YAMAHA + YENİ NƏSL CAZI SEÇİR!

"Caz musiqisini dinləməyi uşağa necə öyrətmək olar?" Valeri Hacıyevin timsalında deyə bilərik ki, bundan ötrü sadacə olaraq caz musiqisini çox sevmək lazımdır! 2006-cı il iyunun 21-22-də Opera Studiyasının zalında Gənclər Festivalı keçirildi. "Baku Jazz Festival 2006"-nın prodüseri Rain Sultanovun təşkil etdiyi bu festivalın proqramının açılışı lap gənc - on bir yaşlı pianoçu Fəriz Əsədovun çıxışı ilə başlandı.



Farizin babası Valeri Hacıyev cazın ehtiraslı həvəskarındandır. (Yeri gəlmişkən xatırladım ki, Valeri Hacıyev vaxtilə Bakının "Neftçi" komandasının bürünc medallara layiq görülmüş heyətində məşhur yarımmüdafiəçi olmuşdur). Farizin çıxışı dinləyiciləri sevindirirdi - onun ürəklə, ilhamla çalması, nə etdiyini və nə üçün etdiyini başa düşməsi göz qabağında idi. Proqramın gedişində Bakıxanov qəsəbəsindəki 4 saylı musiqi məktəbinin daha üç şagirdi Farizə qoşuldu və tamaşaçılar bu dördlüyün iki royalda 8 əl ilə (!) ifa etdiyi "Karvan" əsərini dinləyib feyziyab oldular. Fariz cəmi dörd pyes çaldı. Bu əsərlərdən ikisinin ifasında ona Ruslan Hüseynov və Sergey Krasnyanski kömək etdi. Gənc musiqiçilər üçün aranjiman etmiş pianoçu Vitali Volkovun rolunu xüsusi qeyd etməliyik. Gənclərə təmənnasız kömək etmiş musiqiçilər arasında perkussiyaçı Tofiq Cabbarovun da adını çəkmək vacibdir. Təcrübəli musiqiçilərin bu cür xeyir-duası və köməyi çox dəyərli nümunədir!



Qeyd etmək lazımdır ki, Gənclər Festivalının baş sponsoru Yaponiyanın dünya şöhrətli "YAMAHA" firması və bu firmanın Bakıdakı "Music Gallery" mağazalar şəbəkəsi idi. Festivalın seçim turu mayın 28-də keçirildi. Münsiflər heyətinin üzvləri caz musiqisinin peşəkar biliciləri idi. Ən layiqli və daha yüksək istedadlı gənclər seçim turundan qalib çıxdılar.



Festivalın proqramında Bülbül adına musiqi məktəbinin yetirmələrindən iki nəfər - onuncu sinif şagirdi İsfar Sarabski və həmin məktəbin məzunu Aysel Quliyeva da çıxış etdi. İsfarın parlaq və emosional çıxışına zalda əyləşənlərin heç biri laqeyd qala bilmədi. Onun ifası yüksək texnikaya və ifa etdiyi materialı çox həssaslıqla duymasına əsaslanırdı. Onun tərəf-müqabilləri də özünə layiq idi - Ruslan Hüsueynov, Sergey Krasnyanski və Tofiq Cabbarovun adı bakılı caz həvəskarlarının hamısına yaxşı məlumdur.



İsfardan sonra səhnəyə Aysel Quliyeva çıxdı. Onu müşayiət edən trionun musiqiçilərinin zəif olmasını demək azdır, onlar həddən artıq zəif çıxış etdilər. Buna baxmayaraq Ayselin özünün çıxışını uğurlu çıxışlardan biri hesab etmək lazımdır, çünki bu incə zövqlü, ağıllı musiqiçi sözün hərfi mənasında festival proqramının yükünü öz çiyinlərində daşımağa müvəffəq oldu. Onu da qeyd etmək istərdim ki, Ayselin ifasında diqqəti cəlb edən bir cəhət - tələbkar bend-liderə xas olan cizgilər gələcəkdə bu ifaçının inkişafı üçün çox əhəmiyyətli amildir.



Pianoçu İman Bayramlı Mişel Kamillonun texniki baxımdan çox mürəkkəb bir pyesini ifa etdi, gənc ifaçılardan Arslan Növrəsli isə caz-muğamın özünəməxsus traktovkasını nümayiş etdirməklə hamını heyrətləndirdi.



Festivalın ikinci günündə Moskvalı qonağımız - vokalçı Səbinə Qasımova çıxış etdi. Səbinə cazla məşğul olmağa lap yaxın vaxtlarda başlamışdır. Hazırda o, Moskvadakı caz kolleclərindən birində təhsil alır. Bu festivaldan xəbər tutan Səbinə öz xərci hesabına Bakıya gəlmiş və konsert proqramında iştirak etməyə icazə almışdır. Maraqlıdır ki, onu İsfar müşayiət edirdi - Səbinənin ifa etdiyi materialı başa düşmək üçün onların cəmi iki-üç dəfə məşq etməsi kifayət olmuşdur. Səbinənin ifasına gəldikdə isə onun səs diapazonu oktavalı, böyük tembrli və dinamik olması ilə seçilir. Düzdür, intonasiya ilə bağlı bəzi problemlər var, lakin çox güman ki, onlar tənəffüsün o qədər də düzgün olmaması ilə bağlıdır. Belə problemlər aradan qaldırıla bilər - təki işləmək və fikirləşmək arzusu olsun! Bir sözlə, Festival uğurlu oldu! Gənclər caz ifa etmək, bu sahədə irəliləmək, öz üzərlərində işləmək və ölkəmizi təmsil edən yaxşı musiqiçilər nəslinə çevrilmək arzusunda olduqlarını nümayiş etdirdilər.


Gənclər Festivalının iştirakçılarının hər birinə müasir cazın əfsanəsi sayılan El Cerrou və Herbi Henkok kimi sənətçilərin çıxış etdiyi tarixi "Baku Jazz Festival 2006" festivalının iştirakçılarına verilən diplomlar təqdim edildi. Bu, həqiqətən çox yaxşı stimuldur. Bütün gənc sənətçilərə, o cümlədən müsabiqədən keçməyənlərə də çox qiymətli bir hədiyyə verildi - Festivalın Təşkilat Komitəsinin sədri Nuru Əhmədov böyük bir lütfkarlıq göstərərək onların hər birinə El Cerrounun konsertinə biletlər bağışladı. "YAMAHA" firmasının yaponiyalı nümayəndələrinə məxsusi təşəkkür etmək istərdik - onlar məxsusi olaraq festival günlərində Yaponiyadan təyyarə ilə Bakıya gəlmiş və konsertlərdə fəal iştirak etmişlər. Məsələn, Ninel …. Bakı Caz Mərkəzinə musiqi alətləri təqdim etmiş, festivalın təşkil olunmasına çox kömək etmişdir.



Təbii ki, bu gərəkli festivalın keçirilməsi ideyasına və onun təşkil edilməsinə görə Gənclər Festivalının iştirakçıları və onların valideynləri adından Rain Sultanova ürəkdən təşəkkür edir, başladığı bu nəcib işi gələcəkdə də davam etdirməsini və bundan sonra da belə layihələrlə bizi sevindirməsini arzulayırıq. Gənclər bizim gələcəyimizdir, gələcəyin musiqisi isə yeni nəsldən asılıdır!



CAVANLARIN CAZA MEYLİ

Bu gün caz, musiqi sənətində gənc istedadları cəlb edən populyar bir istiqamətə çevirməkdədir. Bakı-2006 Caz Festivalı buna əyani sübut oldu. Arif Cahangirovun rəhbərlik etdiyi saksofonçular ansamblı həmin Festivalda iştirak etmiş ən ümidverici kollektivlərdən biri idi.

Moskva şəhərindəki Qnesinlər adına Musiqi Məktəbini bitirmiş saksofonçu Arif Cahangirov Moskvada və Bakıda keçirilmiş çoxsaylı caz festivallarının laureatıdır. Hazırda Bakı Musiqi Akademiyasında və Bülbül adına orta ixtisas musiqi məktəbində saksofon sinfində dərs deyir.



- Arif müəllim, necə oldu ki, saksofonçular ansamblı yaratmaq fikrinə düşdünüz?
- 2004-cü ildə Bakı Caz Mərkəzində israilli cazmen Leonid Ptaşkonun konserti təşkil edilmişdi. Burada mən "AzEuroTel" şirkətinin baş direktoru Nuru Əhmədovla tanış oldum. Nuru müəllimin təklif etdi ki, gəncləri caza cəlb etmək lazımdır. Beləliklə, mən indiyə qədər heç vaxt analoqu olmamış bir kollektiv - saksofonçular ansamblı yaratmaq fikrinə düşdüm və bütün şagirdlərimi bu işə cəlb etdim. Mənə xoşdur ki, bu musiqini onlara sevdirə bilmişəm. Onlar caza ürəkdən meyl edirlər.

- Bəs bu ideyanı necə həyata keçirə bildiniz?
Ansambl yaratmaq üçün kifayət qədər musiqiçi toplayandan sonra kömək üçün yenə Nuru Əhmədova müraciət etdim. Bu ideya Nuru müəllimin çox xoşuna gəldi. Amma bina sarıdan müəyyən problemlərlə üzləşirdik. Nuru müəllim Caz Mərkəzində məşq etməyimizi təklif etdi. Beləliklə, bütün problemlər həll edildi. Artıq 2005-ci ilin noyabr ayında bizim ansambl tam formalaşmışdı. 2006-cı ilin fevral ayına qədər mən öz kompozisiyalarımı aranjimanladım və bundan sonra biz hər həftənin bazar günləri məşq etməyə başladıq.



- İlk solo konsertiniz nə vaxt olmuşdur?
Əvvələn qeyd etmək istərdim ki, bizim konsertin təşkil edilməsində Nuru Əhmədov çox mühüm rol oynamışdır. Bir neçə dəfə şəxsən özü bizim məşqlərə tamaşa etməyə gəlmişdi. Gənc saksofonçuların ifası onun çox xoşuna gəldi və o, Caz Mərkəzində solo konserti verməyimizi təklif etdi. Həmin konsert 2006-cı il iyunun 5-də baş tutdu. Afişaların və dəvətnamələrin çap edilməsi, bir sıra başqa məsələlər məhz onun maddi dəstəyi sayəsində həll edildi. Konsert uğurlu oldu, çoxsaylı mətbuat işçilərinin, televiziyanın nümayəndələrinin gəlmiş olduğu həmin konsert sonralar "Lider" telekanalı vasitəsilə dəfələrplə translyasiya edilmişdir.

- Sizin ansambl həm də Bakı-2006 Caz Festivalının iştirakçısı olmuşdur. Bu barədə bir qədər məlumat verərdiniz…
Bu il iyun ayının ortalarında həm Gənc İfaçıların Müsabiqəsi, həm də Bakı-2006 Caz Festivalında iştirak etmək üçün seçim müsabiqəsi keçirilməli idi. Bizim ansambl həmin seçim turunda bir neçə kompozisiya ifa etdi. Münsiflər heyəti bizim çıxışımızdan razı qaldı və bizim Ansambl Festivala vəsiqə aldı. Festivalın açılış günündə kollektivimiz açıq meydançada, sonra isə Opera Studiyasında təşkil edilmiş konsertlərin birində başqa gənc ifaçılarla birgə çıxış etdi.



- Gənclərin bu Festivalda iştirakı onların gələcək taleyinə necə təsir göstərmişdir?
Əlbəttə, bu Festival solistlərin taleyində çox böyük rol oynamışdır. Məsələn, Elçin Hüseynov və Səfurə Əlizadə 2006-cı ilin oktyabr ayında bizim musiqiçilərin Parisdə verdikləri konsertdə iştirak etmişlər.

- Kollektivinizin gələcək planları necədir?
Biz gənclərlə əsasən fərdi qaydada işləyirik. Yeni ifaçılar cəlb etmişik, bəzi ifaçılar bizim ansambldan gediblər, amma biz öz işimizi davam etdiririk.