BAKI "DODESKADEN"İ

Gaya

Adətən günün bu vaxtında musiqi mağazası boş olurdu. Piştaxtaya dirsəklənərək adəti üzrə sallaq bığlarını eşən Anar şüşə vitrinin o tayında küçədən keçənləri müşahidə edirdi. Anar saçları həmişə pırpız olan, yellənə-yellənə yeriyən Ziyanı da uzaqdan görmüşdü. Ziya mağazaya hay-küylə girdi:
-- Savadsızlığı ləğv edənlərə eşq olsun! Anar, nə var nə yox, qardaş?
- Elə bir yenilik yoxdur, hər şey köhnə qayda ilə davam edir. Sən niyə belə həyəcanlısan?
- Heç, gedə-gedə bir mövzu üzərində düşünürdüm. Leyla xahiş edib ki, caz və kino musiqisi arasında əlaqə barədə bir məqalə yazım...
Anar mağazanın vitrininə baxa-baxa soruşdu:
- Bəlkə sənə bir köməyim dəyər? Məndə bəzi disklər var.
- Yox, mənə lazım olanların səndə olmadığını yəqin bilirəm. Söhbət Azərbaycan kinosunda cazdan gedir.
- Aha, Kukaytisin məqaləsinin davamı kimi?
- Elədir, işi çətinləşdirən də odur ki, Kukaytis dünya kino ensiklopediyası əsasında bir növ zəfər yürüşü edib, yüzlərlə kino lentinin, rejissorların və kinoya çəkilmiş caz musiqiçilərinin adını çəkib… Bütün bunlardan sonra, üstəlik, Amerikada caz haqqında 13 milyon dollarlıq çoxseriyalı film çəkiləndən sonra mən deməliyəm ki, bəs, bizim Bakıda da kinoda caz var. Bəlkə də haçansa belə bir şey olub, amma indi bizdə kinonun özü yoxdur axı!
- Dayan, Ziya, özündən çıxma. Axı kinoda caz musiqisinin yaranması özlüyündə, ən azı tarixi baxımdan, çox maraqlı ideyadır. Aydındır ki, 2005-ci ildə Salmanın "Lətif" filmi ilə bağlı eksperimenti boş yerdə yaranmamışdır, bunun bir təməli vardır.
- Elədir, mən bu məsələni araşdırmışam. Doğrudan da, danışası söz az deyil. Bu əhvalat 40 il əvvəl baş verib. Hərçənd, əvvəlcə mən elə bilirdim ki, bu, daha çoxdan olub. Axı Tofiq Quliyevin və Rauf Hacıyevin kollektivləri hələ 40-cı illərdə caz musiqisi ifa edirdi. Bu bəstəkarlar özləri də kino musiqisi yazıblar. Amma sonra bu qənaətə gəldim ki, hər halda onların kollektivləri yaranan dövrdə caz hələ estradadan ayrılmamışdı.
- Nə isə xatırlayıram – «ciddi» caz və «yüngül» estrada...
- Elədir. Bu ayrılma prosesi 60-cı illərin əvvəllərində demək olar ki, bütün Sovet İttifaqında eyni vaxtda başlanmışdı. O vaxt caz mahnılardan, rəqslərdən ayrıldı və müstəqil improvizasiya kimi formalaşmağa başladı. Kiçik instrumental heyətlərlə işləyən musiqiçilər bunun öhdəsindən daha yaxşı gəlirdi. Məhz həmin illərdə bizim Rafiq Babayev caz kvarteti, Vaqif Mustafazadə isə trio yaratmışdı. Nisbətən az tanınmış heyətlərin isə sayı hesabı yox idi. Amma deyəsən, əsas mətləbdən uzaqlaşdım... Hə, caz ilə kinonun «Bakı görüşləri»nin tarixi 1965-ci ildə «cnəbi qız»" filmindən başlanır. Düzdür, bu filmi Odessa kinostudiyasının rejissorları Konstantin Juk və Aleksandr Serıy çəkmişdi, amma filmə musiqini bakılı Murad Kajlayev yazmışdır, onu həmin dövrdə Rafiq Babayevin rəhbərlik etdiyi «Qaya» ansamblı ifa etmişdi. «Qaya» bu filmin çəkilişlərində də iştirak etmişdi - teploxodda səfər epizodunda...
- Sən bilirsənmi ki, Kajlayevin yazdığı məşhur «Konsertino» 1965-ci ildə Praqa caz festivalında mükafata layiq görülmüşdü. Hətta ABŞ-da Dyuk Ellinqtonun orkestri bu əsəri ifa etmişdi.

Kino

- Belə de! Bax bunu bilmirdim. Ümumiyyətlə, Kajlayev caz kollektivləri üçün çox musiqi yazıb və elə buna görə də o, «Qaya» ilə bir neçə il məhsuldar əməkdaşlıq edib. «Əcnəbi qız» filmindən demək olar ki, dərhal sonra - 1966-cı ildə «Qaya» rejissor Rüfət Şabanovun «Xidmət lifti» filmində Azərbaycan kino ekranında göründü. Baş rolda Xuraman Qasımovanın çəkildiyi bu qısametrajlı film yəqin ki, yadında olar. O, dərhal populyarlaşdı. Filmin baş qəhrəmanının liftdə «Qaya» vokal kvarteti ilə görüşməsindən bəhs edən kiçik epizod bu filmə məxsusi bir ton vermişdi. Gördüyün kimi, indiyə qədər təsvir etdiklərimin hamısı caz ilə kinonun epizodik görüşləridir.

- Razıyam.
- Caz ilə kinonun üzbəüz görüşü Oqtay Mirqasımovun «Azərbaycan haqqında etüd» adlı sənədli filmində baş vermişdi. 1969-cu ildə o, Oqtay Mirqasımov Rafiq Babayevə bu filmə musiqi yazmasın təklif etmişdi. Bu iş onların dostluğunun və çoxsaylı birgə layihələrinin başlanğıcı oldu. «Azərbaycan haqqında etüd» filmi Azərbaycan kino sənətində yeni bir mərhələnin başlanğıcı oldu - burada ilk dəfə olaraq videoyazı cığırının əvvəlindən axırına qədər caz ansamblının ifasında improvizə edilmiş musiqi səslənmişdir. O. Mirqasımov özünün «Gecə söhbəti» adlı növbəti sənədli filmində caza daha geniş meydan vermişdi - bu dəfə Rafiq Babayevin caz kvarteti filmin «baş qəhrəmanı»na çevrilir. Bu, bizim kino sənətində caz musiqiçisinin daxili aləminə nüfuz etmək və onun improvizəsində xarici aləmin obrazlarının necə əks olunduğunu izləmək üçün göstərilən ilk və təəssüf ki, həm də son cəhd oldu.

- Mən onu da bilirəm ki, bəstəkarların çoxu onların kino musiqisini ifa etmək üçün Rafiq Babayevi dəvət edirdi. Kajlayevdən sonra növbəti birgə iş Eldar Quliyevin «Bir cənub şəhərində» kinofilminə (1969) Fərəc Qarayevin bəstələdiyi musiqinin ifa edilməsi oldu. Rafiq Babayev sonralar Aqşin Əlizadə, Firəngiz Əlizadə, Azər Dadaşov, Ruhəngiz Qasımova, Cavanşir Quliyev, Tofiq Quliyev, Xəyyam Mirzəzadə, Emin Sabitoğlu və daha neçə bəstəkarla işləmişdir. O özü 23 filmə musiqi yazmışdır. Bu barədə «Jazz dünyası» jurnalının 7-ci nömrəsindəki məqaləni yəqin ki, oxumuş olarsan.
Vaqif Mustafazadə də kinoda işləmişdir. Onun dörd sənədli filmə musiqi bəstələməsi məlumdur. 73-cü ildə «Etibarlı əllər» filmini rejissor Rauf Nağıyev, qalan üç filmi – «Naxışların yaddaşı» (1973), «Ovçu, vurma məni» (1977) və «Yay günləri» (1977) filmlərini isə Yalçın Əfəndiyev çəkmişdir. Bu da məlumdur ki, 1973-cü ildə Vaqif rejissor Əjdər İbrahimovun «Mosfilm» kinostudiyasında çəkilmiş «Ürək əhvalatları» adlı bədii filminə Arif Məlikovun bəstələdiyi musiqini yazdırmışdır...

- Bu da sənin üçün material, - deyə Anar fikrini bildirdi, - sən isə deyirsən «yazmağa bir şey yoxdur».
- Mən bunu yenə də deyirəm!! - Ziya özündən çıxdı, - axı istər Rafiq, istərsə də Vaqif özlərinin kino musiqisini caz musiqisi hesab etmirdilər. Elə indi də kino üçün musiqi yazan caz musiqiçiləri - Cəmil Əmirov, Salman Qənbərov, Səyavuş Kərimi belə hesab etmirlər. Özü də onlar haqlıdırlar! Bunun nəyi cazdır? Bunlar, sadəcə saundtreklərdir. Düzdür, sonralar bəzi mövzulardan caz kompozisiyalarında istifadə edilmişdir. Məsələn, Rafiq Babayevin etdiyi kimi, amma bu prosesin kinoya dəxli yoxdur...
Elə bu vaxt bir səs gəldi:

Rafik

- Salam, Anar!
Anar və Ziya bu səsi eşitcək içəri gələn adama tərəf döndülər.
- Oho, xoş gəlmisiniz! - Anar əl uzadıb bu səsin sahibi ilə görüşdü. - Ziya, bax bu adam sənə kömək edə bilər. Tanış ol - professor, filosof, psixiatr Böyükağa müəllim musiqinin böyük həvəskarıdır, özü də canlı ensiklopediyadır...
- Dayan görək, ay Anar, - Böyükağa müəllim gülümsədi, - sən az qala mənə heykəl ucaltdın ki... yaxşı, sizə nə köməyim dəyə bilər?
- Doktor, Ziya mənim dostumdur. Özü də jurnalistdir. İndi Azərbaycan kinosunda caz haqqında məqalə yazır...
Saçlarına dən düşmüş bu saqqallı kişiyə maraqla baxaraq, onun psixiatrdan daha çox rəssama oxşadığını düşünən Ziya yenə öz bildiyini dedi:

- Deyəsən, mən o məqaləni yazası olmadım, ona görə ki, yazmağa bir şey yoxdur. Biabırçılıqdır! Siz «Jazz dünyası» jurnalının əvvəlki nömrələrindəki məqalələri oxumusunuzmu? Biz bu mövzunu nə ilə davam etdirə bilərik? Mən. caz musiqiçilərinin kinoda iştirakı barədə bildiyim cüzi faktları Anara sadalamışam: bir-iki filmdə «Qaya» epizodik rollarda çəkilib və Kajlayevin musiqisi səslənib, R. Babayevlə bağlı «Gecə söhbəti» filmi, bir də Ruslan Səfərovun bu yaxınlarda çəkdiyi «Əlvida, mənim cənub şəhərim» filminə Səyavuş Kərimi musiqi bəstələyib. Həmin filmin bir epizodunda Şahin Növrəsli səhnədə ifa etdiyi yerdə çəkilib. Daha sonra Salman Qənbərovun, «Lətif» layihəsi, bir də caz musiqiçilərinin kino üçün musiqi bəstələməsi və onu ifa etməsi barədə informasiya var. Vəssalam, - Ziya qəmli-qəmli sözünü tamamladı.

Anar fikirli halda peysərini qaşıdı:
- Mənə elə gəlir ki, sən bu məsələyə çox məhdud mövqedən yanaşırsan. Problem ondan ibarətdir ki, sən zahiri atributrikaya - adlara, kəmiyyətə, müqayisələrə can atırsan. Amma çox güman ki, bu, yanlış yoldur. Məncə bizim kinoda cazın yaranması meyllərini izləmək daha maraqlı olardı. Siz mənimlə razısınızmı, doktor?

Bayaqdan bu söhbətə diqqətlə qulaq asan Böyükağa müəllim müəmmalı şəkildə gülümsədi:
- Doğrudan da, mənim üçün bu daha maraqlı olardı.
- Yaxşı, qoy belə olsun, - Ziya dilləndi, - bəs sizin dediyiniz o meylləri nəyə əsasən izləmək olar?

Həkimin gözləri işıqlandı:
- Bunu müxtəlif yollarla etmək olar. Axı caz ilə əlaqədar ilk filmlər təxminən ötən əsrin ortalarına aiddir. Bu dövrdə ən azı sovet məkanında kino sənətinin necə inkişaf etdiyini izləmək olardı. Məlumdur ki, həmin dövrdə həm Qərbi Avropa, həm də sovet kinosunda «yeni dalğa» deyilən bir proses gedirdi (italyan neorealizmini xatırlayaq). Bu dövrün səciyyəvi əlaməti olmuş zaman-məkan münasibətlərinə yeni yanaşmaya Andrey Tarkovski özünün «Zamandan tökmə heykəl» (Time Sculping) adlı kitabında çox dəqiq tərif vermişdir. Tarkovski belə hesab edirdi ki, filmdə zaman kateqoriyası ekranda və həmin kadrda baş verən hadisələrin hüdudundan kənara çıxmalı, konkret epizodun adi zaman hüdudları deyil, bilavasitə qavrayış obyekti olmalıdır.

Onun təsəvvüründə rejissor gerçəkliyin qavranılmasının yeni versiyasını yaratmır, öz həyat fəlsəfəsini, konkret anın necə yaşandığını ifadə edir. Tarkovski öz nəzəriyyəsində Şərqin «susmaq» fəlsəfəsinə, «əbədi an» fəlsəfəsinə yaxınlaşır. Bu anda heç bir «mən» yoxdur, heç bir zaman kəsiyi anlayışı yoxdur. Burada nə keçmiş var, nə indi, nə də gələcək. Məşhur hind filosofu Rameş Balsekar demişkən, «Əbədi an əslində iztirab deməkdir. Bu anda heç kəs heç nəyə görə iztirab çəkmir. Dünyada yalnız indiki məqamda - bu saat və burada yaşanan iztirablar var». Lakin improvizə konsepsiyası da mövcuddur və bu konsepsiya cazın əsasını təşkil edir.
- Salam, Anar!

Biz bu məsələyə başqa mövqedən də yanaşa bilərik. Ötən əsrin ortalarında yeni Vyana məktəbinin estetikasına və neoklassizmə bir növ cavab olaraq, klassik musiqinin inkişafı da musiqi əsərinin improvizə konsepsiyasına üz tutmuşdur. Şenberq, Stravinski və Xindemit öz əsərlərinin yaradıcı ifaçılar tərəfindən hər hansı şəkildə improvizə olunmasını qəbul etmir və partituranın yalnız mexaniki dəqiqliklə səsləndirilməsini tələb edirdilər.

Oktay

Buna görə də 50-ci illərdə neoklassizm aleatorika ilə əvəz ediləndə vaxtilə ən ritorik serial əsərlərin müəllifi olmuş Pyer Bulez «ədədi fetişizm»in tam fiaskoya uğramasını bəyan edərək improvizə ideyasını (aleator kompozisiya prinsipi məhz bu ideyaya əsaslanır) «sərbəst ölçülü musiqi aləminə sıçrayış» adlandırmışdı. Cazın məhz həmin illərdə geniş Avropa arenasına çıxması tamamilə qanunauyğun haldır.

O ki qaldı Bakı caz məktəbinə, onu ümumiyyətlə klassik bəstəkarlıq məktəbindən kənar təsəvvür etmək olmaz. Biz ilk caz kollektivlərindən söhbət açanda həmişə Tofiq Quliyevi və Rauf Hacıyevi xatırlayırıq. Halbuki, onların hər ikisi bəstəkarlıq falultəsini bitirmişdir. Azərbaycan akademik musiqisinin əsasını qoymuş bəstəkarlar caza alüdə olmasalar da, onların demək olar ki, hamısı cazı dəstəkləyir, başa düşürdülər ki, bu «yabançı» musiqinin əsasını təşkil edən improvizə konsepsiyası muğuma ruhən çox yaxındır.

Bu baxımdan, Qara Qarayev xüsusi rol oynamışdır. Azərbaycanda cazla kinonun qovuşduğu axının mənsəbinə doğru getsək, bu axının başlanğıcında Qarayevin simasını görərik. Fikir verin, kinoda musiqinin improvizə konsepsiyasının təməlini qoyanların hamısı Qara Qarayevə yaxın insanlardır: Fərəc Qarayev - Qara Qarayevin oğlu, Murad Kajlayev - onun şagirdi, Oqtay Mirqasımov isə dayısı oğludur (yeri gəlmişkən, O.Mirqasımovun diplom işi - Q.Qarayev haqqında sənədli film 1969-cu ildə keçirilmiş beynəlxalq festivalda «Fipresi» mükafatına layiq görülmüşdür). Məlumdur ki, Q.Qarayev Vaqifin və Rafiqin caz təşəbbüslərini dəstəkləyirdi.

Bunu yəqin etmək üçün təkcə 1970-ci ildə respublika Bəstəkarlar İttifaqında bu iki ifaçının iştirakı ilə təşkil edilmiş ilk caz konsertini xatırlamaq kifayətdir. Həmin konserti Qarayev təşkil etmişdi. O, uzun müddət həmin konsertə hazırlaşmış, bu konserti idarə etmiş, sonra da bu təşəbbüsünə görə partiya cəzası almışdı. Lakin caz musiqisinin rəhbərlik tərəfindən qəbul edilməməsi Qarayevi heç vaxt bu yoldan döndərməmişdir. O, əsl yaradıcı sənətkar kimi intuitiv şəkildə hiss edirdi ki bəstəkarların yeni ğir tipi - ifaçı caz bəstəkarları yaranmaqdadar. Məhz bu cür bəstəkarlar - mən Vaqifi və Rafiqi nəzərdə tuturam - Azərbaycan kinosunda musiqinin improvizə konsepsiyasını müəyyən etmişlər. Beləliklə, kinonun musiqi obrazının əsasını həqiqət anı - iztirab anı təşkil edir.

Salman Qənbərovun «Lətif» filmi ilə bağlı eksperimenti bu konsepsiyanı XXI əsr mövqeyindən inkişaf etdirmişdir. Bu ideyanın necə yarandığını bilirsinizmi? 2001-ci ildə Cahangir Səlimxanov «Ötən əsrin yeni musiqisi» adlı gözəl bir beynəlxalq fəstival təşkil etmişdi. Bu festivalın məqsədi müasir musiqi ilə incəsənətin başqa növlərinin əlaqəsini göstərmək idi. Səlimxanov və Ayaz Salayev Salmanın belə bir sintez yaratmasını - ötən əsrin əvvəllərində çəkilmiş səssiz filmin müasir dövrə uyğun tərzdə səsləndirilməsini təklif etmişdir. Əslində burada söhbət sadəcə oalraq filmin müasir ruhda səsləndirilməsindən yox, bədiilik anlayışının yenidən dərk edilməsindən gedir. Əsas məsələ budur ki, indi həmin filmdə improvizəyə yer var.

Salman

Bayaqdan dinməzcə qulaq asan Ziya söhbətin bu yerində özünü saxlaya bilmədi:
- Düzdür, improvizəyə yer var, amma kino özü yoxdur! Mən sizinlə tam razılaşıram ki, Azərbaycanda cazla kinonun qovuşması prosesinin dərin və zəngin kökləri var. Lakin bu gün həmin zəmində nə yaranır? Axı bu «torpağı» alaq basıb! Hanı improvizə musiqisini görmə obrazları ilə tam halında birləşdirən bədii əsərlər? Hanı bizim dövrün fəlsəfəsini əks etdirən kino?!
Ziya Anarın görkəmindən özünün həddən artıq çılğınlıq etdiyini başa düşdü və utanaraq susdu. Anar vəziyyətdən çıxmaq üçün zarafatla dilləndi:
- Fikir verməyin, doktor, bizim bu Ziya bir qədər əsəbi yoldaşdır.
- Doğrudan? - Böyükağa müəllimin gözləri qıyıldı, - eybi yoxdur… Amma, - bu dəfə Böyükağa müəllim Ziyaya müraciət etdi: - Cavan oğlan, Sizin bu sualları verməyiniz onu göstərir ki, bizim incəsənətin münbit torpağında həyat var. Amma siz onu görmürsünüz. Bir məsələ də var ki, güllər, çiçəklər birdən-birə yaranmır, onlar əvvəlcə uzun müddət torpaqda qalır, sonra qönçə bağlayır və nəhayət, gül, çiçək açılır. Cəmi bir neçə gün ömrü olan gülün yetişməsi üçün bəzən aylarla vaxt tələb olunur. Mənim fikrimcə, bizim kino sənəti indiki dövrdə məhz yetişkənlik mərhələsindədir...
- Hələ olmayan film… - Anar fikirli halda dilləndi.
- Sən nə danışırsan?
- Rain Sultanov öz yeni albomunu belə adlandırıb: «Hələ olmayan film»...
- ... Bu adın mədəni kodunun translyasiyası çətin olub. Azərbaycanın mədəni narrativlərinin autentikliyi onların monomodallıqlarda: musiqidə audial, rəngkarlıqda vizual, rəqsdə kinestetik translyasiyasının asan olmasını nəzərdə tutur. Kino fenomeni isə intqeral sənəd növüdür. Və bu səbəbdən, mədəniyyətin kino vasitəsilə translyasiya edilməsi çox çətindir... Deyəsən, çox danışdım. Nərdivanı mənə gətir, ay Anar. Görürəm sənin o yuxarı rəflərində yeni disklər var.

- Mən düşürərəm.
- Yox, yox, özüm hamısına baxacam, - Böyükağa müəllim nərdivanla dırmaşdı.
- Hə, necədir, - Anar Ziyaya yaxınlaşaraq asta səslə soruşdu, - bu material xoşuna gəlirmi?
- Bilmirəm, - deyə Ziya cavab verdi, - indiki vaxtda bu alimnümalıq kimə lazımdır! İndiki dövrdə oxucuya materialı «qızardılmış» şəkildə verməlisən ki, çeynəməmiş udsun... Hərçənd, burada nəsə var. Deyəsən tapmışam! Bu yazı - iki uydurma qəhrəmanın diskussiyası şəklində olacaq! Hətta elə təsəvvür yaratmaq olar ki, hadisələr musiqi mağazasında baş verir...
- Əsas məsələ odur ki, bu ideya üçün müəlliflik hüquqlarını rəsmiləşdirməyi unutmayasan, - Anar demək olar ki, ciddi tərzdə təklif etdi.
- Mən məsləhət görərdim ki, hüquqlar barədə təsməyəsiniz, - Böyükağa müəllim nərdivanla düşə-düşə fikrini bildirdi, - bu ideyanın təqribən 200 yaşı var, onu alman bəstəkarı Robert Şuman fikirləşib tapmış və özünün «Neue Zeitschrift für Musik» adlı musiqi jurnalında istifadə etmişdir... Aha! Mən burada əla bir albom tapmışam!