CAZ VƏ KİNO (1-Cİ HİSSƏ)

1981-ci ildə Londonda nəşr edilmiş "Kinoda caz" adlı soraq kitabçasında caz musiqisi səslənən 3724 filmin adı çəkilir. Bu filmlər arasında oyun lentləri də var, qısametrajlı, sənədli, gizci və televiziya filmləri də. Aşkardır ki, həmin soraq kitabının nəşr edildiyi vaxtdan bəri keçən iyirmi beş ildə bu cür məhsulların sayı xeyli artmışdır.



Caz musiqisi və kino incəsənətin müxtəlif sahələri olsalar da, onları birləşdirən cəhətlər çoxdur. İncəsənətin bu növlərinin hər ikisi təxminən eyni vaxtda yaranmışdır. Buna görə də onları bir-birinin yaşıdı hesab etməyə haqqımız var. Hərçənd Lümer qardaşları ilk kino seansını 1895-ci ildə təşkil etmiş, caz xronologiyasının başlanğıcını isə 1917-ci ildən hesablamaq qəbul edilmişdir. O vaxt "Original Dixieland Jazz Band" studiyası ilk caz plantinkasını yazmışdır. Yeri gəlmişkən xatırladaq ki, o vaxt "jazz" sözü "jass" kimi yazılırdı.



Lakin unutmaq olmaz ki, XIX əsrin axırlarında reqtaym çox populyar idi. Razılaşın ki, cazın ruhunu reqtaymsız təsəvvür etmək çətindir. Həm kinonun, həm də cazın təşəkkülünün erkən dövründə onların hər ikisinə xas olan bir ümumi cəhət var: o dövrün estetləri incəsənətin bu növlərinin bədii potensialını duymamış və həm kinonu, həm də cazı incəsənətin aşağı janrına aid etmişdilər.



Səssiz kino dövrünün lap əvvəlində bu iki janrın intensiv qovuşması prosesi başlandı. Yeri gəlmişkən, musiqi muşayiətinin vəzifəsi təkcə ekranda baş verənləri səslə illüstrasiya etməkdən ibarət deyildir.



Filmlərin musiqi müşayiətini zərurətə çevirən əsas səbəb ondan ibarət idi ki, kinoproyektor işləyərkən çox güclü mexaniki səs yaranırdı, musiqi isə bu səs-küyü yaxşı neytrallaşdırırdı. Hər bir kinoteatrda fortepiano olurdu. Taper (improvizə etməyi bacaran musiqiçi) ekrana baxa-baxa fortepiano çalırdı. Bu mənada deyə bilərik ki, kino zalları əksər caz pianoçuları üçün ustalıq məktəbi olmuşdur. Buna ən parlaq nümunə Fets Uoller idi. Bu sənətçi svinq dövründə ən yüksək məvacib alan musiqiçilərdən birinə çevrilmişdi, populyarlığa görə isə o yalnız Lui Armstronqdan geri qalırdı. XX əsrin iyirminci illərin əvvəllərində caz artıq yeni əsrin musiqi rəmzinə çevrilmişdi (incəsənətdə XX əsrin əvvəli dedikdə Birinci Dünya müharibəsinin başa çatdığı dövr nəzərdə tutulur). Amerika kinematoqrafçıları bu fakta diqqət yetirməyə bilməzdilər. O dövrdə çəkilmiş "Jazz Monkey" (1919), "Girl With The Jazz Heart" (1920), "Children Of Jazz" (1923) və başqa seçmə kino lentlərinin əksəriyyətində caz ruhu duyulurdu.


Elə güman etmək olardı ki, səsli kino yarandıqdan sonra "böyük səssiz kino" həmişəlik unudulacaqdır, lakin belə olmadı. Son illərdə "səssiz" filmlər caz ifaçıları üçün yenidən aktual mövzuya çevrilmişdir. Onların arasında caz-modernistlər üstünlük təşkil edir. Klassik kinofilmləri yenidən səsləndirmiş John Zorn və Vladimir Tarasov belə sənətçilərdəndir. 1996-cı ildə isə Yekaterinburqda (Rusiya) "Səssiz kino - canlı musiqi" adlı unikal festival keçirilmişdir.

Amma hər halda kino ilə cazın ən dəyərli və məhsuldar əməkdaşlığı səsli filmlər dövründə başlanmışdır. Belə lentlərdən birincisinin premyerası 1927-ci il oktyabrın 6-da olmuşdur. Rəmzi haldır ki, bu musiqili film "The Jazz Singer" adlanırdı. Yeri gəlmişkən, həmin filmdə baş rolun ifaçısı əslən Pribaltikadan olan El Colson idi. Bir neçə ildən sonra rejissor Dedli Merfinin tamaşaçılara təqdim etdiyi iki filmdə ilk dəfə idi ki, baş rollarda məşhur caz musiqiçiləri çəkilmişdi: "St. Louis Blues" filmində Bessi Smit, "Black And Tan" filmində isə Dyuk Ellinqton və onun orkestri çıxış edirdi.



1930-cu ildə rejissor Con M.Anderson "King Of Jazz" adlı film çəkdi. Bu filmdə Pol Uaytmen və onun orkestri çəkilmişdir. Kommersiya cazının korifeyi sayılan Pol Uaytmenin kinoda debütündən az sonra o, kinematoqrafçıların diqqət mərkəzinə düşdü. Tədricən görkəmli caz ifaçılarının praktiki olaraq hamısı tez-tez kino ekranlarının qonaqları olurdu. Aydın məsələdir ki, Lui Armstronq da onların arasında layiqli yer tuturdu. Lakin təəssüf ki, rejissorların əksəriyyəti misilsiz bir trubaçı ilə işlədiklərini sanki unudaraq onun unikal vokalını intensiv şəkildə eksponata çevirirdilər.



Otuzuncu illərdə Hollivud Amerika kinematoqrafiyasının mərkəzinə çevriləndə əyləncə xarakterli kino lentləri və musiqili filmlər tamaşaçılar arasında daha populyar idi. O vaxta qədər svinq janrı Amerikanı fəth etmişdi. Bu janrın bayraqdarları biq-bəndlər idi. Beləliklə, populyar caz orkestrlərinin hər biri kinoda bu və ya digər dərəcədə iz qoymuşdur.



Dyuk Ellinqtonun orkestri "Belle Of The Nineties" (1934) və "Cabin In The Sky" (1943) adlı məşhur oyun lentlərində iştirak etməsi bu orkestrin məşhurlaşmasında çox böyük rol oynamışdı. Elə buna görə də bu orkestr tez-tez kino ekranlarının qonağı olurdu. "Svinq kralı" tituluna layiq görülmüş Benni Qudmen kinematoqrafçılar arasında xüsusilə populyar idi. 1937-ci ildə çəkilmiş "Hollywood Hotel" filmi bu dahi klarnetçinin və onun bendinin karyerasında xüsusi rol oynamışdı. Amma hər halda svinq erasında məhz Qlenn Millerin orkestri ekranın rəmzi sayılırdı. Onun çəkildiyi iki musiqili film - "Sun Valley Serenade" (1941) və "Orchestra Vives" (1942) bu janrın klassik nümunələrinə çevrilmişdir.



1942-ci ildə səsyazma studiyaları ilə Musiqiçilər İttifaqı arasında baş vermiş münaqişədən sonra cazın ekranlara gəlişi daha da fəallaşmışdır. Bu hadisədən sonra leybllər boykot edildi. Caz musiqiçilərinin əksəriyyəti üçün kino bir müddət ən mühüm fəaliyyət arenasına çevrildi. 1945-ci ildə ekranlara buraxılmış "Jivin' İn Bebop" filmi Dizzi Gillespinin orkestrinə əbədi şöhrət qazandırdı. Orkestr bu dəfə artıq svinq ifa etmirdi. Həmin filmdə artıq bu stilin klassik nümunələrinə çevrilmiş "Ornithology", "Night in Tunisia" və başqa mövzular səslənirdi.

Ardı var