RAFİQ BABAYEV - 70

O gün daim yaddaşımda canlanır. Dönə-dönə baxmaq istədiyim bir filmin sonu kimi sanki, lent qırılır, "gözəgörünməz operator" isə onu yenidən calaşdıraraq, bir daha nümayiş etdirir…
Həmin gün mən atamı işə yola salırdım. Səhər biz hamımız mətbəxdə əyləşib çay içirdik, o öz problemləri barədə bizimlə bölüşürdü, ümumiyyətlə o həmişə bizimlə dərtləşirdi… Günəşli bir mart səhəri idi. Mənim uşaqlarım atamın dövrəsində şən-şən vurnuxur, atam isə onların ipək kimi yumşaq saçlarını sığallayırdı. Bir neçə saatın necə keçməsini hiss etmədik. Atam insanlar barədə - öz yaxınları, doğmaları, ünsiyyətdə olduğu, birgə işlədiyi adamlar barədə söhbət edirdi. Onun ayrı-ayrı cümlələri dolaşıq şəkildə yadıma düşür, amma bir şey dəqiq yadımdadır ki, haqqında danışdığı insanların hər birinə emosional münasibət bildirirdi. Bu, atamın həmin insanlara münasibətinin ifadəsi idi. Atamın yaxın əhatəsində olan insanlar ondan ötrü böyük əhəmiyyət kəsb edirdi, çünki bu əhatə dairəsi onun aləmi idi və o, həmin insanları sevir, onların qayğısını çəkir, hər birini öz aləminin bir hissəsi hesab edirdi. Ətraf aləmin həssaslıqla qavranılması atamda o qədər güclü təzahür edirdi ki, bu duyğular hələdə mənim daxilimdə yaşayır.

Rafiq Babayev

Onu həyətimizin parad qapısından keçən vəziyyətdə xatırlayıram. Budur, o, əyninə boz palto geyib pilləkənə yaxınlaşır, aşağı düşəndən sonra bir daha mənə tərəf dönüb əlini qaldıraraq, "hələlik!" deyə vidalaşır. Onun təbəssümü… Stop. Bu yerdə mənim filmim başa çatır.

19 mart 1994-cü il.
15.00. Qəflətən güclü külək başlandı. Göyün üzü boz-qara rəngə büründü. Qəfil bir xəbər eşitdim: metronun "20 Yanvar" stansiyasında qatar partladılıb. Atamın iş yeri "20 Yanvar" stansiyasının yaxınlığında idi. Amma bu xəbəri onunla əlaqələndirmək heç ağlıma da gəlmirdi. Mənə elə gəlirdi ki, sadəcə olaraq, belə şey ola bilməzdi.

Rafiq Babayev

16.30. İlk həyəcan siqnalı - Kinostudiyadan telefonla zəng çaldılar. Danışan Brilliant idi: - Saat 4-də "zapis" təyin etmişik, amma nədənsə Rafiq Fərziyeviç gəlib çıxmayıb…
18.15. Daha bir həyəcanlı zəng. Bu dəfə Mahnı Teatrından idi: - Rafiq haradadır? Biz müsabiqəni onsuz başlaya bilmirik. Hamı onu gözləyir!
Nədənsə qəhərləndim: "Burada nə isə var" - deyə düşündüm. Anam dedi: "Bəlkə o da HƏMİN QATARDA olub?". "Nə danışırsan", - deyə həm anamı, həm də özümü sakitləşdirirəm, - "Belə şey ola bilməz…"
19.00. Telefon zənglərinin sayı çoxalır. Rafiq yox idi, Rafiq hələ də gəlib çıxmamışdı, Rafiq haradadır? Həmin gün atamın görüşməli olduğu adamların hamısı bizə zəng edir, biz isə gümanımız gələn hər kəsə zəng edirik. Nəfəsimiz təngiyir, ətrafda sakitlik yaranır, sinəmin sol tərəfindəki "metronom" dəhşətli sürətlə döyünür.

Rafiq Babayev

20.00. "Rafiq xəstəxanadadır", - anam dəstəyin o başından deyilən bu sözləri eşidən kimi özünü saxlaya bilməyib qışqırdı: "Mən bunu hiss etmişdim!!!" Sanki bədənimi hiss etmirdim, lakin birdən-birə bütün inamımı səfərbər etdim:
- Onun başına heç bir iş gələ bilməz! Axı bu, MƏNİM ATAMDIR! Onun çətin vəziyyətlərə düşməsi az olmayıb, sakit ol! Nə olacaq ki, ola bilsin ki, bədəninin bir iki yeri cızılıb, uzaq başı sınıq ola bilər, vəssalam!
Qurumuş dodaqlarımda təbəssüm yaranır. Hər şey qaydasındadır. Sadəcə olaraq, elə şey ola bilməz.
21.00. Adamlar evimizə axışır. Artıq qapını bağlamırıq, çünki gələnlərin arası kəsilmir. Dumanlı havada olduğu kimi hərəkət edirəm, qonaqlara mexaniki şəkildə çay süzürəm. Gələn hər nəfərin üzünə sınayıcı nəzərlə baxıram: "Axı heç bir qorxulu şey olmayıb, elə deyilmi?" Onlar isə sanki baxışlarını məndən gizlətməyə çalışır: "O, xəstəxanadadır". Mən bu adamların reaksiyasını başa düşə bilmirəm. Kimsə volokardin istədi. İçərisində müxtəlif dərmanlar saxladığımız qutunu açanda hiss etdim ki, əllərim bərk əsir. Yox, elə şey ola bilməz…

Rafiq Babayev

21.15. Parad qapısında çoxlu adam göründü. Onları görəndə qulaqlarım batdı, hamı ağlayır, qışqırır, inləyirdi:
- Düzünü deyin, nə olub? !!!
O, DAHA YOXDUR… Ola bilməz! Gözlərindən yaş axan Cəmili görəndə özümü saxlaya bilmədim: "Camo, axı bu düz deyil, eləmi?!" Cəmilin göz yaşları saqqalından süzülür, o dinmir "Mən inanmıram!!! Mən onu görmək istəyirəm!!!"
O, DAHA BİZİM ARAMIZDA YOXDUR…

Rafiq Babayev

Sükut dünyası
İnsan qəflətən özünü boş bir məkanda hiss edir, bu boşluğu heç nə ilə doldurmaq mümkün deyil. Bu boşluğu müvəqqəti yaddan çıxartmaq və ya fikrən keçmişə səyahət barədə təsəvvürlərlə doldurmaq olar, lakin hər dəfə oradan qayıtmaq insanı ağrıdır. İnsan sanki amputasiya edilmiş qəlbinin necə ağrıdığını anlamağa başlayır. Başa düşürsən ki, sənin daxilində özün yoxsan. Amma nə üçün? Hanı mənim "Mən"im? Axı atam gedib, mən isə buradayam?

Rafiq Babayev

Həyatımın yeni mərhələsi bu suallarla başlayır, çünki mən özümü axtara-axtara uzun illər boyu gördüyüm işlər nəticəsində bu qənaətə gəlmişəm ki, həmin axtarışlar bitib tükənməyəcək. İnsan öz "Mən"ini şəxsiyyət kimi - müəyyən məkanda, müəyyən zamanda, müəyyən əhəmiyyətə malik insan kimi dərk edəndə başa düşür ki, zaman və məkan artıq keçmişdə qalıb, ətrafdakı aləm dövr edib və onunla birlikdə sənin "Mən"in də naməlum bir istiqamətdə yoxa çıxıb. Həyat davam edir, axtarışlar təzələnir, elə bunların xatirinə yaşamağa dəyər.

Rafiq Babayev

Məhz o vaxt başa düşdüm ki, atamla məni bir-birimizə bağlayan ekzistensial tellər qırılmışdır. Mən özünüdərk aləminə düşmüşəm, orada dünyaya yeni nəzərlə baxmaq olar. Düzdür, mən bir daha canlı atamı hiss edə bilməyəcəm - onun yumşaq səsini, səmimi gülüşünü eşitməyəcəm, mülayim təbəssümünü görməyəcəm, əlimi onun quru ovuclarına toxundura bilməyəcəm, lakin mən onun barəsində insanların xatirələrində, onun məktublarında və musiqisində yaşayan canlı Rafiq Babayev barəsində olduğu kimi fikirləşə bilərəm və bu halda özümü də canlı şəkildə hiss edə bilərəm.

Rafiq Babayev

Bəs Rafiq Babayev kimdir? Atam məni və bacımı hədsiz çox sevir, bizi ərköyün saxlayırdı. Biz də onun sevgisi sayəsində dünyanı gözəl, sevilməli və yaşamaq üçün asan bir məkan kimi qəbul edirdik. Bu dünyada olan insan sadə və çətin bir həyat tərzi keçirən Rafiq Babayevi başa düşməkdə çətinlik çəkir. Mən sadə, rəngsiz, dadsız, yoxsul dünyanın qapısının açar yerindən baxaraq, atamın bu dünyaya bəxş etdiyi gözəlliyi, həqiqi sevgini anlamaq üçün uzun bir yol keçməli olmuşam - onun öldüyü gündən bu günə qədər davam edən bir yol. Daxili sükunət aləmindən başlanan bu nurlu dünyanı anlamaq heç də heçsizlikdən yaranmır və öz dünyasını yaratmaq üçün mübarizə dayandırılan kimi sükunət özünü göstərir. Rafiq Babayevin yaşadığı mübarizə və sükunət aləmi tədricən mənim aləmimə çevrilmişdir. Mən onun musiqisini, sənədlərini, məktublarını, müsahibələrini toplamağa başladığım vaxtdan belədir.

Rafiq Babayev

Bəstəkar Cavanşir Quliyevlə müsahibə
Rafiq Babayev cazda fəal musiqiçilər arasında bəlkədə yeganə adam idi ki, musiqi praktikası ilə məşğul olmaqla bərabər bu məsələ barədə çox fikirləşirdi. O, təkcə öz peşəsi haqqında deyil, öz ölkəsi həqqında, bu ölkədə özünün tutduğu yer haqqında, bu musiqinin gələcəyi və daha nələr haqqında düşünürdü. O, hadisələri proqnozlaşdırmağa və öz həyatını həmin proqnozlara uyğun qurmağa çalışırdı. Mənim fikrimcə bu mənada o, yeganə caz musiqiçisi idi. Bu fakt həm də onu təsdiqləyir ki, Rafiq Babayev Azərbaycanda cazla bağlı ideyaların çoxunun əsasını qoymuş və bu ideyaların təşəbbüsçüsü olmuşdur. Müxtəlif musiqiçilər və müğənnilərlə onun çoxlu birgə ifaları heç də təsadüfi deyil. O, ölkəmizdə caz sənətinin inkişaf yollarını daim axtarırdı və bu mənada o, mütəfəkkir idi. O, həm sözün hərfi mənasında, həm də öz ifasında mütəfəkkir idi.

Rafiq Babayev

Bu yaxınlarda Rafiqin ifa etdiyi çoxsaylı musiqi parçalarını dinləmişəm. Həmin əsərlərin təsiri hələ ötüb keçməmiş deyə bilərəm ki, Rafiqin ifaçılıq ustalığı hələ lazımınca təhlil edilməyib. Mənim fikrimcə, musiqiçilər və musiqişünaslar Rafiq Babayevin yaradıcılığını ciddi təhlil etməlidirlər, çünki bu yaradıcılıqda maraqlı ideyalar çoxdur, həmin ideyaların bəzilərinə ölkəmizin görkəmli caz musiqiçilərinin heç birinin yaradıcılığında rast gəlmək mümkün deyil.

Rafiq Babayev

Rafiq Azərbaycan melodiyası ilə öz harmoniyasını heyrətamiz şəkildə uzlaşdıra bilmişdi. Məlumdur ki, Azərbaycan milli melodiyalarını harmonikləşdirmək çox çətin məsələdir, çünki hətta nəzəri baxımdan "düzgün" olan melodiyanın da hər biri bu məqsəd üçün yaramır. Azərbaycan xalq musiqisinin özünəməxsus melodik üslubu eynilə bu cür məxsusi harmoniya tələb edir. Bu və ya digər melodiya üçün münasib "vertikal" tapmaq istedad və intuisiya tələb edir, onları hesablama yolu ilə tapmaq mümkün deyil. Bir daha deyirəm Rafiqin bu məsələyə öz münasibəti vardı, Azərbaycan melodikası üçün onun tapdığı harmonik dil heç kəsin istifadə etdiyi vasitəyə oxşamırdı. O, musiqinin ağlasığmaz dərəcədə maraqlı, qulağa çox xoş gələn plastını yaratmışdır. Çoxları bunu lirik stil adlandırır. Bu barədə mübahisə də etmək olar, amma mən belə deyərdim: Bu üsül - Rafiq Babayevin öz üsulu idi.

Rafiq Babayev

Mən Rafiqlə uzun illər ünsiyyətdə olmuşam. Onu çoxdan tanıyırdım. Hərdənbir görüşürdük. Mən radioda işləyirdim. 1983-cü ildən 1990-cı ilə qədər Rafiq də orada işləyirdi. Lakin bundan əvvəl də, sonra da biz konsertlərdə, müxtəlif tədbirlərdə görüşürdük, bəzi müştərək layihələrimiz də olmuşdu. Rafiq ünsiyyətdə hədsiz mədəniyyətli insan idi. Onun nəzərində insanların bir-biri ilə münasibəti ən yüksək dəyər idi. Bu insani keyfiyyətləri sayəsində Rafiq musiqiçilər arasında çox böyük hörmət qazanmışdır. O, sözün tam mənasında ziyalı idi, hərtərəfli inkişaf etmiş sənətçi idi. Bir sözlə, o, əsl musiqiçi idi.

Rafiq Babayev

Cavanşir müəllim, Rafiq Babayevin lent yazılarında çoxlu kino musiqisi var. Onun 23 filmə özünün yazdığı musiqidən əlavə başqa bəstəkarların kino musiqisini də lentə yazdırmışdır. Mənim fikrimcə, caz təfəkkürünə malik olan bir musiqiçi kimi bu janr onu ifa etdiyi musiqiyə nə isə özünəməxsus bir element əlavə etmək imkanı sayəsində cəlb edirdi…

Elədir ki var, bu janr ilk növbədə ifaçının öz fərdiyyətini üzə çıxarmasına imkan verir. Mən Rafiqin filmlərindən bir neçəsinin səs rejissoru olmuşam və Rafiqin bu işlə necə ürəkdən məşğul olmasının, onun bu işi necə xoşlamasının şahidiyəm. Adətən biz musiqiçilər deyirik ki, bir maraqlı işlə məşğul olanda biz "yaşayırıq", yəni mənəvi həyat tərzi keçiririk. Rafiqin gözlərinə baxanda hiss edirdik ki, bu işlə məşğul olanda o, sözün tam mənasında yaşayırdı. Ondan ötrü "burada və bu saat" baş verən birgə yaradıcılıq prosesi çox böyük əhəmiyyət kəsb edirdi.

Rafiq Babayev

Cavanşir müəllim, sizin kino sahəsində həm bəstəkar kimi, həm də səs rejissoru kimi böyük iş təcrübəniz var. Sizin fikrinizcə, kino musiqisi yaratmağın əsrarəngizliyi nədən ibarətdir?

Əvvələn, kino musiqisi bəstəkardan həm ümumi dramaturgiyanı, həm də filmə xas olan, yəni musiqi dramaturgiyasını anlamağı tələb edir. Filmdə musiqi "canlı personaja" çevrilir, o, ekranda görünməsə də quruluşçu rejissorun ideyalarının daşıyıcısıdır. Musiqi elə nüansları açıqlayır ki, bunu nə aktyorlar edə bilər, nə də vizual sıra. Musiqiyə xas olan emosional plast tamaşaçının hisslərinə məhz filmin dramaturgiyasının tələb etdiyi şəkildə təsir edir. Buna görədə kino musiqisi yaratmaq üçün musiqi dramaturgiyasının qanunlarını bilmək lazımdır. Rafiq Babayev bütün bunları yaxşı bilirdi.

Rafiq Babayev

Belə demək olarmı ki, kino musiqisi iki mərhələdən ibarətdir: musiqinin bəstələnməsi və studiya yazısı. Birinci mərhələ stabil olur, ikinci mərhələ isə bir növ canlı prosesdir, işin gedişində bu proses dəyişə bilər. Sizcə, mən haqlıyammı?

İki mərhələ məsələsində sizinlə razıyam, lakin musiqi bəstələməyin nə isə "daşlaşmış" bir proses olduğunu söyləmək düz deyil, çünki işin gedişində o da dəyişir. Bəzən belə olur ki, musiqinin müəyyən hissəsi başqa nömrələrin ifası zamanı bəstələnir, səsyazma zamanı müəyyən hissələr dəyişdirilir, yenidən qurulur. Film üzərində iş başa çatana qədər musiqi üzərində də iş davam edir - bəzi nömrələrin yeri dəyişdirilir, bəzilərinə əlavələr edilir və s. Bu proses yalnız film ekranlara buraxılanda başa çatır. Bu, çox maraqlı işdir.

Rafiq Babayev

Bəstəkar səsyazmaya gələndə partituranı artıq hazır vəziyyətdə gətirir?

Bu, ifaçıdan asılıdır. Rafiq Babayev, Vaqif Mustafazadə kimi musiqiçilərə partitura lazım deyildi. Hətta partitura olsa da, onlar musiqini özləri istədiyi kimi yaradırdı. Onlara partitura verməyə ehtiyac yox idi. Bəstəkarın film üçün mövzu yazması və nə etmək lazım olduğunun mahiyyətini ifaçılara izah etməsi kifayət idi.
Rafiq Babayev

Bütün başqa məsələlər - musiqinin xarakteri, gərginliyi, tempi, müxtəlif çalğı alətlərinin sayı səsyazma mərhələsində həll edilirdi. Bu məqamda bəstəkar və ifaçı bir-biri ilə məsləhətləşərək, filmin musiqisini elə oradaca yaradırdı.

Bu o deməkdirmi ki, caz təfəkkürünə malik olan musiqiçilər yaranandan sonra kino musiqisi yeni səviyyəyə çatmışdır?

Elədir, sizinlə tamamilə razıyam. Azərbaycan kinosunda musiqinin inkişaf tarixini izləmək və təhlil etmək, mənim fikrimcə, çox maraqlı olardı. Əvvəllər musiqi partitura şəklində yazılırdı. Bir qayda olaraq, bu halda simfonik musiqidən istifadə edilirdi. Uzun müddət məşq etmək, yalnız bundan sonra musiqini kağızdan düzgün oxumaq şərtilə yazdırmaq lazım gəlirdi. Rafiqin kinoya gəlişi ilə əlaqədar bir gözlənilməzlik elementi, musiqi sərbəstliyi elementi yarandı. Elə buna görə də musiqinin əvvəlcədən yazılması tələbi arxa plana keçdi və sözün yaxşı mənasında musiqilə bağlı qərarlar qəbul edilməsində improvizə imkanı yarandı. Bu, filmin səs palitrasını ölçüyəgəlməz dərəcədə genişləndirdi. Bu baxımdan filmlər get-gedə bir-birindən maraqlı olurdu. Yadımdadır, mən Oqtay Mirqasımovun "Gümüşü furqon", "Başa düşmək istəyirəm" filmlərinə Rafiqin musiqisini yazanda tamamilə gözlənilməz halda, elə studiyada musiqilə bağlı qərarlar qəbul edirdi. Rejissor da orada idi və Rafiq onunla məsləhətləşərək, əlüstü hər şeyi dəyişə bilirdi. Yəni müəyyən mühüm dramaturji tapıntılar bilavasitə studiyada, səsyazma zamanı yaranmışdı.

Rafiq Babayev

Bu gün kinoda improvizə edilmiş musiqi xəttini hansı musiqiçilər davam etdirir?

Bizdə belə musiqiçilər var, lakin təəssüf ki, onlar üçün sifariş yoxdur, sadəcə olaraq, filmlər yoxdur. Məsələn, Cəmil Əmirov, Salman Qəmbərov bu istiqamətdə işləyir. Onlar caz musiqiçisi olmaqdan əlavə ilk növbədə akademik təhsilə malikdirlər. Lakin nə qədər paradoksal olsa da məhz akademik musiqi qaydaları bəzən onlar üçün "yararsız" ola bilər. Mənim harmoniya fənnindən dərs deyən yaxşı bir müəllimim vardı - Boris Yermolayev. O deyirdi ki, musiqi qanunlarını öyrənmək onları pozmaq üçün lazımdır. Musiqi qaydalarını bilməyən adam həmin qanunları pozmaqla yalnız ənənələri pozmuş olur, vəssalam. Musiqi ənənələrini, qanunlarını və qaydalarını bilən insan isə onları pozmaqla yeni ənənələr və qaydalar yaradır.

Rafiq Babayev

Rafiq Babayev başqa musiqiçilərə məhz bu peşəkar musiqiçi keyfiyyətini miras qoymuşdur. O, müəyyən kanonlardan imtina etməklə həmişə yeni qaydalarla bunun zəruri olmasını təsdiq edir. O, özünün bütün yaradıcılığı ilə daim təsdiq edirdi ki, musiqi, hətta caz musiqisi də nə qədər sərbəst olsa da ciddi məntiqə, insan zəkasına tabe olmalıdır. Buna görə də bu gün kinoda improvizə ənənələrini, Rafiq Babayevin ənənələrini davam etdirən musiqiçilər - savadlı, düşüncəli, öz sələflərinin irsini dərk edərək, onu yenidən işləyərək, bu irs zəminində yeni əsərlər yaradan musiqiçilərdir.

Farizə Babayeva



Rafiq Babayev. Cazda sənət yolu. Xronologiya

1950-ci il - 160 №li məktəbdə özünün ilk "Caz ansamblı"nı yaradır, lakin az sonra müəllimlər bu qrupu ləğv edirlər, çünki ansamblın nəfəsli alətlər ifaçısı Oyrat Rüstəmzadə məktəbə portfel əvəzinə saksofon gətirməyə başlamışdır.

Rafiq Babayev

1954-cü il - musiqi məktəbində buraxılış imtahanında öz proqramına Bill Evansın caz musiqisini daxil edir. İmtahan komissiyasının sədri Fikrət Əmirov onun bu hərəkətini bəyənir.

1955-ci il - Ü.Hacıbəyov adına Konservatoriyanın fortepiano sinfində oxumaqla yanaşı şəhərin müxtəlif klublarında caz proqramı ilə çıxış etməyə başlayır.

1956-cı il - Konservatoriyanın səhnəsində ilk dəfə iki royal üçün (Rafiq Babayev və Rafiq Quliyev) caz kompozisiyası səslənir. Lakin bu, "qeyri-ciddi" səviyyədə - növbəti Yeni il şənliyi zamanı olmuşdu.

Rafiq Babayev

1957-ci il - Rafiq Babayev Moskvada Gənclərin və Tələbələrin VI Ümumdünya Festivalında caz pianoçusu kimi ilk dəfə Bakını təmsil edir.

1959-cu il - Konservatoriyada buraxılış imtahanında növbəti böyük uğur: Rafiq Babayev Listin Birinci konsertini ifa edərkən heç kəsin gözləmədiyi halda öz improvizəsini əlavə edir.

1960-cı il - Rafiq Babayev instrumental caz qrupunun musiqi rəhbəri kimi fransız şansonyesi Jak Duvalyan ilə birlikdə İttifaq üzrə üç həftəlik qastrol səfərinə çıxır.

Rafiq Babayev

1962-ci il - Tallində caz harmoniyası üzrə İttifaqda ilk dərsliyin müəllifi Uno Naysoo ilə tanış olur. Naysoo özünün caz partiturasını Rafiqə bağışlayır.

1963-cü il - Leo Mortsginzburqun idarə etdiyi simfonik orkestrlə birlikdə Xəyyam Mirzəzadənin "Oçerklər-63" əsərini ilk dəfə ifa edir. Müəllif bu əsərin ilk ifasını caz pianoçusu kimi məhz Rafiq Babayevə etibar etmişdi, çünki əsərin müasir dilinin spesifikası bunu tələb edirdi.

1965-ci il - Rafiq Babayev özünün rəhbərlik etdiyi instrumental caz kvartetinin və Teymur Mirzəyevin Bakı vokal kvintetinin birləşməsi nəticəsində yaranmış "Qaya" caz vokal instrumental ansamblının musiqi rəhbəri təyin edilir.
- Mahaçqalada Murad Kajlayevlə birgə işləyir. "Qaya" müvəqqəti olaraq "Qunib" adlanır.
- Kinoda ilk işi - "Qunib" kollektivi Odessa kinostudiyasının istehsal etdiyi "Əcnəbi qız" kinofilmində çəkilir və bu filmə musiqi yazdırır.

Rafiq Babayev

1966-cı il - Ümumitifaq "Melodiya" firmasında Gerşvinin, Bonfun, Heqartın, Ellinqtonun əsərləri mövzusunda caz kompozisiyalarını yazdırır.
- Mahnı Teatrının musiqi rəhbəri təyin edilir;
- Rafiq Babayevin kvarteti (Y.Sərdarov, A.Xocabağırov, A.Dadaşov) Tallin Caz Festivalının laureatı olur.

1967-ci il - bəstəkar Rafiq Babayevin "Bayatı-kürd" ladında kompozisiyasının ifasına görə kvartet "ən yaxşı kompozisiya" nominasiyasında ikinci dəfə Tallin Caz Festivalının laureatı olur. U.Kannover başda olmaqla aparıcı musiqi tənqidçiləri bu kompozisiyanı muğam əsasında yaradılmış ilk caz əsəri hesab edilir.
- kvartetin festivalda çıxışı "Melodiya" firması tərəfindən qramofon plastinkasına yazılır.
- R.Babayev Birinci Bakı Caz Festivalı yaradılması təşəbbüsü ilə çıxış edir. Bu festivalın mövcud olduğu dörd il ərzində R.Babayev həmişə festivalın iştirakçısı və münsiflər heyətinin üzvü olmuşdur.

Rafiq Babayev

1968-ci il - muğam və cazın qarşılıqlı nüfuzu ilə bağlı axtarışlar davam edir. R.Babayevin "Mahur " və "Segah" ladlarında eksperimental kompozisiyaları Bakı radiosunda tarzən Əliağa Quliyevin və caz kvartetinin ifasında lentə yazılır.

1969-cu il - Novosibirskidə caz "mini festivalında" iştirak edir.
- improvizə fəaliyyəti üçün yeni imkanlar açılır. Bu ildən başlayaraq R.Babayev 23 kinofilmə musiqi bəstələmiş, başqa bəstəkarların çoxsaylı kino musiqisini lentə yazdırmışdır.

Rafiq Babayev

1970-ci il - R.Babayevin kvarteti Kuybışev caz festivalının laureatı olur.
- R.Hacıyevin "Mənim məhəbbətim Kuba", "Dördüncü fəqərə" operettaları mövzusunda improvizələri qramofon plastinkasına yazdırır.
- Bəstəkarlar İttifaqında Q.Qarayev tərəfindən ilk rəsmi caz konsertində V.Mustafazadə ilə birlikdə iştirak edir.
- Kvartet "Gecə söhbəti" adlı sənədli filmin ("Azərbaycanfilm") çəkilişlərində iştirak edir.

1971-ci il - Mahnı Teatrının tərkibində müstəqil "Cəngi" instrumental ansamblını yaradır (R.Babayev, Y.Sərdarov, R.Rzayev, T.Şabanov, M.Petrosov).
- Caz-rok istiqamətində işləyir.

Rafiq Babayev

1976-cı il - "Cəngi" ansamblı səkkiz ay ərzində Kanada sahilləri və Meksika körfəzi boyunca hərəkət edən "Odessa" gəmisində işləyir.
- Monrealda EKSPO sərgisində, eləcə də Kanada və ABŞ-ın digər şəhərlərində konsertlər.
- gəmidə işləyən Amerika kollektivləri ilə seyşnlər.
- yaradıcılığın yeni dövrü - akustik musiqiyə elektron çalğı alətlərinin səsləri əlavə edilir.

1978-ci il - V.Mustafazadə ilə birlikdə müştərək disk layihəsi üzərində düşünür, lakin bu layihəni həyata keçirmək qismət olmur.

1982-ci il - Rafiq Babayev Azərbaycanda Bəstəkarlar İttifaqının üzvü seçilmiş ilk caz bəstəkarıdır.

Rafiq Babayev

1983-cü il - Estrada-simfonik orkestrinə rəhbər təyin edilir, bu orkestrin nəzdində solistlərin caz ansamblını yaradır (R.Babayev, C.Əmirov, S.Kərimi, G.Stepanişşev, A.Abbasov, E.Həsənov, R.Sultanov, P.Adip, T.Cabbarov).
- Bakıda V.Mustafazadənin xatirəsinə həsr edilmiş caz festivalında Vaqifə ithaf etdiyi "Yaddaş işığı" kompozisiyasını ifa edir.
- R.Babayev onun kollektivi ilə birlikdə ilk dəfə "yeni ampluada" - vokalçı kimi çıxış edən Əzizə Mustafazadəni təqdim edir.

1985-ci il - Moskvada Gənclərin və Tələbələrin XII Ümumdünya Festivalında Akif İslamzadə ilə birlikdə caz və muğamın sintezindən ibarət yeni layihə ilə çıxış edir.
- Bakı Opera Studiyasında yeni kollektivlə ilk solo caz konserti.

Rafiq Babayev

1986-cı il - T.Quliyevlə birlikdə yaratdığı "caz monoloqu" televiziya verilişi Moskva kanalı ilə bütün Sovet İttifaqına transliyasiya edilir.
- R.Babayevin ansamblı Tbilisi caz festivalının laureatı olur.
- Asəf Zeynallı adına musiqi məktəbi nəzdində estrada musiqisi bölməsini təşkil edir, bu bölmədə caz harmoniyasının əsasları da tədris edilir.

1987-ci il - Bakıda Ümumdünya Caz Festivalını təşkil edir və festivalda iştirak edir.

1988-ci il - Bakı Miniatür Mərkəzində caz konserti.
- Hindistanda Azərbaycan mədəniyyəti günlərində konsert.

Rafiq Babayev

1991-ci il - Fransada Azərbaycan mədəniyyəti günlərində caz konserti ilə iştirak edir.
-öz studiyasını yaradır.
- "Cəngi" qrupunu təşkil edir (R.Babayev, S.Kərimi, R.Sultanov).
- Q.Sadıxov, E.Sadıxov, Q.Məmmədov və digər xalq musiqiçiləri ilə müştərək layihələr üzərində işləyir. - Elektron musiqisi ilə eksperimentlər apararaq muğamın və müasir musiqi dilinin qarşılıqlı nüfüz etməsini yeni səviyyəyə qaldırır.

1993-cü il - "Gülüstan" sarayında caz konserti.

Rafiq Babayev

1994-cü il - "Nostalji" albomunu yazdırır. Onun vəfatından sonra bu albomun yazılışını C.Əmirov və S.Kərimi başa çatdırır.



Rafiq Babayevin kinomusiqisi

1969 Azərbaycan haqqında etüd sənədli O. Mirqasımov "Azərbaycanfilm"
1970 Çörək sənədli Z. Məhərrəmov "Azərbaycanfilm"
1970 Bakı haqqında 10 dəqiqə sənədli O. Mirqasımov "Azərbaycanfilm"
1971 Gecə söhbəti sənədli O. Mirqasımov "Azərbaycanfilm"

Rafiq Babayev

1974 1001-ci qastrol bədii O. Mirqasımov "Azərbaycanfilm"
1978 Baharla birgə sənədli Z. Məhərrəmov "Azərbaycanfilm"
1978 Bir ailəlik bağ evi* bədii Y. Qusman "Azərbaycanfilm"
1979 Faytoncu sənədli C. Fərəcov "Azərbaycanfilm"
1980 Anlamaq istəyirəm bədii O. Mirqasımov "Azərbaycanfilm"
1982 Gümüşü furqon bədii O. Mirqasımov "Azərbaycanfilm"
1982 Şelf sənədli R. Şahmaliyev "Azərbaycanfilm"

Rafiq Babayev

1984 Torpaq-kosmos - qarşılıqlı əlaqə sənədli R. Şahmaliyev "Azərbaycanfilm"
1985 Cin mikrorayonda bədii O. Mirqasımov "Azərbaycanfilm"
1985 Bir axşam... cizgi F. Qurbanova "Azərbaycanfilm"
1986 Vətənin yüksək səması altında sənədli I. Səfərov "Azərbaycantelefilm"
1986 Xeyirxah nağıl cizgi V. Behbudov "Azərbaycantelefilm"
1986 Qara leylək cizgi V. Behbudov "Azərbaycantelefilm"
1987 Şeytan göz qabağında bədii O. Mirqasımov "Azərbaycanfilm"
1987 1000 il sənədli I. Səfərov "Azərbaycantelefilm"
1987 Sehrli çıraq cizgi V. Behbudov "Azərbaycantelefilm"
1988 Basatın igidliyi cizgi V. Behbudov "Azərbaycantelefilm"
1989 Yaddaş sənədli I. Səfərov "Azərbaycantelefilm"
1989 Qurbanəli bəy cizgi V. Behbudov "Azərbaycantelefilm"

*Müəlliflərdən biri.