlərin nə ilə məşğul olmalarına icazə verən "nəfəsliyi" bir qədər açmaq və onların yaradıcılığı üçün, azacıq da olsa, sərbəstlik ab-havası yaratmaq qərarına gəlmişdi. Bundan sonra Bakının iki-üç restoranında səslənən sadə fokstrot sədaları arasında Amerika ruhunun təcəssümü olan svinq musiqisi respublika paytaxtının salonlarına, kinoteatrlara, tələbə rəqs meydançalarına yol tapdı. Ötən əsrin yetmişinci və səksəninci illərində də bu sarıdan vəziyyət yaxşı idi. O dövrdə Bakıda 20-yə yaxın orkestr vardı. Lakin 90-cı illiərin axırlarında musiqi kollektivlərinin maliyyə problemləri xroniki xarakter alanda yerli Biq Bendin böhranlı dövrü başlandı. İndi Bakıda cəmi iki caz orkestri var - Bakı Dövlət Sirkinin "Arena" orkestri və Azərbaycan Dövlət Teleradio Şirkətinin Estrada-simfonik orkestri. Əslində onların mövcud olması faktı ilə yalnız şərti mənada razılaşmaq olar. Bəs bizim caz orkestrlərinin vəziyyəti necədir? "Arena" orkestrinin rəhbəri Həsən Abbasquliyevin dediyinə görə, orkestrlərin problemləri yaradıcılıqla bağlı olmayıb, sosial xarakter daşıyır. O deyir:



- Kollektivimizin maddi vəziyyəti ağırdır. Əməkhaqqı cüzi olduğuna görə adamları idarə etmək çox çətindir. Əslində orkestr yalnız məktəblilərin tətil dövründə - sirk tamaşaları çox olan günlərdə işləyir. Başqa vaxt iş yoxdur. Musiqiçilərin normal əməkhaqqı olmadığından, onlar bir neçə yerdə işləməyə məcburdurlar, bu isə, təbii ki, onların yaradıcılığının səviyyəsinə mənfi təsir göstərir.
"Arena"nın rəhbəri şikayətlənərək deyir: "Bizim musiqiçilərin əməkhaqqı simfonik orkestrini musiqiçilərin əməkhaqqından onlarca dəfə aşağıdır. SSRİ dövründə Bakı Sirkinin orkestrində vəziyyət yaxşı idi, çünki o, "Soyuzqossirk"in (İttifaq Dövlət sirkinin) balansında idi. Müstəqillik elan ediləndən sonra problemlər başlandı".
Həsən müəllim deyir ki, o vaxtdan bəri orkestr üçün bircə dənə də çalğı aləti alınmayıb, musiqi ədəbiyyatı çatışmır. Lakin əsas problem musiqiçilərin özlərinin vəziyəti ilə, onların ovqatı ilə bağlıdır. Onlar iki-üç yerdə işlədiyinə görə məşqlərə yorğun, əldən düşmüş halda gəlirlər. H.Abbasquliyev soruşur: mən onlardan nə tələb edə bilərəm?



"Arena" da cəmi 19 nəfər işləyir. Musiqiçiləri bu orkestrdə saxlayan qüvvə - onların caza səmimi sevgisidir. Lakin təkcə bu təşəbbüsün sayəsində uzağa getmək olarmı? Çıxış yolu nədədir? H.Abbasquliyev bildirir ki, dəfələrlə kütləvi informasiya vasitələrinə, dövlət strukturlarına, xarici şirkətlərə müraciət etmiş, lakin bu müraciətlər cavabsız qalmışdır. Mədəniyyət Nazirliyinin nüfüzlu münsiflər heyəti, o cümlədən tanınmış bəstəkarlar Xəyyam Mirzəzadə, Tofiq Bakıxanov, Eldar Rzaquliyev, Arif Babayev və başqaları "Arena"nın çıxışlarını dinləmiş, lakin Mədəniyyət Nazirliyi kömək etməmişdir. Həsən müəllim deyir: "Görünür, nazirlikdə bizi dinləmirlər və sevmirlər". Burada başqa bir problem də özünü göstərir: Bakıda musiqi dinləyənlərin kontingenti dəyişmişdir. İndi Bakıda əvvəllər - ötən əsrin 60-cı və 70-ci illərində olan caz fanatları yoxdur. Axı caz musiqisi elit dinləyicilər üçündür, Bakıda isə indi bu cür dinləyicilər az qalıb.


Həsən müəllim deyir: "Bizim orkestri daha nə qədər saxlamaq mümkün olacağını bilmirəm. Halbuki bütün dünyada caz orkestri şəhərin fəxridir. Mən bizim şəhərdə yaranmış bu boşluğu doldurmaq istəyirdim, lakin bundan sonra nə olacağı məlum deyil".
Bakı Dövlət Sirkinin orkestrinin rəhbərinin gəldiyi kədərli qənaət belədir. Avropanın hər bir şəhərində caz orkestri olmasını Həsən müəllim heç də təsadüfən xatırlatmadı. "Arena"nı həyata qaytarmağın mümkün variantlarından biri budur ki, orkestr Bakı meriyasının tabeliyinə keçsin. Bu halda məktəblilərin tətil günlərindən başqa vaxtlarda orkestr paytaxtın parklarında, dənizkənarı bulvarda çıxış edə bilərdi. Axı orkestr təkcə yaxşı musiqi demək deyil, o özlüyündə çox maraqlı bir tamaşadır. Nəfəs alətlərinin parıltısı, musiqiçilərin paralel hərəkətləri və başqa məqamlar əsl teatr tamaşasını xatırladır.
Bizim digər caz kollektivi - Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin Estrada-simfonik Orkestri də eyni vəziyyətdədir. 1988-1997-ci illərdə bu kollektivə rəhbərlik etmiş məşhur bəstəkar Faiq Sücəddinovun fikrincə, orkestrdə maliyyə problemləri böhranlı xarakter almışdır. Belə getsə, 2-3 aydan sonra kollektiv parçalana bilər. F.Sücəddinov bizim caz orkestlərinin tarixindən bəhs edərək dedi ki, vaxtilə Bakının prestijli "Dostluq" ("Drujba") restoranında caz orkestri işləyirdi və bu restorana gələn musiqiçilərin hər hansı biri səhnəyə çıxaraq özünün istədiyi caz kompozisiyalarını çalmaq və ya oxumaq imkanına malik idi.
Peşəkar musiqiçi olmayanlar üçün də belə bir imkan vardı: restoranın daimi müştərilərindən biri tez-tez, özü də kifayət qədər professional səviyyədə Lui Armstronqun səsi ilə "Hello Dolli" mahnısını oxuyurdu. Hakimiyyət orqanları bəzi musiqi alətlərinə neqativ münasibət bəsləyirdi. Məsələn, saksofon "imperializmin agenti" hesab edilirdi, buna görə də həmin alətdə çalan ifaçı orkestrin arxa sırasında əyləşirdi. O dövrün ən yaxşı saksofonçularından biri P.Rüstəmbəyov idi.
Paytaxtdakı iri kinoteatrların hər birinin bazasında caz orkestrləri yaradılmışdı. K.Manaflı, Ş.İbrahimov, R.Seyidzadə, pianoçu R.Abdullayev kimi gözəl musiqiçilər həmin orkestrlərdə çalırdı. Rauf Hacıyevin orkestri Leninqradda bir konsertdə çıxış edərkən səhnənin pərdəsi 8 dəfə endirilib-qaldırılmışdı: tamaşaçılar musiqiçiləri buraxmaq istəmirdilər. Faiq müəllimin dediyinə görə, bu çox gözəl orkestr idi.
Yetmişinci illərdə əfsanəvi "Qaya" ilə yanaşı "Bakının işıqları", "Biz Bakıdanıq", "Bakı gülür və oxuyur", "Bakı sizinlədir" və başqa caz kollektivləri çox populyar idi. F.Sücəddinovun fikrincə, xalq çalğı alətləri orkestri, simfonik orkestr və kapella ilə yanaşı, estrada caz orkestri də sivil dövlətin atributudur. 1995-ci ildə Faiq müəllim Dövlət Teleradio Şirkətinin orkestrinə rəhbərlik etdiyi dövrdə onlar Filarmoniyada saat yarımlıq caz konserti vermişdilər. Sonra Faiq müəllim bu kollektivin "sükanını" E.Rzaqluyevə verdi (E.Rzaqluyev hazırda İsveçdə yaşayır).



Bu gün Dövlət Teleradio Şirkətinin orkestrinin perspektivi çox böyük sual işarəsi altındadır. Faiq müəllim deyir: Özünüz fikirləşin, orkestrdə 5-6 nəfər aranjimançı olmalıdır. Onların hərəsinin öz dəsti-xətti, öz ifa stili olur. Moskvadan, Minskdən, Peterburqdan aranjimançılar dəvət etmək, onların qarşısında konkret məqsədlər qoymaq olar - vaxtilə Rauf Hacıyevin orkestrinə gəlmiş Kalvarskinin burada proqram hazırladığı kimi. Bundan əlavə, hər gün məşqlər aparılmalıdır. Orkestr canlı orqanizmə oxşayır və onun fəaliyyət göstərməsi üçün işçilərə yaxşı əməkhaqqı təyin edilməli, orkestr aranjimançılarla təmin edilməli, orkestrin musiqi ixracı istiqamətində fəaliyyət strategiyası dəyişdirilməlidir, yəni orkestr tez-tez xarici ölkələrdə olmalı və orada kommersiya qaydasında deyil, festival səviyyəsində çıxışlar etməlidir. Beləliklə, musiqiçilərimiz həm özlərini maddi cəhətdən təmin etmək, həm də mədəniyyətimizi təbliğ etmək imkanı qazanardı. Dövlət caz orkestri xalqlar arasında əlaqələrin tənzimlənməsinin ən səmərəli mexanizmidir.
Bu kollektivin musiqiçilərinin ovqatı daha bədbindir. Saksofonçu A.Manaflının dediyi kimi, "əməkhaqqının aşağı olması öz yerində, orkestrin statusu və ona kimin rəhbərlik etməsi məlum deyil. Bütün musiqiçilər toylarda və restoranlarda çalırlar. Yaxşı, deyək ki, mən saksofon çalıram və bu alətə restoranlarda tələbat var, bəs truba çalan, trombon çalan ifaçılar nə etməlidirlər? Orkestrin repertuarı çox kasaddır. Hər şey pula bağlıdır", - bunları A.Manaflı deyir.



Maliyyələşdirmə məsələsi çox mühüm problemdir və bu məsələyə hökmən dövlət səviyyəsində müdaxilə edilməlidir, yerli caz orkestrlərinin köməyə ehtiyacları var. Elə musiqiçilər özləri də müəyyən müddət menecerlik fəaliyyəti ilə məşğul olsalar və maliyyələşdirmə mənbələri axtarsalar, heç də pis olmazdı. Bizim isə ümidimiz yalnız ona qalıb ki, heç də yoxsul olmayan dövlətimizin diqqəti və musiqiçilərin özlərinin fərasəti sayəsində Azərbaycanın caz orkestrlərinin tarixində yeni səhifə açılacaqdır.

Ceyhun Nəcəfov