BAKIDA EL Dİ MEOLANIN KONSERTİ

2006-cı il mayın 18-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının konsert salonunda Türkiyədəki "Premier Art Manegement Agency" şirkətinin baş direktoru Nəzakət xanım Qasımovanın təşkilati dəstəyi və Azərbaycan Beynəlxalq Bankının maliyyə dəstəyi ilə əfsanəvi gitaraçı El Di Meolanın konserti olmuşdur. Bu çıxış respublika paytaxtının musiqi həyatında çox parlaq hadisəyə çevrildi. İlk dəfə idi ki, bakılı tamaşaçılar bu məşhur musiqiçinin Avropaya rəsmi səfəri çərçivəsində onu dinləmək imkanı əldə etmişdilər. Klavişli alətlərin, bas-gitaranın, təbillərin və perkussiyanın daxil olduğu kvintetin müşayiəti ilə çıxış edən El Di Meolanın konsert proqramı orijinal musiqi nömrələrindən və dahi Argentina bəstəkarı Astor Pyatsollonun (Astor Piazollo) əsərlərindən ibarət idi.

El Di Meola

El Di Meola - məxsusi dəst-xətti aşkar hiss olunan musiqiçidir. Onun ifaçılıq məharəti, qeyri-adi energetikası və ifa prosesində yaranan improvizələri dinləyiciləri heyran etmişdi. Bu sənətçiyə xas olan ifa tərzinə, onun bənzərsiz musiqi frazalarına heç bir başqa ifaçıda rast gəlməzsiniz. El Di Meolanı bir dəfə dinləyənlər onun ifasını heç vaxt başqası ilə dəyişik salmazlar.

El Di Meola

El Di Meola iki gitarada çalırdı. Canlı gitara sədaları vaxtaşırı gitara sintezatorlarının səsi ilə növbələşirdi. Qeyd etmək lazımdır ki, Filarmoniyanın zalı konsert proqramları zamanı elektrik avadanlığının səsləndirilməsi baxımından çox mürəkkəbdir. Klassik konfiqurasiyalı səsgücləndirən avadanlıq bu zalın bütün sahəsində səslənmənin müntəzəm olmasını təmin edə bilmir. Bununla belə və səslə əlaqədar bəzi başqa texniki qüsurlara baxmayaraq, konsert uğurlu oldu. Tamaşaçılar vəcdə gələrək bu tanınmış sənətçini alqışlayır, mahir gitaraçıdan avtoqraflar alır, onunla birgə şəkil çəkdirirdilər.

El Di Meola hazırda dünyada ən çox hörmət bəslənilən və yüksək nüfuz sahiblərindən sayılan gitaraçılardan biridir. "Guitar player" jurnalının yazdığına görə, El Di Meola ən çoxsaylı mükafatlara (Grammy, Record World Magazine, "Guitar Player Magazine" jurnalının təsis etdiyi prestijli mükafatlar) layiq görülmüş gitaraçıdır. Dahilər Qalereyasına adı düşmüş ən gənc gitaraçı olan bu sənətçi 14 dəfə ən yaxşı caz gitaraçısı hesab edilmişdir. El Di Meolanın albomları 7 dəfə ilin ən yaxşı gitara albomu hesab edilmiş, sənətçi özü isə 3 dəfə trio tərkibində ən yaxşı alboma görə mükafatlar almışdır.

El Di Meola

Mənşə etibarilə italiyalı olan El Di Meola Amerikanın Nyu-Cersi ştatında anadan olmuşdur. Uşaq yaşlarından musiqi ilə maraqlanan El Di Meolanın ilk musiqi aləti təbil olmuş, lakin sonradan gitara ilə daha çox maraqlanmağa başlamışdır. O dövrdə rok və caz üslublarının qovuşağında ifaçılıqla məşğul olan gitaraçı Lari Korielin ifası El Di Meolaya çox güclü təsir göstərmişdir. Sonradan cazın başqa istiqamətlərini də öyrənməyə başlamış El Di Meola öz fərdi ifa üslubunu səylə cilalamışdır. 1974-cü ildə El Di Meolanın həyatında çox mühüm bir hadisə baş verdi: məşhur Çik Koria El Di Meolanı özünün "Return to Forever" qrupu ilə çıxış etməyə dəvət etdi.
El Di Meola

1974, 1975 və 1976-cı illərdə bir-birinin ardınca üç uğurlu albom ("Where have I know you Before" (1974), "No Mystery" (1975) və "Romantic Warrior" (1976)) yazdırandan sonra El Di Meola "Return to Forever" qrupunu tərk edərək solo karyerasına başlayır. 1976-cı ildə "Land of the Midnight Sun" adlı ilk solo albomunu buraxmış El 1977-ci ildə "Elegant Gypsy" və 1978-ci ildə "Casino" albomlarını yazdırır. "Casino" albomu bu sənətçinin Braziliya səfərindən aldığı təəssüratın bəhrəsi idi. 1980-ci ildən başlayaraq üç il ərzində Con Mak Laflin və flamenkonun böyük islahatçısı sayılan Pako De Lusiya ilə birlikdə akustik gitara qrupunun heyətində çıxış etmiş və albomlar yazdırmışdır.

1990-cı ildə El Di Meola "World Sinfonia" adlı layihə yaradır. İlkin plana görə bu layihə müasir Argentina musiqisindən, ilk növbədə müasir tanqonun banisi sayılan Astor Pyatsollonun əsərlərindən ibarət olmalı idi. Ümumiyyətlə, tanqo musiqisi El Di Meola yaradıcılığında mühüm yer tutur. Pyatsollo ilə yaxın dostluq münasibətlərində olan musiqiçi deyir: "Astor Pyatsollonun musiqisi mənim bütün varlığıma hakim kəsilmişdir, çünki bu musiqisi insanı heyran edir və hər dəfə onu dinləyəndə mən sanki nə isə təzə bir şey kəşf edirəm".

El Di Meola

El Di Meolanın "World Sinfonia" (1990), "Heart of the Immigrants" (1992), "Meola Plays Piazolla" (1996) adlı albomları akustik səslənmə baxımından çox maraqlıdır. Onun 1995-ci ildə Stenli Klark və Jan Lük Ponti ilə birgə hazırlanmış "The Rite of Strings" kimi layihələr də maraqla qarşılanmışdır. 2000-ci ildə işıq üzü görmüş "Nylon & Steels" albomunun yazılmasında müxtəlif ifa üslubu ilə fərqlənən musiqiçilər iştirak etmişdir. El Di Meola tanınmış Amerika musiqiçilərinin əhatə dairəsində qapanıb qalmır. O, müxtəlif musiqiçilərlə əlaqə yaratmağa həmişə hazırdır. El Di Meolanın azərbaycanlı caz pianoçusu və müğənni Əzizə Mustafazadə ilə birgə hazırladığı "Dance of the Fire" adlı layihə buna əyani misaldır.

El Di Meola

2000-ci ildə sənətçinin "The Grand Passion" adlı relizi özünün melodik və ritmik tapıntıları ilə dinləyiciləri heyran etmişdir. Tənqidçilər etiraf etmişlər ki, bu albom El Di Meola yaradıcılığının zirvəsidir. Məşhur musiqiçinin yaradıcılığını təhlil etməyə çalışsaq, deyə bilərik ki, onun yaradıcılığı - elektrik gitarasında və akustik gitarada qeyri-adi ifa texnikası ilə başqa ölkələrin musiqi mədəniyyətlərinin ciddi tədqiqatçısının birləşməsinə əyani nümunədir.

Faiq Qurbanov