XƏZƏR SAHİLLƏRİNDƏ "YENİ ORLEAN"

1967-ci ilin ilıq iyun axşamlarının birində bakılıların çox xoşladığı "Yaşıl teatr"da Bakıda ilk caz festivalı keçirildi. O vaxta qədər Azərbaycanda caz "dissident" musiqidən başlayaraq kütləvi xalq sənətinə çevrilməyə qədər zəngin bir inkişaf yolu keçmişdi. 50-ci illərin əvvəlindən 60-cı illərin sonuna qədər (təbii ki, söhbət ötən əsrə aiddir) Bakının caz həyatının "mərkəzi" Azərbaycan Neft-Kimya İnstitutunda keçirilən tələbə gecələri idi. Azərbaycan cazının bütün "qaymaqları" buraya toplaşırdı. Hər il yaz axşamlarının birində respublikamızın paytaxtının caz kollektivləri Azərbaycan Neft-Kimya İnstitutunun akt zalında çıxış edirdi. Bu gecələr, mahiyyət etibarilə, sonradan SSRİ miqyasında keçirilən Ümumittifaq caz festivallarının proobrazı idi. Həmin konsertlərin iştirakçısı olmuş O. Rüstəmov o günləri belə xatırlayır: "Bu axşamlara düşmək çətin məsələ idi. Bu tədbirlərin əhatə etdiyi geniş auditoriya - sözün həqiqi mənasında ruhən və mənən azad insanlardan ibarət idi. Belə konsertlərdə əsasən svinq, diksilend, bir də bizim musiqiçilərin "Amerikanın səsi" radiostansiyasının dalğalarında eşitdikləri repertuardan nümunələr ifa edilirdi".



Gənc ifaçılar caz kompozisiyalarını özlərinin başa düşdükləri kimi, onların dünya görüşünün və musiqi mədəniyyətinin imkan verdiyi səviyyədə təqdim edildilər. "Günəşli vadinin serenadası" adlı məşhur Amerika filminin musiqisi Azərbaycanlı cazmenlərin himninə çevrilmişdi. Hər bir konsertin əvvəlində və sonunda Qlen Millerin musiqisi səslənirdi. Yerli caz həvəskarlarının bu gözəl musiqidən bəhrələnməsi üçün yeganə mənbə - qısadalğalı radio, bir də kustar üsulla yazılmış cırıldayan, xırıldayan vinil qrammofon plastinkaları idi.

İlk caz festivalının məhz 1967-ci ildə keçirilməsi heç də təsadüfi deyildi. Xruşşovun "mülayimləşmə" dövrü başlayandan sonra musiqiçilər sovet anlamında yabançı sayılan musiqini sərbəst ifa etmək imkanı qazanmışdılar. İndi buna görə partiya "inkvizitorlarının" təqib obyektlərinə çevrilmək qorxusu yox idi.

Həmin illərdə Bakı mədəniyyətin və ümumiyyətlə paytaxtın infrastrukturunun tərəqqi dövrünü yaşayırdı. Respublika paytaxtında ilk metro xətti istifadəyə verilmişdi, kinoteatrların, teatrların, sirkin tamaşa salonları, stadionlar tamaşaçı ilə dolu olurdu. Beynəlmiləlçi, multimədəniyyət şəhəri olan Bakıda cazın inkişaf etməsi üçün əlverişli şərait yaranmışdı. O dövrdə Bakıda caz musiqisinin səsləndiyi əsas səhnələr "Nizami", "Araz", "Azərbaycan" və digər kinoteatrların foyeləri idi. Yeri gəlmişkən xatırladım ki, hazırda Rusiyanın tanınmış bəstəkarlarından biri olan həmyerlimiz Şainski o vaxt "Nizami" kinoteatrının foyesində çıxış edən orkesrlə işləyirdi. Kinoteatrlarda axşam seanslarından əvvəl orkestrlər caz musiqisi ifa edirdi. Tamaşaçılar bu musiqini dinləməklə yanaşı həm də rəqs edə bilərdilər. Belə hallarda əsasən D.Ellinqtonun, L.Armstronqun, D.Koltreynin və başqalarının svinq musiqisi ifa edilirdi. Nostalji hisslərini qiymətləndirənlər həmin dövrdə "Nizami" kinoteatrında caz kompozisiyalarını gözəl ifa edən müğənni Devisi, "Azərbaycan" kinoteatrında çıxış edən Rayf Hacıyevin orkestrini, istedadlı trubaçı İ.Kələntərlini, eləcə də L.Lubenski, V.Rubaşevski, Tartakovski, Hacıbağırov və başqa musiqiçiləri yəqin ki, hələ də xatırlayırlar.



"Yaşıl teatr"da keçirilən ilk festivalda Bakını üç kollektiv təmsil edirdi: Rafiq Babayevin kvarteti, kinoteatrların yığma orkestri, bir də hazırda Moskvada yaşayan və işləyən Arzu Hüseynovun qrupu. Həmin konsertdə tamaşaçı kimi iştirak etmiş musiqiçi David Koyfman xatırlayır ki, bu festivalın məxsusi adı yox idi. "Yaşıl teatr"ın qarşısında çoxsaylı sənətsevərlər toplaşmışdı. Musiqiçilər o dövrdə populyar olan kompozisiyaları, əsasən Amerika musiqisini ifa edirdilər. Lakin Koyfmanın dediyinə görə Rafiq Babayevin kvarteti hələ o vaxt "Bayatı Şiraz" muğamını caz aranjirovkasında təqdim etmişdi. O vaxt hələ Gürcüstanda yaşayan Vaqif Mustafazadə isə həmin festivalda iştirak etmirdi. 1968-ci ildə keçirilən növbəti festival Əl oyunları salonunda təşkil edilmişdi. 1968-ci ildə keçirilən festivalda birinci festivalın iştirakçısı olmuş kollektivlərdən əlavə, hazırda Saratovda yaşayan əla caz müğənnisi Mənsur Qasımov, eləcə də Vaqif Mustafazadənin triosu (o özü, T.Cəfərov və N.Adilyarov) çıxış edirdi. Bu festivala Moskvadan və Kuybışevdən də musiqiçilər gəlmişdi.

1969-cu ildə Bakıda növbəti, bu dəfə daha sanballı və geniş miqyaslı caz festivalı keçirildi. Festivalın ilk günü mahnılar, ikinci gün isə caz musigisi ifa edilirdi. "Yaşıl teatr"da Gürcüstandan, Estoniyadan, RSFSR-dən gəlmiş musiqiçilər və əlbəttə, azərbaycan nümayəndələri çıxış edirdi. Çoxsaylı caz pərəstişkarlarının diqqətini cəlb etmiş həmin konsertdə David Koyfman Vaqif Mustafazadənin qrupunda çıxış edirdi. O. Rüstəmov deyir: "Bizim musiqiçilər, xüsusən Rafiq Babayev bu tədbirə çox ciddi hazırlaşmışdı".

Bu festivalın bir xüsusiyyəti də ondan ibarət idi ki, bizim Rafiq Babayev, "Qaya" kvarteti kimi musiqiçilərimiz özləri barədə, necə deyərlər, uca səslə məlumat vermək imkanı əldə etdilər.


Məhz 1969-cu ildən sonra azərbaycanlı caz musiqiçilərini SSRİ-nin başqa şəhərlərində keçirilən festivallara tez-tez dəvət etməyə başladılar. Rusiyanın regionlarından çoxsaylı caz kollektivləri Bakıya gəlirdi. Məsələn, Rusiyanın ən populyar caz orkestrlərindən biri - A.Kozlovun rəhbərlik etdiyi orkestr, T.Kuraşvilinin qrupu buraya gəlmişdi. Deyilənə görə O.Lundstrem də gəlməyə hazırlaşırmış, lakin nədənsə bu məşhur orkestr festivala gəlmədi. Amma hər halda sonralar Oleq Leonidoviç Bakıda konsert vermişdi.
Altmışıncı illərdə kompakt disklər, özəl səsyazma studiyaları, FM radiostansiyaları - bütün bunlar yox idi. Buna baxmayaraq, azərbaycanlı musiqiçilər festivalda çıxış etmək, tamaşaçılar isə İttifaqın caz bomondunun, necə deyərlər, canlı çıxışlarını dinləmək imkanı qazanmışdı. Maraqlıdır ki, "Bakı-69" festivalından sosnra SSRİ-nin bir sıra şəhərlərində hər il festivallar keçirilməsi ənənəyə çevrilmişdi, Azərbaycan paytaxtının özündə isə növbəti iri caz festivalının keçirilməsi yalnız uzun illərdən sonra baş tutdu.



Buna baxmayaraq, Bakıda caz sürətlə inkişaf etməkdə idi. Caz musiqisi kinoteatrların foyelərindən rahat restoranların salonlarına "ayaq açmışdı". Bakıda ən prestijli "Kotton Klab" Kirov adına parkda yerləşən "Dostluq" ("Drujba") restoranı sayılırdı. V.Vladimirovun caz orkestri hər axşam orada çıxış edirdi. Müxtəlif ölkələrdən Bakıya qəlib burada konsertlər verən musiqiçilər bu restoranı yaxşı tanıyırdılar. Onlar konsertdə çıxış edəndən dərhal sonra "Drujba"ya yollanır, orada bir növ kortəbii cem-seyşnlər təşkil edilirdi.

70-ci illərdə bakılı musiqiçilərin bəziləri xarici ölkələrə mühacirət etdi, lakin yeni ideyalarla zəngin olan yeni cazmenlər yetişməkdə idi. O dövrdə SSRİ ilə ABŞ arasında münasibətlərdə mülayimləşmə yaranmışdı. Amerikalı blüz ifaçısı məşhur Billi Holideyin həyatından bəhs edən, dramatik səhnələrlə zəngin olan gözəl film sovet ekranlarında nümayiş etdirilirdi. Sovet hökumət orqanları qərb radiostansiyalarını "səs boğanlarını" ləğv etmiş, bizim caz fanatları məşhur Uillis Konnoverin "45 dəqiqə" və "Caz aləmində" adlı verilişlərini rahat dinləmək imkanı qazanmışdı.

Azərbaycan cazı əsl tərəqqi dövr yaşayır, onun aurası genişlənirdi. Vaqif Mustafazadə fenomeninin yaranması da məhz bu dövrə təsadüf etmişdi. 70-ci illərdə və 80-ci illərin əvvələrində "Qızıl payız" festivalları, V.Mustafazadənin xatirəsinə həsr etmiş "Bakı-83" festivalı və digər tədbirlər keçirildi. "Bakı-1987" Ümumittifaq caz festivalı çox uğurlu oldu. Bu festival zamanı Sovet İttifiqanın ən populyar caz qruplarının hamısı Azərbaycan paytaxtında toplaşmışdı. "Ev sahibləri" - Azərbaycan Dövlət Teleradio Verilişləri Komitəsinin Rafiq Babayevin idarəsi ilə solistlər ansamblı, "Qaya" kvarteti, Rövşən Rzayevin qrupu, Qazarov-Ptaşko dueti və başqa yerli ifaçılarla yanaşı, qonaqlar - O.Plotnikovun "Ural diksilendi", Q.Lukyanovun "Kadans" caz ansamblı, N.Levinskinin "Alleqro", Y.Vorontsovun "Riff" qrupları Estoniya cazını təmsil edən Xelmut Anikonun qrupu, leninqradlı T.Qoloşşekinin ansamblı, Moskvanı təmsil edən solistlər triosu (M.Okun - T.Kuraşvili - V.Yepaneşnikov), A.Kuznetsovun instrumental triosu, moskvalı Saarsalu-Vintskeviç instrumental dueti, Cekalayev-İvanov, Kramer-Fişer duetləri və başqaları festivalda uğurla çıxış etdi.



"Bakı-87" festivalının ən gənc iştirakçısı o vaxta qədər artıq istedadlı ifaçı və bəstəkar reputasiyası qazanmış 17 yaşlı Əzizə Mustafazadə idi. Festivalda uğurlu çıxışları ilə seçilən iştirakçılar arasında moskvalı İ.Nazaruk və İ.Bril, Ulyanovskdan gəlmiş Larisa Dolina, Odessalı S.Terentyev də vardı.

2002-2004-cü illərdə keçirilmiş "Kaspian caz ənd blüz" seriyasından olan festivallar caz pərəstişkarları və ümumiyyətlə musiqisevərlər tərəfindən birmənalı qiymətləndirilmədi. Bu seriyanın başlanğıcı, yəni 2002-ci ildə keçirilmiş ilk festival iştirakçıların tərkibinə görə nisbətən samballı olsa da növbəti festival, yumşaq desək zəif, axırıncısı isə açıq aşkar uğursuz oldu. Festivalların kommersiya, əyləncə, idraki əhəmiyytəi ilə yanaşı onlar həm də maarifləndirmə xarakterli tədbirlər sayılır. Təəsüf ki, "Kaspian caz ənd blüz" festivalları incəsənətin bu növünü gənc musiqiçilər arasında və ümumiyyətlə Azərbaycan cəmiyyətində populyarlaşdırmaq vəzifəsinin öhdəsindən gələ bilmədi. Ötən il keçirilmiş "Baku caz 2005" festivalı isə həm forma, həm də məzmun baxımından çox uğurlu oldu və Bakının "Xəzər sahilində Nyu-Orlean" reputasiyasının ona qaytarılacağına ümid yaratdı.

Ceyhun Nəcəfov