BRAYAN BROMBERQ

Brayan Bromberq

O axşam Brayanın istifadə etdiyi saysız-hesabsız texniki vasitələrin və XVIII əsrin məşhur kontrabas ustası Mateo Quersmanın əl işi olan çalğı alətinin mənim qəlbimdə yaratdığı ilk assosiasiyanı bir sözlə ifadə edə bilərəm – «bombardman». Müxtəlif pittsikatolar, sleplər və Brayanın bir növ vizit vərəqinə çevrilmiş iki dəstəkli teppinq konsertə gələnlərin hamısını heyran etmişdi. Brayan bu çalğı alətinin fenomenal imkanlarını mənimsəməsi və yüksək musiqi mədəniyyəti sayəsində caz kontrabası tarixində ən yüksək pillələrdən birinə, bəlkə də birinci pilləyə ucalmışdır.

Həmin axşam Filadelfiyadakı Zanzibar klubunun səhnəsində Brayanın triosu – o özü, pianoçu Endi Lavirn və təbilçi Devid Bromberq çıxış edirdi (yeri gəlmişkən, Devid Brayanın qardaşıdır).

Konsertin əvvəlində Streyhornun "Karvan" əsəri "Wood 2" albomuna daxil edilmiş versiyada səsləndi. Bu icmalı darıxdırıcı resenziyaya çevirməmək üçün təkcə onu demək istəyirəm ki, mən lap birinci stolun arxasında, metrdən cəmi üç metr məsafədə (bu kalambura görə üzr istəyirəm) əyləşmişdim, onun ecazkar barmaqlarından süzülüb gələn hər notu, hər səsi diqqətlə dinləyirdim. Heç bir qüsur görmədim. Brayanın və onun triosunun ifası eynilə albomda olduğu kimi, lakin daha spontan səslənirdi. Onu da qeyd etmək istəyirəm ki, Brayan bütün konserti gözləri bağlı halda (?) ifa etdi. Onun heyranedici intonasiyaları, çalğı alətinə qeyri-adi dərəcədə bələd olması bütün iştirakçıları heyrətə gətirmişdi.

Çıxışının sonunda o məşhur Bitlz qrupunun bir «Come together» solo nömrəsini ifa etdi. Maraqlıdır ki, bu əsər interpretasiya baxımından albom yazısındakı ilə müqayisədə daha güclü təsir bağışladı (eşq olsun maestronun zəngin fantaziyasına!). İstər-istəməz, həmin kompozisiyanın keçən ilin sentyabr ayında Bakıda Salman Qənbərovun ifasında dinləmək şərəfinə nail olduğum versiyasını xatırladım. Beynimdə qəribə bir fikir dolaşdı: «Bu iki musiqiçi eyni bir səhnədə çıxış etsəydi, onların ifasında «Come together» versiyası həqiqətən fantastik səslənərdi!».

Konsertdən sonra mister Bromberqlə söhbət etmək şərəfinə nail oldum. Qaşqabaqlı zahiri görkəminə rəğmən o, çox ünsiyyətcil və xoşrəftar müsahib imiş.

E.H.: Brayan, əvvələn bu gözəl ifana görə sağ ol! Axır ki, sənin canlı konsertinə tamaşa edə bildim.

B.B.: Sən sağ ol ki, bizi dinləməyə gəlmisən. Zalı dinləyici ilə dolu görmək mənə həmişə xoşdur. Sən orada nə gördüyünü deyə bilmərəm (gülür), amma mən bacardığımı əsirgəmədim.

E.H.: Buna şübhə etmirəm. Deməli, sənin XVIII əsrə aid əla kontrabasın belə səslənirmiş!

B.B.: Elədir! Bu alət 1700-cü illərin əvvəllərində Mateo Quersman tərəfindən hazırlanmışdır. Mən bu kontrabasla fəxr edirəm, onun qeyri-adi zəngin səsi var.

E.H.: Doğrudan da elədir. Yeri gəlmişkən, mən haradasa oxumuşam ki, sən müasir texnologiyaların köməyi ilə bu alətin dəqiq surətini yarada bilmisən. Bu doğrudurmu və əgər doğrudursa surətin səslənməsi orijinala nə dərəcədə yaxındır?

B.B.: Bəli, bu həqiqətdir, biz hətta bu surətin bir nüsxəsini satmışıq. Onun səslənməsinə gəldikdə isə o qədər yaxşı səslənir ki, mən bu alətin bir nüsxəsini ehtiyat kimi özümə saxlamışam.

E.H.: Hazırda hansı layihələr üzərində işləyirsən?

B.B.: İndi mən bütünlüklə Antonio Karlos Jobimin əsərlərindən ibarət olan böyük bir layihə üzərində işləyirəm. Həmin layihədə ritm qrupu ilə yanaşı big band və simli ansambl da iştirak edəcəkdir.

E.H.: Çox maraqlıdır. Bəs bi disk mağazaların rəflərində nə vaxt peyda olacaq?

B.B.: Elə bu gecə, evə qayıdan kimi simli alətlərin aranjimanını tamamlayacağam (gülür). Ciddi desək, ümidvaram ki, tezliklə disk hazır olacaq. Axı bu cür iri miqyaslı layihələr inzibati və maliyyə xarakterli problemlərlə bağlıdır. Hələlik isə, mənim «Downright upright» adlı yeni diskimə qulaq asa bilərsən.

E.H.: Dayan görək, mən bu diski bir neçə ay bundan əvvəl almışam!

B.B.: Görünür, sən həmin diskin yapon versiyasını almısan. Mən isə bu albomu Amerika bazarında satmaq üçün yenidən nəşr etdirmişəm.

E.H.: Bu nəşrlər arasında ciddi fərq varmı?

B.B.: Əlbəttə, fərq çoxdur: diskdəki 10 trekdən 8-inə solo truba ifası əlavə edilib. Əgər səndə bu diskin köhnə versiyası varsa, həmin fərqi hiss edə bilərsən.

E.H.: Sənin layihələrindən ibarət bütöv bir kolləksiyam var. Bu diski də hökmən həmin kolləksiyaya əlavə edəcəyəm. Bu yaxınlarda mən Rendi Uoldmanın «Timing is everything» və Cef Berlinin «Ace of bass» albomlarını almışam. Sən bu ifaçılar barədə nə fikirdəsən?

B.B.: Rendi ilə işləmək mənə ləzzət verir, onun heç bir qüsuru yoxdur. Cef isə misilsiz sənətçidir. Onun basda bu fantastik pasajlar yaratmağa necə nail olmasını hələ də başa düşə bilmirəm (gülür).

E.H.: Brayan, mən əslən Azərbaycandanam. Ölkəmizin paytaxtı Bakı zəngin caz ənənələrinə malik bir şəhərdir. Bakıda hər il beynəlxalq caz festivalları keçirilir. Bu il biz, məsələn, Herbi Henkoku və El Cerrounu dəvət etmişdik. Çox istərdim ki, gələn il festivalın qonaqları sırasında səni də görüm. Əminəm ki, bizim tamaşaçılar sənin istedadını layiqincə qiymətləndirəcəklər.

B.B.: Sənin bu dəvətin məni əməlli-başlı maraqlandırdı. Çox şirnikləndirici təklifdir. Xahiş edirəm, festivalın tarixi dəqiq məlum olanda birbaşa mənimlə əlaqə saxla.

E.H.: Hökmən. Maraqlı söhbətə görə sağ ol. Tanış olduğumuza şadam.

B.B.: Sağ ol, bu tanışlıq mənə də xoş təsir bağışladı.