Caz lüğəti

Harlem cazı - 20-30-cu illərdə zənci cazının bir sıra üslub istiqamətlərinin ümumi adı. Bu istiqamətlərin yaranması Nyu-Yorkun Harlem rayonunun musiqi həyatı ilə bağlıdır. Burada blüzün özünəməxsus ifa tərzi (Harlen blüzü) inkişaf etmiş, özünəməxsus fortepiano cazı məktəbi (Harlem strayd stili), eləcə də kamera və orkestr svinqinin xüsusi bir növü (harlem campı) formalaşmışdır. 20-ci illərdə Harlemdə zənci vodevili yüksək dərəcədə tərəqqi etmişdir. Dyuk Ellinqtonun konsert və bəstəkarlıq sahəsində məhsuldar fəaliyyətinin başlanğıcı da bu dövrə aiddir. O, Harlemdəki klubların çoxunda öz orkestri ilə çıxış etmiş, burada bir sıra orijinal stil konsepsiyaları (canql-stil, konsert stili, lirik "ovqat stili") yaratmışdır. 40-cı illərdə Harlem cazı ənənələrinin təsiri altında bibop (bax: bop) inkişaf etmişdir.

Hemiola (hemiole) (latınca bir yarım deməkdir) - ritmik qruplaşdırmanın bir tipi. Bu halda ümumi uzunluğu əsas metrin parçalarının tsiklləri ilə üst-üstə düşməyən uzunluqlar qrupları yaranır (məsələn, 2 üç hissəli taktlarda 3 ikihissəli qruplar və s.). Bu zaman metrik və ritmik aksentlərin uyğunsuzluğu metrin zaman etibarı ilə dəyişməsi təəssüratı yaranır, metrin sabitliyi pozulur və bununla da musiqi şərhi dinamiklik kəsb etmiş olur. Bu prinsip Afrika ritmikası üçün çox xarakterik olub, sonradan Afro-Amerika musiqisinə və caza da tətbiq edilmişdir (həmçinin bax: patteri, stomp).

"Danışan təbillər" - Afrika təbillərinin məxsusi olaraq uzaq məsafələrə (10-15 km-ə qədər) xəbər çatdırmaq üçün nəzərdə tutulan növü. "Danışan təbillər"in quruluşu onlarda yüksəkliyi və tembr çalarları geniş diapazonda dəyişən səslər çıxarmağa imkan verir. Bunun sayəsində ifaçı xüsusi səs siqnalları sistemindən istifadə etməklə ən müxtəlif informasiyanı kodlaşdırmaq və ötürmək imkanı əldə edir. Təbilin səsinin yüksəkliyinin və tembrinin variasiya etməsi, bir qayda olaraq, membranın mərkəzi ilə onun kənarları arasındakı bütün sahədə gərilmə qüvvəsinin müxtəlif olması hesabına əldə edilir. "Danışan təbillər"də ifanın bəzi üsulları zərb alətlərində caz ifa praktikasında tətbiq edilir.
Qospel-sonq (ingiliscə Gospel - İncil, song - mahnı deməkdir) - zəncilərin 1930-cu illərdə ABŞ-da geniş yayılmış, İncil mövzusunda dini mahnılar janrı. Zəncilərin folklor mənşəli digər dini janrlarından (spiriçuel, tsibulya və s.) fərqli olaraq qospel-sonqların mətni və musiqisi əsasən peşəkar müəlliflər tərəfindən yaradılırdı. Xorun ifa etdiyi spiriçuel ilə qospel-sonqun bir fərqi də ondan ibarətdir ki, qospel-sonq çox vaxt solo ifa üçün nəzərdə tutulur və blüz ənənələri ilə daha sıx bağlıdır, daha yüksək dərəcədə improvizə edilir, müxtəlif instrumental müşayiətlə ifa edilə bilər (halbuki spiruçiel adətən a-capella ifa edilir).

Qraul (ingiliscə - bağırtı) - xırıltılı səslənmə, "bağırtı". Zəncilərin folklor nəğmələri oxuma praktikasından caza keçmiş instrumental-tembr effekti (bax: şaut, dörti-ton). Çox vaxt misdən hazırlanmış nəfəs alətlərində (xüsusən trombonda) surdinlərdən istifadə edilməklə aşağı registrdə ifa edilir, lakin başqa alətlərdə (klarnet, saksofon və s.) ifa zamanı da bu effektə nail olmaq mümkündür. Müxtəlif qraul effektləri "canql stili" deyilən ifa tərzi üçün səciyyəvi haldır.

Qraund-bit (ingiliscə - əsas zərbə, nəbz) - cazda taktın metrik strukturu ilə üst-üstə düşən sabit, müntəzəm pulsasiya. Adətən, bu funksiya caz ansamblının ritm qrupuna tapşırılır. Qraund-bit ansamblın ifasında təşkiledici başlanğıc olmaqla bərabər, caz musiqisində onu daha fərdi və ritmik baxımdan sərbəst kontrsəslərlə birləşdirmək yolu ilə və ya ona daxil edilən ritmik aksentlərin metrik hissələrə nəzərən güclə hiss edilən dəyişiklikləri vasitəsilə müxtəlif metroritmik konfliktlər yaradılması üçün əsasdır (bax: off -bit).