ƏBƏDİYYƏTƏ DÖNMÜŞ AN

Bu oçerkin ərsəyə gəlməsi İnternet səhifələrində "Dondurulmuş caz" ("Zamorojennıy djaz") adlı materialın yaranması sayəsində baş tutmuşdur. Novosibirsk cazının tədqiqinə həsr edilmiş həmin materialın müəllifləri S.Beliçenko və V.Kotelnikovun xatirələri Azərbaycan cazının təməlini qoyanlardan birinin - Rafiq Babayevin sənət yolunun coğrafiyasını bir qədər də genişləndirməyə imkan vermişdir. Onlar iki şəhərin - Bakı və Novosibirskin "caz dostluğu" yaranması tarixini bizə açıqlamışlar. Bu tarixi üllüstrasiüa edən isə R.Babayevin bütün ömrü boyu qayğı ilə qoruyub saxladığı Bill Evansın fotoşəkli olmuşdur. 1969-cu ildə Novosibirskdəki "Kvadrat" caz klubu tərəfindən ona bağışlanmış həmin fotoşəklin üzərində bu sözlər yazılmışdır: "Na dobruö pamətğ Rafiku Babaevu. Novosibirsk - Baku - Jazz Remember".

Mənim fikrimcə, Rafiq Babayevin Novosibirsk cazı ilə tanışlığı onun "Kvadrat" klubunda çıxışından xeyli əvvələ aiddir. İlk görüş isə çox guman ki, hələ 1957-ci ildə Moskvada Dünya Gənclərinin forumu zamanı olmuşdur. Həmin forumda Rafiq Babayev caz pianoçusu kimi iştirak edirdi, novosibirskli musiqiçilər isə "başqa musiqiçiləri dinləmək, onlara baxmaq və təcrübə mübadiləsi etmək üçün "vəhşi" turistlər kimi" gəlmişdilər ("Zamorojennıy djaz"). R. Babayevin novosibirskli həmkarları ilə növbəti görüşünü ötən əsrin 50-ci illərinin axırları - 60-cı illərinin əvvələrinə aid etmək olar. Məhz həmin dövrdə R.Babayev özünün ilk kombosunu yığmış və 3 il müddətində bütün Sovet İttifaqında qastrol səfərlərində olmuşdur. Lakin təəssüf ki, o dövrdə bakılıların "Sovet caz avanqardının vətəni"ndə (sonradan Novosibirsklilər öz şəhərlərini belə adlandırırdılar) olmasını təsdiq edən sənədlər qalmamışdır.

Rafiq Babayev

60-ci illərdə caz musiqiçilərinin başqa şəhərlərdə yaşayan həmfikirləri ilə görüşməsi üçün yeganə imkan - İttifaq miqyaslı qastrol səfərləri idi. Bir qayda olaraq bu cür görüşlər "qeyri-formalların sığınacaqları" sayılan gənclik kafelərində və gənclik klublarında keçirilirdi. Festivallar keçirilməsi praktikasının geniş yayılması keçmiş Sovet İttifaqının caz musiqiçilərinin bir-biri ilə ünsiyyət saxlaması üçün maksimum imkan yaratdı. Məsələn, Vladimr Vittixin ansamblı ilə təmsil edilən Novosibirsk avanqardının debütü 1966-cı ildə Tallinndə keçirilən caz festivalında olmuşdur. "Üçüncü cərəyan" deyilən istiqamətin əqidəli tərəfdarı olan Vittix "akademik musiqini caz texnikası və caz ritminin bəzi elementləri ilə birləşdirirdi. O dövrdə bu hərəkət həm klassik musiqi pərəstişkarları üçün, həm də cazmenlər üçün eyni dərəcədə təhqiramiz sayılırdı" ("Zamorojennıy djaz"). O dövrdə sovet ictimaiyyəti etnik musiqidə caz axtarışlarını daha loyal qəbul edirdi. Bu baxımdan, Bakının təmsilçiləri - Rafiq Babayevin kvarteti hələ 50-ci illərin axırlarından Azərbaycan muğamı əsasında caz stili yaratmaq sahəsində axtarışları ilə məşhur idi və 1966-cı ildə Tallinn festivalında bu kollektivin çıxışı "ura!" sədaları ilə qarşılandı və onların Novosibrskdən olan həmkarlarının üzləşdiyi dərəcədə kəskin mübahisələrə səbəb olmadı.

Rain Sultanov

Tallinndə növbəti beynəlxalq caz festivalı 1967-ci ildə keçirildi. Sovet məkanının bütün caz ictimaiyyətini təmsil edən bu festival musiqiçilərin özlərinə inamını daha da artırdı, onların inkişaf etməsi və bir-biri ilə daha yaxın ünsiyyət saxlaması üçün yeni üfüqlər açdı. O cümlədən, R.Babayevin kvarteti və V.Vittixin seksteti də öz yaradıcılıq uğurları barədə hamının eşidəcəyi səslə bəyan etmək, qrammofon plastinkası yazdırmaq, eləcə də Bakı ilə Novosibirsk arasında "caz münasibətləri" yaratmaq imkanı əldə etdilər. Bill Evansın fotoşəklində əbədi həkk olunmuş "Tallin festivalının izi" R.Babayevin kvartetinin söhbətimizin əvvəlində adını çəkdiyimiz "Kvadrat" caz klubunda qarşılanma məqamıdır.
Novosibirskdəki "Kvadrat" caz klubu 1967-ci ildə yaradılmışdır. O vaxt caz hərəkatı fəallarının bir qismi "Otdıx" kafesinə köçmüş və orada sözügedən birliyi yaratmışdı. Caz klubunun nəzdində mühazirəçilər, təbliğatçılar,qrammofon plastinkaları kolleksiyaçıları fəaliyyət göstərirdi. Burada caz ansamblı yaradılmışdı və qastrola gələn kollektivlərlə görüşlər çox vaxt "Otdıx" kafesində keçirilirdi. 1969-cu ilin yayında burada Zaqrebin caz kvarteti ilə möhtəşəm bir görüş keçirilirdi. Heç şübhəsiz, o dövrün ən layiqli caz ansambllarından biri - Bakıdan gəlmiş Rafiq Babayevin kvarteti, German Lukyanov və hələ lap gənc olan saksofonçu Vitali Şemankov da həmin görüşdə iştirak edirdi. "Beləliklə, bizim klubda özümüzün təvazökarlıqla "Novosibirsk caz axşamları" adlandırdığımız özünəməxsus bir mini- festival keçirildi. Biz şəhərin böyüklərini özlərindən çıxarmamaq üçün uzun müddət bu haysız-küysüz, müstəqil və bir qədər inert xarakter daşıyan addan istifadə etmişdik" ("Zamorojennıy djaz").

O dövrdə caz musiqiçiləri hansı musiqini ifa edirdilər? Həmin ifaların lent yazıları əlimizdə olmadığına görə bu gün bu barədə yalnız ehtimallar söyləyə bilərik. Maraqlıdır, görəsən "Kvadrat" klubunda Rafiq Babayevə nə üçün məhz Bill Evansın portretini hədiyyə etmişdirlər? İş burasındadır ki, məhz həmin dövrdə R.Babayevin yaradıcılığı bu dahi amerikalı pianoçunun musiqisi ilə bağlı olmuşdur (həmin dövrdə R.Babayevin ifasında kino musiqisinə improvizasiyalar, məsələn, "Bir cənub şəhərində" kinofilminə Fərəc Qarayevin yazdığı musiqini Bill Evans stilində ifa etməsi də bu fikri təsdiqləyir).



1969-cu il oktyabrın 1-də "Za nauku Sibiri" qəzetində "Sibirskie djazovıe veçera" adlı məqalə dərc edilmişdir. Həmin məqalədə cazmenlərin "Kvadrat" klubunda görüşü təsvir edilir. V.Kotelnikov yazır: "Bakı kvarteti ilə görüş sayəsində Bakı ilə caz əlaqələri yaranmışdır. Heç şübhəsiz, o vaxt Bakı SSRİ-nin caz şəhərlərindən biri idi". Müəllif Bakı - Novosibirsk "caz əlaqələri yaranması" dedikdə, Rafiq Babayevin də öz növbəsində novosibirskli həmkarlarını Bakıya, "Qızıl Payız-69" festivalına dəvət etməsini nəzərdə tuturdu. Artıq Oktyabrın axırlarında A.Mezdrikov və S.Beliçenko Bakı festivalınıni qonaqları idi və onlar burada gördükləri "nağıllardakına bənzəyən diqqət və şərqlilərə xas olan qonaqpərvərlik" qarşısında heyran qalmışdılıar.
Bill Evans

Novosibirsk-Bakı əlaqələrinin inkişafı isə davam edirdi. 1970-ci ilin aprel ayında "Baku" qəzetində "Ən yaxşı caz kvarteti Bakıdan gəlmişdi" sərlövhəli kiçik bir məqalə dərc edilmişdir. Həmin məqalədə Kuybışev şəhərində keçirilmiş caz festivalı barədə məlumat verilir, qeyd edilirdi ki, R.Babayevin kvarteti V.Presnyakovun triosu ilə birlikdə festivalın laureatı olmuşdur. Festivalın münsiflər heyətinin və iştirakçılarının rəyləri arasında "Kvadrat" caz klubunun rəhbəri Aleksandr Mezdrikovun R.Babayevin kvarteti barədə ürək sözlərinə də rast gəlmək olar: "Bu, çox maraqlı, cilalanmış və ifa tərzi sabitləşmiş kollektiv olmaqla, Qafqaz milli caz məktəbinin parlaq təmsilçisidir".

Aşağıda sitat gətirəcəyimiz qeydlər bizi xəyalən 1971-ci ilin yayında Novosibirskin musiqi dünyasına aparacaq. Həmin şəhərdə qastrol səfərində olan Rafiq Babayev həyat yoldaşına bu barədə yazırdı: "Konsertlər kifayət qədər uğuprlu keçdi. Düzdür, konsertə gələnlər o qədər də çox deyildi - zalın təqribən 70-80%-i dolu idi. Amma səbəb odur ki, bir neçə yaxşı kollektiv - Mirov və Novitskinin iştirakı ilə Moskvanın yeni "Briqantina" müzik-hollu, rumın varyetesi, yaponların estrada revüsü və Yuqoslaviyadan gəlmiş caz ansamblı buraya eyni vaxtda qastrol səfərinə gəlmişdir. (Nobua Haarın başçılıq etdiyi yaponların "Diyezlər və bemollar" adlı orkestri barədə S.Beliçenko yazır: "Bu, həm popsa musiqisini, həm də yapon melodiyalarının işləmələrini və cazı eyni dərəcədə yaxşı ifa edən çox peşəkar orkestr idi"). Bizim görüşlərimiz çox xoş təsir bağışladı. Yuqoslavların əla caz kvarteti var. Bütün gecəni onlarla birgə keçirdik, birlikdə musiqi ifa etdik. Moskva müzik-hollunun demək olar ki, bütün iştirakçıları bizim konsertə gəlmişdi. Orada Polşa və Çexoslavakiyadan gəlmiş artistlər işləyirdi. Onlar hamısı bizim konsertdən çox məmnun oldular… Polyak və çex artistləri isə bizim orkestrə o qədər vurğun idilər ki, hər gün ikinci bölmənin ortasına qədər gəlib bizim konserti dinləyirdilər (bu yerdə biz ifanı başa çatdırırıq və Rəşid oxumağa başlayır), sonra isə öz konsertlərinə qaçırdılar". Hərçənd, bu məstedici caz cənnətinin bir "mənfi cəhəti" də vardı. Rafiq sözünə davam edir: "İş burasındadır ki, Novosibirskdə bütün musiqiçilər bir mehmanxanada və üstəlik, eyni mərtəbədə yaşayırdı. Bunun nə demək olmasını özün təsəvvür et. Bir sözlə, səhər saat 6-ya, 7-yə qədər bütün mərtəbə oyaq qalırdı".

60-cı illərin axırları - 70-ci illərin əvvəlləri sovet cazı üçün dönüş dövrü oldu. Kotelnikov və Babayev bu barədə demək olar ki, eyni fikirdədirlər.

V. Kotelnikov: "VİA (vokal-instrumental ansambllar - red.) ətrafında yaranmış "bum", onların ifa etdiyi əsərlərə tələbatın praktiki olaraq hədsiz olması, onların ifasında aydın, melodik mahnıların yazıldığı qrammofon plastinkalarının çox böyük tirajla buraxılması - o illərin kütləvi musiqisinin portreti belədir. Bu musiqili təbliğat bumunun kölgəsində caza maraq sanki tamam itmişdi, amma bu fakt bəlkə də cazın xeyrinə olmuşdur".

R.Babayev (1970-ci ildə verdiyi müsahibədə): "Paradoks ondan ibarətdir ki, caz modası otüb keçməmişdir. İndiki müxtəlif - mavi və oxuyan, qırmızı və kədərli gitaralar, tvistlər və ritmlər caz deyil. O vaxt caz dəbdə idi - onu həvəslə dinləyirdilər, lakin heç də həmişə başa düşmürdülər. İndi biz moda pərəstişkarlarını itirmişik, lakin həqiqi caz sənətinin qədrini bilənlər, şlyaqerlərin kommersiya musiqisinə yox, məhz caza tələbat hiss edənlər yenə bizimlədirlər".

Kotelnikov bu məsələyə XXI əsr mövqeyindən yanaşaraq çox maraqlı bir nəticəyə gəlir: "Təsadüfi musiqiçilərin, təsadüfi dinləyicilərin təbii yolla saf-çürük edilməsi elə bir unikal fenomenlə nəticələnmişdir ki, bunu yalnız uzun illərdən sonra izah etmək mümkündür. Həmin fenomeni şərti olaraq "caz ordeni" adlandıra bilərik. Əvvələn, bu fenomenin əhatə dairəsinə daxil olan musiqiçilərdən ötrü caz onların taleyinə, həyatlarının mənasına, bir növ daxili dayaq hissinə çevrilmişdir.
Altmışıncı illərdə sovet cazının pionerləri yeni musiqiyə kütləvi maraq doğurmaqla ya "ölməli", unudulmalı, ya da özlərinin cazda mövcudluğunu tamamilə yenidən dərk etməli, başa düşməli idilər ki, caz - qeyri-adi bir aləmdir. Buraya daxil olmaq hər kəsin işi deyil".



Novosibirsklilər 60-cı illərin axırında caz musiqisində "Laboratiya dövrü" olduğunu qeyd edirlər. Yəqin ki o dövrün musiqiçilər nəslinin çoxu üçün xarakterik olan axtarış tendensiyası mövcud idi. Bunu R. Babayev də sonrakı müsahibələrində qeyd etmişdir. Caz Olimpində Amerika ənənələri öz yerini polistilistikaya, cazın akademik və etnik musiqi ilə inteqrasiyasına güzəşt etməyə başlamışdı. Novosibirsk musiqiçiləri öz fərdi stil axtarışlarında amerika fri-cazını təqlid etməkdən uzaqlaşırdı. Bakılılar da zamanla səsləşən və eyni zamanda Azərbaycan ənənələrini davam etdirən musiqi dili tapmağa çalışırdılar. R.Babayev 1970-ci ildə verdiyi müsahibədə deyirdi: "Bizim muğamımız, xalq musiqimiz var. Bunlar tükənməz sərvətdir. Bu sərvətə arxalanaraq ilhamlanmaq, heyrətamiz musiqi yaratmaq mümkündür". Zənnimcə Novosibirsk ilə Bakını bir-birinə bu qədər doğmalaşdırmış caz sənətinə axtarış mövqeyindən maraq göstərilməsi həm də keçmiş İttifaqın inzibati xəritəsində bu şəhərlərin tutduğu yerlə bağlı idi. Hər ikisi Avropa ilə Asiyanın sərhədində yerləşən bu şəhərlərin müxtəlif musiqi aləmləri üçün açıq olması 60-cı illərdə bakılıların Azərbaycan Muğamı ilə cazı heyrətamiz şəkildə qovuşdurması, 80-90-cı illərdə isə Novosibirsk cazmenlərinin monsi, tuva, altay və yakut xalqlarının musiqisinə müraciət etmələri ilə nəticələnmişdir. 70-ci illərdə Bill Evans özü də axtarış tendensiyasının cazın inkişafı üçün zəruri şərt olmasını bildirirdi: "Musiqinin inkişafını dayandırmaq mümkün deyil. Mən əminəm ki, Bax və ya Motsartdan, Skryabin, Stravinski, Art Teytu və ya Bad Pauelldən sonra çoxları fikirləşirdi ki, nə etmək mümkün idisə hamısı edilmişdir, indi musiqinin inkişafı dayanacaqdır. Vaxtilə Koulmen Hokins barəsində, onun tenor saksofonda ifa texnikası barəsində bu cür sözlər yazırdılar, lakin ondan sonra Con Koltreyn gəldi və cazın yeni ölçülərini, yeni imkanlarını kəşf etdi. Əgər musiqi 12 tonallıqlı temperasiya şkalasına əsaslanmasa və ya buna oxşar bir hadisə baş verməsə, musiqinin inkişafı üçün sadəcə hədsiz imkanlar yaranacaqdır".

Bu gün bu oçerkin qəhrəmanlarının çoxu aramızda yoxdur. Lakin Novosibirsk-Bakı caz dostluğu davam edir. Vaxtilə Azərbaycan cazının əsasını qoyanlar tərəfindən yaradılmış ənənələr 1998-ci ildə "Sindikat" qrupu tərəfindən, 1999-cu ildə isə "Bakustik caz" qrupu tərəfindən Novosibirskdə davam və inkişaf etdirilmişdir. Bu gün "Zamorojennıy djaz" kitabını yaradanlarla məkandan və zamandan kənar dialoq baş tutdu. Tezliklə elə bir gün gələcək ki, novosibirskli musiqiçilər yenidən Bakı səhnəsində çıxış edəcəklər. Bu ümid bir daha belə bir inam yaradır ki, caz aləmində adi koordinatlarda mövcud olan məkan və zaman anlayışları yoxdur. Bu canlı prosesdə insanlar, şəhərlər, zamanlar və adi anlar bir-biri ilə təmasda olmağa və bir-birinə təsir göstərməyə qadirdirlər.

Farizə Babayeva