BAKININ FESTİVAL TARİXİNDƏN SƏHİFƏLƏR...

Deyirlər hər yeni təzə - əslində yaxşıca unudulmuş köhnədir. Şəhərimizin zəngin musiqi tarixinin səhifələrini vərəqlədikcə bunun bir daha şahidi olursan. Konsertlər, festivallar, qastrollar… Bütün bunlar bizim milli musiqi salnaməmizin ayrılmaz tərkib hissəsidir. Belə parlaq, unudulmaz səhifələrdən biri də - "Bakı-87" Ümumittifaq Caz Festivalıdır.

Məlumdur ki, istənilən festivallar həmişə böyük bayramdır, xoş təəssüratlardır. Lakin etiraf edək ki, caz festivalları bu bayrama xüsusi ovqat, əhval-ruhiyyə aşılayır. Burada ifaçıların dinləyicilərlə ünsiyyət forması da qeyri-adidir. Səhnədə çıxış edənlərlə zalda əyləşənlər arasında elə bir incə əlaqə telləri yaranır ki, bunu sözlə ifadə etmək çətindir. Bu, həqiqətən yeni adların, yeni üslub və ifa tərzinin kəşfi bayramıdır.



Məhz bu keyfiyyətləri ilə "Bakı-87" Caz Festivalı mənim və yəqin ki, bir çoxlarının xatirində parlaq bir hadisə kimi qalıb. O zaman Bakıya çox məşhur caz kollektivləri və ifaçıları təşrif buyurmuşdu. Onların arasında adı caz tarixinə düşmüş əfsanəvi Oleq Lundstremin biq-bendi, müxtəlif caz ansamblları, o cümlədən N.Levinovskinin rəhbərliyi altında "Alleqro", Q.Lukyanovun rəhbərliyi ilə "Kadans", Y.Vorontsovun başçılığı altında "Riff", O.Plotnikovun "Ural diksilendi", D.Qoloşyokinin caz ansamblı və Tallindən Xelmut Anikonun rəhbərliyi altında ansambl var idi.

Məşhur pianoçu Mixail Okun, əla kontrabasçı Tamaz Kuraşvili və ən yaxşı sovet zərbçilərindən sayılan Viktor Yepaneşnikovun solisitlər Triosunu isə "ulduzlar" ansamblı adlandırırdılar.


Festivalın iştirakçıları arasında həmçinin parlaq gitaraçı Aleksey Kuznetsovun instrumental Triosu, trubaçalan Aleksandr Fişer və gənc pianoçu Daniil Kramerin dueti, eston saksafonçusu Lembit Saarsalu ilə pianoçu Leonid Vintskeviçin dueti, habelə öz kompozisiyalarında caz üslubunu qaraçı musiqi folkloru ilə uzlaşdırmış gitaraçı A.Celakayevin pianoçu F.İvanovla orijinal dueti diqqəti cəlb edirdi.

Məşhur pinoçular Vaqif Sadıxov, İqor Nazaruk, İqor Bril, Serqey Terentyevin parlaq çıxışları uzun müddət Bakı dinləyicilərinin xatirindən silinmədi. Qeyd edək ki, festivalın qonaqları arasında əslən bakılı olan və ifaçılıq fəaliyyətinə caz müğənnisi kimi başlamış, hal-hazırda Rusiyanın xalq artsiti Larisa Dolina da var idi.
Azərbaycanın caz sənətini isə unudulmaz sənətkarımız Rafiq Babayevin rəhbərliyi ilə Azərbaycan Dövlət Teleradiosunun solistlər ansamblı, Teymur Mirzəyevin başçılığı ilə Caz-Xor, pianoçu Rövşən Rzayevin rəhbərliyi altında Caz-Kvartet və hələ gənc, Bülbül adına Orta ixtisas musiqi məktəbinin məzunu 17 yaşlı Əzizə Mustafazadə - müasir dünya caz "səmasının" ulduzu - layiqincə təmsil etmişdilər.
… İlıq iyun axşamlarında Yaşıl Teatrın açıq səması altında toplaşmış çoxsaylı caz pərəstişkarları vaxt və məkan hissini unudaraq (o zaman gecə taksiləri çox nadir idi və tamaşaçılar evlərinə ayaqla getməli olmuşdular), gecə saat 3-ə qədər, bəzən isə daha uzun müddət cazın sehrindən çıxa bilmirdilər. Bütün bunları xatırlayarkən bir daha vurğulamaq istərdik: yaşasın Caz və Caz Festival - daim səninlə olan Bayram.

Lalə Hüseynova
musiqişünas