RAIN SULTANOV

Rain Sultanovun Caz Mərkəzindən getməsi və "Baku Caz Ltd" şirkətinin baş direktoru vəzifəsindən çıxması xəbərini eşidəndə mən az qala şok vəziyyətinə düşdüm, ürəyimdə nə isə ağır hisslər baş qaldırdı. Axı son vaxtlar Caz Mərkəzi yeganə yer idi ki, orada tam sakit ab-hava yaranmışdı, yaxşı musiqi dinləmək və hətta ləzzətli yeməklərin dadına baxmaq imkanı vardı. Gəlmə və yerli musiqiçilərin mütəmadi konsertləri və ən başlıcası - gələcək nəslin gürur obyektinə çevirəcək, tarixə düşəcək iki möhtəşəm Caz Festivalının keçiilməsi də ilk növbədə Rain Sultanovun xitmətidir. Rain Sultanovun Bakı Caz Mərkəzində olduğu dövrdə onun fəaliyyətini diqqətlə izləmişəm və bu qısa müddətdə əvvəllər heç də həmişə uğur qazanmayan bu müəssisənin necə çətinliklə məşhurlaşmasının şahidi olmuşam. Mövsümün açılışları, Berlin Voyces, Lola Morales, həmçinin Jiansili triosunun, Leonid Ptaşko və Kenni Uillerin konsertləri, ispan sənətçiləri ilə birgə təşkil edilmiş Yeni İl axşamı, çoxsaylı xatirə gecələri və neçə-neçə yadda qalan tədbirlər gözlərim önündə canlandı. Bu iki ildə hər dəfə Caz Mərkəzinə gedəndə biz əmin idik ki, orada özümüz üçün nə isə yeni və maraqlı bir şey kəşf edəcəyik. İndi isə Rain Sultanovun bu Mərkəzdən getməsi xəbəri bütün şəhərdə, xüsusən bu elitar müəssisənin daimi müsafirləri arasında çaşqınlıq yaratmışdır. Raini axtarıb tapdım və bu məsələ barədə məlumat verməsini xahiş etdim.

Rain Sultanov

- Rain, Sizin Caz Mərkəzindən getməyiniz nə ilə bağlıdır?

- Əvvələn, mənim Caz Mərkəzində işləməyim əbədi olmalı deyildi, mən həmişə yaradıcılıqla, musiqi ilə məşğul olmuşam, yenə səhnəyə çıxmaq, təzə əsərlər yaratmaq, müxtəlif Caz Festivallarındı iştirak etmək, öz layihələrimi yazdırmaq istəyirdim. Mənə elə gəlir ki, öz missiyamı tam həcmdə yerinə yetirmişəm, Bakıda cazın səviyyəsini qaldırmışam, indi Bakı Caz Mərkəzi bütün dünyada məşhurdur, hamı bilir ki, Bakıda bu cür festivallar keçirilmişdir. Sevinirəm ki, gənclərdə yaxşı musiqiyə meyl güclənmişdir. Əlbəttə, mən hələ çox işlər görə bilərdim…



- Bəs Sizə nə mane oldu, axı iki il çox qısa mütdətdir…

- Elədir, lakin bu qısa müddətdə mən Bakı Caz Mərkəzinə çox tez-tez gələn ziyalıları bir yerə toplamağa, xoş niyyətli insanları birləşdirməyə müvəffəq olmuşam. Caz Mərkəzi mənim vaxtımı çox alırdı. Ümumiyyətlə, yaxşı təşkilatçı özünü tamamilə işə həsr etməlidir. Eyni vaxtda həm musiqi ilə məşğul olmaq, həm də rəhbərlik etmək mümkün deyildi, nəyisə qurban vermək lazım idi. Mən yaradıcılığı hər şeydən üstün tuturam, Caz Mərkəzindən getməyim də bununla bağlıdır.



- Siz bir peşakar musiqiçi kimi, Caz Mərkəzinin direktoru vəzifəsində özünüzü necə hiss edirdiniz?

- Bunu tamamilə normal hal hesab edirəm. Mən Caz Mərkəzində özumü öz yerimdə hiss edirdim, cünki musiqi ilə yanaşı, bu sahənin bir sıra başqa məsələlərindən də başım çıxır. Mən həyatda eksperimentlər etməyi, musiqi sahəsində yeni formalar axtarıb tapmağı xoşlayıram. Caz Mərkəzi elə bir yer idi ki, orada hərtərəfli bilikləri nümayiş etdirmək, yaxşı nəticələrə nail olmaq üçün bütün bacarıq və fərasəti səfərbər etmək lazım idi.



- Bakıda Caz Festivalları keçirmək qərarına necə gəlmişdiniz?

- Bakıda Caz Festivalları keçirmək son illərdə mənim əsas arzularımdan biri idi. 2002-ci ildə mən "Caspian Jazz & Blues" Festivalının təşkilatçılarından biri olmuşam. Həmin Festivalın təşkilatçıları tərəfindən yol verilən bir neçə səhv hərəkəti, bir əcnəbi qadının bizim ənənələrə saymazyana münasibətini görəndən sonra özümə söz verdim: haçansa elə bir festival təşkil edəcəyəm ki, onun tayı-bərabəri olmasın. Mən "Baku Jazz 2005" və "Baku Jazz 2006" festivallarına görə fəxr edirəm. Mən "Baku Jazz Festivalın" prodüseriyəm və bu festivalın adı ilə bağlı hər bir detala çox ciddi və məsulliyyət hissi ilə yanaşıram.

- Bu gədər yüksək ad-sana malik olan musiqiçiləri şəhərimizə gətirməyə necə müvəffəq oldunuz?

- Mən bu barədə dəfələrlə danışmışam. Bu, çox məsuliyyətli işdir, çox şey məndən asılı idi. Məsələn, həmin sənətçilərin Bakıya gəlişindən sonra bütün dünyada necə rezonans yaranacağı çox ciddi məsələ idi.
Rain Sultanov

Mən başa düşürdüm ki, bu səviyyəli musiqiçilərdən hətta birinin Bakıya gəlməsi Azərbaycanın musiqi siyasətinə ciddi təsir göstərə bilər. Azərbaycanda caz sənəti barədə, bu ölkənin mədəniyyəti barədə sanki yeni təsəvvür yaranır, bu yeni diyarın qapıları bütün dünyanın üzünə açılırdı. Yəgin bu işin bütün məsuliyyətini başa düşdüyümə görədir ki, El Cerrou və Herbi Henkok kimi şəxsiyyətlərin bu festivala gəlməsini və onların uğurlu çıxışlarını təşkil etməyə müvəffəq oldum. Dünya səviyyəsində Festival təşkil etmək, iştirakçılarda xoş təəssürat yaratmaq, lazımi texnika əldə etmək və bütün tələblərə əməl etmək heç də asan məsələlər deyildi. Elə etmək lazım idi ki, bu cür musiqiçilərin menecerləri bir-biri ilə ünsiyyətdən sonra sabah Bakıya gəlməkdən imtina etməsinlər. Axı qan qaraltmaqdan asan heç nə yoxdur. Buna görə də mən hətta kiçik konsertlərin də təşkilatçılarına müraciətlə onlardan bir xahiş etmək istəyirəm: işə tam məsuliyyətlə yanaşsınlar və son illərdə bizim yaratdığımız xoş təəssüratı korlamasınlar.



- Siz yenə festival keçirməyə hazırlaşırsınızmı və əgər sualımın bu hissəsinə cavabınız müsbətdirsə, həmin festivallar hansı formada və harada keçiriləcəkdir?

- Hələlik yalnız onu deyə bilərəm ki, hazırda mən iki ildən bəri yazdırmaq istədiyim yeni albom üzərində işləyirəm. Festivalın təşkil edilməsi məsələsinə gəldikdə isə hər şey ola bilər - çox güman ki, növbəti Caz Festivalını Almaniyada keçirəcəyəm.



- Bu, çox maraqlı xəbərdir. Yəgin ki, söhbət Azərbaycan-Almaniya layihəsindən gedir, elədirmi?

- Əlbəttə, mən Azərbaycandan olan qrupun, o cümlədən istedadlı gənclərin çıxışını planlaşdırıram, lakin həmin Festivalda keçmiş İttifaqın başqa ölkələrindən olan musiqiçilər də iştirak edəcəklər. Amma bütün bunlar hələlik yalnız plandır.

- Yazdırdığınız albom barədə danışaydınız…

- Bu albomun yazılması mənim həyatımda çox mühüm hadisədir. Layihə "Doğma yurdum barədə söhbət" adlanır. Mən öz doğma diyarımla bağlı bütün hiss və emosiyalarımı musiqi dili ilə ifadə etməyə çalışıram. Ən başlıcası, mənim iki nəslə - uşaqlara və qocalara münasibətimdir. Axı uşaqlar bizim gələcəyimiz, qocalar isə bizim valideynlərimiz, tariximiz, keçmişimiz deməkdir. Bu albomda mənim yaratdığım musiqi doğma ev-eşiyini, valideynlərini itirmiş uşaqların halına acımaq, ömrünün son günlərini yaşayan qocaların taleyi üçün nigaranlıq duyğularını, itirdiyimiz torpaqlara görə ürək ağrısı hisslərini əks etdirir. Bütün bunlar - mənim bu gün yaşadığım duyğulardır. Bu layihədə yalnız akustik alətlərdən istifadə edilir. Açığını deyim ki, bu heç də asan məsələ deyil, amma çox istəyirəm ki, bu layihəni uğurla başa çatdırım. Bundan əlavə, mən yeni albomun musiqisini sənədli videokadrlarla canlandırmağa hazırlaşıram. "Doğma yurdum barədə söhbət" albomu klip diski kimi nəzərdə tutulmuşdur. Zənnimcə, bu albom mənim yaradıcılığımın zirvəsi olacaq, indiyə qədər musiqi dilində ifadə etmədiyim çox məqamları özündə birləşdirəcək və doğma diyarımız barədə, onun problemləri, mənim xalqım barədə bütün dünyaya söhbət açacaqdır…



- Hər halda istərdim ki, söhbətimizin əvvəlinə qayıdaq, Caz Mərkəzi və ümumiyyətlə şəhərimizin caz həyatı barədə Sizin proqnozlarınızı eşitmək maraqlı olardı…

- Bir şeyi deyə bilərəm ki, hər hansı sahəyə rəhbərlik edən şəxs həmin işin peşəkarı olmalıdır. Caz Mərkəzinin direktoru təkçə caz sənətinə deyil, bütövlükdə musiqiyə yaxşı bələd olmalıdır. Başqa cür mümkün deyil, cünki elə əlaqələr yaranır ki, orada musiqiyə, çalğı alətlərinə, onların funksiyalarına, düzgün səslənmə anlayışlarına və başqa məsələlərə bələd olmaq zəruridir, çünki işin düzgün qurulması, musiqi əlaqələrinin düzgün tənzimlənməsi bu cür biliklərdən asılıdır. Mən çox istəyirəm ki, Bakıda caz musiqisi bundan sonra da tərəqqi etsin. Bizim çox yaxşı bazamız var, imkanlarımız isə ilbəil genişlənir. Bu gün bizim musiqiçilər xarici ölkələrə səfər etmək, orada öz istedadını nümayiş etdirmək, təhsil almaq və inkişaf etmək imkanlarına malikdirlər. İndiki gənclər üçün hər cür şərait yaradılmışdır. İndiki gənc sənətçilər bir vaxt bizim heç olmasa kasetlərdə görmək istədiyimiz musiqiçiləri real həyatda görürlər, onlar öz ifa məharətlərini festivallarda, peşəkar sənətkarlarla bərabər göstərmək imkanı əldə etmişlər. Bütün bunlar Azərbaycan mədəniyyətinin çiçəklənməsinə müsbət təsir göstərməlidir. Mən də öz tərəfimdən Bakıda caz musiqisinin daha da inkişaf etməsi üçün əlimdən gələni edəcəyəm, çalışacağam ki, bizim caz sənəti barədə ölkəmizin hüdudlarından kənarda daha çox məlumat olsun. Qarşıda bizi böyük işlər gözləyir və onları həyata keçirməyə tələsmək lazımdır!

Nadejda Səfərova