TOFİQ ŞABANOV (16.10.1946 - 31.08.1997)

Bir tərəfdən, dünyasını vaxtsız dəyişmiş bu istedadlı saksofonçunun həyatı və yaradıcılığı ilə daha yaxından tanış olmaq istəyi, digər tərəfdən, kiminsə şəxsi həyatına - hətta bu həyat sona yetmiş olsa belə, müdaxilə edərkən bizi qaçılmaz şəkildə təqib edən təqsir hissi, gərgin zəhmət bahasına toplanmış dəqiq məlumatların oxucuya peşəkar səviyyədə çatdırmaq arzusu ilə bağlı hisslər məni xeyli fikirləşməyə məcbur etdi. Köhnə yaraları təzələməmək, həyatdan könüllü getmiş bu musiqiçinin ruhunu narahat etməmək qərarı sanki öz-özünə ağlıma gəldi.
Tofiq Şabanov musiqiyə fanatikcəsinə vurğun olan əfsanəvi Vaqif Mustafazadə, təkrarolunmaz Tofiq Quliyev və başqa sənətkarların sırasında əvəzedilməz yer tutur. O, qeyri-adi improvizə qabiliyyətinə malik idi, blüz şəbəkəsinin ahənginə uyğun olaraq asanlıqla, çevik və savadlı improvizələr etməyi bacarırdı.

Tofiq Şabanov

Tofiq Şabanov 1946-cı il oktyabr ayının 16-da Bakı şəhərində anadan olmuşdur. Təbiətin bəxş etdiyi şəxsi keyfiyyətlər sayəsində o, Con Koltreyn, Çarlz Parker və başqalarının melodiyalarından bəhrələnərək, çox ahəngdar şəkildə caz aləminə daxil olur və istedadlı caz musiqiçisinə çevrilir.
Musiqi savadına malik saksofonçu kimi, o, alt-saksofon, soprano, tenor və digər alətlərdə özünəməxsus tərzdə çala bilirdi. Tofiq Şabanova bir çox orkestrlərdə Azərbaycan səhnəsinin Rəşid Behbudov, Rafiq Babayev və başqaları kimi korifeyləri ilə birlikdə çıxış etmək xoşbəxtliyi nəsib olmuşdu. Belə sənətkarlarla birgə iş ona xüsusi ilham vermiş və yaradıcılıq axtarışlarında həvəsləndirici amil olmuşdu.
Öz təbiətinin xüsusiyyətərinə görə, o, onunla işləyən musiqiçilərin məhəbbət və isti münasibətini qazana bilirdi. Açıq ürəkli, səmimi, dostluq etməyi bacaran bir insan kimi, o, dostlarının və tanışlarının çətin anlarında həmişə hamıdan tez köməyə gəlirdi.
Tofiq Şabanov

Tofiq Şabanovun, demək olar ki, bütün yaradıcılıq həyatı "Qaya" ansamblı ilə bağlıdır. 1978-ci ildən "Qaya"nın kiçik heyətində çalışan bu musiqiçi sonradan Rafiq Babayevin rəhbərliyi altında işləməyə başlayır. 1988-ci ildə Şabanov "Qaya" Dövlət caz orkestrinə keçir və 1992-ci ildən bu orkestrin musiqi rəhbəri olur.
- "Qaya" qrupunda Tofiqlə birlikdə işləmişik. O, çox gözəl musiqiçi idi. "Allah vergili musiqiçi" ifadəsini məhz bu cür insanlar haqqında işlətmək yerinə düşər. - "Bəri bax" ansamblının bədii rəhbəri Rauf Babayev bu sözləri onun haqqında deyib.
Tofiq Şabanovun xidməti bir də ondadır ki, orkestr üçün çətin və dəyişkən zamanda, həyatlarını musiqiyə həsr etmiş yaradıcı insanlar üçün heç də asan olmayan bir vaxtda o, orkestrin qalan üzvlərini zamanın nəbzini duyan vahid orqanizmə çevirmək üçün özündə qüvvə və dəyanət tapdı.
Həyatının son günlərinədək o, səxavətli və ürəyiaçıq bir insan olaraq qalırdı. Lakin hərdən T.Şabanov haqqında söylənən ziddiyyətli rəyləri qiymətləndirərək demək olar ki, əslində, xasiyyətcə o, çox mürəkkəb insan idi. Onun həyatda sonuncu addımını müəyyən dərəcədə bununla izah etmək olar.
Rain Sultanov isə onunla son görüşünü belə xatırlayır:
- Tofiq Şabanovun ölümündən
on gün əvvəl tale məni onunla görüşdürdü. Onun əhvalı yaman pozulmuşdu. Məni qucaqlayıb ağladı. O, artıq bilirdi ki, xəstəliyinin müalicəsi yoxdur. Onunla son görüşüm mənim qəlbimdə çox ağır izlər qoydu.
Dünyaya saysız-hesabsız istedadlar bəxş etmiş Azərbaycan torpağının Tofiq Şabanov kimi oğlu ilə də fəxr etməyə haqqı var.