JAZZ & CINEMA (2-Cİ HİSSƏ)

İkinci Dünya müharibəsi başa çatandan sonra kinematoqrafda yeni, novator rejissorlar üzə çıxdı, onlar hiss edirdilər ki, abstrakt, nonkonfornist caz təkcə detektivlər üçün deyil, həm də psixoloji lentlər, müasir gənclərin həyatından bəhs edən filmlər üçün çox münasibdir. Con Kassavetsin "Şadovs" (1960) filmində məxsusi ekspressiya ifadə edilmişdir. Bu film üçün saundtrekin müəllifi Çarlz Minquns idi. "Anatomy Of A Murdep" (1959) və "Paris Blues" (1961) filmləri, heç şübhəsiz, yüksək bədii məziyyətlərə malikdir. Bu filmlərdə Dük Ellinqtonun musiqisi səslənir. Caz musiqiçilərinin əksəriyyətinin kinoda işləməsi onların yaradıcı özünüifadəsinin ən mühüm istiqamətlərindən birinə çevrilmişdir. Məsələn, Lalo Şifrin 70-ə yaxın saundtrek yaratmışdır. Kuinsi Counz, Deyv Qruzin, Herbi Hənkok və başqa bəstəkarlar da çox məhsuldar işləmişlər.



Bu gün saundtrek yaratmağın bir neçə müxtəlif üsulu mövcuddur. Ən sadə yol ondan ibarətdir ki, hazır musiqi albomlarından müəyyən fraqmentləri seçib video-cığıra uyğunlaşdırsınlar. Bu variantda, məsələn, ekranda çoxdan olub keçmiş hadisələrdən bəhs edilirsə, bu cür "şəkil" arxiv səs yazıları ilə müşayiət olunur. Lakin məsləyə bu cür yanaşmaq bəstəkarların heç də hamısını qane etmir. Bəziləri filmin səslənməsinin stil xüsusiyyətlərini və autentikliyini qoruyub saxlamaq üçün köhnə əsərləri yeni partituralara konvertasiya edirlər. Məsələn, Marvin Hemliş "Sting" filmində (1973) Skott Conlinin fortepiano reqtaymlarına müasir instrumental libas "geyindirir", tamaşaçılar üçün ilk dəfə 1984-cü ildə nümayiş etdirilmiş "Cotton Club" lentində isə müasir cazmenlər svinq dövrünün orkestr sədalarını imitasiya edirlər.



Çarli Parker haqqında filmin müəllifləri çox orijinal bir həll tapmışlar: bu əfsanəvi musiqiçinin lent yazılarında saksofondan başqa bütün digər musiqi alətlərinin səsləri xüsusi aparatların köməyilə "kənarlaşdırılmış" və bundan sonra "kənarlaşdırılmış" partiyalar studiyada müasir musiqiçilər tərəfindən yenidən ifa edilmişdir. Nəticə ən optimist ehtimalları da üstələmişdir.
Lakin çox vaxt saundtreklər üçün orijinal musiqi yazılır. Bu baxımdan, fransız rejissoru Lui Male özünün ilk filmlərindən biri olan "Eşafotdakı lift" (1957) filmini yaradarkən çox cəsarətli addım atmışdır: rejissor həmin dövrdə Maylz Devisin və onun qrupunun Parisdə olmasından istifadə edərək onları studiyaya dəvət etmiş və musiqiçilər bütün gecəni ekran qarşısında keçirərək improvizə etmişlər. Sonradan etalona çevrilmiş bu yanaşma o vaxt əsl novatorluq nümunəsi idi.



Biz indiyə qədər kino ilə cazın əlaqəsi barədə söhbətimizdə demək olar ki, yalnız Amerika filmlərinin adlarını çəkmişik. Əslində bu, tamamilə təbiidir: axı İkinci Dünya müharibəsinə qədər "Köhnə Dünya" bu sahədə "Yeni Dünya" ilə rəqabət apara bilməzdi. Hərçənd, Hollivuddan ilham alan avropalı sənətçilər tərəfindən Birinci və İkinci dünya müharibələri arasındakı dövrdə çəkilmiş bir neçə filmin musiqisi caza yaxın idi: 1934-cü ildə sovet kinorejissoru Qriqori Aleksandrov özünün hələ də təravətini itirməmiş "Şən oğlanlar" filmi ilə tamaşaçıları ovsunlamış, 1937-ci ildə isə britaniyalılar "Sing As You Sving" filmini çəkmişdilər.
Lakin XX əsrin ikinci yarısında vəziyyət kəskin şəkildə dəyişdi. Bu dövrdə avropalılar caz elementləri ilə zəngin və yüksək bədii dəyərə malik olan çoxsaylı kino şedevrləri çəkmişlər. Fransız rejissoru Bertran Tavernyenin "Round Midnight" filmi (1986) sənət aləmində böyük hadisəyə çevrildi. Bu filmə musiqini Herbi Henkok yazmışdır. Əllinci illərdə Parisdə caz sənəti barədə bu maraqlı hekayətin qəhrəmanları Badi Pauellin və Lester Yanqın obrazlarını təcəssüm etdirirlər. Prestijli "Down Beat" ilə yanaşı bu film yeganə kino əsəridir ki, ona həm baxmaq, həm də dinləmək xoşdur. Bu filmdə Con Makloflin, Ueyn Şorter və başqa məşhur musiqiçiləri görmək və dinləmək imkanı vardır. O vaxlar yeniyetmə yaşlarında ikən bu filmə çəkilmiş trubaçı Pol Mikkelborq sonralar "Kaunas-99" festivalının qonağı olmuşdur. Əsərdə baş rolun ifaçısı Dekster Qordon isə o vaxta qədər aktyor kimi müəyyən təcrübəyə malik idi. "Oyanış" adlı bu filmin premyerası 1990-cı ildə baş tutdu, lakin çox təəssüf ki, Dekster Qordon bu mərasimdə iştirak etmirdi - istedadlı musiqiçi bir neçə ay əvvəl dünyasını dəyişmişdi.



Avropalı rejissorlar saundtreklərin çəkilişi üçün çox vaxt ABŞ-dan caz korifeylərini dəvət edirlər. Lakin istisnalar da olur. Belə istisnalardan biri "Dingo" lentidir. Fransız bəstəkarı Mişel Leqran bu filmin saundtrekini Maylz Devislə əməkdaşlıq şəraitində yaratmışdır.
Bu sahəyə ən sanballı töhfələr vermiş sənətçi isə, heç şübhəsiz, polşalı caz pianoçusu Kşiştof Komeda olmuşdur. Bu musiqiçinin istedadı və uğurları barədə təkcə onu demək kifayətdir ki, nüfuzlu tənqidçilər dünyada bütün zəmanələrin ən yaxşı yüz caz albomu arasında qırx ikinci yeri Komedanın "Astigmatic" albomuna vermişlər.
Komedanın musiqisi 70-dən çox filmdə səslənir. Ancey Vayda, Xenninq Karlsen və Avropa kinosunun başqa qrandları ilə əməkdaşlıq etmiş Kşiştof Komeda həm də Roman Polanskinin bütün məşhur filmlərinə müsiqi yazmışdır. Hollivud da bu bəstəkarı yaxşı qəbul etmişdi. Lakin təəssüf ki, Kşiştof Komeda özünün ABŞ-da karyerasının lap başlanğıcında faciəli şəkildə həlak olmuşdur.
Tanınmış cazmenlərin bioqrafiyalarının ekranlaşdırılması kino sənətində müstəsna hal deyil. "Biopics" ("bioqraphical pictures") deyilən bu cür filmlərin birincisi 1942-ci ildə çəkilmiş "Syncopation" lenti oldu.


Yeddi ildən sonra isə rejissor Maykl Kertiz "Young Man With A Hom" filmini çəkdi. Hər iki filmdə istedadlı kornetçi Biks Bedbrikin həyatı ilə bağlı hadisələrdən bəhs edilir. Antoniya Mannın "The Glenn Miller Stoy" filmi (1953) inanılmaz dərəcədə populyar oldu. Bu oyun lentlərinin kommersiya uğurunun təsiri ilə az vaxtda bu cür filmlərin sayı çoxaldı. "The Benny Goodman Story" (1955), "The Gene Krupa Story" (1959) və s.



Son dərəcə sentimental ruhlu bu lentlərə bioqrafik xarakterli düzəlişlər edilmişdi. Lakin böyük müğənni Billi Holideyin ziddiyyətli həyatından bəhs edən "Lady Sings The Blues" (1972) filmi də bu kateqoriyaya aid edilməlidir. Filmin saundtreki Mişel Leqran tərəfindən yazılmış olsa da, bu əsər baş rolun ifaçısı Dayana Rossun benefisi kimi alınmışdır.
Lakin bu janrda da dəyərli əsərlər vardı. Onlardan biri yuxarıda adını çəkdiyimiz Çarli Parkerə həsr edilmiş "Bird" filmi idi (1988). Həmin filmdə baş rolun ifaçısı Forest Viteyker Kann kinofestivalında bu nominasiyada birinci mükafata layiq görülmüşdür.
Caz musiqisinə məhəbbətlərini ekranlarda nümayiş etdirmiş kino sənəti ustaları çoxdur. Vudi Allen (yeri gəlmişkən, o özü klarnetdə caz nömrələrini çox yaxşı ifa edir) bu sahədə daha çox irəli getmişdir. Svinq dövrünün əfsanəvi gitaraçısı, sənətkarlığına görə Canqo Reynhart ilə müqayisə edilə bilən, lakin nahaq yerə unudulmuş Emmet Rey barədə bəhs edən "Sveet And Lowdown" filmi də maraqlıdır.
Caz sənətinə yaxından bələd olan həvəskarlar Allenin mistik obraz olmasını asanlıqla hiss edərlər - bu filmin qəhrəmanının tarixi prototipi yoxdur. Rejissorun baş rola dəvət etdiyi Şon Penn çox çətin bir məsələ ilə üzləşmişdi. İş burasındadır ki, Hollivudda "pis oğlan" kimi ad çıxarmış bu aktyor əvvəllər heç vaxt gitara çalmadığına baxmayaraq, ekranda onlarca kompozisiyanın ifasını imitasiya etməli olmuşdur. Təəccüblü deyil ki, bu rolun öhdəsindən bacarıqla gəlmiş aktyor "Oskar" mükafatı nominantları sırasına düşmüşdür.



Filmdə bəhs edilən dövrün maddi nümunələri - geyim, avtomobillər, interyerlər çox səylə və inandırıcı şəkildə canlandırılmışdır. Bu material otuzuncu illərin ab-havasını çox inandırıcı şəkildə yaradır. Bu baxımdan, Allenin filmi rejissor Martin Skortsezenin çəkdiyi, Robert de Nironun ifasında baş qəhrəman - saksofonçu rolunun bənzərsiz təsir bağışladığı "New York" filmini (1977), eləcə də Frensis Ford Koppolanın çəkdiyi, Riçard Girin yaratdığı baş qəhrəman obrazı ilə yaddaşlara həkk olunmuş qalmış "Cotton Club" filmini (1984) xatırladır.
Kino ilə cazın səmərəli ittifaqı get-gedə möhkəmlənməkdədir. Keçən il Nyu-Yorkdakı məşhur "Lincoln Center" mərkəzi "Jazz On Film" layihəsini reallaşdırmağa başlamışdır. Tematik axşamlar silsiləsinin hər bir hissəsi bu iki janrın ornamental şəkildə birləşməsinin müəyyən fraqmentinə həsr edilmişdir.
1999-cu ildə isə Polşada musiqinin bütün istiqamətlərini təmsil edən ulduzların iştirakı ilə ilk "Music & Film Festival" keçirilmişdir. Sözügedən ulduzlar arasında Jan-Lük Ponti də vardı.
Caz sənəti sənədli kino nümayəndələrinin diqqət obyekti olaraq qalmaqdadır. Cazın tarixinə, onun üslub xüsusiyyətlərinə həsr edilmiş çoxsaylı qısametrajlı sənədli lentlərdə cazla bağlı mühüm hadisələr qeydə alınmışdır. Bu baxımdan, ifaçıların sənədli kinoportretləri xüsusi əhəmiyyət kəsb edir.



Analoqu olmayan "Jazz" filmi caza həsr edilmiş sənədli lentlərin zirvəsi sayıla bilər. Müəllifi Amerikanın tanınmış sənədli kino ustası Ken Börns olan bu müasir serialda Amerika cəmiyyətinə xas olan ən mühüm dəyərlərin mahiyyəti açıqlanır. Börnsün əvvəllər çəkdiyi "Vətəndaş müharibəsi" (1990) və "Beysbol" (1994) filmləri onu çox məşhurlaşdırmışdır. Cazın tarixinə həsr edimiş iyirmi saatlıq çoxseriyalı filmin smeta dəyəri 13 milyon dollara bərabər idi. Bu ilin əvvəlindən həmin serial bütün Amerikada translyasiya edilir. Hər bir seriya axşam saat doqquzda başlanır. Bu isə sözün həqiqi mənasında "prime time" deməkdir.
Yeri gəlmişkən, bu serial caz musiqisinə marağın artmasına xeyli kömək etmişdir. O vaxta qədər barışmaz rəqiblər sayılan "Columbia / Legacy" və "Verve" studiyaları ilk dəfə məhz bu filmin yaradılması dövründə əməkdaşlıq etməyə başlamışlar - filmdə hər iki nəhəng səsyazma studiyasının arxiv materiallarından istifadə edilmişdir. 22 CD-dən ibarət "Ken Bums Jazz" dəsti də bu leybllərin hər ikisinə kommersiya uğuru gətirmişdir.
Lakin layihəyə kənardan baxanda müəyyən eyforiya hissləri yaransa da, "Jazz" filmini tənqid edənlər az deyil. Bəzi mütəxəssislərin fikrincə, Ken Börnsün baxışları çox tendensioz xarakter daşıyır: rejissor Amerika hüdudlarından kənarda caz musiqisində baş verən mühüm hadisələri açıq-aşkar təkzib edir və bu az imiş kimi, əsas diqqəti yalnız 1900-1960-cı illər üzərində cəmləşdirir, müasir caza çox səthi yanaşır.
Bundan əlavə, filmin müəllifi caz sənətinin nəhənglərindən sayılan Errol Qarner, San Ra, Entoni Brekston, Corc Rassel və başqalarını, nədənsə, "görməmişdir". Bütün bunlara baxmayaraq, "Jazz" lenti kino ilə cazın qarşılıqlı məhəbbət tarixi kimi diqqətə layiqdir və şübhə etmirik ki, bu tarix bizim eşitmə və görmə duyğularımızı hələ çox oxşayacaqdır.

Alfredas Kukaytis