ORKESTR, MUSİQİ!

Jurnalımızın keçən nömrəsində dərc edilmiş "Orkestrə rekviyem" adlı məqalədə biz ölkəmizdəki estrada-simfonik orkestrlərin qarşılaşdığı problemlər haqqında söhbət açmışdıq. Həmin məqalə ictimaiyyətdə, xüsusən yaradıcı mühitdə geniş rezonansa səbəb olmuşdur. Biz də bunu nəzərə alaraq, mövzunu davam etdirməyi qərara aldıq. İctimaiyyətin diqqətini bu kollektivlərin taleyinə yönəltməsi tezliklə, bəlkə də lap yaxın vaxtlarda, necə deyərlər, musiqiçilərin küçəsində də bayram olacağına ümid etməyə əsas verir. Bizim estrada orkestrlərinin keçmiş şöhrətini necə qaytarmaq olar? Paytaxt meriyasının Mədəniyyət İdarəsinin başçısı Həsənağa Qurbanovla söhbətimiz bu barədədir.

Siz orkestrlərin qarşılaşdığı problemlər barədə, necə deyərlər, uzaqdan-uzağa eşitmiş adamlardan deyilsiniz. Belə bir klassik suala Siz necə cavab verərdiniz: yaranmış vəziyyətin təqsiri kimdədir və indi nə etməliyik?


Bizim estrada-simfonik orkestrlərinin gələcəyi haqda danışmaq, bu barədə müəyyən proqnozlar vermək üçün əvvəlcə onların keçmişinə müraciət etmək, bu kollektivlərin indiyə qədər keçdikləri yola bir daha nəzər salmaq lazımdır. 1975-ci ildə mən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin gənclər redaksiyasında estrada-simfonik orkestr yaratmışdım. Əvvələn onu qeyd etməliyəm ki, o dövrün musiqiçiləri çox təşəbbüskar idilər. Bizim məşqlər indiki Əbilov adına mədəniyyət sarayında keçirdi. O dövrdə "caz" anlayışı nəfəs alətləri ilə identifikasiya edilirdi. Yeri gəlmişkən, mən indi də bu fikirdəyəm ki, nəfəs alətləri - caz musiqisinin əsas elementidir. Sonradan Tofiq Əhmədovun rəhbərliyi ilə simli alətlər orkestri yaradıldı və mənim musiqiçilərimin bir qismi həmin orkestrə keçdi. "Aygün" adlı xalis caz orkestrini də mən yaratmışdım. Bu hadisə mənim "Dan ulduzu" orkestrinə rəhbərlik etdiyim dövrə təsadüf etmişdi. Biz əsasən şəhər klublarında konsertlər verirdik. Orada çox istedadlı ifaçılar vardı. İndi nəfəs alətlərində çalan yeni musiqiçilər nəsli yetişdirilməsinə dövlətimizin xüsusi diqqət yetirməsi çox təqdirəlayiq faktdır.

SSRİ-nin dağılması ilə əlaqədar yaranmış iqtisadi və sosial sarsıntılar onunla nəticələndi ki, caz ifa edən bir sıra istedadlı, qabiliyyətli musiqiçilər ölkəmizdən köçüb getdilər. Bu fakt həm simfonik orkestrə, həm də estrada orkestrinə neqativ təsir göstərdi. Az.TV-də Dövlət caz orkestri yaranana qədər Dövlət Filarmoniyasında caz orkestri fəaliyyət göstərirdi, sonra isə "Bakının işıqları" orkestri yaradıldı. Həmin kollektivdə çalışan Zaur Nurullayev, Natəvan Şeyxova və başqa solistləri yaxşı xatırlayıram.

İndi də bugünkü vəziyyət barədə. Sizin məqalədə toxunduğunuz məsələləri mən iki il bundan əvvəl qaldırmışam. Əsas ideya şəhər meriyasının mədəniyyət idarəsi nəzdində caz orkestri yaratmaqdan ibarətdir. Lakin burada bir ciddi problem var - orkestrin üzvlərinə bizim təklif edə biləcəyimiz maaş onları qane etməyəcək. Bir daha deyirəm, bu məvacib onları heç bir halda qane etməyəcək. İş burasındadır ki, bizim ölkəmizdə dövlət səviyyəli və şəhər miqyaslı mədəniyyət obyektləri var. Məsələn, Opera və Balet Teatrı və simfonik orkestr - dövlət əhəmiyyətli, amma, məsələn, Cənnət Səlimovanın teatrı, yaxud "Cəngi" folklor ansamblı - paytaxt səviyyəli kollektivlərdir. Birinci halda işçilərə maaşlar daha yüksək kateqoriya üzrə, ikinci halda isə nisbətən aşağı kateqoriya üzrə ödənilir. Beləliklə, meriyanın öz vəsaitləri hesabına həmin caz orkestrinin saxlanması çətin olacaq. Gəlin realist olaq. Caz orkestri elə bir strukturdur ki, orada yaxşı maliyyə təminatı olmalı, müasir maddi-texniki baza yaradılmalıdır. Buraya kostyumlar, çalğı alətləri, not ədəbiyyatı, aranjimançılar və başqa məsələlər də daxildir. Mənim başqa bir təklifim var. Şəhərimizdə Bakı Musiqi Ansamblları Birliyi mövcuddur və bu Birlik real fəaliyyət göstərir. Orkestrlərdən birini, necə deyərlər, ictimai əsaslarla həmin Birliyin himayəsinə vermək, sonra isə onlar üçün sponsorlar axtarmaq olar. Zənnimcə, sahibkarlar bu işdə köməklərini əsirgəməzlər. Bu - orkestrləri "üzdə saxlamaq" probleminin həll variantlarından biridir.
Digər tərəfdən, təəssüflə də olsa, etiraf etməliyik ki, bizim estrada orkestrlərinin indiki səviyyəsi onların paytaxtımızı, xüsusən ölkəmizi təmsil etmələrinə imkan vermir. Bugünkü orkestrlərin səviyyəsi əvvəlki illərdə olanlarla müqayisədə xeyli aşağıdır. Caz ifa edən musiqiçilərin yeni nəslinin yetişdirilməsi, nəfəs alətlərində çalan istedadlı sənətkarların ənənələrinin davam və inkişaf etdirilməsi üçün dövlətimiz də zəruri addımlar atır. Yeri gəlmişkən, çox sevindirici haldır ki, nəfəs alətlərində və simli alətlərdə çalan ifaçılara musiqi məktəblərində xüsusi əlverişli şərait yaranmışdır: bu ifaçılar konservatoriyada test yoxlamalarından və musabiqələrdən azad edilmişlər. Bu gün Konservatoriyaya daxil olan gənclər 10-15 ildən sonra müvafiq orkestrlərdə çalacaqlar.

Mən meriyamızın öz caz orkestri olması təklifinə ürəkdən tərəfdaram. Axı, Bakı caz şəhəridir. Burada gözəl ənənələr var. Keçmiş SSRİ məkanındakı bütün caz kollektivlərinin heyətində bakılı ifaçılar var. Açığını deyim ki, vaxtilə biz Tofiq Əhmədovun orkestrini ciddi qəbul etmirdik. Lakin indi onların ifasını dinləyəndə etiraf etməli oluruq ki, bu, əsl caz sənəti idi. Qara Qarayev, Xəyyam Mirzəzadə kimi bəstəkarların həmin kollektiv üçün musiqi yazması faktı çox şeydən xəbər verir. Büdcəmiz imkan versə, 2006-cı ildə biz yeni caz orkestri yaradacağıq. Bu kollektiv geniş miqyaslı müsabiqə əsasında formalaşacaq və zənnimcə bu, yüksək peşəkar səviyyəli biq-bend olacaq. Az.TV-nin orkestrinə və "Arena" kollektivinə gəldikdə isə mən həmin kollektivlərin dağılacağını güman etmirəm. Əvvələn, Az.TV səhmdar cəmiyyətinə çevrilmişdir. Bu fakt maliyyələşdirmə üçün yeni imkanlar yaradır. İkincisi, gələn ildən etibarən hər iki kollektivin musiqiçilərinin məvacibləri artırılacaqdır. Üçüncüsü, Bakı - Tbilisi - Ceyhan marşrutu istifadəyə veriləndən sonra orkestrləri lazımi səviyyədə saxlamaq üçün ölkəmizin kifayət qədər vəsaiti olacaqdır. Lakin mən gənc musiqiçilərə bir iradımı bildirmək istəyirəm. Biz cavan vaxtımızda puldan daha çox, məhz sənət xatirinə, musiqi xatirinə ifaçılıqla məşğul olmağa hazır idik. Təəssüf ki, indi belə hallara az-az rast gəlirik. İndi musiqiçilərə hər hansı təklif ediləndə dərhal soruşurlar: bizə nə qədər pul verəcəklər? Sozümün canı ondadır ki, pul qazanmaq istəyi yaradıcılıqdan üstün tutula bilməz. Elə vaxtlar olub ki, biz tələbə təqaüdümüzün az qala hamısını "musiqi köçürənlərə" vermişik. Bu mənada, Az.TV orkestrinin musiqiçiləri, sadəcə olaraq, bir qədər səbirli olmalıdırlar.

Sizin fikrinizcə, maliyyə problemləri bizim gənc musiqiçilərin başqa ölkələrə axışmasına gətirib çıxarmayacaq ki?

Bilirsinizmi, biz çox vaxt öz musiqiçilərimizin imkanlarını şişirdirik. Cazı, necə deyərlər, nota əsasən, musiqi duyumunun hesabına çalmaq mümkün deyil. Bu musiqi - ifaçının qəlbindən gəlməlidir, amma musiqiçilərin heç də hamısı bu cür çalmağı bacarmır. Bəzi ifaçılar elə ilk uğurlardan dərhal sonra özlərini hamıdan üstün hesab edirlər. Biz çox vaxt musiqiçiləri əslində layiq olduqlarından yüksək qiymətləndiririk. Belələri bəzən xarici ölkələrə gedir və orada istədiklərinə nail ola bilmirlər. Mən öz tərəfimdən söz verirəm ki, bizim estrada orkestrlərinə necə kömək etmək barədə təşəbbüslə çıxış edərək, real və konkret təkliflərimi bildirəcəyəm. İndi estrada musiqisinə münasibət əvvəllər olduğundan tamamilə fərqlənir. Əvvəllər bəstəkarlar və məmurlar estrada musiqisinə, o cümlədən caza, necə deyərlər, "yüngül" janr kimi münasibət bəsləyirdisə, indi estrada musiqisi milli mədəniyyətin mühüm elementi hesab edilir. Şəxsən mən bu fikirdəyəm ki, simfonik orkestrdə ifaçılıq estrada orkestri ilə müqayisədə daha asandır. Eyni bir caz partiyasının ifa olunmasını həm simfonik orkestrin, həm də estrada orkestrinin kollektivinə təklif etsəniz, simfonik orkestrin musiqiçiləri ciddi musiqi ifa edəcəklər, estrada orkestrinin üzvləri isə bütün lazımi ştrixləri və müvafiq üslubu nəzərə alaraq, həmin əsəri necə lazımsa elə çalacaqlar. Dörd ildir ki, mən bu vəzifədə işləyirəm və görürəm ki, əvvəllər həlledilməz hesab olunan problemlər tədricən həll edilir. Güman edirəm ki, mədəniyyət məsələlərinin həlli get-gedə sürətlənəcəkdir. Xüsusən ona görə ki, orkestrlərin taleyi bizim jurnalistləri də narahat edir.

Ceyhun Nəcəfov