MARKUS MİLLER

Dmitri Podberyozkinin ("Jazz-Kvadrat") suallarına Markus Miller cavab verir.

Musiqiçi Milleri bizim ölkədə nisbətən yaxın vaxtlarda tanıyıblar. Sizin musiqi karyeranızın necə başlaması barədə bir qədər məlumat verə bilərsinizmi?

Mən bas-gitara çalmağa başlayanda 13 yaşım vardı. İki ildən sonra isə mən artıq peşəkarlarla çıxış edirdim. Mənim ilk tərəf-muqabillərim - fleytaçı Bobbi Hemfri və zərb alətlərində çalan Lenni Uayt olmuşdur. Mən həm də Mixal Urbanyak və Uolter Bişop (oğul) ilə birgə ifalar etmişəm.
19 yaşım tamam olanda mənə Nyu-Yorkda studiya musiqiçisi işini etibar etdilər. Mən Devid Senborn, Deyv Qruzin, Qrover Vaşinqton (oğul), Pol Saymon, Roberta Flek, Arita Frenklin, Stenli Tyurentin, MakKoy Tayner və Corc Benson kimi ifaçıların lent yazılarında iştirak etmişəm. Bundan əlavə, radio və televiziyada kommersiya verilişləri üçün musiqi ifa etmişəm, "Saturday Night Live" televiziya şousunun bendində də çıxış etmişəm. Sonra isə Mayls Devis mənə zəng etdi. O vaxt mənim 22 yaşım vardı, Devis isə o vaxt bas-gitara çalan ifaçı axtarırdı.

Markus Miller

Sizin şəxsi fikrinizcə, musiqinin bir istiqaməti kimi caz nə deməkdir?

Caz bir musiqi növü kimi 1900-cu ilin əvvəllərində Yeni Orleanda yaranmış, sonra Kinq Oliver, Luis Armstronq, Cimmi Lansfordun və Kaunt Beyzinin biq-bendləri, Ben Uebster, Çarli Parker, Dizzi Gillespi, Tellonius Monk, Mayls Devis, Con Koltreyn, Sonni Rollins, Herbi Henkok, Ueyn Şorter və Co Zavinul kimi sənətçilər vasitəsilə inkişaf etmişdir. Caz afro-amerika spiriçuelsinin, blüzün, eləcə də avropa mahnı formaları ilə amerika mahnı formalarının improvizəsinə əsaslanan musiqi kimi yaranmışdır. O vaxtdan bəri caz çox dəyişmiş və müxtəlif yeni elementlər kəsb etmişdir. Bu gün hətta Amerikanın ən son dövrə aid pop musiqisi ilə, ənənəvi hind musiqisi ilə əlaqədar olan caz da vardır. Müasir caz - çox geniş anlayışdır, lakin hətta bugünkü cazda da, demək olar ki həmişə blüz və improvizə elementləri mövcuddur.

Markus Miller

Sizin fikrinizcə, 90-cı illərin caz musiqisinin ən parlaq və mühüm xüsusiyyətləri nədən ibarətdir? Hazırda ən çox maraq doğuran ifaçılar kimlərdir?

Mənim fikrimcə, 90-cı illərin cazının fərqləndirici xüsusiyyəti - erkən caza xas olan üslubların yenidən kəşf edilməsidir. Belə düşünürəm ki, bu gün caz öz inkişafının ikinci mərhələsindədir. Birinci mərhələ yeniliklər kəşfinin fasiləsiz zənciri ilə əlaqədar idi. İkinci mərhələ - olanları tərk etmək və qiymətləndirmək mərhələsidir. Bir sıra ustad sənətkarlar son yüz ildə yaranmış bütün bu ecazkar musiqini təhlili edərək özlərini həmin musiqinin qorunub saxlanmasına həsr etmişdi. Başqaları isə yeni səslənmə axtarışlarını davam etdirirlər. Məsələn, Ueyn Şorter - yeni minillikdə daim cazın yeni variantlarını axtaran sənətkardır. Sayrus Çesnat və Con Redman isə öz müəllimləri tərəfindən yaradılmış musiqinin qorunub saxlanması üçün çox böyük işlər görürlər.

Markus Miller

Müasir Amerika cazı ilə Avropa cazı arasında fərq varmı? Əgər varsa, bu fərq nədən ibarətdir?

Mənim fikrimcə, 30 il bundan əvvəl Amerika cazı ilə Avropa cazı arasında fərq daha ciddi idi. Caz elə musiqidir ki, ifaçı onu yaratmaq üçün öz keçmişini öyrənməyə və yeni musiqi yaratmaq üçün həmin keçmişdən istifadə etməyə məcbur olur. Avropa musiqisinin keçmişi Amerika musiqisindən tamam fərqli olduğuna görə, avropalı musiqiçilərin yaratdığı caz bu fərqi əks etdirirdi. Əlbəttə, bu ümumi qaydadan istisnalar da var, lakin bütövlükdə Amerika cazı daha çox blüz xarakteri daşıyır, Avropa cazında isə klassik musiqinin təsiri daha güclü hiss olunur. Bu gün dünyada əlaqələr çox gücləndiyi şəraitdə həm avropalılar, həm də amerikalılar hələ gənc yaşlarından başlayaraq, çox vaxt eyni musiqini eşidir, buna görə də onların yaratdığı cazda fərqlər xeyli azalmışdır.

Markus Miller

Siz bu fikirlə razısınızmı ki, müasir cazda elektron musiqi alətlərinin aşkar zorakılığı dövrü başlanır? Bəzən adama elə gəlir ki, təbilçilərin adlarını yaxın vaxtlarda musiqinin "Qırmızı kitabı"na daxil etmək lazım gələcək…

Mənə elə gəlir ki, musiqi yaratmaq üçün sizin sərəncamınızda olan bütün vasitələrdən istifadə etmək olar. Akustik alətlərdə çalmağı öyrənmək üçün də vaxt lazım olduğu kimi, elektron musiqi alətlərini lazımınca mənimsəmək üçün də müəyyən vaxt tələb olunur. Musiqiçilərin çoxu elektron alətlərdə çalmağı əməlli-başlı öyrənməmiş onları tətbiq etməyə başlayır. Bu halda elektron alətlər özləri musiqiçini öyrədir.
Mənim fikrimcə, indi akustik alətlərin daha geniş tətbiq edilməsi meyli yaranmışdır.

Siz hansı firmanın istehsal etdiyi musiqi alətlərinə üstünlük verirsiniz və sizin seçiminiz nə ilə şərtlənmişdir?

1977-ci ildə anam mənə "Fender Jazz Bass" almışdı. Mən əsasən məhz həmin alətdə çalıram. O, hər mənada yaxşıdır: həm müxtəlif üslublarda yaxşı səslənir, həm də möhkəmdir. Mənim həmin alətdən aldığım səs çox səciyyəvidir və bu alətdə çalmağı çox xoşlayıram. Tez-tez olmasa da, hərdənbir beşsimli "Sadowski Five String Bass" alətində də çalıram. Mənim ifa etdiyim bass-klarnet isə "Buffet" firmasının məhsuludur.
Markus Miller

Siz elə hesab edirsinizmi ki, blüz müasir cazın əsası olaraq qalacaqdır?

Müasir cazın əhatə dairəsi çox genişdir, lakin mənə belə gəlir ki, əksər hallarda blüz musiqidə emosiyaların başlıca mənbəyi olaraq qalır.

Markus Miller

Vaxtilə bi-bop və caz-rok ilə olduğu kimi, yaxın gələcəkdə cazda da inqilab olacağını gözləməyə dəyərmi?

Zaman dəyişdiyi kimi, musiqi də dəyişir. Musiqi isə, sadəcə olaraq, dünyada baş verənləri əks etdirir. Əgər mədəniyyət sahəsində ciddi dəyişikliklər baş verməyə başlasa, caz həmin dəyişiklikləri özündə əks etdirəcəkdir. Lakin bu şərtlə ki, caz kifayət qədər müasir səviyyədə qalsın, yeni musiqiçilər cazı özünüifadə üçün yararlı bir sahə hesab etsinlər. Əgər caz yalnız keçmişi əks etdirən tarixi musiqiyə çevrilsə, onda müasir musiqiçilər özlərinin daim dəyişən hisslərini ifadə etmək üçün başqa bir janr tapacaqlar, məsələn, rep, alternativ rok…

Markus Miller

Sizin fikrinizcə, müasir cazda kommersiyanın rolu nədən ibarətdir?

Əgər söhbət yaxşı səviyyədə olan kommersiya cazından gedirsə, o, öz qapılarını təsadüfi dinləyicilərin üzünə açacaqdır ki, belə dinləyicilər cazı daha dərindən qavraya bilsinlər. Lakin əgər kommersiya cazının keyfiyyəti aşağıdırsa, bu halda, hətta təsadüfi dinləyici bu cazdan ləzzət alsa belə, cazın daha mürəkkəb formalarını kəşf etmək imkanı onu heç vaxt ruhlandırmayacaq.

Markus Miller

Bu gün caz musiqiçisi kifayət qədər varlı adam ola bilərmi?

Əgər siz "kifayət qədər varlı" dedikdə elə bir səviyyəni nəzərdə tutursunuzsa ki, musiqiçi həmin səviyyəyə çatdıqda onun külli məbləğdə pulu olması musiqinin keyfiyyətinə təsir göstərməyə başlasın, onda, mənim fikrimcə, bu, konkret insandan asılıdır. Məsələn, Mayls 50-ci illərdə heç də pis qazanmırdı, amma onun musiqisi fantastik səviyyədə qalırdı. Yaxud Herbi Henkoku götürün: O, bu gün də gözəl musiqi yaratmaqda davam edir. Lakin elə musiqiçilər də var ki, onların nəzərində pul hər şeydən üstündür və belələri musiqini nə üçün ifa etdiklərini unudurlar.

Markus Miller

"Tutu" albomunu yazdırmaq ideyası necə yaranmışdı? Kimin kiminlə ifa edəcəyi barədə qərarı həmişə Mayls Devis özü verirdimi?

Eşitdiyimə görə, Mayls "Columbia" firmasından gedir və "Warner Bros" firması ilə kontrakt imzalayır. Mən "Warner"in prodüseri Tommi Lipuma ilə tanış idim. Buna görə də ona zəng edib soruşdum ki, Mayls üçün müəyyən kompozisiyalar lazımdırmı? Tommi Lipuma bu təkliflə çox maraqlandı və nəticədə biz Los-Ancelesdə mənim kompozisiyalarımı yazdırdıq. İki gündən sonra Mayls həmin yazıları dinlədi, bu yazılar onun xoşuna gəldi və Mayls işi davam etdirməyi təklif etdi. Nəhayət, o, öz trubasını da götürüb studiyaya gəldi və biz onun truba üçün partiyaları üzərində birgə işləməyə başladıq. Mən müxtəlif sənətçilərin ifa etdiyi partiyaları da bu musiqiyə əlavə etdim və həmin yazıları Mayls üçün səsləndirdim. Onun xoşuna gələn yazıları bir qədər də təmizləyir, sonra isə başqa bir şeyi sınaqdan keçirirdik.

Markus Miller

Mayls Devislə əməkdaşlıq bir ifaçı və bəstəkar kimi Sizə nə vermişdir? Mayls Devisin gənc musiqiçilərlə, cazda yeni nəslin nümayəndələri ilə münasibətləri necə formalaşırdı?

Mayls mənim daxilimdə səslənən musiqini bayıra çıxarmaq imkanı vermişdir. Mən Maylsın onu tənqid edənlərə məhəl qoymadan öz musiqisini necə yaratmasını müşahidə edirdim və bu, məni də eyni yolla getməyə ruhlandırırdı. Mayls mənim ondan ötrü musiqi yazdığım məcrada musiqi bəstələmək istəyimi dəstəkləyirdi. Əgər siz mənim musiqimi tədqiq etsəniz, Maylsın plastinkalarında mənim bəstəkarlıq üslubumun necə yaranmasını hiss edə bilərsiniz. Mayls caz musiqiçilərinin yeni nəslinin əksəriyyəti üçün, necə deyərlər, xaç atasıdır. Təfəkkürün kəskinliyi, hissiyyat, çeviklik, səmimiyyət kimi keyfiyyətlər baxımından onun tayı-bərabəri yox idi. Gənc musiqiçilər də məhz bu cür keyfiyyətlərə nail olmağa çalışırlar.

Markus Miller

Bizim ölkəmiz və xalqımız barədə nə bilirsiniz? Bizim caz pərəstişkarları sizinlə nə vaxt görüşəcəklərinə ümid edə bilərlər? Siz Moskvada çıxış etməyi planlaşdırırsınızmı?

Mən Moskvada çıxış etmək istərdim. Orada olmuş musiqiçilərin dediyinə görə moskvalı tamaşaçılar təşəbbüskarlıqları ilə fərqlənir. Mən 1998-ci ildə Rusiyaya səfər etmək ümidindəyəm, qoy bizim necə ifa etdiyimizi hamı eşitsin!