SOUL USTASI NINA SAYMON

Nina Saymon (Nina Simone) həm öz istedadının çoxşaxəli olması, özünü bütünlüklə sənətə həsr etməsi və bənzərsiz yaradıcılığı ilə, həm də mürəkkəb, ziddiyyətli xarakteri ilə ad çıxarmışdır. Bu xarakterinə görə onunla ünsiyyətdə olmaq çox çətin məsələdir. Gözəl müğənni, pianoçu, bəstəkar, aranjimançı olan Nina Saymon bir ifaçı kimi o qədər çoxşaxəlidir ki, bəzən bu, onun karyerasına mane olmuşdur, çünki tamaşaçılar müğənninin bu dəəcədə müxtəlif istiqamətlərdə çalışmasını asanlıqla qəbul edə bilmir. Nina Saymonun yaradıcııq ampulası, stilləri və janrları çox müxtəlifdir: caz, rok, pop, fyujn, folk, brüz, soul, ospel, klassika və brodvey müzikli. O, dərhal və elə bu saat hərtərəfli sənətçi olmaq istəyirdi, buna görə də onun yaradıcılığında, bəzən hətta eyni bir albom çərçivəsində müxtəlif stillər yanaşı mövcud olmuşdur. Həddən artıq çoxşaxəli, həddən artıq paradoksal, həddən artıq eklektik, həddən artıq impulsiv və pop-ulduz ampluasının öhdəsindən gəlmək üçün həddən artıq qətiyyətlidir. Onun pərəstişkarları Ninanı soul kahini adlandırırdılar. Elə bu adla da tarixə düşdü...

Nina Saymon

Nina Saymon bəzən döyüşkən, özünün haqlı olmasını yumruq gücünə sübut etməyə hazır olan bir qadın təsiri bağışlayırdısa, bunun üçün tutarlı səbəblər vardı – o, məşhurlaşmaq və tanınmaq yolunda hədsiz çox maneələr dəf etməli olmuşdur. Nina Saymon Yunays Ketlin Ueymonun (Eunice Kathleen Waymon) artistlik karyerasının əvvəlində özünə seçdiyi səhnə təxəllüsüdür.

Yunays 1933-cü il fevralın 21-də Şimali Karolina ştatının Trayon şəhərində anadan olmuşdur. Onun dörd qardaşı və üç bacısı vardı. Qızlar hamısı uşaq yaşlarından öz analarının rəhbərlik etdiyi kilsə xorunda oxuyurdular. Gələcək ulduzun 6 yaşı olanda o, fortepiano dərsləri öyrənməyə başlamışdı. Klassik pianoçu olmağı arzulayan Yunays o qədər səylə məşğul olurdu ki, cəmi dörd ildən sonra, on yaşı olarkən şəhər kitabxanasında ilk solo konserti ilə çıxış etmişdi. Bu hadisə onun yaddaşına təkcə ilk alqışlarla deyil, həm də irqçiliyin alçaldıcı təzahürü ilə həkk olundu.

Həmin konsertdə Yunaysın valideynlərinin birinci sırada oturmasına icazə vermədilər: bu yerlərdə ağdərili dinləyicilər əyləşmişdi. Uşaqlıq dövrünün qızcığazın ömrü boyu yadda saxladığı və onun fəal vətəndaş mövqeyinin formalaşmasına təsir göstərmiş hadisələrdən biri oldu.

Ailənin dostlarının dəstəyi sayəsində Yunays Nyu-Yorkda, vaxtilə Mayls Devisin (Miles Davis) oxuduğu prestijli Juilliard School of Music kollecində təhsil almağa müvəffəq oldu. O dövrdə qaradərili qızın bu kollecdə oxuması nadir hadisə idi. Təhsil haqqını ödəmək üçün o, vokal müəlliminin müşayiətçisi kimi pul qazanırdı. 1953-cü ildə Atlantik-Sitinin gecə klublarının birində dinləmədən uğurla keçdikdən sonra həmin klubda ştatlı pianoçu kimi işləməyə başladı. Nina Saymon səhnə təxəllüsü də elə həmin dövrdə yarandı (nina - ispanca qız, Saymon soyadı isə fransız aktrisası Simone Sinyoraya məhəbbət əlamətidir). Bu dövrdə o artıq, vokal sənəti ilə ciddi məşğul olmağa başlamış və işəgötürənlərlə razılığa gəlmişdi ki, o, royalda çalmaqla yanaşı həm də oxuyacaq, özü-özünü müşayiət edəcək və yeri gəldikcə improvizasiya edəcəkdir. Beləliklə, Nina Saymonun vokal karyerası demək olar ki, təsadüfi başlanmış və az sonra ona caz və pop standartlarının əla ifaçısı reputasiyası qazandırmışdı.

50-ci illərin axırlarında Saymon öz diskoqrafiyasının təməlini qoyur, King şirkətinin kiçik bir bölməsi üçün albomlar yazdırmışdır. Bu şirkət erkən dövrdə ritm-n-blüzün və rok-n-rollun təşəkkülündə mühüm rol oynamışdır. Əvvəlcə onun bəxti gətirmişdi. 1957-ci ilin axırlarında buraxılmış “Little Girl Blue” adlı ilk plastinkası böyük uğur qazandı. Kontrabas və təbilin müşayiəti ilə royalda özünü akkompane edən müğənni caz və pop standartlarından ibarət çox emosional, incə repertuar seçərək orijinal ifaçı və ilhamlı pianoçu kimi özünü göstərə bilmişdi. Əvvəlcə Filadelfiya və Nyu-Yorkun, sonra isə bütün Amerikanın melomanları Nina Saymona rəğbət bəsləəyə başladı. Çorc Gerşlinin (George Gershwin) “İ Loves You Porgy” sinqli milli hitə çevrilərək pop-çartda 13-cü sətirə qalxandan sonra milyon nüsxə tirajla yayıldı. Artistin yaradıcılıq taleyində bu mahnı onun karyerasında bəlkə də yeganə məşhur hit olmuşdur. Lakin Saymon heç vaxt məşhur olmağa can atmırdı. O, stadionlarda minlərlə pərəstişkarını şövqə gətirmək üçün dəridən-qabıqdan çıxan müğənnilərdən deyildi. Rok-ulduz pafosu onun istedadının xarakterinə uyğun gəlmirdi. O, əsasən yaşlı tamaşaçılar, həqiqi musiqidən baş çıxaran, yaxşı vokalın həvəskarı olan dinləyicilər üçün oxuyurdu.

Nina Saymon

Nina Saymon məhsuldar artist idi. 50-ci illərin axırlarına qədər onun diskoqrafiyasında doqquz plastinka vardı – caz, pop, blüz, Nyu-Port festivalındakı çıxışının yazısı. 60-cı illərin əvvəlində Nina Saymon Colpix (Columbia Pictures Records) adlı iri şirkətlə işləməyə başlamış, bu şirkət üçün on albom, o cümlədən dörd konsert albomu yazdırmışdır. Studiyada olduğu kimi, səhnədə də Saymon özünü hərtərəfli göstərirdi. Bəzən tamaşaçıya elə gəlirdi ki, bu artistin bacarmadığı şey yoxdur. Müxtəlif amplualarda özünü yoxlamaq və çox rəngarəng materialları interpretasiya etmək ona maraqlı gəlirdi. Məsələn, həmin dövrdə o, Dyuk Ellinqtonun kompozisiyalar toplusunu, brodvey müzikllərindən blüz balladaları, İsrail xalq melodiyalarından ibarət folklor mahnı albomu hazırlamışdı. Onun plastinkaları aranjimanların əlvanlığı və stil eklektikliyi ilə fərqlənirdi. Əslində həyatda da onun qəribəlikləri vardı. 1958-ci ildə ailə qurduğu birinci əri ilə heç bir il də yaşamadı. Onun ikinci əri incəsənətdən tam uzaq olan bir adam – nyu-yorklu detektiv Endi Straud (Andy Stroud) oldu. Onlar 1961-ci ildə evləndilər, bir ildən sonra isə qızları dünyaya gəldi.

Nina Saymonun ən yaxşı plastinkaları 60-cı illərin ortalarında yaranmışdı. Bu dövrdə ona Philips leybli himayədarlıq edirdi. Müğənni burada da, necə deyərlər, nəfəsini dərmədən öz ifalarını yazdırırdı. Üç ildə yeddi albom hazırlamışdı. Plastinkalarının buraxılması ilə Saymonun o vaxta qədər işlədiyi başqa səsyazma firmaları da məşğul olurdu. Təkcə 1966-cı ildə üç müxtəlif şirkət Nina Saymonun beş albomunu buraxmışdı. Bu dövrün zirvələrindən biri “High Priestess of Soul” (“Ali məhəbbət kahini”) adlanan plastinka idi. Nina Saymonun pərəstişkarlarının ona verdiyi yüksək titul həmin plastinkanın adı ilə bağlı idi. Ənənəyə görə bu plastinkada eklektik, lakin caz, soul, pop musiqisi, hospel və blüzün qovşağında yaranmış, böyük orkestrlə yazdırılmış özünəməxsus mahnılar toplusu idi. İfrata varma, təzadlar bu müğənnini həmişə cəlb etmişdir. O, Jak Brelin (Jacques Brel) və ya Billi Holideyin (Billie Holiday) repertuarından seçilmiş gözəl balladalardan instrumental royal

kompozisiyalarına keçir, sonra isə onları qayğısız pop müsiqisi və ya kəskin siyasi hücumlarla əvəz edirdi. O, adamları “sancmağı” bacarırdı, lakin cazibədar da ola bilirdi. Saymonun studiya təcrübələri o dövrün modasına uyğun olaraq biçilmiş və geyindirilmiş övladlarını xatırladırdı, lakin ifaçının kataloqunda bu günə qədər öz aktuallığını qoruyub saxlamış mahnılar da az deyil. Artistin eleqant vokalı, onun ifasına xas olan hərarət, müstəqüillik, çılğınlıq və hər şeyi ram edə bilən zəriflik onun ən mühüm silahı olaraq qalırdı. Səmimi hisslər isə zamana tabe olmur.

60-cı illərdə Afrika mənşəli amerikalı qadınların çoxu kimi, Nina Saymonu da Amerikanın zənci əhalisinin öz vətəndaşlıq hüquqları uğrunda mübarizəsi və qaradərili soydaşlarının ləyaqət hissinin baş qaldırması çox narahat edirdi. O, Martin Lüter Kinq ilə şəxsən tanış idi (bu barədə Federal Təhlükəsizlik Bürosunun müvafiq fayllarında ətraflı məlumat var). Təbii ki, bu ağrılı mövzu Saymonun yaradıcılığında bilavasitə öz əksini tapmışdır. O, özünə xas olan qətiyyətlə, səmimi və kəskin şəkildə öz fikirlərini deməyi bacarırdı. Bəlkə də onun həmkarlarından heç biri buna qadir deyildi. Saymonun çoxsaylı siyasi opuslarının ən məşhurları - “Old Jim Crow” və xüsusən 1963-cü ildə zəncilərin hüquqları uğrunda mübarizə aparan bir nəfərin və dörd qaradərili uşağın qətlindən sonra yaranmış “Mississippi Goddam” mahnılarıdır. Bu klassik kompozisiyaları Saymon tam müstəqil şəkildə yazmışdı. Həmin əsərləri dinləyəndə təəssüflənirsən ki, Nina özünün bütün repertuarını özü yazsaydı daha yaxşı olardı. Halbuki o, materialları başqa, çox vaxt daha az maraq doğuran mənbələrdə axtarırdı.

Nina Saymonun albomlarının xarakteri çox cəhətdən, öz şərtlərini diktə edən səsyazma şirkətlərinin siyasətindən asılı idi. 60-cı illərin axırlarından etibarən sənətçi “RCA Records” firması ilə əməkdaşlıq etməyə başlayır. Burada Saymona xas olan sərbəstliyi heç də həmişə xoşlamırdılar. Bu kontraktı Saymonun əri Endi Straud təşkil etmişdi. O vaxta qədər Straud ixtisasını dəyişərək detektivdən musiqi menecerinə çevrilmişdi və hətta Ninanın plastinkaları, habelə onun bütün yaradıcılıq prosesi üçün material seçilməsinə təsir göstərməyə çalışırdı, hərçənd Nina son qərar qəbul etmək hüququnu özündə saxlayırdı.

Müğənninin diskoqrafiyasında əvvəlki işləri ilə müqayisədə eklektikliyi və proqnozlaşdıra bilməmək dərəcəsi xeyli aşağı olan daha 9 albom yaranmışdı. Onun saundu pop-soul istiqamətinə getdikcə daha çox meyl edirdi. Bu, həm aranjimanlara, həm də materialın özünün seçiminə aid idi. Bu dövrün incisi sayılan, qismən avtobioqrafik xarakterli “Young, Gifted & Black” mahnısını Saymon Ueldon İrvin (kiçik) (Weldon İrvine Jr.) ilə şərikli müəllif kimi yazmış, sonralar həmin mahnını Areta Franklin (Aretha Franklin) ifa etmişdi.

Nina Saymon öz vətənində ən populyar müğənni qadınlar sırasına daxil olmasa da, onun iki mahnısı – “Ain't Got No” (bu mahnının mövzusu “Saçlar” müziklindən alınmışdı) və “Bee Gees “To Love Somebody”” mahnısının kaver-versiyası Britaniya hit-paradında ilk beşliyə daxil olandan sonra Avropada onun xeyli pərəstişkarı yaranmışdı. Bundan əlavə, müğənni iki dəfə - 1965-ci və 1968-ci illərdə Avropaya böyük konsert turlarına gəlmişdi.

Nina Saymon

70-ci illərdə sənətçinin həyatında mürəkkəb dövr başlandı. Saymon ərindən boşandı və menecerlik məsələləri ilə özü məşğul olmağa çalışdı. Sonralar bu işdə qardaşı Sem Ueymon (Sam Waymon) ona kömək etməyə başlamışdı. Lakin Saymon heç də həmişə maliyyə problemlərinin öhdəsindən gələ bilmirdi. Hətta bir dəfə onun vergi ödəməməsindən şübhələnərək həbs etmişdilər. O, yerində sakit otura bilmirdi, azğınlaşmış irqçilik uçbatından Amerikada yaşaya bilmirdi. Müğənni bir ölkədən digərinə köçüb gedir, lakin heç yerdə uzun müddət ləngimirdi. O, İsveçrədə, Liberiyada, Barbadosda, Fransada, Niderlandda, Trinidadda və Böyük Britaniyada yaşamağı sınamışdı. İndi onun studiya yazıları kataloquna əvvəlki dövrlə müqayisədə çox nadir hallarda genişlənirdi.

1970-ci ildən 1978-ci ilə qədər o, yeddi studiya işi, o cümlədən özünü müşayiət etməklə “Nina Simone and Piano” adlı mahnı kolleksiyasını hazırlamışdır. Kütləvi dinləyicilər ona kifayət qədər laqeyd münasibət bəsləsə də, musiqi mətbuatı 1978-ci ildə buraxılmış “Baltimore” albomunu həmişəkindən daha səmimi qarşılamışdır. 80-ci illərdə müxtəlif leybllər altında buraxılan nadir relezlərə əsasən konsert yazıları daxil idi və saymonun məhdud dairəyə daxil olan köhnə və sədaqətli pərəstişkarlarından başqa, tamaşaçılar tərəfindən demək olar ki, hiss edilmədən keçib gedirdi.

1987-ci ildə Nina Saymon hələ 1959-cu ildə yazdırdığı ilk kompozisiyalardan biri “My Baby Just Cares for Me” “Şanel” ətirlərinin reklam çarxında səslənərkən onun adı gözlənilmədən yada düşdü. Təkrar nəşr edilmiş bu sinql isə böyük uğur qazandı – o, Böyük Britaniya hitlərinin ilk beşliyinə daxil oldu. 1991-ci ildə sənətçi özünün “İ Put a Spell on You” adlı avtobioqrafiyasını çap etdirdi. Bu kitab əvvəlcə Londonda, sonra Nyu-Yorkda çap edildi, bir ildən sonra isə fransız və alman dillərinə tərcümə olundu. İfaçının bir neçə mahnısı “Point of No Return” filmində səslənəndən sonra onun yaradıcılığına maraq yenidən gücləndi. Bu filmin baş qəhrəmanı qismən Nina Saymonun özünün obrazı idi. 1993-cü ildə müğənni iri leyblin himayəsi altına qayıtdı və bu, yeni materiallardan ibarət “A Single Woman” adlı daha bir albomun yaranmasına səbəb oldu. Bu, Saymonun sonuncu studiya təcrübəsi idi. Həmin albomda o, əsasən qəmli məhəbbət mahnılarına və romantik balladalara üstünlük verərək əvvəlki kimi cəlbedici vokalı ilə parladı.

90-cı illərin sonuna qədər Nina Saymonun həyatında baş verən bütün dəyişikliklər əsasən pisləşməyə doğru olmuşdur. Onun səhhəti ilbəil pisləşirdi, 1994-cü ildə əsəb pozğunluğu ucbatından Almaniyada nəzərdə tutulan bir sıra konsertləri ləğv etmək lazım gəlmişdir. Artıq o, studiyada işləmir, səhnəyə nadir hallarda çıxırdı. İldə 10-20 dəfə konsert verirdi. 90-cı illərin sonuna qədər yalnız iki canlı konsertdən yazılmış disk buraxmışdı. Bu konsertlərin biri Nyu-Portda, digəri Parisdə baş tutmuşdu. 2001-ci ildə Karneqi Hollda çıxış etməli olan Ninanı səhnəyə qolundan tutub çıxarmışdılar. Ömrünün son il yarımlıq dövründə o, xəstə olduğundan, demək olar ki, adam arasına çıxmırdı.

Nina Saymon

Nina Saymon 2003-cü il aprelin 21-də Fransanın cənubunda, Marsel yaxınlığında son səkkiz ildə yaşadığı evində vəfat etmişdir. Onun 70 yaşı vardı.

Nina Saymon 40 illik sənət karyerası dövründə 170 studiya və konsert albomu və sinqllər yazdırmışdır. Onun mahnı kataloqunda 120-dən çox kompozisiya var. O, XX əsrin ən nüfuzlu estrada müğənnilərindən biri sayılmaqdadır. Həmkarları ondan söz düşəndə deyirdilər: “Nina Saymon öz dövrünü qabaqlayırdı. Birinci dərəcəli konsert pianoçusu kimi gözəl oxuyur, yaxşı mahnılar yazır və qəlbindəki duyğuları səxavətlə üzə çıxarırdı”.

Viktoriya Prokopoviç