CAZA QADAĞA VƏ YAXUD CAZDA YALNIZ CAVANLARDIR?

Vaxtilə çox dinamik və caz sənətində ad çıxarmış bir musiqiçi barəsində saymazyana şəkildə "onun qatarı çoxdan gedib" sözlərini eşidəndə bu, məni çox ağrıtdı.
Əslində bu sözlər elə-belə deyilmişdi, amma onu deyən adam fikirləşmirdi, başa düşmürdü ki, BÖYÜK yaradıcılıq yolu keçmiş bir sənətçi barəsində bu cür danışmağa haqqı yoxdur.



Onun anası Şəfiqə Əlisoltan qızı Məcidova opera müğənnisi olmuş və dahi Üzeyir bəyin kollektivində işləmişdir. O, tez-tez öz maraqlı peşəsi barədə xatirələrini balaca Cavanşirə danışırdı. Deyirdi ki, bir dəfə Moskvada qastrol konsertləri zamanı tamaşa zalının birinci sırasında əyləşmiş, əynində kitel, ağzında qəlyan olan, operanı diqqətlə dinləyən bir nəfər onun diqqətini cəlb etmişdir. Bu, Stalin idi. Anasının sənət barədə söhbətlərini çox maraqla dinləyən Cavan hələ balaca ikən qəti qərara almışdı ki, böyüyəndə artist olacaq.

Cavan Zeynallı

Cavan fiziki cəhətdən zəif uşaq idi və musiqi məktəbində 4 il skripka sinfində məşğul olmaq ondan ötrü çətin idi. Buna görə Cavanı fortepiano bölməsinə keçirdilər. Sonradan - Asəf Zeynallı adına musiqi məktəbinin fortepiano təmayüllü nəzəriyyə və bəstəkarlıq fakültəsində oxuduğu dövrdə bir dəfə dostlarının əhatəsində Müslüm Maqomayevin oxumasını təqlid etməyə çalışdı. Bu vaxt onun heç ağlına da gəlməzdi ki, həmin zarafatyana hərəkət onun gələcək taleyini tamamilə dəyişəcəkdir. O dövrdə vokal bölməsinin tanınmış müəllimi olan Aleksandr Melovanov Cavanın oxumasını eşidəndən sonra ona vokal ilə məşğul olmağı təklif edir və gənc Cavanı inandırıcı tərzdə vəd edir ki, 3 il məşğul olandan sonra Avropada ən yaxşı baritonlardan birinə çevriləcəkdir. Cavan özü isə daxilində gizlənən qeyri-ordinar vokal imkanlarından hələ xəbərsiz idi. O vaxtdan praktiki məşğələlər və məşhur şəxsiyyətlərlə tanışlıqlar başlandı. Cavan Zeynallı Vaqif Mustafazadə ilə də dostluq və əməkdaşlıq etmək şərəfinə nail olmuşdur.

Cavan Zeynallı

Cavan o dövrü xatırlayaraq deyir:
- Biz radio zavodunda praktika keçirdik. Zavodun akt zalından musiqi sədaları eşidiləndə mən oraya yaxınlaşdım və ömrümdə ilk dəfə Vaqifi gördüm. Onun ifası çox xoşuma gəldi. Lakin nə qədər çalışsam da, onunla tanış ola bilmədim. Sonradan da onunla tanış olmağa imkan tapmırdım. O vaxt "Baku" qəzetinin baş redaktoru işləyən dostum Hacı Babayev bu məsələdən xəbər tutanda bir qədər fikirləşəndən sonra məni Vaqifdən qəzet üçün müsahibə almağa göndərdi. Mən onların evinə getdim. Qapını Zivər xanım açdı. Məni içəri dəvət etdi. İnanın ki, bu vaxt həyəcandan əllərim əsirdi. Bu qədər pərəstiş bəslədiyim insanla dostlaşacağımı heç xəyalıma da gətirməzdim. Amma sonradan biz həm dost olduq, həm də birgə işləməyə başladıq. Vaqiflə bərabər "Azərbaycan" teploxodunda Avropaya qastrol proqramı hazırlayırdıq. Lakin çox təəssüf ki, həmin proqramın heç bir lent yazısı qalmayıb. Bu, əla proqram idi. Biz təqribən yarım il məşq etmişdik. Amma sonra məlum oldu ki, Vaqifin səfərə çıxmağa imkanı yoxdur…

Cavan Zeynallı

Vaqif Mustafazadə ilə işləyəndən sonra Cavan Zeynallı Rəşid Behbudovun mahnı teatrında solist kimi fəaliyyət göstərmiş, bu kollektivlə bərabər dünyanın bir sıra ölkələrində qastrol səfərlərində olmuş, dinləyicilərin rəğbətini və sevgisini qazanmışdır. O, Frenk Sinatra, Natkin Kola və El Carronun kompozisiyalarını ifa edirdi. Təbii ki, tanınmış sovet kollektivləri və məşhur ifaçılarla birgə çıxış etməsi gənc sənətçini ruhlandırırdı. Lakin Cavan Zeynallı hələ o vaxt başa düşürdü ki, çoxlarının diqqət mərkəzində olan istedadlı adam müəyyən dərəcədə öz bədxahlarının qurbanına çevrilir.

Cavan Zeynallı

- Bu gün, ölkəmizdə çox böyük dəyişikliklər baş verdiyi və geniş imkanlar olduğu bir vaxtda bəzi musiqiçilərin bir-birinə heç salam vermək istəmədiklərini görəndə bu, mənə çox ağır gəlir. Hərçənd mən hələ Rəşidin yanında işlədiyim vaxtlar bu "məktəbi" keçmişəm, hələ o vaxt görmüşəm ki, bir tərəfdən sənə arxa çıxan adamlar əslində paxıllığını çəkirlər. Bu, istedadlı insanların qismətidir. Amma nə üçün belə olur? Bu cür münasibətin səbəbi nədir? Axı o vaxtdan neçə illər keçib, məncə indi insanlar bir-birinə qarşı daha xeyirxah olmalıdır. Bəlkə həsəd aparırlar? Sənin istedadına, imkanlarına, başqaları kimi olmadığına, bir işi, ikinci işi və üstəlik daha nələri isə onlardan daha yaxşı bacarmağına görə sənə paxıllıq edirlər? Bəlkə hələ ona da həsəd aparırlar ki, bu qədər çətin həyat yolu keçəndən sonra özümə şərait yaratmışam, qazancım da pis deyil? Mən bizim musiqiçiləri səhnədə "sifətlərindən zəhrimar yağan" vəziyyətdə görəndə onlara yazığım gəlir. Axı səhnə hərəkəti deyilən bir anlayış var. Xarici musiqiçilərin bir-birinə xoş təbəssümlə baxmasını, məsələn, Henkokun konsertdən sonra Sara Vona yaxınlaşıb onun əlini öpməsini görmək nə qədər xoşdur! Mən istəyirəm ki, biz bakılılar da bir-birimizə münasibətdə daha xeyirxah olaq.
"Qaya" epopeyası Cavanın bu kollektivə gəlişindən xeyli əvvəl başlamışdır, lakin çox şey məhz onun gəlişi ilə bağlıdır. Cavan bu qrupun döyünən nəbzinə çevrilmişdi. Bu əfsanəvi heyətdə iyirmi il işləmək - çox böyük təcrübə deməkdir. Cavan Zeynallını solo fəaliyyəti həmişə daha çox cəlb etmişdir.
Cavan Zeynallı

Lakin bu şirnikləndirici təklifdən imtina edə bilmədi. Lev Yelisavetskini əvəz edəcək ifaçı tapmaq o qədər də asan deyildi. Ansamblın rəhbəri Teymur Mirzəyev yarım il davam edən axtarışlardan sonra seçimini Cavanın üzərində saxladı. Teymur onu inandırırdı ki, kvartetdə işləmək vokalçı üçün çox xeyirlidir. Hətta nümunə kimi Cavanın çox xoşladığı Frenk Sinatranın "Haylos" kvartetində işləməsini xatırlatdı.

Cavan Zeynallı

Cavan Zeynallı heç vaxt öz seçimindən təəssüflənməmişdi. O həmişə fəxr edirdi ki, tale onun işlərini məhz bu cür qurmuşdur. Axı "Qaya"da işlədiyi illər ərzində qazandığı təcrübəni və tamaşaçı rəğbətini heç nə ilə əvəz etmək olmazdı.
- Bilirsiniz necə konsertlər verirdik! Oleq Lundstremin biq-bendi ilə kruiz çıxışlarımız, Qara dəniz sahillərində on altı konsert verməyimiz, İrina Otiyeva, Larisa Dolina ilə birgə çox uğurlu çıxışlarımız heç vaxt yadımdan çıxmaz. Bunlar tarixdir, bizim keçmişimizlə bağlı real hadisələrdir. Mən həmişə caza vurğun olmuşam, özümü tamamilə ona həsr etmişəm, əfsanəvi ifaçıların çıxışlarını böyük maraqla dinləmişəm və onlar kimi oxumağa çalışmışam. Caz ifaçılarının audio- və videodisklərindən ibarət böyük bir kolleksiyam var. Buna görə də heç kəs məni caza sadiq olmamaqda günahlandıra bilməz!

Cavan Zeynallı və Vaqif Mustafazadə

"Qaya" kollektivi parçalanandan sonra Cavan Zeynallı yenidən solo fəaliyyətinə qayıtdı. O, restoranlarda çıxış edir və bakılılar üçün çətin vaxtlarda onlarda ruh yüksəkliyini saxlamağa, az qala məhv olmaq həddinə çatmış Bakı cazının birdəfəlik unudulmasına imkan verməməyə çalışırdı. Musiqiçilərin çoxu Bakını tərk edib hərəsi bir tərəfə üz tutduğu həmin dövrdə caz həvəskarları Cavanı dinləmək üçün "Wite club"a gəlirdilər. "Corci" onların qəlbinə hərarət, gələcəyə ümid verirdi.

Cavan Zeynallı

Elə həmin vaxtlarda Cavan Zeynallı cazla yanaşı bir qədər başqa ampluaya aid mahnılar ifa etməyə başlamışdı. Bu fakta televizor ekranı qarşısında əyləşib darıxdırıcı bir tərzdə ekranı seyr edən caz tənqidçisinin mövqeyindən yanaşsaq, həmin mahnıların hansı janra aid olması mübahisə doğura bilər. Bəs Cavan Zeynallını nə vadar etmişdi ki, öz repertuarına Tofiq Quliyevin, Rauf Hacıyevin və bəzi estrada bəstəkarlarının mahnılarını daxil etsin? Bəziləri deyir ki, Cavan Zeynallının son on ildəki caz yaradıcılığı vokalçının musiqi kardioqramında düz xəttə oxşayır.
Bəlkə Cavanı cazdan daha çox estradaya meyl göstərməyə məcbur edən - onun daha geniş dinləyici auditoriyasını əhatə etmək istəyi və ya zamanla ayaqlaşaraq bəzi dairələrdə öz hörmətini artırmaq arzusudur? Məncə bu, kifayət qədər mübahisəli məsələdir.

Cavan Zeynallı

- Nəyə görə elə hesab edirlər ki, mən cazdan uzaqlaşmışam? Düz deyil. Mən həmişə caz ifa etmişəm, xalq mahnılarını və bəstəkar mahnılarını isə məhz caz işləmələri şəklində və məhz özümün caz üslubumda ifa edirəm. Başqa cür ola da bilməz, çünki həmin mahnıların ifası zamanı mənim etdiyim melizmləri yalnız caz vokalçısı edə bilər. Mən müğənniyəm, ifaçıyam, mən Sinatranın mahnılarını da oxuya bilərəm, Tofiq Quliyevin mahnılarını da. Bunların biri digərini inkar etmir və inkar etməli deyil. Nə üçün Petruççiani "Bessamemuçi" ifa edəndə, yaxud Armstronq "O qara gözlər" oxuyanda onları qınamırlar?
Bundan əlavə, mən həm də pianoçuyam, piano çalmağı da bacarıram. Mən hiss edirəm ki, bir neçə işi yaxşı səviyyədə görmək bacarığım çoxlarını qıcıqlandırır. Son vaxtlar bu məsələlər daha da kəskinləşmişdir. Musiqiçilər mənim konsertlərimə gəlmirlər, halbuki mən onların bütün çıxışlarını izləməyə çalışıram. Mən həmişə özümə belə bir sual verirəm: görəsən nə üçün belə olur?

Cavan Zeynallı

Sözümün sonunda demək istərdim ki, başqalarını mühakimə etmək, onları müzakirə etmək tənqidçilərin işidir. Amma hər halda bu gün Cavan Zeynallının caz ifa edib-etməməsindən, onun ötən günlər barədə xatirələrə dalmasından asılı olmayaraq bir şeyi yaddan çıxarmamalıyıq ki, hər bir istedadlı musiqiçinin yaradıcılığında yüksəliş və eniş məqamları olur və başqasını qınamağa cəsarət etməzdən əvvəl yaxşıca fikirləşmək lazımdır.

Leyla Əfəndiyeva