BUZLAMIŞ FESTİVAL

İlıq və rahat mühit, Rusiya və Azərbaycanın prezidentləri, ABŞ-ın, Fransanın və Almaniyanın Azərbaycandakı səfirləri, Rusiya və Azərbaycanın mədəniyyət nazirləri, Moskvanın və Bakının merləri, Müslüm Maqomayev və Tamara Sinyavskaya, Vaxtanq Kikabidze, Nani Breqvadze, Tamara Qverdsiteli, Əzizə Mustafazadə ilə telekörpü, Azərbaycan musiqisinin və qonaqpərvərliyinin təntənəsi - Vaqif Mustafazadənin xatirəsinə həsr edilmiş "festival"da BUNLARIN HEÇ BİRİ YOX İDİ.



İndən belə biz "festival" sözünü eşidəndə xəcalət təri tökəcəyik.
2005-ci il dekabrın 17-də şənbə axşamı Vaqif Mustafazadənin xatirəsinə həsr edilmiş "Caz-muğam festivalı"nda Azərbaycan cazının yüzlərlə pərəstişkarı özlərini aldadılmış və alçaldılmış hiss etdi. Heç kəs burada bu dərəcədə qeyri-peşəkarlığın və tamaşaçılara qarşı hörmətsiz münasibətin şahidi olacağını gözləmirdi. Hərçənd, çox şeyin belə olacağını hələ konsert ərəfəsində güman etmək mümkün idi.



İlk həyəcan zəngi ondan ibarət oldu ki, festivalın təşkil edilməsi bu sahədə heç bir təcrübəsi olmayan Moskva Təhlükəsizlik, Müdafiə və Asayiş Problemləri Akademiyasına həvalə edilmişdir, festivalın baş prodüseri və təşkilat komitəsinin rəhbəri isə Etibar (Eduard) Cəfərovdur. Festivalda prezidentlər V.Putinin və İ.Əliyevin, digər məşhur adamların iştirak edəcəyi barədə təşkilatçıların çoxsaylı tələsik və gurultulu bəyanatları da ehtiyatlı olmağa təlqin edirdi. Konsertin tarixinin dəfələrlə dəyişdirilməsi və onun proqramının get-gedə pisləşməsi ikinci həyəcan zəngi oldu. Özlüyündə bu fakt bizi fikirləşməyə vadar edirdi. Çoxları geniş reklam edilən bu tədbiri artıq unutmağa başlamışdı. Lakin az sonra Moskvada festivalın afişaları peyda oldu və məlum oldu ki, festival baş tutacaqdır. Amma hətta bu sadə afişanın mətnində də səhvə yol verilmişdi: təşkilatçılar sevimli musiqiçinin soy adında axırıncı hərf "g" kimi yazmışdı. Bu çap xətasını görənlər təşkilatçıların bu musiqiçinin yaradıcılığına nə dərəcədə "bələd olduqlarını" dərhal təsəvvür edirdilər.



Nəhayət, ehtiyatlı olmaq hissi təlqin edən axırıncı amil - bu "festival"ın "Mir kinotavra" zalında keçirilməsi idi. Təşkilatçılar Azərbaycan mətbuatında çıxış edərək, bu zalın Moskvada bəlkə də ən yaxşı zal olmasını bildirirdilər. Bu isə ən azı gülünc təsir bağışlayırdı. Biletlərin qiyməti (1000 rubldan 5000 rubla qədər) elan ediləndə isə təşkilatçıların bu cəsarəti çoxlarını heyrətləndirmiş, festivalın statusu xalis mədəni hadisədən yüksək rentabelli kommersiya tədbiri ranqına keçirilmişdi.

Dünənki biabırçılıqdan sonra yuxarıda sadalananların hamısı sadəcə heyrətə yox, hiddətə səbəb olur. Prezidentlərin festivala gələcəyi barədə uydurma anons, Almaniya ilə telekörpü yaradılacağna dair yalan bəyanat verilməsi, kresloları olmayan, sıraların və yerlərin nömrələri göstərilməyən zala bahalı biletlər satılması, tamaşaçıları və musiqiçiləri aldadaraq onları tikintisi başa çatmamış, qızdırılmayan, cəmi bir ayaqyolusu olan (kişilər və qadınlar oraya növbə ilə getməli olurdular), döşəməsi bərbad vəziyyətdə olan, zalda, səhnədə və foyedə qastarbayter-fəhlələr gəzişən, künclərində sement kisələri atılmış zala aparmaq - bütün bunlara nə ad vermək olar?



Təsəvvür edin ki, qarla örtülü güllü bulvarda çiyinlərində stul daşıyan qastarbayterlər dəstə ilə gedirlər. Əvvəlcə fikirləşdik ki, yəqin bu adamlara zalda yer çatmayıb. Amma yox, zalda yer çox idi, sadəcə olaraq, orada ümumiyyətlə kreslo yox idi, stulları isə haradasa qonşuluqda icarəyə götürmüşdülər. Bütün zala bu cür stollar qoyulmuşdu. Soyuqdan dişləri dişlərinə dəyən qarderob işçiləri bizə məsləhət verdilər: "paltarlarınızı soyunmayın, zal sərindir". Sərin nədir! Yox! Zalda soyuqdur! Hamı paltoda və kürkdə oturmuşdu, musiqiçilərin bəziləri kurtkada çıxış edirdi. Bir sözlə, bu konsertdən sonra adam özünü qış vaxtı açıq stadionda olduğu kimi hiss edirdi.
Bunları kimə söyləsən inanmaz. Amma bu hələ harasıdır! Hərarət təxminən küçədə olduğu səviyyədə olan zalda tamaşaçılar konsert başlanana qədər düz iki saat gözləməyə məcbur oldular. Bu, həyasızlıq deyilmi?
Moskvalıların üzünə baxanda adam xəcalət çəkirdi. Bu vəziyyət onlara gülməli görünürdü, bizə isə, inanın ki, yox. Bəziləri özlərini saxlaya bilməyib "Na mılo!" deyə qışqırırdı və təəssüf ki, onlar haqlı idi.
Görünür, bu başabəla festivalın başabəla təşkilatsçıları "əsas məsələ biletlərin alınmasıdır, sonra isə nə alınar, alınar!" prinsipini əsas götürmüşdülər.

Nə alındığı isə göz qabağındadır. Konsertin birinci hissəsinin axırına yaxın zalda qalmış tamaşaçılarn sayı bəlkə də konsertin ikinci bölməsini açmış Viktor Livşitsin orkestrinin üzvlərinin sayından az idi. Aparıcı Yuli Qusman da konsertin idarə edilməsini əynindəki paltarı heç də havaya münasib olmayan gənc aparıcı qıza tapşıraraq özü çıxıb getdi. Bu qız səhnəyə ilk dəfə çıxanda soyuqdan elə əsirdi ki, hətta biz özümüz zalda donmaq həddinə çatdığımızı bir anlığa unudaraq ona ürəkdən yazığımız gəldi.



Təkcə musiqiçilər əllərindən gələni əsirgəmirdi. Bir məqamda təşkilatçılar istədilər ki, konsertin proqramını ixtisar etsinlər, lakin sədaqətli dinləyicilər onları fitə basdılar, musiqiçilər isə dinləyiciləri dəstəklədilər. Təşkilatçıların bu musiqi bayramını tamam korlamasına imkan verməmiş cazmenlərə və festivalın qonaqlarına təşəkkür edirik, onların qarşısında baş əyirik. Dörd saat davam etmiş bu konsertdə onların enerjisi və ürəkdən ifa etdikləri musiqi bizim qəlbimizə hərarət verdi. Feliks Laxuti, Anatoli Gerasimov və "Çe Gevara" qrupu daha çox yadımızda qaldı. Konsertin finalı xüsusilə yaddaqalan oldu. Azərbaycanlı cazmenlər - pianoçu Emil İbrahimov, basist Ruslan Hüseynov və bizə artıq yaxşı tanış olan zərb alətləri ifaçısı Aleksandr Maşin zalda qalmış iyirmi-otuz sədaqətli dinləyicinin qəlbində həqiqətən sənət eşqini canlandırdılar.



Nə qədər qəribə də olsa, Vaqif Mustafazadənin yaradıcılığından bizə tanış olan mövzular yalnız bu ifaçıların, bir də festivalı açıq elan etmiş Salman Qəmbərovun proqramına daxil edilmişdi.
Festivala onun təşkilatçıları yekun vurdu. Təhlükəsizlik Akademiyasının rəhbəri özünün "odlu-alovlu" nitqində Vaqif Mustafazadəni kiminlə müqayisə etsə yaxşıdır! Bəlkə də inanmayacaqsınız… Lomonosovla! O, öz sözlərini "təsdiqləmək" üçün musiqiçinin qohumu Afaq Əliyevaya əldəqayırma Lomonosov medalını təqdim etdi.



Etibar (Eduard) Cəfərov fesivalın bəzi sirlərini açıqladı və öz "qəhrəmanlığı" ilə lovğalandı: "Dünən bu zalda nə bircə dənə stul vardı, nə də kovrolit , səhnənin tikintisi başa çatdırılmamışdı, biz bütün bunları bircə gecədə hazırlamışıq". Görürsünüz, necə "qəhrəmandır"!
Lakin belə bir təbii sual yaranır. Əgər heç nə yox idisə, zalın qızdırılmayacağı və orada kreslolar olmayacağı, ayaqyolular olmaması, Almaniya ilə telekörpü yaradılmayacağı, musiqiçilərin gəlməyəcəyi, bütün başqa məsələlərin baş tutmayacağı təşkilatçılara əvvəlcədən məlum idisə, adını "festival" qoyduqları bütün bu biabırçılıq nəyə lazım idi? Kədərlidir, amma heç gülməli deyil. Görəsən bu cür təşkilatçıları haradan tapırlar? İşə baxın ki, onlar tikintisi başa çatdırılmamış, soyuqdan adamın az qala donduğu bu baraka prezidentləri də dəvət ediblərmiş!



Görəsən nə üçün bizim hər işimiz belə alınır? Musiqiçinin soy adını düz yazmağı bacarmayanlar onun xatirəsinə həsr edilmiş festivallar keçirirlər! Dinləyiciləri adam yerinə qoymayanlar festival təşkil edirlər. Axı biz nə vaxta qədər "aşpaz qadın hər şeyi bacarar" prinsipi üzrə yaşayacağıq?! Yox, o, hər şeyi bacarmaz! Bacarmaz, vəssalam!



Etibar (Eduard) Cəfərov öz nitqinin sonunda özündən çox razı halda vəd etdi ki, bu festival hər il keçiriləcəkdir. Sən bir cəsarətə bax!
Əgər növbəti festival da bunun kimi xaltura olacaqsa, əgər onu da bu cür diletantlar təşkil edəcəklərsə, Allah xatirinə, LAZIM DEYİL! Vaqifin xatirəsinə hörmətsizlik etməyin, bizi biabır etməyin! Daha bu cür festival lazım deyil! Xahiş edirik!