VYAÇESLAV BUQAYETS - 70

Vyaçeslav Buqayets Orenburq vilayətinin Troitsk şəhərində anadan olmuşdur. 1949-cu ildə o, anası ilə birlikdə Tümen şəhərinə köçub getmişdir. Vyaçeslav fitri musiqi qabiliyyətinə malik olduğunu hələ erkən yaşlarından nümayiş etdirirdi. Artıq 9 yaşında ikən yanğınsöndürmə komandasının nəfəsli orkestrində çıxış edən Vyaçeslav 16 yaşında ikən musiqi məktəbinə daxil olmuş və 1964-cü ildə ekstern yolu ilə həmin məktəbi bitirib "Sibirskiy Suvenir" qrupunun musiqi rəhbəri vəzifəsində işləməyə başlamışdır.

Vyaçeslav Buqayets

Bir müddətdən sonra o, vaxtilə - 1968-ci ildə solist-instrumentalist kimi çıxış etdiyi Krasnodarsk Filarmoniyasında işləmiş, Krollun rəhbərlik etdiyi Tula Filarmoniyasının okrestrində məşhur musiqiçilərlə əməkdaşlıq etmişdir.
Sonrakı illərdə Vyaçeslavın yaradıcılıq taleyində ciddi dönüş olmuş və o, Viktor Budarinin rəhbərlik etdiyi orkestrin heyətində özünü əla caz musiqiçisi kimi göstərmişdir. Ən yaxşı musiqiçilərin dəvət edildiyi bu orkestrlə birlikdə o, ekçmiş Sovet İttifaqında keçirilən bir sıra caz festivallarında çıxış etmişdir.

Vyaçeslav Buqayets

Bir musiqiçi kimi illər boyu sənətdə öz yerini axtaran, daim bir şəhərdən digərinə, bir qrupdan başqa bir orkestrə keçən bu sitedadlı trubaçalanın taleyi 1988-ci ildə onu Azərbaycan torpağına gətirib çıxartdı: onu Bakıya dəvət edərək, "Qaya" orkestrində işləməyi təklif etdilər. O vaxtdan 1992-ci ilə qədər Vyaçeslav və onun Novosibirskda olan bəzi həmkarları, o cümlədən Viktor Budarin "Qaya"nın heyətində əməkdaşlığı davam etdirdilər, sonra isə onun bütün həmkarları Bakıdan köçüb getdilər.
Vyaçeslav Buqayets

Lakin Bakı Vyaçeslavdan ötrü bütün başqa şəhərlərdən daha doğma olmuşdu. Buna görə də o, bu şəhərdə qalmağı qət etdi: Bakıda məskunlaşdı və o vaxtadək özünün həyat və yaradıcılığı üçün çatışmayan auranı bu şəhərdə tapdı. O, Bakının ən yaxşı trubacalanlarından birinə çevrildi və özünün çoxsaylı lirik improvizasiyaları ilə sənətsevərlərin yadında qaldı. Onun trubada çaldığı musiqi nömrələrinə xas olan həyat eşqi, bu ifaçının malik olduğu yaxşı texnika və parlaq fərdi çalarlar bir-birini çox gözəl tamamlayırdı.

Vyaçeslav Buqayets

Vyaçeslav Buqayets Bakıda "Braz" adlı qrup yaratmışdı. 1998-ci ildə fəaliyyətə başlayan bu kollektivə İlqar Səmədzadə (fortepiano), Boris Bekulov (bas-gitara) və Ələddin (perkussion) daxil idi. Öz üzərində daim məhsuldar işləyən, ifasını daim təkmilləşdirən Vyaçeslav truba çalmaq sənətinin kralı sayılan Mayls Devisin pərəstişkarı və çoxsaylı musiqiçilərin sədaqətli dostu idi. Mənhus bir təssadüf onun həyatını yarımçıq qoydu. Faciəli şəkildə həlak olan Vyaçeslav Buqayets onu tanıyanların xatirində istedadlı caz musiqiçisi kimi yaşayır.