Barri Şraderin və Vadada Leo Smitin Çin fəlsəfəsi

Tanınmış bəstəkar Barri Şrader və ondan heç də az məşhur olmayan trubaçı İşmael Vadada Leo Smit noyabrın 18-də Los-Ancelesdə özlərinin yeni işini - "Wu Xing - Cycle of Destruction" adlı layihəni geniş tamaşaçı kütləsinə təqdim etmişlər.
Bu layihə "Vu Ksin" (beş element) Çin konsepsiyasına əsaslanır: qədim Çin fəlsəfəsinə görə dünya beş elementdən ibarətdir - metal, ağac, torpaq, su və od. Həmin elementlərin destruksiya prosesi, yəni parçalanma tsikli də məhz yuxarıda göstərilən ardıcıllıqla baş verir. Musiqiçilərin yeni layihəsində bu elementlərin hər birinə müvafiq mövzu vardır.
Şrader elektron musiqisi sahəsində işləri ilə məşhurdur. Buna görə də yeni əsərdə elektron musiqi kifayət qədərdir. Onun həmkarı isə etnik musiqiyə güclü həvəsi ilə, eləcə də Tzadik, İmpulse, ECM və Shanachie səsyazma studiyaları üçün uğurlu yazıları ilə tanınmışdır. "Wu Xing - Cycle of Destruction" layihəsində həmmüəlliflərin zövqləri tamamilə üst-üstə düşür.



Telonius Monk İnstitutu Vyetnama getmişdir

ABŞ ilə Vyetnam arasında münasibətlərin normallaşmasının 10-cu ildönümü münasibətilə ABŞ Dövlət Departamenti, ABŞ-ın Hanoydakı səfirliyi və bir sıra bəzi təşkilatlar tərəfindən hazırlanmış mədəni proqram çərçivəsində Telonius Monk adına Caz Tədqiqatları İnstitutunun himayəsi altında amerikalı cazmenlərin böyük bir qrupu noyabrın 22-dən 30-dək Vyetnamda səfərdə olmuşdur.
Herbi Henkokun başçılıq etdiyi cazmenlər qrupuna Henkokun köhnə dostu, əfsanəvi saksofonçu Ueyn Şorter, vokalçı Niyena Frilon və səkkiz nəfər gənc musiqiçi daxil idi.
Xo Şi Min şəhərində VİP-personlar üçün konsertlər, yerli konservatoriyanın tələbələri üçün ustad dərsləri və Ben Txan Teatrında konsert verlmiş amerikalı cazmenlər Hanoyda da buna oxşar proqramla çıxış etmişlər.
Monk İnstitutu ilə ABŞ Dövlət Departamentinin tərəfdaşlığı hələ 1995-ci ildə başlanmışdır. O vaxt YUSİA Monk İnstitutu tərəfindən keçirilmiş müsabiqənin bir qrup iştirakçısının Afrika ölkələrinə altı həftəlik səfərinə sponsorluq etmişdi. 1996-cı ildə bu İnstitutun təmsilçiləri Hindistan və Tailandda, 1998-ci ildə Çili , Argentina və Peruda səfərdə olmuşlar. 1998-ci ildə amerikalı cazmenlər Şimali və Cənubi Amerika ölkələrinin dövlət başçılarının sammitində konsert vermişdilər. Bu əməkdaşlıq XXI əsrdə də davam etdirilir: ötən illər ərzində amerikalı cazmenlər Misir, Fransa və digər ölkələrə səfərlər etmişlər.

"Berlin səsləri" Bakıda

Noyabrın 23-də Bakı Caz Mərkəzində Almaniyadan gəlmiş "Berlin Voices" ("Berlin səsləri") caz qrupunun yekun konserti olmuşdur. Avropada çox populyar olan bu kollektivin Azərbaycan paytaxtındakı qastrol çıxışları noyabrın 20-də başlanmışdır. Qrup cəmi 3 konsert vermişdir. Qeyd etmək lazımdır ki, bu, almaniyalı gənc cazmenlərin Bakıya ilk səfəri idi.
Qrupun heyətində dörd solist və üç instrumental ifaçı vardı. Əlamətdar haldır ki, bütün konsertlərə giriş sərbəst idi. "Berlin səsləri" qrupunun Bakı qastrolları biznesmenlər və siyasətçilər üçün konsertlə başa çatmışdır.
Caz komandasının Azərbaycana səfəri "Siemens" şirkətinin dəstəyi sayəsində Almaniyanın Bakıdakı səfirliyi xətti ilə təşkil edilmişdir. "Berlin səsləri" qrupu həm öz vətənində, həm də Avropanın bir sıra başqa ölkələrində kifayət qədər populyardır. Şəhərimizin caz həvəskarları da almaniyalı musiqiçiləri çox səmimi qəbul etmiş, konsertlər anşlaq şəraitində keçmişdir. Qeyd etmək lazımdır ki, bu qrup tez-tez qastrol səfərlərinə çıxır, dünyada keçirilən caz festivallarının demək olar ki, hamısında iştirak edir, eləcə də dövlət strukturları xətti ilə çıxışlar edir.
Almaniyalı cazmenlər şəhərimizə "Made in Germany" adlı proqramla gəlmişdilər. Bəzi tənqidçilər "Berlin səsləri" qrupu barədə fikirlərini belə ifa etmişlər: "Berlin Voices"in təqdimatında caz öz orijinallığı və musiqiyə fərdi yanaşma ilə seçilir. İki kişi və iki qadın müğəninin 4 səsi çox uğurlu vəhdət təşkil edir". Qrupun vokal komandasının heyətinə dəfələrlə Berlin Opera Ansamblı ilə qastrol səfərlərində olmuş Ester Kayzer, Sara Kayzer, Almaniya caz səhnəsinin ən istedadlı müğənnilərindən biri hesab edilən Mark Sekara və Kristofer Benn daxildir.







Fransız akkordeonçusu Rişar Qalyano Kiyevdə konsert vermişdir

Dekabrın 3-də Kiyevdə, qəhvəxana tipli "Babuin" kitab mağazasında məşhur fransız caz akkordeonçusu Rişar Qalyanonun (Richard Galliano) konserti olmuşdur. Bu musiqiçi artıq üçüncü dəfədir ki, Ukrayna paytaxtında çıxış edir. Qalyano ukraynalı caz həvəskarlarını ilk dəfə 2004-cü ildə sevindirmişdir. Onun bu şəhərdəki ikinci çıxışı 2004-cü il dekabrın 5-də Ukrayna Milli Filarmoniyasında olmuşdur. Rişar Qalyano planetimizin ən məşhur caz akkordeonçularından biridir. Fransada onu "Cazın müqəddəs Monstru" adlandırırlar.
Rişar Qalyano "Babuin"də akustik caz proqramını təqdim etmişdir. Bu proqrama sənətçinin "Passatoria" və "New York Tango" albomlarından ayrı-ayrı kompozisiyalarla yanaşı, Qalyanonun çox sevdiyi kinorejissor Federiko Fellininin filmlərinə yazılmış musiqi və Astor Pyattsolanın əsərləri də daxildir.

Nino Katamadze və "İnsight" qrupu Kiyevdə çıxış etmişdir

2005-ci il dekabrın 9-11-də Kiyevdə müasir gürcü musiqi mədəniyyəti festivalı keçirilmişdir. "Canlı "Borjomi" səsi" adlanan bu festivalda həm Gürcüstanın özündə, həm də ölkə hüdudlarından kənarda məşhur olan üç ən orijinal musiqi qrupu - Nino Katamadze və "İnsight" qrupu, "Zumba" və "33-A" qrupları iştirak edirdi. Music.com.ua portalı JBKB Advertising informasiya agentliyinin verdiyi məlumata istinadla bildirir ki, Ukraynada Gürcüstan İlinin kulminasiya nöqtəsi olan bu festival Gürcüstanın Ukraynadakı səfirliyinin himayəsi ilə təşkil edilmişdir.
Festivalın hedlayneri Nino Katamadze bu il bir dəfə də Kiyevdə olmuş və əvvəlki səfər zamanı onun çıxışları sözün həqiqi mənasında ilin sensasına çevrilmişdi. Lakin Nino Katamadze Ukrayna paytaxtında Filarmoniyanın Sütunlu Salonu kimi böyük səhnədə ilk dəfə çıxış edirdi. Ninonun musiqisi klassik caz improvizələri ilə gürcü autentikasının emosional vəhdətidir. Bu mahir top-ifaçının vokalını dünyanın bir sıra ölkələrində bəzən məxmərlə, bəzən də dinləyicilərin qəlbindəki ən ülvi duyğuları üzə çıxarmağa, onlarda məxsusi psixoloji ovqat yaratmağa qabil olan təlatümlü dalğa ilə müqayisə edirlər.
Festivala dəvət edilmiş digər müasir qrupların - "Zumba" və "33-A"nın çıxışları da bu tədbirə əsl gürcü temperamenti, səmimiyyət və sərbəstlik ab-havası bəxş etmişdir.

Riçard Bona "Köhnə şəhərdə caz" festivalında çıxış etmişdir

Moskvada keçirilən II Beynəlxalq "Köhnə şəhərdə caz" festivalında zəmanəmizin ən maraqlı caz bas-gitaraçılarından biri olan Riçard BonA da çıxış etmişdir. Açılış mərasimi noyabrın 3-də Rusiya paytaxtında keçirilmiş, sonrakı günlərdə isə Sankt-Peterburq, Krasnoyarsk və Xantı-Mansiysk şəhərlərində davam etmiş festival noyabrın 26-da Yekaterinburqda başa çatmışdır. Festivalın proqramında rusiyalı ifaçılarla bərabər Türkiyədən, Ukraynadan , Fransadan, Gürcüstandan və ABŞ-dan gəlmiş kollektivlər də iştirak edirdi.
Festivalın açılış günündə cəmi iki iştirakçı çıxış edirdi. Amma bunlar necə iştirakçılar idi!
Nino Katamadzenin "İnsight" qrupunun "World Music Band" adlanan geniş heyəti moskvalı musiqisevərlərin top-listindən seçmə musiqi nömrələri ifa etdi. Sonra isə səhnədə adı dünya səviyyəli top-ifaçıların siyahısına daxil olan bir musiqiçi səhnədə göründü. Festivalda sıra etibarilə ikinci növbədə çıxış etsə də, ifasının səviyyəsinə görə əvvəlki iştirakçıdan əsla geri qalmayan, vaxtilə böyük Cako Pastoriusun ifasından ilham almış bu gənc bas-gitaraçının sənətkarlıq səviyyəsi barədə fikir söyləmək üçün onunla əməkdaşlıq etmək arzusunu bildirmiş sənətçilərin siyahısındakı adlara nəzər salmaq kifayətdir: Co Zavinul, Coni Mitçell, Çik Koria, Bobbi MakFerrin və başqaları. Bona Rusiyaya ilk dəfə gəlmişdir və onun yaradıcılığı ilə tanış olanlar bu səfəri haqlı olaraq möcüzə kimi qiymətləndirirdilər.
Kamerunlular kimi - dərisinin rəngi qara, dişləri ağappaq olan BonA həm də fransızlar kimi cazibədarlığı ilə seçilir. O, tamaşaçılarla ingiliscə danışır, onlara təşəkkürünü rus dilində bildirir, mahnılarını isə doğma qitənin qəbilələrindən birinin dilində ifa edir. Bonanın ifa üslubu gah Santananı, gah da "Baobab" orkestrini xatırladır. O, gitara partiyalarını MakFerrin kimi virtuozcasına improvizə edir və lider, virtuoz roluna görə əsla lovğalanmır. Əksinə, Bonanın yüksək səviyyədə cilalanmış ifasında yüngül və … mükəmməl musiqinin heyrətamiz vəhdəti hiss edilir. Musiqiçilər caz ənənələrinə uyğun tərzdə növbə ilə özlərinin solo ifaçılıq qabiliyyətlərini nümayiş etdirir, Bona da öz növbəsində barmaqlarını bas-gitaranın simlərinə şövqlə toxunduraraq coşğun improvizasiyaları ilə dinləyiciləri vəcdə gətirəndə musiqiçilər də məmnun halda gülümsəyirlər. Saat yarım davam edən bu çıxış ərzində Afrika əsrarəngiz bir tərzdə Avropa və Amerika güzgüsündə əks etdirilir, caz isə estradada Afrika təranələrinə sanki ikinci həyat bəxş edirdi.

Riçard Anderhillin yeni albomu

Noyabrın 15-də kanadalı saksofonçu Riçard Anderhill (Richard Underhill) özünün "Moment in Time" adlı yeni albomunu təqdim etmişdir. Əvvəllər "Shuffle Demons" ansamblının rəhbəri olmuş bu torontolu sənətkar öz solo karyerasını çox uğurla davam etdirir.
Anderhillin bundan əvvəl işıq üzü görmüş "Tales from the Blue Lounge" adlı albomu 2003-cü ildə Qremmi mükafatının Kanadadakı analoqu olan Cüno mükafatına layiq görülmüşdür. 2004-cü ildə Anderhill çox uğurlu PR-aksiya keçirməklə Ginnesin Rekordlar Kitabına düşmüşdür: Anderhill 900 nəfər saksofonçunu Torontonun meydanlarından birində toplamış və onlar hamısı birlikdə "Theme from Hockey Night in Canada" adlı kompozisiyanı ifa etmişlər.
Yeni albom tipik post-bob manerasında Co Lovano və ya Bred Meldou üslubunda yazılmışdır. Kubalı gənc pianoçu Luis Querra, tenor saksofonçu Bob Bro, basist Mayk Milliqen və zərb alətlərində çalan Co Pul, eləcə də bir neçə nəfər məxsusi dəvət olunmuş musiqiçi Anderhillin bu albom üzərində işində ona kömək etmişlər.



Cənubi Afrika cazı Kaliforniyada səslənir

Cazın tarixi vətənində onun pərəstişkarları başqa qitələrdən - özü də təkcə Avropadan deyil, həm də Afrikadan olan caz musiqiçilərinin ustalığını özləri üçün get-gedə daha tez-tez kəşf edirlər. Noyabrın 7-də Kaliforniyanın Santa-Monika şəhərində "Jazz Safari" devizi altında Cənubi Afrikanı təmsil edən "desant endirilmişdir". Cəmi bir gün davam etmiş bu mini-festivalın hedlayneri - klavişli alətlərdə çalan bəstəkar Rəşid Leyninin "The Rashid Lanie Jazz Trio" üçlüyü idi. Onlar öz kompozisiyaları ilə yanaşı, Cənubi Afrika Respublikasından olan Hyu Masekela, Abdulla İbrahim və digər tanınmış caz sənətçilərinin əsərlərini də ifa edirlər.
15 yaşlı Ada-Enn Esplinin (Ada-Ann Esplin) çıxışı da böyük maraqla qarşılanmışdır. Bu gənc ifaçı vokalçıların prestijli beynəlxalq müsabiqəsinin qalibidir. Tanınmış perkussiyaçı Leon Mobli (Leon Mobley) də "Jazz Safari" festivalı çərçivəsində çıxış etmişdir.



Kit Cevors "ArtistShare" qrupuna qoşulmuşdur

Tanınmış pianoçu, bəstəkar və pedaqoq Kit Cevors (Keith Javors) da "ArtistShare" qrupu ilə əməkdaşlıq edən Mariya Şnayder, Cim Holl, Ceym Ayra Blum və ya Billi Çaylds kimi hörmətli sənətkarlara qoşulmuşdur. Bu yeni ittifaq sayəsində 2006-cı il iyulun 28-də "Free" albomu buraxılmalıdır. "Free" Kit Cevorsun sayca dördüncü albomu olacaqdır. Onun "Mo City Junqle" adlı əvvəlki layihəsi 2004-cü ildə "Zoho Records" şirkəti tərəfindən buraxılmışdır. Kit indiyə qədər Corc Koulmen, Cerri Malligen, Co Lovano, Terrell Stafford ilə birgə işləmiş, bir sıra prestijli caz festivallarında, o cümlədən Avropada - Montra, Vyana və Şimal dənizi festivallarında uğurla çıxış etmişdir. Kitin yeni albomu "American Music Project" Detroyt üslubundan başlamış ən müxtəlif musiqi janrlarına müraciət edən bu pianoçunun ifaçılıq məharətini nümayiş etdirir.