"ƏMƏKDAR" ADI ONLARA HALALDIR

Azərbaycanda "Mədəni inqilab" baş vermişdir: amma bu "inqilab" nə güclü şeypur sədaları ilə müşayiət olundu, nə də haylı-küylü, vurnuxmalı iğtişaşlarla. Bir vaxt sovet sisteminin əsla xoşlamadığı caz musiqisi indi ən yüksək səviyyədə tanınır və qəbul edilir. Müasir Azərbaycan cazının aparıcı sənətçilərindən iki nəfərinə - Salman Qəmbərov və Rain Sultanova "Azərbaycanın Əməkdar artisti", Cəmil Əmirov və Cavan Zeynallıya "Əməkdar İncəsənət Xadimi" və Rauf Babayevə "Xalq Artisti" fəxri adının verilməsi, faktı buna əyani sübutdur. Bu fakt onu göstərir ki, həqiqətən əsl elitar incəsənət növü olan caza Azərbaycanda, nəhayət, dövlət səviyyəsində qiymət verilməyə başlanmışdır. İndi Azərbaycanda aşağı çılğın səviyyəli popsa musiqisinin hədsiz geniş yayılmasını nəzərə alsaq, bu hadisə ikiqat inqilab sayılmağa layiqdir. Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində bildirmişlər ki, bu, yalnız "ilk qaranquşlar"dır və milli caza dövlət dəstəyi lazımi səviyyədlə olacaqdır. Nazirliyin İncəsənət Sektorunun müdiri Fərəh xanım Əliyeva jurnalımıza müsahibəsində demişdir: "Azərbaycanda caza diqqət həmişə yüksək səviyyədə olmuşdur, çünki Bakıda incəsənətin bu növünün zəngin ənənələri və dərin kökləri var. Məhz bu musiqiçilərin fəxri ad alması onların Azərbaycanda caz sənətinin qorunub saxlanması və inkişaf etdirilməsi işinə verdikləri töhfənin və şəxsi xidmətlərinin etiraf edilməsi deməkdir. Buna görə də nazirlik həmin şəxslərin əməyini layiqincə qiymətləndirməyi qərara almışdır". Fərəh xanımın dediyinə görə, S.Qəmbərov, R.Sultanov və C.Əmirov bu yüksək ada namizədlər sırasında ən layiqli sənətçilərdir. Bakıda dünya səviyyəli caz festivalı keçirilməsi faktının özü çox şeydən xəbər verir. Xarici ölkələrdəki həmkarları tərəfindən yüksək qiymətləndirilmiş bu musiqiçilər bütün dünyada özlərini göstərə bilmişlər. Azərbaycanda bu insanları təkcə caz həvəskarları deyil, bütün musiqi ictimaiyyəti yaxşı tanıyır. Məsələn, Rain Sultanov caz ilə bu və ya digər şəkildə əlaqəsi olan Azərbaycan musiqiçiləri barədə bioqrafik məlumatları toplayaraq kitab halında çap etmişdir. Cəmil və Salmana gəldikdə isə, sənətsevərlər onları həm istedadlı pianoçu, həm də yaxşı bəstəkar kimi tanıyırlar. Onlar Konservatoriyanın bəstəkarlıq sinifini bitirmişdilər. Fərəh Əliyeva belə hesab edir ki, caz sənətinə kömək etmək, müəyyən iri layihələr həyata keçirmək, konsertlər təşkil etmək lazımdır. Mədəniyyət Nazirliyi gələcəkdə də caz sənətinə öz dəstəyini əsirgəməyəcəkdir. "Əməkdar artist" fəxri adı isə sənətçilərin keçmiş xidmətlərinin etiraf edilməsi ilə bərabər, həm də onların gələcək yaradıcılığı üçün stimuldur. Hərçənd, yaxşı musiqiçinin de-yure tanınması ondan ötrü o qədər də böyük əhəmiyyət kəsb etmir, çünki belə sənətçilər həmişə yaradıcılıq axtarışında olur. Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri deyir: Əminəm ki, bu sənətçilərə fəxri ad verilməsəydi də, onlar öz yaradıcılıq fəaliyyətini əvvəlki qaydada davam etdirəcəkdilər. Şəxsən mən bu insanların yaradıcılığına yaxşı bələdəm və onların hər birini çox sevirəm. Məsələn, Nazirlik bu yaxınlarda Salman Qəmbərovu və Rain Sultanovu Qazaxıstanda keçirilən caz festivalına göndərmişdi. Onlar həmin festivalda Azərbaycanı layiqincə təmsil etdilər. Bilirsinizmi, bu cür çıxışlar ölkəmizi bütün dünyada populyarlaşdırır. Adlı-sanlı caz musiqiçilərinin - caz sənətinin korifeylərinin Azərbaycana gəlməsi onu göstərir ki, Azərbaycan ən azı Cənubi Qafqaz regionunun caz mərkəzidir. Bu mənada, biz Azərbaycan cazının dünya miqyasında təmsil olunmasına kömək etməyə həmişə hazırıq. Prinsip etibarilə, Azərbaycan cazını dünyaya tanıdan Vaqif Mustafazadənin yaradıcılığı olmuşdur. İndi bizim caz dünya caz mədəniyyətində və yaradıcı dairələrdə kifayət qədər məşhurdur. Bu musiqiçilərin xidmətlərinin qiymətləndirilməsi onlara dövlətin qiymət verməsi hesab edilməlidir, çünki Mədəniyyət Nazirliyi dövlətin mədəni siyasətini həyata keçirir. Caz ifaçılarına bu cür yüksək qiymət verməkdə bəlkə də bir qədər gecikmişik. Lakin əsas məsələ - indi baş verənlərdir.

Salman Qambarov

Bəs musiqiçilər özləri bu barədə nə fikirləşir? Rain Sultanov deyir: "Təltif edilməyim mənim üçün bir qədər gözlənilməz oldu. Əlbəttə, fəxri adlar biz musiqiçilər üçün yaxşı mənəvi stimuldur, amma maddi stimul da bura əlavə edilsəydi, daha yaxşı olardı… Bir musiqiçi kimi mənim əməyimi və gördüyüm ictimai işləri qiymətləndirdiklərinə görə təşəkkür edirəm".

R.Sultanov gələcəkdə yaradıcılıqla daha çox məşğul olmaq və əlbəttə, cazın populyarlaşdırılması istiqamətində gördüyü işləri də davam etdirmək niyyətindədir.
Cavan Zeynallı

Hazırda o, Azərbaycan xalqını təbliğ edən yeni albom üzərində işləyən R.Sultanov deyir: xalqın mədəniyyəti və tarixi barədə caz musiqisinin dili ilə söhbət açmaq çox çətin məsələdir. "Doğma diyarım haqqında hekayət" adlanacaq bu albom çətin şəraitdə yaşayan azərbaycanlı uşaqlar və qocalar barədə fotoşəkillərlə müşayiət ediləcəkdir. Fəxri ada layiq görüldüyümə görə mədəniyyət və turizm naziri cənab Əbülfəz Qarayevə və Nazirliyin bütün əməkdaşlarına təşəkkür edirəm.

R.Sultanovun fikrincə, Ə.Qarayev Mədəniyyət və Turizm Nazirliyinə rəhbər təyin edilən vaxtdan milli mədəniyyətimizin inkişafına diqqət nəzərəçarpacaq dərəcədə artmışdır. R.Sultanov zarafatyana deyir: bu rütbənin "imtiyazlarını" artıq hiss edirəm: yol polisi mənim maşınımı saxlayanda sükan arxasında əyləşən şəxsin Azərbaycanın əməkdar artisti olduğunu biləndə gülümsəyir, hörmət əlaməti olaraq baş əyir və sürücülük vəsiqəmi özümə qaytarır.



Salman Qəmbərovun fikrincə, əsas məsələ odur ki, musiqiçilərə bu fəxri ad onların sağlığında verilmişdir. Bu təltif də paytaxtımızda keçirilən caz festivalları kimi yaradıcılıq üçün stimuldur. Bütün bunlar sənətçiyə yeni qüvvə, onun əməyinə qiymət veriləcəyinə inam bəxş edir. Lakin bu yüksək rütbə Qəmbərovun arxayınlaşmasına əsas vermir. "Hələ fəth edilməmiş nə qədər zirvələr var: "Azərbaycanın Xalq artisti" adı, Nobel mükafatı laureatı … Daha yüksək təltiflərə layiq görülməyə çalışmaq lazımdır", - deyə gülümsəyən Qəmbərov artıq 12 ildir ki, peşəkar səviyyədə, bütövlükdə isə ömrü boyu caz ifaçılığı ilə məşğuldur. "Məktəbdə və institutda oxuduğum dövrdə elə bilirdim ki, caz ifa edirəm, lakin 1996-cı ildə başa düşdüm ki, əsl caz ifa etmək üçün çox işləmək, bu işlə məxsusi məşğul olmaq lazımdır. Fəxri ad alana qədər olduğu kimi, indi də caz bayramları və adi günlərdə caz məşğuliyyətləri davam edir. Amma mən bu işdən yorulmuram. İş o vaxt çətin olur ki, heç nə etməyəsən, özün isə çox şey istəyirsən və dərhal istəklərinə çatmaq iddiasında olasan. Bu, dəhşətli vəziyyətdir. Mənim bəxtim gətirib: nəzərdə tutduğum bütün layihələr ölkəmizdə və xaricdə müxtəlif səhnələrdə gerçəkləşmişdir.

Bu layihələr S.Qəmbərova bəzən mənəvi, bəzən maddi, bəzən isə həm maddi, həm də mənəvi məmnunluq bəxş edir. Əməyinə verilən qiymət onun ambisiyalarını nə azaltmış, nə də çoxaltmışdır. "Mən həmişə özümü məşğul olduğum işin generalı kimi hiss etmişəm" - deyən Qəmbərov 2008-ci ildə həyata keçirməyi nəzərdə tutduğu geniş əhatəli layihəyə çox böyük ümid bəsləyir: "Məlum olduğu kimi, 2008-ci il Qara Qarayev ili elan edilmişdir. Bəstəkarın yubileyi təntənəli şəkildə qeyd ediləcək, ola bilsin ki, bu münasibətlə "Çılğın qaskoniyalı" müzikli tamaşaya qoyulacaqdır. Biz bu tədbiri caz musiqiçilərinin qüvvəsi hesabına həyata keçirməyə hazırlaşırıq. Düzdür, bütün bunlar hələlik yalnız layihə səviyyəsindədir, lakin konsertin çox maraqlı olacağına söz verə bilərəm".

"Azərbaycanın Əməkdar artisti" fəxri adına layiq görülmüş digər pianoçu Cəmil Əmirov belə hesab edir ki, caz musiqiçilərinə bu fəxri adın verilməsi onların musiqi yaradıcılığına çox müsbət təsir göstərəcəkdir. O deyir: "Mən heç vaxt rütbələr və mükafatlar almaq iddiasında olmamışam, lakin insanlara gərəkli olduğumu hiss etmək mənə çox xoşdur. Artıq iyirmi ildir ki, mən caz ifaçılığı ilə məşğulam və sənətimə bu cür qiymət verilməsi mənim yaradıcılıq qüvvələrimi artırır. Ona görə də Mədəniyyət və Turizm Nazirliyinə ürəkdən təşəkkür edirəm. Azərbaycandan başqa dünyanın heç bir yerində caz musiqiçilərinə fəxri ad verilmədiyini nəzərə alsaq, bu təltif bizdə ikiqat xoş duyğular oyadır. Mən tamamilə əminəm ki, əvvəlki nazirin dövründə bu mümkün olmazdı.

Ceyhun Nəcəfov