Çik Koria Xabbardı təbliğ edir

Əfsanəvi caz pianoçusu Çik Koria fevralın 12-də Hollivudda öz qrupu və ispaniyalı flamenko rəqqası Oksi Fernandes ilə birlikdə xüsusi sərbəst konsert vermişdir. Müqəddəs Valentin Günü münasibətilə təşkil edilən bu konsertdə maestro özünün "The Ultimate Adventure" (Concord Records, 2006) adlı ən yeni albomundan ispan, Şimali Afrika və Yaxın Şərq melodiyalarının ekzotik qarışığı olan kompozisiyalar ifa etmişdir. Korianı bu işə ruhlandıran - onun mənəvi atası Ron Xabbardın fantastik romanı olmuşdur. Yeni albomla əlaqədar Xabbardın kitabının yeni nəşrini buraxmaq nəzərdə tutulur. Koria sayentologiya elminin banisi olan Xabbardın yaradıcılığına ikinci dəfədir ki, müraciət edir. 1980-ci ildə o, "To the Starst" proqramı üçün öz "Elektric Band" adlı qrupunu bərpa etmişdi. Yeni albomda Korianı fleytaçı Hyubert Lous, perkussiyaçı Ayrto Moreyra, basist flamenko Karles Benavent, misirli perkussiyaçı Hossam Rəmzi, saksofonçu Tim Harland, perkussiyaçı Ruben Dantas, zərb alətlərində çalan Tom Brextleyn, Stiv Qgdd və Vinni Kolaöta, saksofonçu Xorxe Pardo və gitaraçı Frenk Qembeyl kimi məşhur sənətçilər müşayiət etmişlər.

Nora Cons böyük kinoda çəkiləcəkdir

Music.com.ua portalı "Jam Showbiz" saytına istinadən bildirir ki, amerikanın populyar caz müğənnisi Nora Cons (Norah Jones) böyük ekranda ilk dəfə çəkilməyə hazırlaşır: bu müğənniyə honkonqlu tanınmış rejissor Vonq Kar-vayın yeni filmində bir rol təklif edilmişdir. İşçi adı "My Blueberry Nights" olan bu film Kann festivalında "Happy Together" (1997) və "In The Mood For Love" (2000) lentlərinə görə "Qızıl Palma Budağı" mükafatına layiq görülmüş rejissorun ingilis dilində çəkilən ilk filmi olacaqdır. Yeni filmin mövzusu hələlik məxfi saxlanılır. Vonq Kar-vay öz filmlərini təsdiq edilməmiş ssenari üzrə çəkməyə üstünlük verməsi ilə məşhurdur. Şou-biznes insayderlərinin dediyinə görə, bu dəfə də belə olacaqdır.
Filmin aktyor heyəti də hələlik məlum deyil. İndiyə qədər namizədliyi təsdiq edilmiş yeganə ifaçı hindistanlı məşhur sitaraçı Ravi Şankarın qızı, 8 dəfə "Qremmi" mükafatına layiq görülmüş Nora Consdur.
Sözügedən lentdə Nora Consun musiqisinin səslənib-səslənməyəcəyi hələ məlum deyil.

Yavada caz festivalı

Martın 3-dən 5-dək İndoneziya paytaxtında sayca ikinci caz festivalı (Jakarta International Java Jazz Festival) keçirilmişdir. Bu festivallardan birincisi 2005-ci ildə Cakartada keçirilmişdir. Bu dəfəki festival həm ölkənin mədəni həyatında böyük bir hadisəyə çevriləcək, həm də Cakarta Asiyanın ilk caz paytaxtları sırasına daxil olacaqdır.
Üç gün davam edəcək festival müddətində on beş konsert meydançasında caz, pop, rok, soul, ritm-ənd-blüz, qospel, etnik musiqi və başqa janrları təmsil edən yüzdən çox ansambl və minə yaxın musiqiçi çıxış edəcəkdir. Festivalın əsas ulduzlu qonaqları arasında Patti Ostin, Dave Koz Rendezvous All Stars, Tower of Power, Take 6, Brand New Heavies, Kool & the Gang kimi sənətçilər və kollektivlər var. Bundan əlavə, Bob Ceyms, Corc Dyuk, Li Ritenauer, Duq Kemeron, Vini Valentino, Ad Colen Jazz Quartet, Piere Dorge's New Jungle Orchestra və başqa tanınmış sənətçilər və kollektivlər də Yavaya gələcəklər.
Təbii ki, indoneziyalı ən yaxşı caz musiqiçiləri - vokalçı Rut Saxanayya, pianoçu Bubi Çen, həmçinin öz musiqisində baliya qameranlarının ənənələrini cazla birləşdirməsi ilə seçilən Ay Vayyan Balavan, yerli ritm-ənd-blüz kralı Qlenn Fridli və başqaları da bu Festivalda təmsil ediləcəklər.. Bundan əlavə, İndoneziyanın etnik və mədəni baxımdan spesifik bir guşəsi olan Mollüsk adalarının musiqisi ayrıca bir proqramda təmsil ediləcəkdir. Festivalın ən məşhur qonaqları yerli sənətçilər üçün ustad dərsləri keçəcək, həmin sənətçilərlə birgə cem-seyşnlərdə çıxış edəcəklər.

New Orleans Jazz and Heritage Festival

Katrin qasırğasının kədərli nəticələrinə baxmayaraq, bu ilin baharında Nyu-Yorkda ənənəvi musiqi və caz musiqisi festivalı (New Orleans Jazz and Heritage Festival) keçiriləcəkdir. "Associated Press" agentliyinin verdiyi məlumata görə, festival dövründə çoxsaylı caz kollektivləri "Fair Grounds" ippodromunun meydançasında yerləşən bir neçə səhnədə eyni vaxtda çıxış edəcəklər. Festival iştirakçılarının dəqiq siyahısı hələ müəyyən edilməmişdir. Lakin bir məsələ dəqiq məlumdur ki, ritm-ənd-blüzün əfsanəsi sayılan, əslən Luiziana ştatından olan 78 yaşlı müğənni və pianoçu Fets Domino (Fats Domino) həmin festivalda çıxış edəcəkdir. Əvvəlki illərdə olduğu kimi, bu dəfə də turistlər cazın Məkkəsi sayılan Orleandan olan tanınmış musiqiçilərin əksəriyyətinin çıxışlarını dinləmək imkanı əldə edəcəklər. Əsas çıxışlar aprel ayının son həftəsinin və may ayının ilk həftəsinin istirahət günlərində nəzərdə tutulmuşdur.
Təşkilatçılar bu il çox çətin bir məsələ ilə üzləşmişlər: iş burasındadır ki, qasırğa nəticəsində evləri dağılmış caz ulduzları ABŞ-ın müxtəlif ştatlarına köçüb getmişlər və indi onları Orleana toplamaq heç də asan deyil. Festivalın təşkilatçıları deyirlər: "Bu festival minlərlə yerli musiqiçi, aşpaz və sənətkarlar üçün birbaşa onların evinə gələn bayrama çevriləcəkdir".

Keyko Matsui Kiyevdə və Riqada çıxış etmişdir

Yaponiyalı məşhur caz pianoçusu Keyko Matsui (Keiko Matsui) fevralın axırlarında Kiyevə növbəti səfər etmişdir. Aktrisa fevralın 26-da Beynəlxalq Mədəniyyət və İncəsənət Mərkəzinin binasında (keçmiş Oktyabr sarayında) çıxış etmişdir. Keyko Matsuinin Ukraynaya bu dəfəki səfəri sayca üçüncüdür. O, ilk dəfə 2003-cü ilin dekabr ayında, ikinci dəfə isə 2005-ci ilin aprel ayında Kiyevdə konsertlər vermişdir. İlkin plana görə, həmin konsert 2004-cü ilin dekabr ayında olmalı idi, lakin seçkilər ərəfəsində ölkədə sabitlik pozulduğuna görə təşkilatçılar bu konsertin vaxtını dəyişməyə məcbur olmuşlar.
Keyko Matsui öz pərəstişkarlarını "The Walls Of Akendora" ("Akendora divarları") adlı yeni albomundan seçmə kompozisiyalar əsasında hazırlanmış proqramla sevindirmişdir.
Fevralın 28-də - Riqaya səfəri ərəfəsində Keyko Riqada çıxan "Ças" qəzetinə müsahibə vermişdir. Keyko demişdir: "Akendora - mənim möcüzəli ölkəm, xəyali şəhərimdir. Onun adının heç bir mənası yoxdur. Sadəcə olaraq bu ad mənim xoşuma gəlir. Burada tam harmoniya hökm sürür. Yeni albom səs zarisovkaları silsiləsidir. Mən Akendora şəhərini bu yolla təsvir etməyə çalışıram. Müxtəlif üslublarda hazırlanmış bu zarisovkaların əsasını klassik musiqi elementləri ilə zəngin olan müasir caz təşkil edir, lakin mən rok və fank üslublarından da istifadə edirəm. Musiqinin real cizgilər kəsb etməyə başlaması üçün müğənni öz daxilində səslənən musiqini uzun müddət dinləməlidir. Kompozisiyaya müğənninin öz enerjisi, öz qəlbinin bir hissəsi daxil edilməlidir. Mənim nəzərimdə musiqi - dua oxumaq kimi müqəddəs bir məşğuliyyətdir".

Bakı Caz Mərkəzində Rafiq Babayevi anma tədbiri keçirilmişdir

Martın 30-da Bakı Caz Mərkəzində Azərbaycanın əfsanəvi caz pianoçusu, bəstəkər və aranjimançı Rafiq Babayevi anma gecəsi keçirilmişdir. R.Babayevin dostlarının, yaxınlarının və sadicə olaraq onun yaradıcılığının pərəstişkarlarının dəvət edildiyi gecədə şəyatdan vaxtsız getmiş bu sənətçinin həyat və fəalliyəti barədə film nümayiş etdirilmişdir.

Ornett Koulmen Berkli Musiqi Kollecinin fəxri doktoru seçilmişdir

Fri-cazın banilərindən biri olan bəstəkar və saksofonçu Ornett Koulmen (Ornette Coleman) Berkli Musiqi Kollecinin (Berklee College of Music) fəxri doktoru seçilmişdir. Yanvarın 16-da kollecin prezidenti Rocer Braun Ornett Koulmenə musiqi üzrə fəxri doktor dərəcəsi verilməsi barədə diplomu ona təqdim etmişdir. Təntənəli mərasimdə iştirak edən Qreq Osbi və Koulmenin kohnə dostu, fortepiano sinfinin professoru Co Ann Breken Ornettə musiqili təbriklərini səsləndirmişlər.
Koulmenin 1959-1961-ci illərdə yazdırdığı çoxsaylı disklər caz aləmində əsl çevriliş etmiş, avanqard cazın çoxsaylı nümayəndələrinə çox güclü təsir göstərmişdir. Sonradan Koulmen skripkada çalmağı öyrənmiş və bu alətdə zərb alətində olduğu kimi ifa etməyə başlamışdır, daha sonra isə truba çalmağı da mənimsəmişdir. 1965-ci ildə Koulmen bu alətlərin hamısından istifadə etməklə öz ifalarından ibarət albom yazdırmışdır. 70-ci illərdə o, iki gitaraçı, iki elektrik bas-gitaraçı, zərb alətlərində çalan iki ifaçıdan ibarət olan və yeganə alt-saksofonçu kimi özünün daxil olduğu "Prime Time" adlı "ikiqat kvartet" yaratmışdı.
Hazırda Ornett Koulmen özünün "Sound Grammar" adlı leyblində "Live At Carnegie Hall, 2003" adlı yeni albom hazırlayır və eyni vaxtda musiqi nəzəriyyəsinə aid sayca üçüncü kitabı üzərində işləyir.