MAYK ŞTERN

2006-cı ilin avqust ayında X.Alen Villiamsın bu məşhur sənətçidən aldığı müsahibə çox güclü təsir bağışlamışdır.
Otuz il ərzində karyera pilləsi ilə ucalma və on ikidən artıq eklektik və novator xarakterli səs yazısndan ibarət diskoqrafiya isə bu müsahibə üçün bir növ proloq olmuşdur. Üç dəfə "Qremmi" mükafatı nominantı olmuş Mayk Ştern caz sənətində ilk "pişik"lərdən biri kimi tanınmışdır (amerikan slenqində bu söz "cazın bilicisi və həvəskarı" mənasında işlədilir). Həm fyujn stilində ifa edən, həm də bəstəkar kimi fəaliyyət göstərən tanınmış gitaraçılardan biri olan Ştern Who Let The Cats Out? adlı yeni reliz buraxmaqla beynəlxalq səviyyədə çox güclü debüt etmişdir.

JazzReview: Siz hansı şəxsi keyfiyyətəriniz sayəsində belə bir uğur qazana bildiniz?
Mayk Ştern: İnamla deyə bilərəm ki, mən çox inadkar adamam. Həqiqətən nə isə öyrənmək istəyəndə bütün varlığımı bu işə sərf edirəm və istəyimə çatmayınca (bu, musiqi sahəsi ilə bağlı bütün məsələlərə, musiqinin bütün janrlarına və xüsusən caza aiddir) dayanmıram. Yeri gəlmişkən, əvvəllər öyrəndiklərimin heç biri - istər riyaziyyft olsun, istər tarix yaxud başqa bir sahə - asanlıqla başa gəlməmişdir. Təhsil almaq üçün ayırdığım vaxtdan səmərəli istifadə etməyə çalışıram, axı ən müxtəlif xarakterli çoxsaylı insanlar üçün caz bəlkə də hər şeyi əvəz edir.

JazzReview: Bəs karyera və biznes keyfiyyətləriniz necədir?
Mayk Ştern: Deməliyəm ki, mənim sadəcə olaraq bəxtim gətirmişdir. Necə deyərlər, həmişə lazımi vaxtda lazımi yerdə olmuşam. Həm musiqidə, həm də karyera baxımından müdrik bir insan olan Maylsla birgə çıxış etmək və unikal təcrübə toplamaq fürsətini əldən vermədim. Bundan sonra adamların çoxu məndən xəbər tutdu və mən məhşurlaşdım.

JazzReview: Şübhə yoxdur ki, bütün bunları təkcə bəxtiniz gətirməsi ilə izah etmək olmaz. Yəqin ki, burada daha əsaslı məqamlar olmuşdur. Siz uzun illər boyu öz ifanızı təkmilləşdirmisiniz, bundan ötrü xüsusi vərdişlər lazım idi.
Mayk Ştern: Elədir, müəyyən xassələrə malik olmaq zəruridir. Ola bilərdi ki, siz lazımi anda lazımi yerdə olmayasınız və işləməyə imkanınız olmasın. Ümumiyyətlə, mən öz yaradıcılıq potensialımı inkişaf etdirmək üçün çox işləmişəm və bu, məni sevindirir. Öyrənmə prosesi, bizim nə üzərində işləməyimizdən asılı olmayaraq, bitib tükənməyən bir prosesdir. İnsan öz sənətini öyrənməkdən, onu təkmilləşdirməkdən usanmamalıdır.

JazzReview: İngilis dilini öyrənəndə başqaları ilə ünsiyyətdə olmaq üçün hər dəfə yeni sözlər öyrəndiyimiz, onları danışıqda işlətdiyimiz kimi?
Mayk Ştern: Tamamilə doğrudur. Mən həmişə bu analogiyadan istifadə edirəm. Axı siz dil öyrənməyə başlayanda ilk növbədə sözləri və cümlələri yadda saxlayırsınız. Bilirsiniz ki, demək istədiyinizin hamısını birdən-birə ifadə edə bilməyəcəksiniz. Bundan ötrü dilin logistikasını öyrənmək lazımdır. Musiqi dilini öyrənəndə də buna oxşar bir proses müşahidə olunur - zaman keçdikcə musiqi dili də sizin mükəmməl bildiyiniz hər hansı başqa dil kimi sadələşir.

JazzReview: Sizin musiqiniz və ifanız həmişə elə səslənir ki, guya siz əylənirsiniz. Otuz ildən artıq bir müddətdə öz musiqinizdə bu şuxluğu və təravəti qoruyub saxlamağa necə nail olmusunuz?
Mayk Ştern: Bilirsinizmi, mən bunu həmişə istəmişəm. Hər şey ona görə belə təbii alınır ki, musiqi ifa etməyi xoşlayıram. İnsan hər hansı sahəyə dərindən nüfuz etdikcə bu işdən daha artıq məmnunluq duyur. Düzdür, musiqi janrlarının hamısı yaxşıdır, lakin bəzi janrlar daha zəngin "lügət ehtiyatı" tələb edir. Bu və ya digər musiqinin yaxşı olmamasının yeganə səbəbi - ona daha tələbat olmamasıdır. Mənim nəzərimdə ürəyimə yatan hər bir musiqi məndən ötrü dəyərlidir. Buna görə də mən öz lüğət ehtiyatımı zəngişləndirdikəə, daha çox söz öyrəndikcə, bu proses mənim üçün daha da xoşagələn olur. Lakin bəzən müəyyən musiqinin svinq yoxsa fank, blüz yoxsa Motown janrına aid olmasından asılı olmayaraq, həmin musiqi az bir vaxtda adi hala çevrilir. Belə anlarda mən, necə deyərlər, fiziki transformasiyaya məruz qalıram. Mən musiqiyə çox ciddi yanaşıram, eyni zamanda öz ifamdan məmnunluq duymaq istəyirəm, çalışıram ki, bu musiqini dinləyən insanlar həqiqətən həzz alsınlar. Bundan əlavə, mən saatlarla musiqi ilə məşğul oluram. Bu məşğuliyyət mənə ləzzət verir, lakin heç vaxt onun həddən artıq ciddi olmasına imkan vermirəm. Şadam ki, siz də bunu hiss etmisiniz və mən Who Let The Cats Out? adlı yeni albomumda də həmin fikri gizlətməyə çalışmamışam.

JazzReview: Albomunuzun çox cəlbedici adı var! Bu ideyanın necə yaranması və CD-də musiqi ilə bu ideya arasında uyğunlluq olub-olmaması barədə bir qədər məlumat verərdiniz...
Mayk Ştern: Söhbət mənim pişiklərimdən gedir. Mənim dörd pişiyim var! Onlar daim mənim dövrəmdə qaçışır, aləmi qarışdırırlar.

JazzReview: CD-nin cildində tumblerlə gitara çalan pişiklər təsvir edilmişdir. Bu, çox xoş təsir bağışlayır.
Mayk Ştern: Elədir, onlar həmişə mənim gitaralarımla əylənirlər. Evimin ətrafında gəzişəndə elə hey onların bağırtısını eşidirəm: "braaanq" ... Albomun belə adlanması yalnız əyləncə xatirinə edilmişdir. Bu ad həm musiqini, həm də oyunu əks etdirir.

JazzReview: Who Let The Cats Out? albomunun konsepsiyası nədən ibarətdir?
Mayk Ştern: Mən istərdim ki, müxtəlif musiqiçilər üçün yazdığım melodiyaları ifa edən sənətçilərlə əlaqələrimiz itməsin. Məsələn, Mişel Ndeqeokello (bas) ilə Nyu-Yorkdakı "55 Bar"da işləmişik. Bu, super səviyyədə əməkdaşlıq idi.

Mayk Ştern

JazzReview: Zəhmət olmasa, CD-dəki başqa ifaçılar barədə də bir qədər məlumat verərdiniz.
Mayk Ştern: Onlar hamısı əla musiqiçilərdir. Bəziləri ilə məsələn, təbilçilər - Deyv Vekl və Kim Tompson ilə tez-tez birgə səfərdə olmuşuq. Kim gənc olsa da, çox istedadlı ifaçıdır. Onunla bir neçə il birgə səfərlərdə olmuşuq, hərçənd indi o Beyonsi ilə anqajement imzalamışdır. Bundan əlavə, Bob Frankeşini (saksofon), Kris Minx Doki (bas) və Riçard Bona (bas və vokal) kimi musiqiçilərlə də turnedə olmuşam. Entoni Cekson (bas) mənim "Odds or Evens albomumun yazılmasında iştirak etmişdir, onunla da birgə anqajementlərimiz çoxdur.
İfası sadəcə olaraq CD-yə daxil edilmiş sənətçilərin hər biri diqqətə layiqdir. Məsələn, Roy Harqruv (truba) ilə bir dəfə Avropada birgə çıxış etmişik. Bob Malaç (saksofon), uzun illər boyu birgə çıxış etdiyimiz Viktor Vuten (bas) və əlbəttə, həm prodüser olan, həm də royalda və sintezatorda çalan Cim Beard ən xoş sözlərə layiqdir. Yeri gəlmişkən, dodaq qarmonunda çalan Qreqori Maret də bu musiqiçilər sırasına daxildir. O, Pet Meseni ilə birgə çıxış etməyə başlayana qədər həmişə Nyu-Yorkdakı "55 Bar"da olardı.

JazzReview: Təsadüfi deyildir ki, bir neçə ildən sonra "55 Bar" sizin çox sevimli əyləncə və yaradıcılıq ünsiyyəti yerinizə çevrilmişdir...
Mayk Ştern: "55 Bar" həqiqətən əla yerdir. Nyu-Yorkda çıxış edən musiqiçilərin çoxunu orada rast görərsiniz. Bu, həm ifaçılıqla məşğul olmağa, həm də çoxsaylı və müxtəlif ifaçılara, necə deyərlər, müştəri gözü ilə baxmağa imkan verir. Bir sözlə, "55 Bar"da olmaq mənə ləzzət verir.

JazzReview: Siz bütün dünyadan olan musiqiçilərlə işləyirsiniz. Bu, sizin kompozisiyalarınıza və ifanıza necə təsir göstərir?
Mayk Ştern: Riçard Bona mənə çox güclü təsir göstərmişdir.
Mayk Ştern

Onunla ilk dəfə on il bundan əvvəl Parisdə tanış olmuşam. Əslən Kamerundan olan bu sənətçi mənə inanaraq Nyu-Yorka köçüb gəlmişdir. Riçard əla musiqiçidir. O, təbil və gitara çalmaqla bərabər, zərb alətlərində də gözəl ifa nümayiş etdirir. Bütün vaxtını mahnı oxumağa və musiqi bəstələməyə həsr edir. Bona mənə həqiqətən güclü təsir göstərmişdir və mən Voices albomumda istifadə etdiyim bəzi vokal materiallarını yazarkən məhz onu nəzərdə tutmuşam. Voices mənim müxtəlif musiqi üslublarından istifadə etdiyim ilk albom idi. Heç şübhəsiz, Riçard bu albomda xüsusi yer tutur. O oxuyanda melodiyanı həqiqətən əla səviyyəyə qaldırır. Bundan əlavə, dünya musiqisinə münasibətdə həyat yoldaşım Leni də mənə çox təsir göstərir. Onun musiqi yazması və ifa etməsi, xüsusən evimizin yaxınlığında işləməsi mənim xeyrimədir. Yeri gəlmişkən, hazırda o, hind musiqisini öyrənir. Ümumiyyətlə, Leni dünya musiqisini dinləməyi çox xoşlayır, bu isə mənə də təsir göstərir.

JazzReview: Siz Who Let The Cats Out? albomuna daxil edilmiş materialları yazarkən ayrı-ayrı musiqiçilərin hər birini nəzərə almısınızmı?
Mayk Ştern: Əlbəttə, mən albomda kimlərin çıxış edəcəyini qərarlaşdırandan sonra müəyyən mənada onların hamısı üçün nəzərdə tutulan melodiya yazmağa başladım.

JazzReview: On iki nəfər müxtəlif ifaçının bir CD-də cəmləşməsi bir qədər qeyri-təbii səslənməli idi, amma bu albom bir vəhdət təsiri bağışlayır…
Mayk Ştern: Mənim əsas məqsədim elə bundan ibarət idi! Musiqinin vəhdətdə duyulmasını əsas məqsəd kimi seçmişdim. Cim Beard həqiqətən bu prosesin mühüm tərkib hissəsinə çevrildi. O deyirdi: "Bunlar əsl mənim melodiyalarımdır. Mən bütün səs cığırlarında ifa edəcəyəm və bu elementin sayəsində vahid bir əsər alınacaq". Cim həm də əla prodüserdir. Yaradıcılığı inkişaf etdirmək üçün nə etmək lazım olduğunu yaxşı bilir. Bütün musiqi "canlı" yazılır və bu, işin xeyrinə olur.

JazzReview: Heç şübhəsiz, bu albomda diqqəti cəlb edən məxsusi maqnetizm yalnız "canlı" ifa halında mümkündür. Axı, fonoqramdan fərqli olaraq, bu prosesdə musiqiçilərin təbii qarşılıqlı təsiri baş verir.
Mayk Ştern: Tamamilə doğrudur. Fonoqramla işləyərkən eyni enerjini almaq mümkün deyil. Bir də ki, sadəcə olaraq, fonoqram - mənlik deyil, mən "canlı" rejimdə işləməyi xoşlayıram.

JazzReview: Siz müəyyən əhvalatı açıqlayan, onun barəsində söhbət açan musiqi yazarkən balansa riayət edir və eyni zamanda musiqiçilərin improvizəsi üçün imkan saxlayırsınız. Buna necə nail olursunuz?
Mayk Ştern: Mən həmişə, xüsusən bu diskdə həmin tarazlığı gözləməyə çalışmışam. İstəmişəm ki, hər şey üçün şərait yaransın.

JazzReview: Bu diskdə solo ifalar arasında interlüdiya olan iki hissədən ibarət çox maraqlı bir musiqi hərəkəti, müxtəlif üslubları, çoxsaylı alətlərin birtndən digərinə qəribə keçidlər var...
Mayk Ştern: Material elə sistemləşdirilmişdir ki, o, harmonik bir tərzdə süzülür və "nəfəs alır". Bu, çox vacib məqamdır.

JazzReview: Bununla bərabər, Siz nəfəs alətlərinin səslənməsi üçün də geniş imkanlar nəzərdə tutmusunuz...
Mayk Ştern: Düzdür, bu alətlərin hər birində ifa edən musiqiçilərin improvizə etmək şansı vardı. Alboma bu cür yanaşma mənim xoşuma gəlir.

Mayk Ştern

JazzReview: CD-də We're With You adlı çox maraqlı bir ballada var. Bu hissənin arxasında dayanan emosiya və fikirləri açıqlaya bilərdinizmi?
Mayk Ştern: Doğrudan da, diskin bu hissəsi bəzən həyatda insanın işlərinin düz gətirməməsi, yaxud bir bədbəxt hadisə baş verməsi və ətrafdakı insanların sənə kömək etməsi, dəstək olması barədə söhbət açır. Mən bu hissəni iki mühüm hadisəyə və iki konkret insana həsr etmişəm. Onlardan biri - ağır xəstəliyə qarşı mübarizə aparan Maykl Breykerdir. Yeri gəlmişkən, Maykl çox güclü şəxsiyyətdir, öz ifasını da yazdırır. Xəstəliyə qarşı mübarizədə ona kömək etmək üçün əlbir olan insanlar çoxdur. Mayklın hiss etdiyi dəstək, həqiqətən heyrətə layiqdir. Haqqında bəhz etdiyim ikinci insan Bob Frankeşinidir. Biz səfərdə olarkən onun həyat yoldaşı qəflətən vəfat etdi. Belə bir vaxtda bütün qrupumuz Bobun ətrafında həqiqətən birləşdi və onun kədərinə şərik çıxdı. İnsanların bir-birinə kömək etmək üçün əlbir olması məqamının ruhu məni heyran edir.

JazzReview: Good Question əsəri üzərində işin kompozisiya prosesi barədə məlumat verə bilərdinizmi?
Mayk Ştern: Bu işdə mənim əsas ideyam - bas xətti üçün ritmlərin dəyişməsidir. Əminəm ki, Riçard Bona bu işin öhdəsindən uğurla gələcək. Axı Riçardın afrikalılara xas olan qəribə sövq-təbiisi var. Burada Riçard həyatında ilk dəfə eyni zamanda həm skat stilində oxuyur, həm də çalır. Lakin, bu yalnız improvizə imkanı verən bir musiqi parçasıdır.

JazzReview: Bu relizi These Times ilə müqayisə etsək, həmin reliz sizin musiqiçi kimi inkişafınızı necə təqdim edir?
Mayk Ştern: Mən elə bir albom yaratmaq istəmişəm ki, orada həm adi ifaçı kimi çıxış edim, həm də mənim ifaçı kimi irəliləməyimi təsdiq edim. Kompozisiya baxımından bu albom These Times və Voices albomlarındakı səslərin yazılmasını və istifadəsini birləşdirir, bununla da nəfəs alətlərinin səslənməsi üçün daha geniş imkanlar yaranır. Həmin relizin yazılması prosesində bütün şəxsi təcrübəmi səfərbər etdiyimə görə öz məqsədimə daha tez çatıram və albom daha anlaşıqlı olur.

JazzReview: Siz öz karyeranız dövründə məşhur sənətçilərin çoxu ilə birgə çıxışlar etmisiniz. Onların ümumi cəhəti varmı və əgər varsa, nədən ibarətdir?
Mayk Ştern: Bu sənətçilərin hamısının ifası ürəkdən süzülüb gəlir. Bir dəfə Co Henderson mənə demişdi ki, Stivi Rey Voqi onun xoşuna gəlir, çünki Voqi ürəkdən ifa edir. Bunu siz özünüz də yəqin edə bilərsiniz. Onlar musiqinin çoxsaylı janrlarının öhdəsindən ona görə uğurla gələ bilirlər ki, ifa etdikləri hər bir əsərə ürəklə yanaşır, bu işə qəlblərinin atəşini sərf edirlər!

Bu yaxınlarda Maykın daha bir DVD-si işıq üzü görmüşdür - Mike Stern - Live New Morning. The Paris Concert.