CƏMİL ƏMİROV

Əbədi ustad "Savab" qrupunun rəhbərinin fikrincə, Rafiq Babayev onun həyatında məhz belə bir rol oynamışdır

"Savab" caz qrupunun rəhbəri Cəmil Əmirov Azərbaycanın görkəmli musiqiçisi və bəstəkar Rafiq Babayevin yubileyinə həsr edilmiş musiqi albomu hazırlayır. Bu gün C.Əmirovla söhbətimiz həmin albom və müasir Azərbaycan cazının peripetiyaları barəsində olacaq:

Rafiq Babayevin yaradıcılığı - Azərbaycan cazında bütöv bir dövr deməkdir. Yəqin ki, onun bütün yaradıcılığını bir albomda əhatə etmək asan deyil…

Bu layihədə R.Babayevin fəaliyyətinin yalnız bir qismi, konkret desək, onun kinofilmlərə yazdığı musiqi öz əksini tapacaq. Yeddi diskdən ibarət olacaq albom üzərində gərgin iş gedir və bahara qədər bu iş başa çatmalıdır. Mən musiqi materialını Babayevlər ailəsinin üzvləri ilə birlikdə dinləyirəm və alboma məhz hansı nömrələri daxil etmək lazım olduğunu birlikdə qərara alırıq. Babayevin öz yaradıcılığı kimi, bu layihə də çox sanballı və geniş əhatəli olacaq. Seçim prosesi çox çətindir. Burada həm xalq mahnılarının işləmələri, həm instrumental xalq musiqisi, həm də estrada-simfonik musiqi cəmləşmişdir. Caz pərəstişkarlarını çoxlu sürprizlər gözləyir. Axı bəzi adamlar heç bilmirlər ki, onların sevimli kinofilmlərinə yazılmış və dəfələrlə eşitdikləri musiqinin müəllifi Rafiq Babayevdir. Onun yaradıcılığı hədsiz dərəcədə çoxcəhətlidir. Albom üzərində işləmək üçün materialları bizə "Azərbaycanfilm" kinostudiyası vermişdir. Bu iş nə qədər gərgin və çətin olsa da, bizə ləzzət verir, çünki Babayev çox gözəl musiqi yazmışdır.
Bu işlə eyni zamanda mən modelyer Leyla Əhmədovanın rəhbərlik etdiyi "İnterturan" Moda Evinin on illik yubileyi münasibətilə yeni geyim modellərinin nümayiş etdiriləcəyi təntənəli gecə üçün musiqi yazıram. Bu da çox maraqlı işdir. Bundan başqa daha bir neçə layihə var.

"Savab"da işlər necədir?

Caz musiqisi sənətçilərdən daim diqqət, fəallıq və hərəkət tələb edir. Burada, necə deyərlər, yerində saymaq olmaz, həmişə hərəkətdə olmaq lazımdır. İndi biz yeni bir proqram üzərində işləyirik. Bundan əlavə, təbii ki, "Bakı 2006" caz festivalına hazırlaşırıq. Əvvəllər olduğu kimi, qrupumuzun yeni proqramında da etnik caz istiqamətli musiqi səslənəcəkdir. Bu musiqi, öz dünyagörüşümə görə, mənə ruhən daha yaxındır.

Nə üçün Siz təkcə etnik caza üstünlük verirsiniz? Belə bir fikir yaranmışdır ki, biz təkcə folklor cazı hesabına çox uzağa gedə bilmərik, bu halda, necə deyərlər, öz odumuzda yanmalı olacağıq. Siz bu fikirlə razısınızmı?

Xeyr, mən elə hesab etmirəm. Məncə, etnik caz, xüsusən mənim çox xoşladığım caz-muğam, milli ənənələrə əsaslanan caz musiqisi çox perspektivli istiqamətdir. Yeri gəlmişkən deməliyəm ki, belə bir meyl hazırda bütün dünyada müşahidə olunmaqdadır: bu, bəzi yerlərdə daha güclü, bəzi yerlərdə isə bir qədər zəif hiss olunur. Etnik caz bizim mədəniyyətimizin vizit vərəqinə çevrilə bilər. Lakin, bundan ötrü vəsait lazımdır, musiqiçilərə yüksək səviyyədə kömək edilməlidir. Böyük uğurlar qazanmaq üçün yaradıcılıq qabiliyyətindən əlavə, bu işə kənardan sərmayə qoyulması da zəruridir.

Demək istəyirsiniz ki, hər şey pulla bağlıdır?

Xeyr, əlbəttə, hər işi təkcə pul gücünə həll etmək mümkün deyil. Lakin inkişaf etmək üçün bu da zəruri elementdir. Məsələn, reklam təşkil edilməlidir. Təkcə dövlət dəstəyindən söhbət getmir, burada xeyriyyəçilər də öz sözlərini deməlidirlər. Sənətin bu növünə işgüzar aləmi təmsil edən adamlardan yalnız bir nəfərinin diqqət yetirməsi bizə ağır gəlir. Prinsip etibarilə müxtəlif formalar tapmaq olar. Məsələn Moskvada Qnesinlər adına İnstitutun etdiyi kimi. Lakin obyektivlik naminə deməliyəm ki, hazırda ölkəmizdə caz sahəsində yaranmış vəziyyət bizim regiondakı qonşu ölkələrlə müqayisədə qat-qat yaxşıdır. Məni narahat edən - istifadə edilməli olan potensialdır. Bu potensialı reallaşdırmaq yalnız o halda mümkün olar ki, müvafiq şərait yaradılsın. Zənnimcə, milli cazın inkişaf etdirilməsi prosesinə ictimaiyyətin qoşulması vaxtı çatmışdır.

Cəmil Əmirov

Amma, məsələn Vaqif Mustafazadə indikindən qat-qat cüzi imkanlar şəraitində dünya caz sənətinin elitasına daxil ola bilmişdi. Uillis Konnover və Mariya Siliberti "bizim Vaqif"in kompozisiyalarını VOA ilə təqdim edəndə biz çox böyük qürur duyurduq. Axı, o, pulsuz-parasız, başqaları tərəfindən dəstəklənmədən, imic yaradılmadan, obrazlı şəkildə desək, bu qədər ucalıqda uçmağa müvəffəq olmüşdü...

İcazə verin, mən də bu suala obrazlı şəkildə cavab verim: Vaqif məhz o qədər ucalıqda uçduğuna görə az vaxtda "qanadlarını yandırdı": heç qırx il yaşamadı. Mustafazadənin sənət üçün etdikləri - əsl fədakarlıq nümunəsi idi. Belə adamlar təkcə cazda deyil, mədəniyyətin başqa sahələrində də var. Vaqif Mustafazadənin yaradıcılığı fədailik nümunəsi idi, öz zəmanəsi üçün çox böyük hadisə idi. Rafiq Babayev də onun kimi - o da folkloru çox gözəl, lakin tamam başqa səpkidə təqdim etməyi bacarırdı. Bu görkəmli yaradıcı şəxsiyyətlərin əməyinin bütün məhsulları bir-birindən gözəldir. Lakin onlar çox mürəkkəb şəraitdə işləməli olmuşdur. Vaqifi elə öz yaxınları məqsədyönlü şəkildə "qızışdırırdı". Son nəticədə isə o, Prometey kimi yanıb külə döndü. Sadəcə olaraq, ürəyi dözmədi. Bax, bu cür kədərli hadisələrin olmaması üçün caz musiqiçilərinə kömək etmək, onları azacıq da olsa, dəstəkləmək lazımdır. Bilirsinizmi, musiqiçilər təkcə caz ifa etməklə çörəkpulu qazana bilməzlər. Onlar əlavə işlərlə də məşğul olmağa məcburdurlar. Bu isə həmin sənətçilərin əslində caza sərf etməli olduğu vaxtını və enerjisini alır. Buna görə də ifaçılar öz qüvvələrini səpələməli olurlar - kimi çox, kimi az dərəcədə. Peşəkar səviyyədə yalnız bir işlə məşğul olmaq mümkündür, caz elə sənətdir ki, ifaçıdan özünü bütünlüklə bu işə həsr etməsini, fəadkarlıq göstərməsini tələb edir. Caz bazarı olmadığı şəraitdə isə bu mümkün deyil. Real vəziyyət caz sənətçilərini restoranda işləməyə, yaxud musiqinin başqa bir sahəsinə üz tutmağa vadar edir. Heç bilirsinizmi, biz məhz bu səbəbdən nə qədər istedadlı caz ifaçılarını itirmişik.


Mən çox istedadlı gənclərin, necə deyərlər, əriyib getməsini, bu sahədən uzaqlaşmasını ürək ağrısı ilə müşahidə edirəm. Sizin dediyiniz "öz odumuza yanmaq" məsələsinə gəldikdə isə, deməliyəm ki, bu, bizim musiqiçilərlə başqa ölkələrdən olan ifaçılar arasında əlaqələrin tənzimlənmə dərəcəsindən, gənclərin öz qabiliyyətlərini üzə çıxarmaları üçün əsl caz məktəbi yaradılmasından asılıdır. Məsələn, cem-seyşn - cazın inkişaf etdirilməsi üçün əlverişli mühitdir, amma təəssüf ki, bizdə cem-seyşnlər çox nadir hallarda təşkil edilir.

Siz Rafiq Babayevi yaxından tanıyırdınız. Sizin fikrinizcə, onun yaradıcılığında ən əhəmiyyətli məqam nədən ibarət idi? Onun arzusu nə idi?

Mən Rafiq Babayevi özümə mənəvi ata, ustad və eyni zamanda, dost hesab edirəm. Mənim bir caz musiqiçisi kimi yetişməyimdə onun çox əməyi və köməyi olub. Onun bir arzusu vardı: öz işi ilə rahatca məşğul olmaq, yaradıcılıq sərbəstliyi əldə etmək istəyirdi. Rafiq uzun müddət Rəşid Behbudovun teatrında işləmişdi. Orada isə bir qədər başqa qayda-qanunlar hökm sürürdü. Buna görə də Babayev oradan gedəndə hiss olunurdu ki, o bir qədər rahatlıq qazanmış, yaradıcılıq sərbəstliyi əldə etmişdir. Estrada-simfonik Orkestrin rəhbəri təyin ediləndə isə, necə deyərlər, uçmağa qanadı yox idi. Özünü çox bəxtəvər hesab edirdi. Lakin incəsənətin o dövr üçün müəyyən mənada qeyri-adi sayılan bu növü ilə məşğul olmasına yenə imkan vermirdilər. Sərbəstlik isə caz musiqiçisi üçün hər şeydən vacibdir. Mən Rafiq Babayevdən çox şey öyrənmişəm və onu xatırladıqca başa düşürəm ki, hələ daha çox şeylər öyrənəcəyəm. Ona xas olan ən əsas cəhət - hədsiz dərəcədə xeyirxah və saf insan olması idi. Mənim yaddaşımda o, nur mücəssəməsi kimi qalmışdır.

Amma Rafiq Babayevin dövründə caza maraq indikindən çox idi. Məsələn, o vaxt Bakıdakı bütün restoranlarda caz musiqisi ifa edilirdi…

Görünür, o vaxt "qadağan edilənlərə marağın daha güclü olması" effekti özünü göstərirmiş. Bu isə, avtomatik olaraq, caz janrının populyarlaşmasına gətirib çıxarmışdı. O dövrdə mövcud olan iş şəraitini indiki şəraitlə müqayisə etmək olmaz. İndi festivallar keçirilir, Caz Mərkəzi var, caz klubları var. Mənim fikrimcə, caz festivalı bizdə cazın inkişaf etdirilməsi üçün - həm musiqiçilər, həm də dinləyicilər üçün, bu janra istər təsadüfən, istərsə də qanunauyğun tərzdə maraq göstərənlərin hamısı üçün ən güclü stimuldur. Əlbəttə, istərdik ki, onların arasında təsadüfi adamlar az olsun. Caz - incəsənətin elə növü deyildir ki, tamaşa salonları ağzınacan dolu olsun, əgər zal yarıyacan doludursa, bu, çox yaxşı haldır. Necə deyərlər, az olsun, yaxşı olsun. Cazın təbliğ edilməsi məsələsi açıq qalır. Təəssüf ki, indi biz cazı ildə bir dəfə təbliğ edə bilirik. Sonra ona maraq azalır və bu vəziyyət ta növbəti festivala qədər davam edir. Buna görə də festivaldan əlavə, başqa tədbirlər də görülməlidir ki, caza maraq azalmasın. Restoranlarda caz ifası məsələsinə gəldikdə isə, musiqinin bu janrını sıxışdıran - başqa yönümlü musiqidir. Bu gün restoranlarda ifa edilən musiqiyə ad tapmaqda çətinlik çəkirəm. Onu "popsa" adlandırmaq düzgün olmaz, bu, nə isə başqa şeydir. Görünür, burada belə bir məqam var ki, tamaşaçılar həmin musiqini dinləmək istəyirlər.

Cəmil Əmirov

Bunu tamaşaçılar özləri istəyir, yoxsa onlara zorla qəbul etdirirlər?

Bu suala cavab vermək çətindir. Belə bir variant da mümkündür ki, adamların nə dinləməli olmasını onların əvəzindən bir başqası həll edir.

Sizin fikrinizcə, caz Azərbaycanda şou-biznesin tərkib hissəsinə çevrilibmi?

Əlbəttə, yox. Əks halda biz televiziya ekranlarından düşməzdik. Halbuki, bizi gecə saat dörddə göstərirlər, hələ buna görə də sağ olsunlar. Təəssüf ki, bəzi kütləvi informasiya vasitələri, cazdan uzaq olduqları halda, özləri caz formatından dəm vururlar. Həmin kanallarda 99% popsa musiqisi və cəmi 1% caz səsləndirilir. Amma bizə real təbliğat lazımdır. İnsanlar bilməlidirlər ki, müəyyən kanalda həmişə yaxşı caz musiqisi səsləndirilir. Mən hələ onu demirəm ki, məhdud auditoriya üçün nəzərdə tutulan musiqi də fərqləndirilməlidir. Avanqard cazdan əlavə, populyar caz musiqisi də var və məhz onun vasitəsilə daha çoxsaylı dinləyici auditoriyasının qəlbinə yol tapmaq olar. Əgər 10 nəfər bu musiqini dinləsə, ola bilsin ki, onlardan birinin xoşuna gələcək və bu, əsl təbliğat olacaq, amma təəssüf ki, bizim efirdə hələlik belə şeylər yoxdur. Səbəbini mən də bilmirəm. Başqa ölkələrdə onlarca caz radiosu var. Məsələn, bizdə muğam son zamanlar kifayət qədər peşəkar səviyyədə təbliğ edilir. Mən bunu ürəkdən alqışlayıram. Adamların çoxu muğam dinləməyə başlayıb. Bilirsinizmi nə üçün? Ona görə ki, bu musiqini ekranlardan kifayət qədər tez-tez eşitmək mümkündür. Musiqinin başqa janrlarını - cazı, klassik musiqini də bu qayda ilə təbliğ etmək olar.

Məni bağışlayın, amma Sizə bir qədər bayağı görünə biləcək bir sual da vermək istəyirəm. Öz əsərlərinizdən ən çox xoşladığınız hansıdır?

Bilirsinizmi, mən öz musiqimi dinləmirəm. Bəstəkar musiqini yazıb ərsəyə gətirincə onu o qədər eşidir ki, sonradan ona qulaq asmaq istəmir. Caz klassikasından mənim xoşladığım əsərlərə gəldikdə isə, bunlar Mayls Devisin və başqa nəhəng sənətkarların əsərləridir.

Ceyhun Nəcəfov