BAKININ CAZ XƏBƏRLƏRİ

Festival ərəfəsində Bakının caz həyatında canlanma yaranmışdır. Biz birdən-birə qışdan yaya düşdük. Aprel ayının ab-havasının müəyyənləşdirən "ilk qaranquş" isə martın 30-da Azərbaycan paytaxtının Caz Mərkəzində Rafiq Babayevin xatirə gecəsi oldu.

Tord Qustavsen

Düz bir həftə bundan sonra isə Filarmoniyada norvecli cazmenlərin çıxışı oldu. Artıq tarixə qovuşmuş XX əsrin ikinci yarısında Norvecdə o qədər güclü musiqiçilər yetişmişdir ki, norvec caz məktəbi barədə söhbət açmaq yerinə düşər. Yan Qarbarek, Bobo Stenson, Palle Danielson, Terye Ripdal, Con Kristensen, Ketil Börnstad kimi musiqiçilərin adları caz həvəskarlarına yaxşı tanışdır. Norvec Krallığının Bakıdakı Səfirliyinin, eləcə də "Statoyl" və "Kverner" şirkətlərinin sayəsində bakılılar bu məktəbin daha bir nümayəndəsi - pianoçu Tord Qustafsen və onun tərəf-müqabilləri - basist Harald Yonsen və zərb alətləri ifaçısı Yarle Vespestad ilə tanış olmaq imkanı qazanmışdı. Bir məqamı xüsusi qeyd etmək istərdim ki, bu sənətçilər, necə deyərlər "ECM Records şirkətinin musiqiçiləri" hesab edilir. Dünyada ən iri səsyazma şirkətlərindən biri olan ECM özünəməxsus imici və yalnız yüksək səviyyəli musiqi əsərlərini yazmaqla məşğul olması ilə seçilir: burada kommersiya musiqisinin qarşısına sipər çəkilmişdir.

Bu il aprelin 5-də Filarmoniyada təşkil edilmiş konsertin proqramı əsasən "Changing Places" (2003) və "The Ground" (2005) albomlarına daxil edilmiş pyeslərdən ibarət idi. Tordun və onun tərəf-müqabillərinin ifa etdiyi musiqini qısaca xarakterizə etməyə çalışsaq deməliyik ki, bu musiqi bir qədər "xəsis" və təmkinli şimal lirikasıdır. Lakin bu zahiri "xəsislyin" arxasında çox güclü akademik məktəb və zahiri effektlərə uymadan öz yaradıcılığını təqdim etmək bacarığı dayanır.



Onların ifa etdiyi musiqinin məzmununa qəldikdə isə bir məqamı məxsusi qeyd etməliyik ki, bu trio yalnız özünün bəstələdiyi musiqini (daha dəqiq desək, Tord Qustafsenin kompozisiyalarını) ifa edir və caz standartlarına müraciət etmir. Özü də bu musiqi adi caz nümunələri ilə müqayisədə çox melodik və bəstəkar musiqisinə daha yaxın olması ilə seçilir. Konsertdə ifa edilmiş pyeslərin demək olar ki, hər biri ayrıca bir gözəl lirik balladanın əsasına çevrilə bilər. Onların yaradıcılığında klassik Avropa məktəbinin təsiri duyulur. Bəzən dinləyiciyə elə gəlirdi ki, indicə Edvard Qreqin ölməz "Per Qyunt" əsəri səslənəcəkdir. Caza gəldikdə isə Tordun stilistikası Bill Evans, Kit Carret və müasir cazın liderlərindən biri sayılan Bred Meldounun stilistikasına yaxındır. Yuxarıda deyilənləri nəzərə alsaq, burada təəccüblü heç nə yoxdur. "Token of Tango" pyesinin konsert ifası çox xoş təsir bağışladı. Proqramın növbəti nömrəsində - "Tears Transforming" pyesində isə kontrabasçının və təbilçinin solo partiyalarına da yer tapıldı. Deməliyəm ki, Vespestad öz solo ifasını zahiri effektlərə uymadan təqdim etdi. Hiss olunurdu ki, o, zərb alətlərinə "mümkün qədər çox ziyan vurmağı" öz qarşısına məqsəd qoymamışdı. Onun təzadlara əsaslanan solo musiqisi çox mənalı təsir bağışladı. Sözün əsl mənasında keyfiyyətli musiqi axşamı sayıla biləcək həmin konsertdə hər şey yerli-yerində idi. Amerika svinqi səslənəcəyini gözləyənlərin bir qədər qanı qaraldı, mən isə konsertin belə tez başa çatmasına görə dilxor olmuşdum. Lakin az sonra saata baxanda başa düşdüm ki, konsert mənim düşündüyüm kimi 40 dəqiqə deyil, təxminən saat yarım davam etmişdir. Trionun musiqiçilərinin standartlarda nə dərəcədə güclü olması məsələsi isə az sonra elə həmin Caz Mərkəzində təşkil edilmiş cemseyşndə həll edildi. Və bu həll heç də standartların xeyrinə olmadı.

Norveclilərin konsertindən təxminən iki həftə sonra, daha dəqiq desək aprelin 21-də Mahnı Teatrının binasında başqa bir trionun çıxışı oldu. Bu dəfə bakılı musiqisevərlər Azərbaycanda Rusiya İli çərçivəsində kontrabasçı Vladimir Volkovun və iki vokalçı-multiinstrumentalçının - Sergey Starostin və Andrey Kotovun daxil olduğu Rusiya triosunun çıxışını dinlədilər. Yeri qəlmişkən xatırlatmaq istərdim ki, musiqiçilər bu heyətdə cəmi ikinci dəfə çıxış edirdi: bu kollektivin ilk birgə çıxışı ötən il Norvecdə keçirilən festivalda səslənmişdi.

Bütün musiqiçilər ən yüksək səviyyəli və çox zəngin təcrübəyə malik olan peşəkarlardır. Məsələn, Andrey Kotov artıq 30 ildir ki peşəkar səhnədə çıxış edir. Sənət karyerasına Pokrovski adına xorda başlamış Kotov 1989-ci ildə "Sirin" adlı unikal bir ansambl yaratmışdır. Bu ansambl XIV-XV əsrlərin dini mahnılarını, dini mövzuda şerləri və müasir bəstəkarların dini mövzuda musiqisini ifa edirdi. Kotovun ifasına dinləyici marağının yüksək səviyyədə olması onun iş təcrübəsi, müxtəlif beynəlxalq layihələrdə iştirak etməsi, bütün dünyada solo konsertlər verməsi faktları ilə şərtlənir.

Sergey Starostin haqqında təkcə bunu demək kifayətdir ki, 2002-ci ildə BBC radiostansiyası onu etnik musiqi janrında çalışan ən maraqlı musiqiçilərə təqdim edilən "World Music - 2003" mükafatına nominant kimi irəli sürmüşdü.
Vladimir Volkovun aktivində 20-dən çox disk, ən yüksək səviyyəli çoxsaylı beynəlxalq caz festivallarında çıxışlar, eləcə də İqor Butman, Arkadi Şilkloper, Bobo Stenson, Trey Qann, Daref Yusef, Tomas Stanko, keçən il Bakıda çıxış etmiş Kenni Uiler və bir sıra başqa məşhur musiqiçilərlə birgə işlər vardır…

Düzdür, bu musiqiçilər öz proqramlarını etnik caz kimi təqdim etdilər, lakin məncə, onların ifa etdiyi musiqi rus xalq musiqisinin və kilsə musiqisinin çərçivələrindən çox kənara çıxırdı. Ümumiyyətlə, hər şey yaxşı caz ruhunda idi. Hərçənd zahirən bu, məhz rus xalq musiqisindən ibarət konsertə bənzəyirdi. Sergey Starostinin və ya Andrey Kotovun başladığı mövzu tədricən sərbəst improvizasiyaya çevrilir, musiqiçilərin hər biri öz imkanlarını tam sərbəst ifadə edir və bir-birinə mane olmadan bu sərbəstlikdən çox ehtiyatla istifadə edirdilər. Trionun saundu özlüyündə çox maraqlı idi: kontrabas bas registrindəki boşluğu doldurur, adətən orta və yuxarı registrdə səslənən rus musiqisi tamam başqa təsir bağışlayırdı. Bir neçə mahnının ifası zamanı Andrey Kotovun nağaradan (bəli, bu məhz bizim "doğma" nağara idi) istifadə etməsi də az rol oynamırdı. Qonaqlarımızın musiqi mədəniyyətinin çox yüksək səviyyədə olması diqqəti cəlb edirdi. Onlar başqa xalqların musiqisinə xas olan harmoniyaları birmənalı olaraq rus musiqisi kimi identifikasiya edilən bu musiqiyə çox ustalıqla əlavə edirdilər. Bu ifada Baltikyanı ölkələrin musiqisi üçün səciyyəvi olan intonasiyalar da duyulurdu, Karpat və Balkan melodiyaları da. Trionun ifa etdiyi XIV əsr kilsə mahnılarının sədaları isə dinləyiciləri xəyalən uzaq Vizantiyaya aparırdı. Konsertin bir məqamında Volkov xalis muğam ladından istifadə etdi.
Tord Qustavsenin triosu

Sergey Starostinin ifa etdiyi beşik mahnısı isə bu proqramın nömrələrinin rəngarəngliyi baxımından daha əlamətdar oldu. Qusli aləti Starostinin əlində saz kimi səslənirdi. O özü xalis rus melodiyasını ifa edir, Kotov və Volkov isə ritm-seksiya rolunda çıxış edirdilər. Bu dəfə Kotov yenə nağara çalmağa başladı, Volkov isə ifa etdiyi zənci spiriçuelslərinin harmoniyasını blüz intonasiyaları ilə zənginləşdirmişdi. Sergey Starostinin və Andrey Kotovun vokal məharəti ayrıca bir söhbətin mövzusu olmağa layiqdir. Bu, bizim adət etdiyimiz xor oxuması deyildi - Kotov çox vaxt Starostinin ifa etdyii əsas mövzu fonunda caz harmoniyalarını məharətlə qurur və lazım olan anda əsas mövzuya qayıdırdı. Beləliklə, bu konsertin janrını etnik caz deyil, xüsusən son vaxtlar get-gedə geniş yayılmaqda olan "World music" termini ilə adlandırmaq daha doğru olardı, çünki rusiyalıların təqdim etdyii musiqi müxtəlif ölkələrin və xalqların musiqisinin çox dərin və incə sintezi idi.

Bir sözlə, bu gözəl axşamdan sonra dinləyicilərin qəlbində saf və nurlu duyğular qaldı. Amma bir qanqaraldan məqamı qeyd etməmək mümkün deyil: Azərbaycan telekanallarından heç biri qonaqların çıxışını çəkmirdi. Halbuki onların arxivlərini məhz bu cür konsertlərin lent yazıları ilə tamamlamaq lazımdır. Əslində bu sözlər Rusiya Səfirliyinə də aiddir: elə bil Səfirliyin bu tədbirdən əsla xəbəri yox idi və o, kütləvi informasiya vasitələrində həmin konsertin lazımi səviyyədə reklam olunmasının təmin etməmişdi. Mən bir daha Tord Qustafsenin triosunun konsertini və Norvec Səfirliyinin, şəxsən səfir Steynar Qilin həmin konsertə necə diqqətlə yanaşmasını xatırlayıram. Mahnı Teatrında keçən konsert onunla müqayisəyəgəlməz dərəcədə yüksək səviyyədə idi, lakin onun barəsində bilən az idi. Ona görə də bu konsertə gələn tamaşaçılar Mahnı Teatrının kiçik zalının heç yarısını da doldurmamışdı. Bu, kədərli faktdır.

Hadisələrlə zəngin olan caz ayı başa çatdı. Aprelin 29-da, şənbə günü Filarmoniyada, yenə də Azərbaycanda Rusiya İli çərçivəsində Rusiyanın çox məşhur saksofonçusu İqor Butumanın kvartetinin konserti oldu. Butmanın adı caz həvəskarlarına yaxşı məlumdur. Onun özündən başqa, sabit heyətə malik olan kvartetinin çıxışını da dinləmək çox maraqlı idi. Deməliyəm ki, təbilçi Aleksandr Maşin - bir vaxtlar şəhərimizə həsəd aparılmağa layiq dərəcədə müntəzəm səfərlər edən bu sənətçi hələ keçən il pianoçu Anton Baronin barədə çox səmimi sözlər söyləmişdi. Kvartetin heyətinə təbilçi Eduard Zizak və kontpabasçı Vitali Solomonov da daxil idi. Bəri başdan deməliyəm ki, həmin konsert barədə ümidlərimin bir qismi doğruldu, bir qismi isə yox. Amma gəlin hər şeyi ardıcıl şərh edək.



Rusiyalı maestro təqribən iki saat davam edən konsertin proqramını əsasən özünün bəstələdiyi pyeslərdən və populyar sovet cizgi filmlərinin mövzularının caz interpretasiyalarından tərtib etmişdi. Bu heyətin ifa stilini təyin etmək üçün təffərrüata varmaq istəmirəm. Burada demək olar ki, hər cür musiqi səslənirdi: caz-rok da vardı, balladalar da, blüzlər də. Caz klassikasından yalnız "Caravan" səsləndi, konsertin birinci bölməsinin sonunda isə Butman Ceyms Braunun "I feel good" mahnısını ifa etməklə zalı, necə deyərlər qızışdırdı. Butmanın interpretasiyasında məhz blüz stilində səslənən "Barınya" mahnısı isə konsertin ruhunu müəyyən etdi. Butman bu mahnını həqiqətən tanınmış ustad sənətkardan gözlənilən səviyyədə ifa etdi. Onun əla texnikasına, uzun pasajlarına, məhz frazanın sonunda "nöqtə" qoyulmasına söz ola bilməzdi. Ani sürətlə yuxarı registrdən aşağı registrə keçərək iki saksofonun "söhbəti" effektini yaradan məqamlar dinləyicilərin çox xoşuna gəldi. Onu da deyim ki, belə anlarda Butman kontrabasçıya sanki kömək edir və ritm-seksiyanın daha da təsirli səslənməsini təmin edirdi. "Caravan" əsərinin ifası zamanı Butman və Solomonovun maraqlı dueti çox yaddaqalan oldu: Bu anda təbillər və royal susurdu, yuxarı və aşağı registrlərdə aparılan dialoqu dinləmək çox maraqlı idi. Ümumiyyətlə Ellinqton/Tizolun bu pyesinin traktovkası həddən artıq çoxplanlı idi. Butman bu pyesə "Qafqaz əsiri" kinofilmindən sultanın mahnısını əlavə edir, sonra bir anlığa tanqoya müraciət edir, daha sonra yenidən "Caravan"a qayıdırdı. Zaldakı tamaşaçıların reaksiyası da buna adekvat idi - cazdan başı çıxanlar müvafiq münasibətlərini bildirirdi. Konsertin ikinci bölməsi, "Caravan" müstəsna olmaqla, sovet cizgi filmlərinin mövzularına həsr edilmişdi. Bu, caz musiqiçisi üçün çox maraqlı və səmərəli material idi. Təsadüfi deyil ki, Butmanın yeni kompakt diskində məhz bu melodiyalar səslənəcəkdir. Yeri gəlmişkən, Butman həmin diski müasir cazın nəhəng nümayəndələri - pianoçu Çik Koria, basist Con Patituççi, təbilçi Jak Dejonnet və Rendi Breker ilə birlikdə yazdırmışdır. "Bremen musiqiçiləri" və "Gözlə, dovşan!" ("Nu, poqodi") cizqi filmlərinin mövzularından biri, "Kapitan Qrantın uşaqları" filmindən bir mövzunun "sitat gətirilməsi" və hamımızın xoşladığı "Umka" cizgi filmi… Bir sözlə, rusiyalı maestronun bu konserti çox yaddaqalan oldu.

İndi isə şəxsən xoşuma gəlməyən bəzi məqamlar barədə. Musiqiçilərin necə deyərlər, "gəmidən düşən kimi birbaşa məclisə gəlmələri", səslərini tənzimləməyə vaxt olmaması faktı öz mənfi təsirini göstərirdi. Onlar zala gələndə saat yeddiyə işləyirdi. Konsertin birinci bölməsində mən səhnəyə bir qədər yaxın əyləşmişdim, ikinci bölmədə beletaja keçdim, amma bu da kömək etmədi. Səsin dolğunluğunu təmin etməli olan kontrabas öz rolunun öhdəsindən gələ bilmirdi: o biri alətlər onun səsini batırırdı. Konsertdən sonra mən "Bakustik caz" qrupunun basisti Emil Həsənovla söhbət edib aydınlaşdırdım ki, Filarmoniyanın akustikası səsgücləndirən aparatların başqa qaydada düzülməsini tələb edir, Butman və onun səs operatoru isə bunu bilmirdi və əslində onlar bunu bilməli deyildilər. Çox güman ki, burada zalın özünün akustik imkanlarını nəzərə alaraq, səsgücləndirən aparatdan isə minimum səviyyədə istifadə etmək lazım idi. Daha bir məsələ - Anton Baroninin bu konsertdə davranışı xoşuma gəlmədi. Məsələ onda deyil ki, onun royalı da çox sakit səslənirdi. Hər halda kiçik heyətdə hər bir musiqi aləti ümumi ifaya öz töfhəsini verməli, təkcə "dəmkeş" rolu ilə kifayətlənməməlidir. Baronin isə həmin axşam yalnız dəmkeşlik edirdi və bu rolda o, öz ifasını ümumi səs palitrasına üzvi şəkildə daxil olan rəng çalarları ilə zənginləşdirmədi, onun ifası başqalarının çox-çox əvvəl səslənən ifalarından fərqlənmirdi. Bəlkə də Anton Baroninə məhz bu rolu ayıran Butman olmuşdur. Ola bilsin ki, kvartet Moskvada - "Le club"dakı daimi meydançsasında məhz bu cür çıxış edir. Amma şəxsən mən çox istərdim ki, Antonun ifasına bir də qulaq asım, özü də elə bir heyətdə ki, Anton orada yeganə lider olmasa da, ən azı lider rollarından birini ifa etsin. Axı biz Saşa Maşin kimi musiqiçinin fikrinə çox hörmət edirik.

Rövşən Sənanoğlu