Caz lüğəti

Daun Bit (İngiliscə down - aşağıda, beat - zərbə, nəbz, döyüntü deməkdir) - caz frazasının bir növü. Bu halda sərbəst artikulyasiya edilən ritmik qrupların daxilində taktların əsas hissələrinə diqqət cəlb edilir. Bu metod eyni bir çalğı alətinin partiyasında eyni zamanda həm qraund-biti (gizli şəkildə), həm də off-biti birləşdirməyə imkan verir.

Derti-ton (ingiliscə dirty - saf olmayan deməkdir) - afro-amerikan musiqisində və cazda intonasiyanın spesifik tipidir. Səsin yüksəkliyinin son dərəcə qeyri-sabit (labil) olması, genişliyi və tez-tez vibrasiya etməsi, yüksək dinamikliyi və gərginliyi, aşkar ifadə olunmuş ekstatik xarakteri ilə fərqlənir. Öz mənşəyinə görə zəncilərin dini mərasimləri ilə bağlıdır. Şaut-oxumanın ayrılmaz tərkib hissəsidir. Hot-cazda (həm vokal, həm də instrumental variantlarda) bəzən ona yaxın olan başqa ifadə vasitələri ilə (off-pitç, "blüz tonları", qraul-effektlər, sket və s.) birgə tətbiq edilir.

Caq (ingiliscə Jug - kuzə, su qabı deməkdir) - Qərbi Afrika mənşəli zəncilərin arxaik musiqi aləti. Folklor ansambllarında ritm-funksiyada və ya səsin gücləndirilməsi üçün rezonator kimi istifadə edilən dar boğazlı qabdır. Çox vaxt bas aləti kimi tətbiq edilir. Cənubi və Mərkəzi Amerikada, xüsusən Vest-İndiyada daha geniş yayılmışdır. Şimali Amerika zənciləri bu alətdən çox vaxt blüz oxumalarını və rəqsləri müşayiət məqsədilə istifadə edirlər.

"Filarmoniyada caz" / Jazz at the Philharmonic (müxtəsər şəkildə JATP) 1942-ci ildə Los-Ancelesdə impressario Norman Qrants tərəfindən yaradılmış caz konsert təşkilatı. Onun fəaliyyətinin əsas məqsədlərindən biri aparıcı caz musiqiçilərinə flarmoniyanın konsert salonlarında müntəzəm çıxış etmək imkanı yaratmaqdan, eləcə də caz kollektivlərinin və solistlərin ABŞ-da və xarici ölkələrdə qastrol çıxışlarını təşkil etməkdən ibarətdir. Müasir dövrdə "Filarmoniyada caz" və ya "Filarmoniya cazı" anlayışı daha geniş mənada tətbiq edilir və bütün müasir konsert caz musiqisinə aid edilir.
"Caz erası" ("Caz əsri") / Jazz Age - təqribən 1917-1929-cu illəri əhatə edən dövrün (Birinci Dünya müharibəsinin başa çatmasından ABŞ-da iqtisadi böhrana qədər) şərti adı. Bu dövrü "caz əsri" adlandıran Amerika yazıçısı Frensis Skott Fitscerald olmuşdur ("Tales of the Jazz Age" kitabı, 1922). Cazın sensasiyalı "kəşfi" bu dövrlə bağlıdır. Həmin illərdə caz çox güclü tərəqqi etmiş və geniş yayılmışdır. Xronoloji baxımdan həmin dövr klassik cazın süqutu və "svinq erası"na keçidin başlanması ilə bir vaxta düşür.

Caz-rok - caz ilə rok musiqisinin sintezi əsasında yaranmış stil istiqaməti. 60-cı illərin axırlarında caz-rok öz inkişafının zirvəsinə çatmışdır (fri-caz musiqiçilərinin təşəbbüsü ilə keçirilmiş ilk eksperimentlər 50-ci illərin axırlarına aiddir).

Cayv (Amerika slenqində çərənçilik, jarqon deməkdir) - bu terminin bir neçə mənası var: 1) caz anlayışının sinonimi; 2) mətndə müxtəlif "qadağan edilmiş" mövzulara, məsələn seks, alkoqolizm, narkomaniya, cinayətkarlıq və sair mövzulara toxunmağa imkan verən simvolik blüz dili; 3) svinq dövründə biq-bend tərəfindən harlem campı manerasında ifa edilən musiqinin, eləcə də bu stillə bağlı olan populyar rəqslərin adı; 4) caz musiqiçilərinin və caz həvəskarlarının jarqonu.