OLEQ LUNDSTERM

"Musiqi məvacibə dəyişmərəm"

Oleq Lundstrem vəfat etmişdir. Hal əhli üçün o, əfsanəvi insan idi. Deyilənə görə 1930-cu illərdə - Mancuriya yaponlar tərəfindən işğal edilməzdən əvvəl Oleq Lundstremin caz-bendi İmperatorun son müsamirəsində çıxış etmişdi. Az sonra hökmdar ölkədən qaçmışdı. Oleq Lundstrem isə özünün indi dünyada ən qocaman caz orkestri olan kollektivi ilə birlikdə bizim zəmanəyə qədər çıxış edirdi. Ötən il "Triumf" mükafatına layiq görünmüş ağsaqqal sənətçinin 89 yaşı vardı.

"Casus skripkaçı"
Lundstrem Moskva ətrafında, xalq arasında "artistlər qəsəbəsi" deyilən Valentinovkada yaşayırdı. Evdə olarkən əyninə yaşıl rəngli çin xalatı geyir, əlinə dəstəyi qartal başı şəklində olan antikvar əsa alırdı.
O, Çitada həvəskar musiqiçilər ailəsində anadan olmuşdur. Lundstremin ulu babası əslən İsveçdən olan meşəçi alim, çar Rusiyası dövründə Zabaykalye meşələrinin "müdiri" idi. Oleqin beş yaşı olanda onun atasını Şərqi Çin dəmir yolunda müəllim işləməyə dəvət etdilər və Oleq də valideynləri ilə birlikdə Xarbinə köçüb getdi. Oleqin on yeddi yaşı olanda bir dəfə musiqi malları mağazasında Ellinqtonun "Xeyirxah qoca cənub" adlı plastinkasına, sonra isə Lui Armstronqun bir plastinkasına rast gəlir və o vaxtdan caz janrı onu "xəstələndirir".

Oleq Lundstrem

1935-ci ildə Lundstrem və onun musiqiçilərindən iki nəfəri yapon hərbçilərindən xilas olmaq üçün Şanxaya "kəşfiyyata" gedir. Həmin dövrdə Şanxayda bir-biri ilə rəqabət aparan 40 biq-bend vardı, lakin "Ataman Oleq Lundstrem adına gənc ürəkçalanlar orkestri" dərhal diqqəti cəlb edir. Şanxayın kütləvi informasiya vasitələri Lundstremi "Uzaq Şərq cazının kralı" adlandırırdı. Müharibədən sonra Oleq Lundstrem Sovet İttifaqına köçüb gəlir. O SSRİ-yə yola düşməzdən əvvəl konsulluğun əməkdaşları ona eyhamla bildirmişdilər ki, Moskvada "şanxaylıları" yapon casusları hesab edərək güllələyə bilərlər. Lundstrem bu xəbərdarlığa əhəmiyyət vermədi və Kazanda məskunlaşdı. Lakin Mərkəzi Komitənin bir qərarı aləmi bir-birinə qarışdırdı: belə çıxırdı ki sovet xalqına caz lazım deyil. Oleq Lundstrem yerli Opera və Balet Teatrında skripkaçı kimi fəaliyyətə başladı. Yalnız doqquz ildən sonra caz açıq fəaliyyətə başladı və sonrakı 40 ildə Lundstrem bütün dünyanı gəzib dolaşdı. Alla Puqaçova, İrina Ponarovskaya, İrina Otiyeva və başqaları vaxtilə onun orkestrində oxumuşlar. Lundstremin komandasının 60 illiyi ərəfəsində onun adı dünyada fasiləsiz fəaliyyət göstərən ən qocaman caz orkestri kimi, Rusiyada Ginnesin Rekordlar kitabına daxil edilmişdir.
Bu gün biz Oleq Lundstremin ölümündən bir neçə gün əvvəl müxbirimizə verdiyi son müsahibəni dərc edirik.

Oleq Lundstrem

Şveytsar-səfir?
Oleq Leonidoviç, deyirlər Dyuk Ellinqton özü ömrünün ahıl çağında Sizə "xeyir-dua verib". Bu doğrudurmu?


70-ci illərdə Dyuk Ellinqton Moskvaya gələndə mən öz plastinkamı ona bağışlamaq qərarına gəlmişdim. Bəstəkarlar ittifaqında bizim musiqiçilər Dyuku dövrəyə alıb küncə sıxmışdılar. Məni onun yanına aparıb təqdim etdilər. O, gülümsəyərək dedi: "Aha, mister Lundstrem! Mən buraya yola düşməzdən əvvəl mənə xəbərdarlıq etmişdilər ki, Moskvada rusların bir orkestri var, ona rəhbərlik edən musiqiçinin familyası İsveç mənşəlidir". Sonra Amerika Səfirliyində qəbul təşkil edildi. Mən oraya arvadımla birlikdə piyada gəlmişdim. Bizi çox böyük ehtiramla qəbul etdilər: Səfir mənim həyat yoldaşımın əlini öpdü. Arvadım isə əmin idi ki, bu adam səfirliyin şveytsarıdır! Məni yenidən Ellinqtonun yanına apardılar, tərcüməçimiz səfir özü idi. Mən dedim: "Mister Ellinqton, sizin "Xeyirxah qoca cənub" adlı plastinkanızı mən hələdə qoruyub saxlayıram. Kolleksiyaçılar onun müqabilində çox böyük məbləğdə pul təklif edirlər. Lakin onun yeri Çita muzeyidir. Orada lundstremlər küçəsi salmağa hazırlaşırlar". Ellinqton bu sözlərə münasibətini belə bildirdi: "Çox maraqlıdır! Baykaldan olan bir rus (Ellinqton elə bilirdi ki, Sibirdə bir Baykal gölü var, bir də ayılar) qəflətən mənim plastinkamı eşidib musiqiçi olmaq qərarına gəlmişdir!" Sonra isə o, mənim çiynimdən tutaraq kədərli səslə sözünə davam etdi: "Amma bunlar lap çoxdan olub". O, məndən bir nəsil - 18 yaş böyük idi. Bir ildən sonra o, ağ ciyər xərçəngindən vəfat etdi…
Oleq Lundstrem

Rusiyada hökumət sizə qiymət verirdimi?

Mən həmişə iqtidara qarşı gizli müxalifətdə olmuşam. "Caz - qarnıyoğunların musigisidir" deyən Qorkinin və Xruşşovun fikirləri ilə razılaşmamışam. Lakin istisnalar da olmuşdur. Məsələn Primakovla bağlı hadisə bu qəbildəndir. Bizim orkestr Tbilisiyə gələndə Primakovun 14 yaşı vardı. Yay kinoteatrında hədsiz anşlaq idi. Hətta hasarı da sındırmışdılar. Primakov özü isə ağaca dırmaşaraq bütün konsertə oradan qulaq asmışdı. O dövrdə şəhərdə "təzminat kimi" "Günəşli vadi serenadası" filmini göstərirdilər. Bizim isə bundan xəbərimiz yox idi. Və biz öz konsertimizi məhz həmin kompozisiyadan başlamışdıq. Kaş orada nələr olduğunu özünüz görəydiniz! Sonradan Primakov cazın fanatına və bilicisinə çevrilmişdi. Biz onu ram etmişdik.

…Maestro ömrünün ahıl çağlarında heç də gen-bol yaşamırdı. Özünün iştirak etdiyi və etmədiyi çıxışlara görə orkestrdən aldığı qonorarla dolanırdı. O, öz müəlliminin sözlərini tez-tez təkrarlayırdı: "Mən öz musiqimi əməkhaqqına dəyişməmişəm".

Oleq Lundstrem

"Yüzdən 11 yaş əskik"
Lundstremin yaşadığı böyük köhnə ev bu yerlərin görməli obyektlərindən biridir. Buraya qonaq gələn az olsa da, ona dünyanın hər yerindən zəng edirdilər. Axşamlar Lundstrem buxarının yanında əyləşib ev qulluqçusu ilə söhbət edirdi. Bu, bir növ rituala çevrilmişdi. Hətta özünün təbirincə desək, beynində "yalnız diyezlər və bemollar" olduğu vaxtlarda da bu rituala hökmən əməl edirdi. Səhərlər isə pianino arxasına keçirdi. Onun Xarezm folkloru və menqrel xalqının laylaları əsasında işləyib hazırladığı son aranjimanlar (həmin ifalar plastinka şəklində buraxılmışdır) "Buxara naxışları" və "Gürcüstan dağlarında" adlanır. Lundstrem həmin ev barədə deyir:
- Bu evi tanınmış müğənni İzabella Yuryevadan almışam. Stalin bu qəsəbəni artistlərə vermişdi. İzabella Yuryeva da həmin evi 1938-ci ildə tikmişdi. … Bağ evini qardaşım İqor və orkestrin musigiçiləri ilə köməkləşib aldıq. İndi burada mənim bacım oğlu, onun həyat yoldaşı və altı uşağı yaşayır. Bu, "bizim" bağ evimizdir. Tale elə gətirib ki, mənim özümün övladım yoxdur. Təbiətən idmançıyam: akademik avarçəkmə üzrə rekord nəticələr göstərmişəm. İş üslubuma gəldikdə isə məni "kabinet alimi" adlandırmaq olar. Bunları bir-biri ilə əlagələndirmək çətindir. Lakin mən kompromis variant tapmışam - hər gün Tibet təbabəti təmrinləri ilə məşğul oluram. İynəbatırma üsulunda olduğu kimi "energetik nöqtələri" masaj edirəm. Bunu səhər yeməyindən əvvəl, ac qarına edirəm. Sonra isə bir saat kresloda əyləşib meditasiya ilə məşğul oluram. Yaxın adamlarımdan fərqli olaraq mənə heç vaxt soyuq dəymir…

Oleq Lundstrem

Həyat sizi bezdirməyib ki?

Mən bu məsələyə filosof kimi yanaşıram. İndi Vernadskinin "Noosfera" əsərini çox maraqla oxuyuram. Arvadım deyirdi: "Sən həddən artıq optimistsən". Vaxtın qədrini bilməyə başlamışam, onu yaradıcılığa sərf edirəm. Artıq vaxtdır! Utyosov ahıl yaşlarında özü haqqında belə demişdi: "Sizin qarşınızdakı adamın yaşının yüzə çatmasına 13 il qalıb". Mənim yaşımın yüzə çatmasına isə artıq 11 il qalıb… 60 yaşa çatanda başa düşmüşəm ki, həyatın məqsədi - elə həyat özüdür. Varlığın mənası - sənə bəxş edilən nemətlərdədir. Çinlilər bu nemətlərin "əbədiyyət" tərəfindən, avropalılar isə - "Allah tərəfindən" verildiyini iddia edirlər. Mən "əbədiyyəti" özümə daha yaxın sayıram…