MAYKL BREKER

Artıq bir aydan çoxdur ki, bütün dünyada caz sənətinin pərəstişkarları zəmanəmizin ən nüfuzlu saksofonçularından biri olan Maykl Brekerin səhhətinin vəziyyəti barədə bir-birindən kədərli xəbərlər eşidir və ürəkdən təəssüflənirlər. Sənətçinin xanımı Süzan hələ iyul ayının 29-da "canlı jurnal"da bizim birlik üçün ayrılmış guşə vasitəsilə ABŞ-dakı oxucularımıza müraciət edərək onları köməyə çağırmışdı: Maykl Brekerin orqanizminə təcili surətdə sümük iliyi transplantasiya edilməsi üçün donor (bir və ya bir neçə nəfər) lazım idi.

Maykl Breker

Hər şey 2004-cü il avqust ayında Yaponiyada keçirilən "Mount Fuji Jazz Festival"da Maykl Brekerin çıxışı zamanı başlandı: bel nahiyəsində qəflətən kəskin ağrı hiss edən Brekerin əvvəlcə elə fikiləşirdi ki, bu, uzun səfər zamanı labüd olan əzələ spazmıdır və adi masaj vasitəsilə bu problemin öhdəsindən gəlmək mümkün olacaq. Lakin sonradan məlum oldu ki, bu kəskin ağrılar onkoloji xəstəliyin ilk siqnalı imiş: indi məşhur musiqiçinin həyatı təhlükədədir. Maykl Brekerdə miyelodisplastik sindrom (sümük iliyi xərçənginin bir forması) aşkar edilmişdir. Həkimlərin dediyinə görə, bu mərhələdə pasiyenti xilas etmək üçün yeganə ümid - yuxarıda adını çəkdiyimiz transplantasiyadır.

Maykl Breker

Yeddi həftəlik kimyəvi terapiya kursunu yenicə başa çatdırmış Maykl hazırda özünün Hastinqs-on-Hadsondakı evində (Nyu-Yorkun şimalında şəhərətrafı zonada) yataq rejimindədir. 11 dəfə "Qremmi" mükafatı laureatı olmuş 56 yaşlı saksofonçu bu xəstəlik üzündən Nyuport caz festivalında çoxdan planlaşdırdığı çıxışlarından (bu çıxışlardan biri "Saxophone Summit" layihəsində öz həmkarları Co Lovano və Deyv Libman ilə birlikdə, digəri isə vaxtilə - 70-ci illərin axırlarında birgə çıxış etdiyi "Steps Ahead" qrupunun qonağı kimi nəzərdə tutulmuşdu) imtina etməyə və ümumiyyətlə, ifaçılığa son qoymağa məcbur olmuşdur. "Steps Ahead" qrupu nəzərdə tutulan çıxışda Brekeri bu yaxınlarda moskvalı sənətsevərlərin qonağı olmuş Bill Evansla əvəz etdi, Lovano və Libman isə bu qərara gəldilər ki, Brekeri heç kəs əvəz edə bilməz, buna görə də onlar ikilikdə çıxış etdilər və öz ifalarını Maykla ithaf etdilər.
Maykl Breker

Nyuport festivalının davam etdiyi müddətdə səhnədən səslənən çağırışa cavab olaraq 300-dən çox musiqiçi, təşçilatçı şirkətin əməkdaşları və dinləyicilər öz qanlarını analiz etdirmişdir: bu adamlar ümid edirdilər ki, onlardan kiminsə qanı öz genetik göstəricilərinə görə (transplantasiya əməliyyatının bu növü hədsiz dərəcədə həssasdır) Breker üçün münasib sağlam sümük iliyi hüceyrələrinə malik ola bilər. Potensial donorların seçimi ilə bağlı bu cür kampaniyalar başqa caz festivallarında da, məsələn Eylatda (İsrail) keçirilmiş "Red Sea Jazz Festival" zamanı təşkil edilmişdir. Həkimlərin dediyinə görə, Brekerin mənsub olduğu etnik qrupun - Şərqi Avropa yəhudilərinin nümayəndələri arasında donor tapmaq ehtimalı daha yüksəkdir. Təəssüf ki, Brekerin yaxın qohumlarının, hətta öz uşaqlarının - 16 yaşlı Cesika və 12 yaşlı Semin sümük iliyi genetik göstəricilərə görə münasib olmamışdır.

Maykl Breker

Breker özü "Assoşieyted Press" agentliyinə telefonla verdiyi müsahibəsində bildirmişdir ki, musiqidən imtina etmək zərurəti (hamı ümid edir ki, bu, müvəqqəti haldır) ona mənəvi cəhətdən çox əziyyət versə də, həmkarlarının (məsələn, pianoçu Herbi Henkok və müğənni Dayana Kroll ona sanballı maddi yardım göstərmişlər) və ona saysız-hesabsız məktublar yazıb bu kədərli xəbərdən təəssüfləndiklərini bildirən və sənətçinin tezliklə sağalmasını arzu edən dinləyicilərinin çox güclü dəstəyini hiss edir.