KASSANDRA UİLSON

Ella Fitscerald ən yaxşı caz vokalına görə axırıncı dəfə Qremmi (Grammy) mükafatı alanda 73 yaşı vardı (bu ifa "All That Jazz" albomunda səslənmişdir). Əgər müasir caz səhnəsində onun rekordunu təkrarlamağa hazır olan və yaşa dolduqca daha virtuoz, daha artistik olması ilə seçilən başqa müğənni qadınlar varsa, belə qadınların siyahısında birinci yerlərdən birini məhz Kassandra Uilson tutur. Onun bənzərsiz səsi, bahalı şərab kimi ilbəil daha da yetkinləşən ifası hər dəfə yeni, qabaqcadan proqnozlaşdırılması mümkün olmayan məsələlərin həllinə yönəlmişdir. Sənətçinin bu ideal vasitəsi ona saysız-hesabsız qələbələr gətirən kart-blanşdır. Uilson nə ifa etməsindən asılı olmayaraq, heç vaxt məğlubiyyət nə demək olduğunu bilməmişdir. Bu sözlər onun ideal şəkildə hiss etdiyi blüzə və ya klassik roka da aiddir, caz standartlarına və pop balladalarına da, soula və ya fanka da, folklor musiqisinə də. Yalnız bir məsələdə müğənninin uğuru nisbi sayıla bilər: özünün mahnı bəstələməyə vaxtı qalmır.

Kassandra Uilson

Müğənninin sonuncudan əvvəlki - "Glamoured" adlı albomu yarıbayarı öz kompozisiyalarından ibarət idi. Bu əsərlər Uilsonun repertuara təqdim etdiyi bütün tələblərə mütləq mənada uyğun olsalar da, başqalarının orijinal əsərlərindən bir qədər zəif təsir bağışlayır (belə əsərlərin interpretasiyasında Uilsonun müstəsna məharəti isə hamıya məlumdur). Əvvəllər Bob Dilanın, Stinqın, yaxud Van Morrisonun unikal kompozisiyalarının traktovkalarını təklif edən bu musiqiçi "Thunderbird" adlı təzə diskində ənənəvi blüz melodiyalarını, Villi Diksonun (Willie Dixon) və Lemon Ceffersonun ("Blind" Lemon Jefferson) klassik kompozisiyalarını sanki yenidən dərk edir, Wallflowers-in "Closer to You" mahnısını yenidən oxumaqla Ceykob Dilanın yaradıcılığına özünəməxsus bir yanaşma tapır, Ti-Boun Bernettin (T-Bone Burnett), Kifus Çançinin (Keefus Ciancia) və Mayk Elizondonun (Mike Elizondo) müasir blüz nümunələrini bənzərsiz ifa etməklə onların hər üçünü studiya işinə fəal cəlb edir.

Kassandra Uilson

Alboma daxil edilmiş on nömrədən üçünün şərikli müəllifi olan Uilson albomun janr çərçivəsini (daha geniş planlı əvvəlki relizlərlə müqayisədə) bir qədər məhdudlaşdırır, gah cazla, gah da pop-musiqi ilə qovuşan çoxsaylı ipostaslarda mahiyyətcə blüzlə kifayətlənir. Əvəzində o, ən müasir ("dəbdə olan" sözünü işlətmək istəməzdim) aranjimanları əla səsləndirməklə nömrələrin çoxunun stilistik anturajını əsaslı şəkildə dəyişir.
Kassandra Uilson

Müğənninin son disklərində klavişli alətlərin, perkussiyanın, kompüter proqramlarının və səmpllərin "təzyiqi" nəticəsində onun ifasına ton yaradan çılğın, ecazkar akustik gitaralar bir növ arxa plana keçmişdir. Produserlər dəstəsinə başçılıq edən Bernett və onun "birinci müavini", klavişli alətlərdə ifa edən Kifus Çança gitaraçılardan, təbilçilərdən və perkussiyaçılardan ibarət on iki nəfərlik (Kassandranın özündən əlavə) sanballı bir kollektiv yaratmışlar. Onların zərif elektroakustik pasajları koloritli vokal, gitara, bas və təbil sitatları ilə zəngin olan ritmik kompüter ornamentini gözəl tamamlayır.
Kassandranı elektron texnologiyalar aləminə gətirən proqramminq ustası Mayk Elizondo olmuşdur. Kifayət qədər konservativ üslublu blüzün Maykın bacarıqlı əllərində modernləşməsi Uilsonun onsuz da tamamilə qeyri-standart olan ifa tərzinə əlavə çalarlar bəxş etmişdir. Albom elektron-caz-blüz simbiozunun parlaq nümunəsi olan oynaq "Go to Mexico" treki ilə başlanır. Falsetdən başlamış aşağı tonlu bas notlara qədər bütün diapazonu gözəl mənimsəmiş Kassandranın güclü, çılğın səsini heç nə kölgədə qoya bilmir - nə çoxtəbəqəli perkussiya, nə də "afrikanist" vokal səmpl. Əslində bu müğənninin səsi o qədər güclüdür ki, onun müşayiət edilməsinə ehtiyac yoxdur. Əgər on nəfərdən ibarət ansambl öz səyini əsirgəməsə bu, əla olar, lakin heç kəs olmasa onun ifası bəlkə də daha yaxşı təsir bağışlayar. Çox kədərli və kadrları qəsdən kiçik sürətlə nümayiş etdirilən kinonu xatırladan "Red River Valley" adlı blüz kompozisiyasında Uilson praktiki olaraq təkbaşına hökmranlıq edir, seyrək, demək olar ki, sürrealist gitara akkordları arasından şaanə tərzdə irəli çıxır.

Kassandra Uilson

"Thunderbird" albomu "Blüz haqqında sizin bilmək istədiklərinizin hamısı və bir qədər də ondan artıq" adlı hipotetik vəsaitə əlavə kimi satıla bilər. Burada blüzun bütün keçmişi, bu günü və gələcəyi öz əksini tapır, üstəlik, caz, rok, pop musiqi və kompüter texnalogiyalarının nümunələri də təqdim edilir. Sözügedən albomu müğənninin bioqrafiyasının növbəti fəsli adlandırmaq səhv olmazdı. O, son dərəcə zəruri bir predmet üzrə imtahandan uğurla çıxmışdır: öz mənliyinə sadiq qalmaqla zamanla ayaqlaşa bildiyini göstərmişdir.