BOSTON FLEYTALARI

Boston Fleytalari

Fleytaçı fransız Jan-Pyer Rampala təzə alət lazım olanda o, özünün Parisdəki mənzilindən Bostona, dostu Lüis Devoya zəng vururdu. Lüis Devo Bostonda əl işləri olan fleytalar hazırlamaqla bu şəhəri bütün dünyada məşhurlaşdırmış üç firmanın ən qədimi olan «Uilyam Heyns» şirkətinin prezidenti idi.

Rampal deyir: «Mənim ilk «qızıl fleytam» - 1958-ci ildə aldığım, «Heyns» firmasının istehsal etdiyi alətdir. O vaxtdan bəri fleytanı yalnız bu firmadan alıram. Axı insan çox xoşladığı bir şeyi tapanda o, başqa heç nə barədə fikirləşmək belə istəmir».

Çoxlarının fikrincə dünyada ən yaxşı fleytaçı sayılan bu fransız musiqiçinin üç «qızıl fleytası» var, hamısı da «Heyns» firmasının məhsullarıdır. Bu baxımdan, Rampal istisna deyil: bütün ölkələrin peşəkar fleytaçılarının çoxu məhz «Heyns» firmasının məhsullarını əldə etməyə çalışır.

XX əsrin çox hissəsində peşəkar musiqiçilər - həm müxtəlif orkestrlərin heyətində çıxış edənlər, həm də solistlər - Bostondakı kiçik emalatxanalarda qızıldan, gümüşdən və platindən əl işi kimi hazırlanan fleytalara üstünlük verirdi. «Heyns», «Vern Pauell flyüt» və «Branen brozers flyütmeykers» firmalarının sayəsində həmin ənənə bu gün də davam edir. Hərəsinin ən çoxu 20 nəfər işçisi olan bu kiçik şirkətlər birlikdə hər il fərdi sifarişlər əsasında 650-dən 750-yə qədər fleyta hazırlayırlar. Firmaların hər birinin illik satış həcmi təqribən bir milyon dollara bərabərdir. Bir-biri ilə sanki yarışa girmiş bu üç şirkətin hər biri dünyada ən yaxşı fleytaların istehsalçısı kimi tanınmağa çalışır.

Xatırladaq ki, Bostonda fleyta istehsalı1888-ci ildə başlanmışdır. O vaxt gümüş əşyalar hazırlayan ustanın yanında şagird kimi çalışan, əslən qonşu Rod-Aylend ştatından olan 23 yaşlı Uilyam Heyns öz qardaşı, fleytaçı Corcun təkidi ilə Massaçusets ştatının paytaxtı Bostonda bu alətin istehsalı üzrə emalatxana açmışdı.

Burada istehsal edilmiş ilk fleyta Cənubi Afrikada bitən qrenadil ağacından, alətin klapanları isə qurğuşun-qalay ərintisindən düzəldilmişdi. Hədsiz dərəcədə gözəl olmasına baxmayaraq, bu alətin qəlp səslər çıxarmasını gizlətmək mümkün deyildi. Lakin sonrakı nümunələr daha uğurlu oldu: hazırda bütün dünyada «Heyns» firmasının məhsulları olan fleyta 50 minə yaxın var.

1913-cü ildə Heyns kanzaslı zərgər və nəqqaş Vern Pauellin əl işi olan əla gümüş fleytanı görəndən sonra onu işə dəvət etdi. Bu fleytanın hazırlanmasına 7 ədəd çay qaşığı, 3 ədəd cib saatının korpusu və hər biri yarım dollarlıq bir neçə gümüş sikkə işlədilmişdi. 13 il orada işləyərək emalatxananın müdiri vəzifəsinədək yüksəlmiş Pauell 1927-ci ildə oradan gedərək öz biznesini qurdu.

50 ildən sonra eyni hadisə Pauellin başına gəldi: o vaxta qədər Pauellin yanında işləyən Bikford və Robert Branen qardaşları orada işdən çıxdılar və fleyta istehsalı üzrə öz şirkətlərini yaratdılar. Bostondakı bu firmaların fəaliyyətdə olduğu dövrdə onlara çox vaxt ya musiqiçilər, ya da yüksək səviyyəli sənətkarlar rəhbərlik etmişdir.

Məsələn, Devo 16 yaşlı məktəbli olduğu dövrdə Heynsin döşəmələrini süpürməyə başlamışdı. Burada «xidmət pilləkanının» bütün mərhələlərindən keçdikcə istehsal prosesini incəliklərinə qədər mənimsəyən Devo 1976-cı ildə həmin şirkəti təsisçidən alır. Devo peşəkar vərdişlərini itirməməyə çalışaraq Heyns fleytalarının bərpası ilə (pikollo) məşğul olurdu.

Vaxtilə Boston konservatoriyasında oxumuş Bikford Branen də firmanın rəhbəri olandan sonra işi başından aşmasına baxmayaraq, fleyta üzərində işləməyə vaxt tapırdı.

1930-cu illərdə bu şirkətin işləri çox yaxşı gedirdi: transatlantik miqyasda fleyta ticarətində əsl inqilab baş vermişdi – Amerikada istehsal edilən fleytalara Avropada tələbat sürətlə artırdı. Elə bu gün də həmin fleytalara tələbat yüksək səviyyədədir. 1977-ci ildə Branen qardaşları öz firmasını açanda sifarişçilər 7 il Heynsin və Pauellin fleytalarını gözləməli olmuşdu.

Həmin firmaların köhnə fleytaları təzə alətlərdən daha yüksək qiymətə satılırdı, çünki onları dərhal almaq mümkün idi. Bununla belə, həmin firmalar heç də elə hesab etmirlər ki, onların məhsulları musiqi elitası üçün nəzərdə tutulmuşdur. Bikford Branen deyirdi: «Bizim işimizdə uğur qazanmağın əsas sirri - superulduzlara xidmət etmək deyil, ondan ibarətdir ki, biz həm həvəskarlar, həm öz ifasını yaxşılaşdırmaq istəyən tələbələr, həm də çörəkpulu qazanmalı olan peşəkarlar üçün fleytalar hazırlayırıq. Burada kimə nə lazımdırsa, onu da alır».