CAZ TROMBONUNUN İNKİŞAFI

Birinci hissə: Diksilend

Giriş
Trombonda solo ifası tez-tez səslənməsə də bir sıra əfsanəvi ifaçılar caz tarixində parlaq iz qoymuşlar. Trombonçular özlərindən əvvəlki dövrdə yaşayıb yaratmış musiqiçilərin təcrübəsini mənimsəmişlər. Caz trombonunun inkişaf tarixini erkən dövrü təmsil edən Kid Ori və Mif Mol kimi nümayəndələrdən başlayaraq Rey Andersen və Kreyq Harris kimi müasir sənətçilərə qədər izləmək olar. Harmonik, melodik və ritmik əsərlər ifa edən, çox vaxt trombonçulardan nümunə götürən musiqiçilər cazın ən erkən dövründən başlamış bu günə qədər həmişə olmuşdur. Bu məqalədə biz cazın inkişafına ən güclü təsir göstərmiş musiqiçilər barəsində söhbət açacağıq, çünki trombonçuların hamısı barədə məlumat vermək, sadəcə olaraq mümkün deyil. Yeni musiqiçilər nəslinə güclü təsir göstərmiş trombonçular çoxdur. Ona görə də bu alətin inkişafının müəyyən xətti barədə danışmaq əhəmiyyətsizdir.



Diksilend
Əvvəlcə Yeni Orleanda yaranmış bu populyar musiqi üslubu 1900-1920-ci illərdə ABŞ-ın başqa hissələrində, xüsusən Çikaqoda geniş yayılmışdır. Çox vaxt "Diksilend" deyilən bu yeni musiqi hazırda "caz" adlanan musiqinin ilk nümunələri idi.
Diksilend cazında adətən rəqs etmək üçün kiçik bir qrupdan istifadə edilirdi. Adətən trombon, kornet, klarnet, bas aləti (tuba və ya kontrabas), həmçinin banco və ya fortepiano alətlərində və təbildə çalan ifaçılardan ibarət olan bu qrup parad yürüşlərində və ya Yeni Orlean küçələrində furqonlara minərək öz məharətini nümayiş etdirir və bu yolla öz rəqslərini reklam edirdi. Trombonçunun əyləşdiyi yer kifayət qədər geniş olmalıdır. Buna görə də o, çox vaxt furqonun arxa hissəsində əyləşirdi. Elə bu səbəbdən, sonralar həmin üsluba "arxa qapı trombonu" adı verilmişdir. Diksilend ilk növbədə improvizə edilmiş musiqi idi. Trombonda adətən tuba və ya bas alətlərində ifa edilən musiqi parçaları, ya da kornetə kontr-melodiya ifa edilirdi. Kontr-melodiyanın ən heyrətamiz xüsusiyyəti bundan ibarət idi ki, trombonla "qlissando" və başqa effektlər əldə edilə bilərdi.
Trombonçu kontr-melodiyanı improvizə etdiyi vaxtda klarnetçi kornet melodiyasından yuxarı ahənglə obliqato xəttini ifa edirdi. Bu üç müstəqil ifa xətti marşla müşayiət olunurdu. Erkən dövrdə yaradılan caz orkestrlərində trombonda solo ifaçıları əsasən qlissandodan istifadə edir, solo klarnet və kornetlə müqayisədə incəliklərə daha az əhəmiyyət verirdilər.



Edvard "Kid Ori"
Edvard "Kid Ori" "arxa qapı" trombonçularının ən məşhuru hesab edilə bilər. 1886-cı ildə Luiziana ştatında anadan olmuş Ori musiqi karyerasına təqribən 1910-cu ildə Yeni Orleanda başlamışdır. Onun bir qədər kobud təsir bağışlayan ifa üslubu Diksilendin yaxşı səslənmə nümunəsinə çevrilmişdir. Ori öz ifasını zərb alətlərinin səsi ilə müşayiət edir və çox vaxt qlissando üsulundan istifadə edirdi.
Edvardın sadə, melodik və harmonik solo ifası çox vaxt cəmi bir neçə notun təkrarlanmasından ibarət olurdu. Lakin bu ifa çox qətiyyətli və əzmkar olması ilə seçilirdi. Elə buna görə də Yeni Orleandan olan başqa ifaçılar onunla bəhsləşməyə cəsarət etmirdilər. 1925-ci ildə "Kral" ləqəbli Oliver Orini dilə tutaraq onu özünün Çikaqodakı orkestrinə qoşulmağa razı sala bildi. İstedadlı cazmenlərdən birincisi olan Lui Armstronq bu orkestrdə trubada çalırdı.
Maykl Breker

Armstronqla səmərəli əməkdaşlıq çərçivəsində "Qaynar Beşlik" və "Qaynar Yeddilik" albomları yazılandan sonra Ori çox məşhurlaşmışdı. 1925-1932-ci illərdə Ori bir sıra tanınmış ifaçılarla, məsələn, Deyv Peiton, Jele Rol Morton və Ma Reyni kimi böyük sənətçilərlə əməkdaşlıq etmişdir.
1933-cü ildə Orinin musiqi karyerasında doqquz illik fasilə başlandı. Ori Kaliforniyada yaşayan qardaşının yanına köçüb gedir və bir müddət orada - qardaşının quşçuluq fermasında işləyir. Təxminən 1942-ci ildə Barni Brayqardın orkestrində ifaçılıq fəaliyyətinə başlayan Ori 40-cı illərin Diksilend cazı ənənələrini bərpa etmişdi. Elə həmin dövrdə o, özünün "Orinin caz orkestri" adlı kollektivini yaratmış və 1950-ci ilə qədər bu kollektivə başçılıq etmişdir.
1961-ci ildə Orinin səhhəti pisləşdi və o, əvvəllər çıxış etdiyi Havay adalarına köçüb getməyə məcbur oldu. 1971-ci ildə səhhətinin vəziyyəti ilə əlaqədar ifaçılıq fəaliyyətinə birdəfəlik son qoymuş Ori 1973-cü ildə pnevmoniya və ürək çatışmamazlığı xəstəliyindən vəfat etmişdir.
Orinin solo ifaçının növbəti transkripsiyası
Orinin ifa üslubunu nümayiş etdirən ən yaxşı solo ifası "Müqəddəslər gələndə" əsəridir. Ori bu ifada qlissando və onu məşhurlaşdıran "diş qıcırtma" üsullarından, eləcə də sürətli vibratodan istifadə edir. Diksilend dövrünün trombonçuları adətən bu qurğulardan istifadə edirdilər. Bu solo sadə, harmonik və melodikdir. İkinci xor - birinci xorun virtual təkrarıdır. Ori 7, 12, 23 və 28 tipli akkord triadasını dəfələrlə vurğulayır.

Mif Mol
1898-ci ildə anadan olmuş İrvinq Milfred Mol stilistika baxımından Kid Orinin tam əksi idi. Onlar hər ikisi diksilend formatında ifa etsələr də, Orinin ifa üslubu bir qədər çılğın və kobud təsir bağışlayırdı, Molun üslubu isə səsin daha parlaq olması ilə seçilən, texniki cəhətdən daha mükəmməl ifa idi. Bundan əlavə, Ori qlissando və "diş qıcırtma" priyomlarındgan gen-bol istifadə etdiyi halda Mol bu priyomlardan imtina edirdi.
Molun diksilend caz orkestri ilə ilk kontaktı başlananda Edvin Eddi Edvards burada çox populyar bir ifasını yazdırmışdı. Yeni səsin sehrinə düşmüş Mol bu orkestrin Nyu-Yorkdakı çıxışlarını daim izləyirdi. Az sonra o özü də bu orkestrin ifasında eşitdiklərini təqlid etməyə başladı.
Nyu-Yorkdakı bir qrup başqa musiqiçi ilə birlikdə Mol müxtəlif adlar altında yüzlərlə melodiyanı "Memfis beş" və "Ladın qara tuzları" adı ilə yazdırmışdır. Sonuncu melodiyanın belə adlanması qaradərili əhali üçün marketinq mülahizələri ilə bağlı idi. Mol bir sıra başqa orkestrlərlə, o cümlədən Çarli Rendallın və Eyb Limanın kollektivləri ilə işləyəndən sonra 1925-ci ildə Red Nikolsun kornetçiləri ilə uzunmüddətli əməkdaşlığa başlayır.
Beş il davam etmiş bu əməkdaşlığın bəhrəsi olaraq, "Red Nikols və onun Beş pennisi" və "Mif Mol və onun balaca mollerləri" kimi müxtəlif adlar daşıyan çoxsaylı yeni qruplar yaranmışdı.
Bu dövrdə Mol həm də WOR radiostansiyasının studiya qrupunda trombonçu kimi fəaliyyət göstərmiş və EN-Bİ-Sİ RADİOYAYIM KORPORASİYASININ studiyasında çoxsaylı ifalarını yazdırmışdır. 1938-ci ildə Mol o vaxtlar hədsiz dərəcədə populyar olan Paul Vitemanın orkestrinə qoşularaq iki il bu orkestrlə birgə çıxış etmiş, sonra isə səhhəti pisləşdiyinə görə oranı tərk etməyə məcbur olmuşdur.
"Witeman"dan gedəndən sonra Mol hərdənbir Benni Qudmanın orkestri ilə çıxış edirdi.
Caz trombonunda yeni tendensiyanın banisi kimi tanınmış Mol 1920-ci illərdə trombonçuların çoxunun yetişməsinə güclü təsir göstərmiş, məhz onun sayəsində tamaşaçılar cazda yeni bir stil olan "svinq stili"ni dinləməyə başlamışdı. Lakin bütün bunlara baxmayaraq, Molun həyatının son bir neçə ili çox ağır şəraitdə keçmişdir.
Diksilend stilinin yaranmasına verdiyi töhfələrə görə adları xüsusi qeyd edilməyə layiq olan trombonçular çoxdur. Məsələn, 1940-cı illərdə Freddi Assanto və Turk Merfi diksilend üslubunun dirçəlməsində böyük rol oynamışlar. Vik Dikenson və Cey Si Higginbotham kimi trombonçular isə həm "Diksilend", həm də "svinq" üslubunda caz ifaçıları kimi ad çıxarmışlar.

David M. Wilken