CAZ İFA ETMƏYİ MÜSTƏQİL ÖYRƏNMƏK OLARMI?

Məndən soruşanda ki, caz ifa etməyi müstəqil öyrənmək olarmı, belə cavab verirəm: «Olar, amma çətindir». Bu cavabı ətraflı izah etməyə çalışsaq, şəxsi həyat təcrübəmə müraciət etməli olacağam.

Fərz edək ki, yaxşı və ya o qədər də yaxşı olmayan musiqi təhsili almış, ümumi səviyyəsi ortadan yuxarı olan və özünün ifa etdiyi çalğı alətini yaxşı mənimsəmiş (bu, çox vacibdir) yaxşı bir insan bir caz musiqiçisinin lent yazısını dinləyəndən sonra özü-özünə deyir: «Mən də belə ifa etmək istəyirəm!». Bundan sonra o, xoşladığı improvizənin «surətini çıxarmağa», yəni onu notların köməyi ilə yazmağa çalışır. Bu məqamda məlum olur ki, həmin improvizə adi not yazısı sisteminə o qədər də uyğun gəlmir – bu və ya digər notun hansı hissələrə aid olduğu, çox vaxt isə ümumiyyətlə notun özü də aydın olmur.

Lakin fərz edək ki, bizim eksperimentator bu vəzifənin öhdəsindən birtəhər gəlmiş, ən başlıcası – «surətini çıxardığı» improvizəni yaxşıca yadında saxlamış və nəhayət, onu öyrənmişdir. Bundan sonra növbəti mərhələ başlanır. Caz aləmində hələ gənc olduğum illərdə bir nəfər tanış saksofonçunun tam ümidsizliyə qapılaraq dediyi sözlər yadıma düşür: «Bu nə işdir? Notları eynilə onun kimi çalıram, amma onun ifasında bu musiqi kiçik bir sabun qovuğunun partlamasına oxşadığı halda mənim ifamda kiselin içərisindəki yumruya oxşayır».

Bu problemi həll etmək üçün uzun illər boyu çalışmaq olar, lakin uğur qazanacağınıza əsla ümid etməyin, çünki indiki halda cazın səslənməsinin sirri ritmik rəsmin son dərəcə dəqiq icrasından ibarətdir. Burada saniyənin mində bir hissələri də rol oynayır, ağdərili musiqiçilərin əksəriyyətinin həssaslığı isə bu kəmiyyətdən xeyli aşağıdır. Ona görə də həmin musiqiçilər ritmik incəlikləri eşitmək və xüsusən, həmin incəlikləri öz çalğı alətlərində səsləndirmək iqtiadarında olmurlar.

Ümumiyyətlə, ritmik həssaslığı inkişaf etdirmək o qədər də çətin deyil, amma bunu necə etmək lazım olduğunu bilməlisiniz (bu barədə mənim «Cazda, rok və pop musiqisində ritmikanın sirrləri» adlı məqaləmə baxın). İlk baxışda qarşısıalınmaz təsir bağışlayan çətinliklər təkcə ritm hissinin lazımınca inkişaf etməməsi ilə deyil, həm də harmonik musiqi duyumunun mükəmməl olmaması ilə əlaqədardır (bax: «İmprovizə – daxildən və kənardan baxış» məqaləsi).

Yadımdadır, German Lukyanovun «Moskvoreçye» caz studiyasında ilk dərslərinin birində o məndən xahiş etdi ki, başqa bir tələbə – saksofonçu Valeri Panov ilə dialoq şəklində onun improvizələrinin melodikasını mümkün qədər təkrarlamağa çalışaq. Valeranın saksofonundan ağlasığmaz dərəcədə qəşəng və mürəkkəb melodik sədalar eşidildiyi halda mən onları heç cür «tuta bilmirdim» və adi üçsəsli melodiyaların əlində aciz qalmışdım. Məsələ heç də, o vaxt mənim reaksiya qabiliyyətimin, yaxud musiqi yaddaşımın lazımi səviyyədə omamasında deyildi. Sadəcə olaraq, o dövrdə Valerinin istifadə etdiyi notlar mənim eşitmə aparatımın «arsenalında» yox idi. Bu problemin mahiyyətini Yalnız xeyli müddətdən sonra başa düşdüm və əvvəcə özümün, sonra da şagirdlərimin musiqi duyumunu inkişaf etdirmək metodikasını mənimsədim.

Müstəqil təhsil zamanı qarşıya çıxan daha bir ciddi problem - caza xas olan dəyərlərin stilistikasını və onların iyerarxiyasını bilməməklə bağlıdır. Bu, çox vaxt improvizator-prototipin düzgün seçilməməsinə gətirib çıxarır. Nəticədə uzun illər boyu sərf edilən gərgin əmək nəinki faydasız, hətta zərərli ola bilər. Bu, məsələn, mən özüm cazda ilk müstəqil addımlarımı atanda və improvizə etməyi öyrənmək arzusunda olanda başıma gəlmişdi. O vaxtlar ikinci dərəcəli blüz musiqiçilərindən birinin lent yazısını dinləyəndən sonra mənə məlum oldu ki, blüz pentatonikası üzrə improvizənin mənimsənilməsi üçün minimal qüvvə sərf etdikdə maksimal effekt alınır.

Blüz qammasını bütün istiqamətlərdə ifa etməyi öyrənəndən və bütün incəlikləri ilə «üzü köçürülmüş» bir neçə gedişi öyrəndikdən sonra improvizə edərkən mən bu «təsərrüfatı» cari harmoniya ilə kombinə etməyə başladım. Mənə elə gəlirdi ki, hər şey əsl cazmenlərdə olduğu kimi alınır. Uzun müddət özümdən tam razı idim. Səfehliyin qəddar düşməni və gözəl pedaqoq olan German Lukyanovun sinfində oxumağa başlayana qədər bu vəziyyət davam etdi. Lukyanov mənim ifamı dinləyəndən sonra dedi: «Eyibdir, bu, improvizə deyil, ucuz imitasiyadır, həm bəsit, həm də darıxdırıcıdır».

Bu hadisədən sonra bir neçə il blüz ladını improvizənin əsası kimi istifadə etmək vərdişini birdəfəlik özümdən kənarlaşdırmalı oldum. Amma prototip kimi, məsələn, orqanda çalan Cimmi Smiti seçmiş olsaydım, həm özümü mənəvi travmadan qoruyardım, həm də vaxtımı itirməzdim, çünki Smitin blüz ladı əsasında ifa etdiyi frazalar bu peşəyə yaradıcı yanaşmanın gözəl nümunələridir.

Bundan sonra daha bir ciddi problem yaranır və onunla üzləşməkdən yaxa qurtaranlar azdır. Fərz edək ki, qəhrəmanımız bütün çətinlikləri dəf edərək xoşladığı ifaçının improvizələrini öyrənməkdə davam edir. 1-2 ildən sonra o, prototipin melodik materialını o dərəcədə mənimsəyir ki, artıq müstəqil improvizə edə bilər. Düzdür, o hələ özünə tam arxayın deyil, səhvlərə yol verir, amma hər halda arzu etdiyi məqsədə lap yaxınlaşır.

Bununla belə, təxminən eyni vaxtda, bəzən daha əvvəl o hiss edəcək ki, can atdığı məqsəd öz dəyərini itirmişdir. Onun öz improvizələri özünə darıxdırıcı və dayaz görünür, «dahi» isə artıq çoxdandır ki, onu ruhlandırmır. Bu dövrdə qəhrəmanımızın özünə və ümumiyyətlə musiqiyə marağı azalır, hər şeyi bir kənara atıb başqa bir məşğuliyyət tapmaq arzusuna düşür. Bu ovqata təslim olanlar çox peşiman olacaqlar, çünki bir ildən, il yarımdan sonra onlar yenidən bu işlə məşğul olmaq arzusuna düşəcəklər, lakin texniki forma və qazandığı vərdişlər artıq itirilmiş olacaq.

Qəhrəmanımız ansamblda ifa etməyə başlayanda daha bir çətinlik yarana bilər. Elə ilk məşqlərin birində məlum olacaq ki, iştirakçıların hər biri nədənsə öz ifasını çox pis eşidir. Ona elə gələcək ki, ifa etdiyi alətin səsi tərəfdaşlarının çalğı alətlərinin səsindən qat-qat aşağıdır. Nəticədə ya səsgücləndiricilərin səsini artırmaqdan ibarət zəncirvari reaksiya başlanacaq, ya da monitorların sazlanması ilə bağlı mürəkkəb manipulyasiyalara əl atılacaqdır. Lakin bunların heç biri ansamblın keyfiyyətinin yaxşılaşmasına və ya ifaçıların özlərini daha rahat hiss etmələrinə gətirib çıxarmayacaq.

İş burasındadır ki, ansambl ifasının çox incə qanunları var. Onlar nə çalğı alətlərinin keyfiyyəti ilə bağlıdır, nə səsgücləndiricilərin imkanları ilə, nə də binanın akustikası ilə. Burada yalnız musiqiçilərin dərin ritmik mədəniyyəti rol oynayır. Bizim əzmkar qəhrəmanın qarşısında yaranan problemlərin siyahısını hələ çox davam etdirmək olar və heç kəs deyə bilməz ki, bu problemləri aradan qaldırmaq mümkün deyil. Sadəcə olaraq, buna hədsiz çox vaxt və mənəvi qüvvə tələb olunur.

Bəli, caz ifa etməyi müstəqil şəkildə öyrənmək olar, lakin bundan ötrü təqribən on il gərgin zəhmət tələb olunacaq. Yaxşı pedaqoq isə cəmi 2-3 il ərzində öz şagirdini bu yolun bütün çətinliklərindən keçirə bilər. Pedaqoqla işləməyin sərfəli olmasını təsdiqləyən daha iki güclü arqument göstərmək istərdim. Bunlardan birincisi ondan ibarətir ki, musiqiçi müstəqil işləyərkən yalnız özünün artıq malik olduğu qabiliyyətlərini inkişaf etdirir. Pedaqoq isə öz şagirdinə təbiətin bəxş etmədiyi keyfiyyət və qabiliyyətləri onun psixikasına «yeridə bilər». İkinci arqument barədə Georgi Qurciyevin aşağıdakı sözlərini xatırlatmaq istərdim: adi praktikada insan ardıcıl olaraq və uzun müddət hədsiz səy göstərməyə qadir deyil. Bundan ötrü «insaf hissinə yabançı» və özünün müəyyən metodu olan başqa bir insanın iradəsi lazımdır.