“JAZZAHEAD!” FESTİVALI HAQQINDA

Bremendə keçirilən "Jazzahead" caz festivalında üç min beş yüz musiqiçi çıxış etmişdir!



Bir neçə il bundan əvvəl Niderlandda, sonra isə Finlandiya və Macarıstanda keçirilən milli caz festivallarına beynəlxalq musiqi ictimaiyyətini - menecerləri, jurnalistləri, promouterləri maksimum dərəcədə cəlb etmək məqsədilə bu tədbirləri sərgi-yarmarkalarla eyni vaxtda təşkil etməyə başladılar. Müsbət nəticəni çox gözləmək lazım gəlmədi: bu müddətdə həmin ölkələrdə caza maraq nəzərəçarpacaq dərəcədə artmışdır.



Almaniya bu məsələyə başqalarından daha geniş yanaşmışdır. Onun "Jazzahead" festivalını "beşi birində" adlandırmaq olar. Əvvəlcə elmi-praktik konfrans keçirilir (radio, marketinq, klublar və s. mövzularda). Nahardan sonra German Jazz Meeting və ya "Almaniya caz görüşləri" adlı tədbir keçirilir. İlk növbədə əcnəbi promouterlər üçün nəzərdə tutulan bu tədbirdə 25 kollektiv (hər saatda iki-üç kollektiv) çıxış edir. Axşam beynəlxalq festival təşkil edilir. Lakin super-ulduz Con Skofild müstəsna olmaqla bütün layihələr bu və ya digər dərəcədə Almaniyaya aiddir.



Bundan əlavə, sənət "ulduzlarının" ustad dərsləri keçdiyi tədris kollektivlərinin müsabiqəsi və Avropa cazının gənclərdən ibarət seçmə komandasının konserti təşkil edilmişdir. Nəhayət, üç iş günü ərzində davam edən sərgi-yarmarkada müxtəlif səsyazma firmalarının, o cümlədən Almaniyanın ACT, ECM, ENJA firmalarının "ilk notdan başlamış hazır kompakt diskə qədər" audiosənaye məhsulları nümayiş etdirilir.


Festivalda bütövlükdə üç min beş yüz iştirakçı çıxış etmişdir. Dünyanın müxtəlif ölkələrinin təmsil olunduğu builki festivalda Azərbaycan ilk dəfə iştirak edirdi. Almaniyanın Azərbaycandakı Səfirliyi bu festivalda respublikamızı təmsil etmək şərəfini Bakı Caz Mərkəzinin baş direktoru, Azərbaycanın aparıcı caz musiqiçisi Rain Sultanova etibar etmişdi. Qarşıdakı Bakı Caz festivalının prodüseri olan bu sənətçi "Jazzahead" caz festivalında geniş proqramla çıxış etmişdir. Rain Sultanov Bakıya qayıdandan sonra festival barədə təəssüratlarını bölüşərək demişdir ki, "Jazzahead" caz festivalı bu növ tədbirlərin prodüserləri və təşkilatçıları üçün gözəl nümunə sayıla bilər. O demişdir: - "Jazzahead" kifayət qədər geniş miqyaslı tədbirdir və yaxşı olardı ki, biz də festival çərçivəsində seminarlar və ustad dərsləri təşkil edək, öyrədici və təşviqat xarakterli proqramlar həyata keçirək.



Fəxrlə deyə bilərəm ki, mənim Azərbaycandan gətirdiyim zəngin material əcnəbi prodüserlərin çoxunu heyrətləndirmişdi. "Azərbaycanda caz antologiyası" kitabı onları daha çox maraqlandırdı. Belə nəşrlər hətta qabaqcıl ölkələrin də çoxunda yoxdur. "Jazz dünyası" jurnalı və mənim təqdim etdiyim zəngin musiqi materialı "Jazzahead" festivalının iştirakçılarına çox xoş təsir bağışladı. Biz ən iri səsyazma studiyalarının prodüserləri ilə, görkəmli caz musiqiçilərinin menecerləri ilə, Amerikada və Avropada sanballı caz festivallarının təşkilatçıları ilə ünsiyyət saxlamaq imkanı əldə etdik.



Mən bu cür festivallarda dəfələrlə iştirak etmişəm və bütün bunlar bizdə - Azərbaycanda öz proqramına və təşkilati səviyyəsinə görə Avropa caz festivallarından heç də geri qalmayan tədbirlər təşkil etməyə imkan vermişdir. Əlbəttə, hər bir səfərdə nə isə bir yenilik olur və mən çalışacağam ki, bizim Azərbaycan caz festivalına da müəyyən yeniliklər gətirim, onu təkmilləşdirim.