CAZ YOL SEÇMİR, O SADƏCƏ OLARAQ ÖZ YOLU İLƏ İRƏLİLƏYİR

Bu gün televiziya - media səltənətində ən böyük dövlət, serial isə bu səltənətin ən böyük yolgöstərənidir. Qısa müddətdə yaranmış mədəni və ideoloji vakuumu seriallar doldurur. Müasir cəmiyyətdə ən kütləvi istehlak məhsullarının iki növü var: yeniliklər və seriallar. Yeniliklər bizim yaşadığımızı, canlı olmağımızı başa düşmək üçün, seriallar isə nəyin naminə, nədən ötrü yaşadığımızı başa düşmək üçündür. İndi qəzet köşklərində mədəniyyətlə bağlı, o cümlədən caz barədə nəşrlərə rast gəlməzsiniz, amma əvəzində müstəqil qəzetlərin reklam məhsulları istənilən qədərdir. Halbuki xalqın böyük əksəriyyəti qəpik-quruş qazanır və mənəvi qidaya pul xərcləməyə o qədər də meyl etmir. Şəhərimiz üçün zaman etibarilə axırıncı əhəmiyyətli və unikal hadisə sayılan "Bakı-2006" caz festivalı məhz belə bir "qeyri-adi" şəraitdə keçirilmişdir. Bu Festival öz qarşısına insanlara musiqi və poeziya bayramı bəxş etmək kimi nəcib məqsədlər qoymuşdu.
Planetimizin digər yarımkürəsində səpilmiş caz toxumları bizdə də cücərmişdir. Burada o, yeni dəyərlər, sinfi cizgilər kəsb etmişdir. Düzdür, ötən əsrdə olduğu kimi, bu gün də caz musiqisi bəziləri tərəfindən çox böyük təşəbbüskarlıqla qarşılandığı halda, başqaları onu hələ də qəbul etmir. Amma hər halda müasir dövrdə, xüsusən gənclər arasında incəsənətin bu növünün tərəfdarlarının sayı sürətlə artmaqdadır.
Bakı Caz Mərkəzi də öz strukturunu dəyişməyə cəhd göstərir, daha mütərəqqi həyat tərzi axtarır. Yaradıcılıq ruhu kommersiya ruhunu yenidən üstələmişdir. Bu nailiyyətləri qazanmaq üçün yeni qüvvələr, cəsarətli ideyalar, Caza bayram ovqatı bəxş etməyi bacaran çevik və sərbəst zəka sahibləri lazım idi. Bu mövsümdə Bakı Caz Mərkəzi tələbkar Bakı auditoriyasının münasibətini və təcrübəli mütəxəssislərin göstərişlərini nəzərə almaqla öz ustalığını təkmilləşdirərək caz sənətinin həyatverici qüvvəsinə inamını itirməmiş gənc musiqiçilər üçün yaradıcılıq emalatxanası açır. Ümumiyyətlə, caz çox dinamik bir hadisədir. Zaman keçdikcə o, qətiyyətlə dəyişməyə qabildir və onun coşqun inkişafını izləmək, musiqi forma və üslublarının misli görünməmiş müxtəlifliyindən baş çıxarmaq çox çətindir. Bəlkə də elə buna görədir ki, cazın inkişaf yolları kifayət qədər öyrənilməmişdir. Başqa musiqi janrlarında çoxdan sabitləşmiş qiymət meyarları caz yanrı üçün hələ qərarlaşmışdır. Lakin tam əminliklə deyə bilərik ki, Azərbaycan cazı böyük yaradıcı qüvvəyə malik olan reallıqdır. Onun qələbələri və məğlubiyyətləri, yüksək amalları və idealları var.
Yadımdadır, gənclik illərində mən saatlarla valçaldıranın yanında əyləşərdim. O vaxt biz əcnəbi cazmenlərin təcrübəsini qrammofon plastinkalarına əsasən öyrənirdik. Əlbəttə, indi belə sözlər eşidəndə adamın gülməyi gəlir, lakin bütün bunları söyləməkdə məqsədim təkcə ondan ibarət deyil ki, bizim caz sahəsində müdrikləşməyimizin necə böyük zəhmət bahasına başa gəldiyini göstərim. Həmin illərdə ziyalılar özlərini yeni dəyərlərin təbliğ olunmasından təcrid etmişdilər. Nəticədə cəmiyyətdə tam dezinteqrasiya vəziyyəti yaranmış, gələcəyin modelləri, obrazları itirilməyə başlamışdı. Səthi və primitiv təbliğatdan başqa heç nə yox idi. Müəyyən maraqları olan ayrı-ayrı ağıllı adamlar vardı. Yadımdadır, bir dəfə ad günümdə mənə Oskar Pitersonun triosunun plastinkalarından ibarət albom bağışlamışdılar. Bu alboma xas olan bir neçə xarakterik cəhətə görə onu unikal albom hesab edirlər. Əvvələn albomu yazdırmış heyət hətta xalis instrumental baxımdan da bir qədər qeyri-adidir. Bu fortepiano triosunda təbil yoxdur (fortepiano, gitara və kontrabas alətləri vardır). Razılaşın ki, cazda belə bir ansambl çox nadir hadisədir. Zərb alətləri caz ansamblının zəruri tərkib hissəsi hesab edilir. Buna baxmayaraq, bir sıra nümunələr sübut edir ki, təbilçinin olmadığı ansambl da hətta ən tələbkar caz meyarlarına uyğun ola bilər.
Sözügedən plastinkaların daha bir mühüm xüsusiyyəti ondan ibarətdir ki, onlar səsyazma studiyasında deyil, konsertdə yazılmışdır. Halbuki cazda bu da mühüm məsələdir: studiyada səsyazma kompozisiya formasının daha mükəmməl məntiqinə nail olmağa imkan verir. Konsert zamanı auditoriya ilə birbaşa əlaqənin mövcud olması isə improvizələrə məxsusi emosionallıq bəxş edir. Albomun ən mühüm xüsusiyyəti isə ondan ibarət idi ki, orada təmsil edilən musiqiçilər formal baxımdan cazın "şəcərə ağacı"na mənsub olmasalar da (onlardan biri danimarkalı, digəri italyan mənşəli amerikalı, üçüncüsü isə Kanada zəncisi idi), dünya cazında lider mövqelər tutan sənətkarlar idi. Bu üç korifey - pianoçu Oskar Piterson, gitaraçı Co Pass və kontrabasçı Nils-Xenninq Ersted Pedersen idi.
Oskar Emmanuel Piterson 1925-ci ildə Monrealda (Kanada) anadan olmuş və otuz ildən artıq bir müddətdə intensiv qastrol-konsert fəaliyyəti ilə məşğul olmuşdur. O, bir ifaçı və solist kimi, kiçik ansambl formalarına daha çox meyl edirdi. 50-ci illərdə kotrabasçı Rey Braun və gitaraçı Herb Ellis Pitersonla bərabər çıxış edirdilər.
Tamerlan Şalbarov

60-cı illərdə Rey Braun və təbilçi Ed Tiqpen onun daimi əməkdaşları idi. 70-ci illərdə Pitersonun daimi çıxış etdiyi heyəti yox idi. O, bəzən solo ifa edir, bəzən də ayrı-ayrı görkəmli caz ustaları ilə birgə çıxış edirdi. Bütün bu məddət ərzində o, caz pianoçularının aparıcılarından biri hesab edilirdi. Piterson ifaçılıqla yanaşı pedaqoji fəaliyyətlə də məşğul olurdu: ABŞ və Kanada universitetlərində caz improvizəsinə aid məşğələlər aparırdı (Pitersonun solo ifalarının çoxu caz stilistikasına aid dərsliklərə daxil edilmişdir). Bundan əlavə, Piterson televiziyada caz proqramları aparırdı. Onun plastinkalarının çoxu yüksək diplomlarla qeyd edilmişdir. Gitaraçı Co Passın əsl adı Cüzeppe Passalakuadır. 1929-cu ildə Nyu-York yaxınlığında anadan olmuş Co Pass uzun müddət özünü dinləyicilərə qəbul etdirə bilməmişdir. 60-cı illərdə o, caz orkestrlərində ritm-gitaraçı kimi çıxış edir, müxtəlif musiqi klublarında müvəqqəti işləyərək cörək qazanırdı. Düzdür, Sinatra, Ekstayn, Uilyams, Voan, Makrey kimi müğənnilər Co Passı həvəslə akkopanamentçi kimi dəvət edirdilər, lakin heç kəs ona sanballı vəzifə təklif etmirdi. Co Passın ilk solo plastinkası 1970-ci ildə Almaniya Federativ Respublikasında işıq üzü görmüşdür. Norman Qrants Passı daha çox dəstəkləyirdi: onu "ulduzların konsertlərinə" və səsyazmalarına daxil etmişdi. Pass həmin konsertlərdə Ella Fitscerald, Piterson və Ellinqtonla çox yüksək səviyyədə dialoqlar aparırdı.
Yalnız bundan sonra artıq gənc olmayan bu musiqiçi caz isteblişmenti tərəfindən qəbul edildi. Sorğu anketlərində Co Passın adı get-gedə yuxarı pillələrə qalxmaqda idi. Nəhayət, ən yüksək zirvəyə çatdı: solo çıxış edən ilk və sayı hələlik o qədər də çox olmayan gitaraçılardan birinə çevrildi. "Caz ensiklopediyası"nda Passa həsr edilmiş məqalədə göstərilir ki, o, nümunəvi müasir caz musiqiçisidir, texniki çətinliklər anlayışının ona dəxli yoxdur. O, ağlasığmaz çevik ifa tempi ilə seçilən pyeslərdə də svinqi itirmir, balladalarda isə müstəsna harmonik "ixtiraçılıq qabiliyyəti" nümayiş etdirir. Passın solo improvizələrinin xeyli hissəsi xüsusi məcmuələrdə dərc edilmişdir. Bundan əlavə, o, öz ixtisas səviyyəsini artırmaq arzusunda olan gitaraçılar üçün bir neçə dərs vəsaiti və gitara çalmağı müstəqil öyrənmək istəyənlər üçün vəsaitlər dərc etdirmişdir.
Nils-Xenninq Ersted Pedersen 1946-cı ildə Danimarkanın Ersted şəhərində musiqiçilər ailəsində anadan olmuşdur. 6 yaşında ikən fortepiano, 13 yaşında isə kontrabas çalmağa başlamış Pedersen 14 yaşında artıq peşəkar caz musiqiçisi kimi fəaliyyətə başlamışdır. 1962-ci ildə Kopenhagendə "Monmartr" caz klubu açılanda Nilsi həmin klubun daimi ritm seksiyasına dəvət etdilər. Beləliklə, gənc musiqiçi Danimarkaya qastrol səfərlərinə gələn görkəmli caz musiqiçilərini müşayiət etmək imkanı qazanmaqla bərabər həm də çox böyük stimul və təcrübə əldə etmişdir. Elə həmin vaxtlarda Danimarka radiosunda caz orkestri və ansambl yaradılır və Nils orada studiyada işləmək təcrübəsi qazanır. Canlı caz klassiklərindən başlamış avanqardçılara qədər ən müxtəlif stilistik profilə malik olan musiqiçilər onu qastrol səfərlərinə və yarı-ayrı çıxışlara dəvət etməyə başlayırlar. Bad Pauell, Albert Ayler, Ben Uebstr ilə birgə çıxışlar edən Nilsin Oskar Pitersonla yaradıcılıq əməkdaşlığı daha davamlı olmuşdur. Vaxtilə onlar Sovet İttifaqına da birgə gəlmişdilər.
Nils Pedersen on ildən artıq müddətdə Avropada ən yaxşı caz basisti hesab edilmişdir. Sənətçi "Sizin şagirdləriniz varmı?" - sualını belə cavablandırmışdır: "Caz o qədər geniş sahədir ki, mən özüm də hələ çox şeyi öyrənməliyəm".

Tamerlan Şalbarov
Caz və Kinematoqrafiya Mədəniyyət Analitikasının Departamentinin Sədri