BILL FRIZELL

Mənə elə gəlir ki, əgər Cim Holl öz ifasının Cim Hendriksin ifası kimi səslənməsini istəsə nə çalardısa, mənim ifa etdiyim də buna bənzər bir şeydir…

Bill Frizell



Xalis avanqard üçün bütün qaydalardan kifayət qədər azad olmamış, lakin eyni zamanda meynstrim üçün kifayət qədər ənənəvi fikirləşməyən; qurmaları adətən çox məntiqi və ardıcıl olan, lakin bərabər, hərəkətlərinin proqnozlaşdırılması əsla mümkün olmayan; bütün yaradıcılıq karyerası dövründə həqiqətən virtuoz ifa sayıla biləcək heç bir solo ifa etməmiş, lakin "DownBeat" jurnalının keçirdiyi sorğuların nəticələrinə görə üç dəfə ən yaxşı caz gitaraçısı hesab edilmiş; bütün amerika musiqisinə hədsiz sadiq olan və bu musiqini ifa etməklə Avropada Amerikadan daha çox uğurlar qazanmış ifaçı - ən qeyri-ordinar və birmənalı qiymətləndirilə bilməyəcək bu cazmenin son 10-15 ildə səciyyəvi cəhətləri olan paradokslar belədir (özü də bunlar hamısı deyil).

Əslində Bill Frizelli caz aləmində əvvəllər də ciddi musiqiçi kimi qəbul edirdilər, lakin məhz "Bill Frizell stili" adlandırıla biləcək cəhətlər təxminən ötən əsrin 80-ci illərinin ikinci yarısında formalaşmağa başlamışdır. Bill Frizell o illərdə Con Zorn, Tim Bern, Yan Qarbarek, Mark Conson, Ueyn Horvits, Pol Bley, Pol Motian kimi "yeni səslərin ovçuları" ilə dil tapa bilmiş, cazda sxolastikaya qarşı çevrilişə başlamışdı…

Bill Frizell

Lakin hər bir həqiqi çevriliş quruculuqdan başlanmalıdır. Gəlin biz də bir qədər əvvələ qayıdaq. Bill Frizell 1951-ci il martın 18-də Baltimorda anadan olmuş, lakin onun uşaqlıq illəri Kolorado ştatının Denver şəhərində keçmişdir. Billin atası da musiqiçi idi - "tuba" deyilən çalğı alətində və kontrabasda çalırdı. O çox istəyirdi ki, əgər oğlu atasının yolu ilə getsə, onda klarnetçi olsun. Əvvəlcə bu fikrə etiraz etməyən Bill gündə 1 saat evdə müəllimlə məşğul olurdu, gitaraya gəldikdə isə… Əvvəllər Bill bu alətdən həmişə sadəcə əylənmək xatirinə istifadə edirdi.

Lakin yeniyetmə Bill Pol Batterfildin, Mayk Blumfildin, Bi Bi Kinqin və uzun illər boyu pərəstiş etdiyi daha üç musiqiçinin - Cimmi Hendriks,Ues Montqomeri və Cimm Hollun ifasını dinləyəndən sonra onun həyatında həqiqət anı başlandı. Bu ifaçılardan birincisinə xas olan enerji və qeyri-müəyyənlik, ikincisinin eleqantlığı və xüsusən üçüncüsünün ifasının fərqləndirici cəhəti olan düşündürücü dərinlik sonradan Frizellin özünün ifa tərzində bir tam halında cəmləşmişdir. Bəlkə də o, gitara çalan ilk caz ifaçıdır ki, enerjili ifa ilə cəld ifanın heç də eyni şeylər demək olmadığını əyani şəkildə nümayiş etdirmişdir. Lakin o vaxt - ötən əsrin 60-cı illərinin axırlarında Kolorado ştatının Universitetində kompozisiya və aranjimanlama sirlərini öyrənir və… böyük tədris orkestlərinin ritm seksiyasında müxtəlif məclislərdə və toylarda çıxış edirdi.

O dövrdə Billin repertuarı əsas etibarilə Ceyms Braunun mahnılarından və digər ritm-ənd-blüzlərdən ibarət idi. Tələbə Bill ona müəllimlik edə biləcək gitaraçını özü axtarmalı oldu və Deyl Braninqsi tapdı. Caza müstəsna dərəcədə sadiq olan bu insan Frizellin də qəlbində caza rəğbət hissi oyatdı. Bu, caz-rok erasının yenicə başlandığı dövr idi, Mayls Devisin "Bitches'Brew" albomu artıq işıq üzü görmüşdü, lakin Bill bir müddət bu ümumi maraqdan kənar qaldı. O, Montqomerinin, Hollun repertuarından olan əsərləri, müxtəlif standart musiqi parçalarını ifa edirdi. Hətta bir semestr Bostondakı Berkli kollecində təhsil aldı, lakin oradan çıxıb getdi. Ona elə gəlirdi ki, Berkli kollecində xalis caza az, rok-n-rolla isə həddən çox diqqət yetirilir.

Billin valideynləri Nyu-Cersiyə köçüb gedəndə Bill də onlarla bərabər getməyi qərara aldı. Təzə yaşayış yerində onun bəxti gətirdi: pərəstiş etdiyi Cimm Holldan dərs almağa başladı. Bu, Billin həyatında daha bir dönüş məqamı idi. Holl harmoniyanı qeyri-standart ifa etməyin, sxemdən tamam uzaqlaşmadan harmoniyaya dissonanslar daxil etməyin mümkün olduğunu, gitaranın səsini bezdiricilik dərəcəsinə çatdırmadan necə cəlbedici etmək mümkün olduğunu və bütün bunlara necə nail olmağı Billə başa saldı. Sən demə, bəzən bir neçə akkordla ifadə edilə bilməyəcək məqamları cəmi iki notdan istifadə etməklə dinləyiciyə çatdırmaq mümkün imiş. Gənc tələbə bu həqiqəti çox yaxşı mənimsədi. Elə buna görə də bu gün Bill Frizell bəlkə də ən hövsələli və eyni zamanda ən məzmunlu ifası ilə seçilən gitaraçılardan biri hesab edilə bilər.

Bill Frizell

1975-ci ildə Berkliyə qayıdan Bill Frizell orada öz sənət karyerasını yenicə başlayan Pat Metini ilə görüşdü. Pat onu bir nəfərlə tanış etdi. Sonradan uzun illər boyu Billin tərəf-müqabili və məsləkdaşı olmuş bu şəxs Pol Motian idi. Onların birlikdə yazdırdığı müxtəlif albomların sayı ona yaxındır. Frizellin karyerasında mühüm rol oynamış bu albomlardan bəziləri meynstrim ruhunda yazılmışdır: "Jack of Club", "Misterioso", "One time out", "Triosim". Lakin həmin albomlarda Bill yalnız saydmen rolunda çıxış edirdi. Bill özü bu adlı-sanlı təbilçi ilə əməkdaşlığı barədə deyirdi: "Pol ilə işləyəndə nəticə etibarilə ideyaların 90%-i ondan gəlir və bu ideyalara tabe olmaq lazım gəlir, çünki onun musiqisi heç vaxt təkcə ümumi qaydalara əsaslanmır…"
İdeyalar öz yerində, lakin Billin təmkinli, bir qədər düşündürücü və bununla bərabər, o qədər də həssas və enerjili olmayan ifa tərzi sayəsində o, haqlı olaraq bütün müştərək işlərin tamhüquqlu həmmüəllifinə çevrilmişdir. Bu cür müştərək işləri isə o təkcə Pol Motianla aparmırdı.

Eksperimentlər keçirməkdən yorulmaq bilməyən Con Zorn özünün indi artıq əfsanəyə çevrilmiş "Naked City" layihəsinə Billi də dəvət etmişdi, Ronald Şennon Cekson, Melvin Qibbs və Frizell birləşərək "Power Tools" triosunu yaratmışdılar. Bu iki qrupun sayəsində müasir caz, kantri və hard-rokun sadəcə bir-birinə yaxınlaşdırılmış olmasını demək azdır, həmin qruplar bu stillər arasındakı bütün hədləri "süpürüb atdılar". Bu qrupların son dərəcə zəngin, bəzən "qəzəbli" ifası dinləyiciləri həm şok vəziyyətinə salır, həm də onları cəlb edirdi. Bütün bunlardan əlavə, həmin qruplar Henri Mançinin, Messianın və hətta…
Bill Frizell

Debüssinin də əsərlərini fri-caz-rok interpretasiyasında ifa etməyə cəsarət tapırdılar. Doğrudur, bu cür ifa eklektik, bir qədər meydanoxuyucu xarakter daşıyırdı, amma bununla bərabər, çox dəbdə idi. Bütün bu musiqinin stilində Frizellin elektrik gitarası və müxtəlif "islatmalar", çox güclü, bəzən az qala hevimetal saund kimi fəlsəfi dərinliyi ilə seçilir və dinləyicilər bu ifanı dərhal tanıyırdılar.

Bill Frizellin iştirakı ilə Yan Qarbarek, Pol Bley, basistlərdən Mark Conson, Arild Andersen və Eberhard Veber ilə birlikdə tamam müxtəlif ruhlu layihələr, eləcə də gənc gitaraçının ilk solo albomları "ECM" səsyazma firmasında yazılmışdır.

Çoxsaylı "köçhaköç"lərdən və yaradıcılıq "ezamiyyət"lərindən sonra (Frizell 1978-ci ili Belçikada keçirmiş, burada bütün qüvvəsini musiqi bəstələməyə sərf etmiş, 1979-1988-ci illərdə Nyu-Yorkda yaşamış, Amerikada və Avropada çoxsaylı yaradıcılıq səfərlərində olmuşdur) Sietl şəhərində məskunlaşmış Bill "yeni caz" ənənələrinin güclü olduğu bu şəhərdə öz layihəsi əsasında orta hesabla hər il bir albom buraxmağa başlamışdır (başqa kollektivlərin heyətinə dəvətnamələri saymasaq). Onun ilk sabit qrupu "Bill Frisell Band" adlanırdı. Bu qrupa Coy Baron (zərb alətləri), Kermit Driskoll (kontrabas) və Henk Roberts (violonçel) daxil idi. "Lookout for Hope" ("ECM" səsyazma firmasında son albom), "Before We Were Born"("Elektra/Nonesuch" səsyazma firmasında ilk albom), "Is that you" və "Where in the World" albomları hamını müasir cazda yeni hadisə barədə danışmağa məcbur etmişdi. Bu musiqini sözün hərfi mənasında ilk akkordlardan başlayaraq heç bir başqa musiqi ilə dəyişik salmaq mümkün deyildi. "DownBeat" jurnalında illər boyu davam etmiş məşhur "Blindfold Test" rubrikası yadınızdadırmı? Həmin rubrikada musiqiçilərə təklif edilirdi ki, müəyyən ifaçının çaldığı musiqinin bir hissəsini dinlədikdən sonra ifaçının adını tapsınlar. Bill Frizellin ifasına, xüsusən onun solo albomlarına daxil edilmiş ifa nümunələrinə gəldikdə bu məsələ hətta adi həvəskarlar üçün də asanlaşır. "Çikaqo tribyun" qəzeti Frizellin yaradıcılığı haqqında yazırdı: "Lookout for Hope" - müasir cazda ən mühüm kəşflərdən biridir, bu musiqi nəciblik, zəka və zəriflik nümunəsidir". Frizellin 90-cı illərin əvvələrində yazdığı əsərlər ilk baxışda bir-biri ilə uzlaşmayan elementlərin - riqqət və qəddarlıq, parlaq melodika və ifanın hədsiz sərbəstliyi, asanlıqla tanınmaq və qeyri-müəyyənlik kimi xassələrin birləşdirilməsi ilə dinləyicini heyran edir.

"Where in the World" albomu 1991-ci ildə əsl şedevrə və… "Bill Frisell Band" ansamblından ötrü praktiki olaraq finala çevrildi. Doğrudur, Driskoll və Baron sonradan da tez-tez Frizell ilə əməkdaşlıq edirdi, lakin musiqinin özünün janr meyli dəyişmişdi. Billin 1993-cü ildən başlayaraq hələ də ifa etdiyi repertuarı şərti olaraq "Amerikana" adlandıra bilərik: mücərrəd mövzulardan sonra konkret tematikaya keçid baş vermişdir.

Bill Frizell

90-cı illərdə Frizellin musiqisinin məxsusi dinləyici kastası yaranır - onlar eyni zamanda həm meynstrim, həm də rok, blüz və ya fri-caz pərəstişkarları ola bilər. Bunun prinsipial əhəmiyyəti yoxdur. Əsas məsələ budur ki, insan incəsənətdə yeniliyi və axtarışı qiymətləndirməyi bacarsın, lakin qəlbən ekstremist olmasın. Bill bir neçə ildən sonra öz qrupunun heyətini dəyişməklə öz pərəstişkarlarını pərt etmir. 1996-cı ildə "Bill Frisell Quartet" qrupu və eyni adlı albom yaranır. Ritm seksiyası olmayan bu qəribə qrupa Kertis Folks (tb.), Ron Mayls (tp.) və Eyvind Kann (violin.) daxil idi. Frizellin musiqisində ritm həmişə mühüm rol oynamışdır və indi də belədir. Bunun nəticəsində çalğı alətləri daim öz funksiyalarını dəyişir - eyni bir əsərin ifası zamanı bu alətlərin hər biri solo ifa edir və bircə dəqiqədən sonra temp hesablamaq funksiyasını öz üzərinə götürür.

1997-ci ildə baş verən bir hadisədən sonra amerikalıların çoxu bu gitaraçının yaradıcılığını özlərindən ötrü birdən-birə yenidən kəşf etməyə, avropalıların çoxu isə həmin gitaraçının caza həqiqətən meyl etməsinə bir qədər şübhə ilə yanaşmağa məcbur oldu. Həmin il Frizellin yazdırdığı "Nashville" albomunda kantri tematikası az qala başqa mövzuları üstələyirdi. Bu janr üçün səciyyəvi olan çalğı alətləri (mandolina, banco, qarmonika, dobra) və hətta bəzən tipik "kantri" vokalı tətbiq edilirdi. Bill "Have a little Faith" diskində klassikaya və ABŞ populyar musiqisinə "şərəfli borcunu verəndən sonra" yəqin ki, bu albom onun ən "xəlqi" və ən sadə albomudur.

90-cı illərin ikinci yarısında Bill Frizell təkcə öz ideyalarını həyata keçirməklə məşğul deyildi - o, klarnetçi Marti Erliç ilə birlikdə Amerikada və İngiltərədə səfərlərdə olmuş (Culius Hemfildin yaradıcılığına həsr edilmiş proqramla), Coy Baron və Los-Anceles Simfonik orkestri ilə birlikdə konsertlər vermiş, kino üçün növbəti musiqi layihələrini həyata keçirmişdir. Lakin onun öz ideyaları da qüvvədə idi. Son iki ildə bu gitaraçının öz qrupunun heyətini dəyişməsi bir növ ənənəyə çevirmişdir. O, ifaçıların sayını azaldaraq trio yaratmış və uzun müddət blüz-rok qruplarında (o cümlədən Bob Dilanın, Corc Harrisonun, Ray Kuderin, Con Lennonun, Layl Louettin qruplarında) ifaçılıqla məşğul olmuş musiqiçiləri -Viktor Kraus (bas) və Cim Keltneri (zərb alətləri) ritm seksiyasına dəvət etmişdir. Bu dəfə daha bir "qəribə görüş" baş vermişdir - "Gone Just Like A Train" və "Good Dog, Happy Man" albomları işıq üzü görmüşdür. Əslində tipik rok-ritm qrupu ilə Frizellin meditativ caz gitarasının birləşdirilməsindən nə alınmalı idi? Bəlkə caz-rok? Əsla yox - həmişəki kimi gözlənilməz bir şey alındı. Bu qrupun ifası aşkar duyulan blüz çalarları kəsb etmişdir, bir qədər quru təsir bağışlayan ritmik sxemlər aydın və demək olar ki, həmişə saf, təhrif edilməmiş gitara saundu üçün bu dəfə bir növ astar rolu oynayır. Akustik gitaranın gözlənilməz imkanları - cingiltili, "şirəli", demək olar ki, klassik sədaları diqqəti cəlb edir. Bu albomda yalnız Bill Frizellin asanlıqla tanınan musiqisinin siması qalmışdır. Bill nə ifa etməsindən asılı olmayaraq bütün səsləri özününüləşdirir - hər not bir qədər fleqmatik - nostalji duyğular oyadır və hər notun mənası var. Frizellin devizi dəyişməz qalır - ifada heç bir artıq məqam olmamalıdır. Ümidvarıq ki, biz onun yaradıcılığının yeni cəhətləri ilə hələ çox rastlaşacağıq.

Yevqeniy Dolqix