CORC BENSON BAKIDA

Corc Benson estrada səhnəsində ilk dəfə müğənni kimi çıxış etmişdir. O, özünün “She Makes Me Mad” adlı ilk sinqlini yazdıranda 10 yaşı vardı. Bir neçə ildən sonra bu qaradərili vunderkind özünün vokal ansamblını yaratdı və bu kollektiv ritm-n-blüz ifa etməyə başladı. Təxminən eyni vaxtda o, gitara çalmağa maraq göstərdi və az sonra o dövrün cazmenləri arasında birincilər sırasında gitara çala-çala öz musiqi kompozisiyalarından fraqmentlər

Corc Benson

oxumağa başladı. 1962-1965-ci illərdə o, “Jack McDuff” kvartetin heyətində çıxış edirdi. Bir neçə ildən sonra gənc Corcun “ikinci ixtisasa” yiyələnmək səyləri təkcə konsertlərə gələn tamaşaçılar tərəfindən deyil, həm də səsyazma sənayesinin nəhəngləri tərəfindən layiqincə qiymətləndirildi. Altmışıncı illərin ortalarında məşhur “A&M” şirkəti onunla kontrakt imzaladı və bir-birinin ardınca üç plastinkasını buraxdı. Artıq həmin illərdə hiss edilirdi ki, Benson əsl novatordur. Bu mühüm keyfiyyət tezliklə onun yaratdığı, hələ də populyar olan fyujn stilində öz əksini tapdı. Onun 1976-cı ildə yazılmış “Breezin” albomu indiyə qədər əvəzedilməz sayılır. Platin plastinka adına layiq görülmüş həmin val caz tarixində indiyə qədər ən çox satılan plastinkalardan biridir.

Benson sonralar da musiqidə yeni cərəyanların ilk nümayəndələrindən biri olurdu. Lakin bir stilistik istiqamət çərçivəsində uzun müddət qalmırdı. Caz instrumentalisti kimi reputasiya qazanmasına baxmayaraq elektron alətlərlə eksperimentlər aparmağa da layeyd qalmır, məşhur mahnıları soul, fank və hətta rok musiqisi stilistikasında interpretasiya edirdi. Sayd-men kimi cazın bir nömrəli ulduzları arasında nüfuzu yüksək idi. Məsələn, o, Mayls Devis, Ron Karter, Herbi Henkok və bir sıra başqalarının solo layihələrində çıxış etmişdir. 70-cı illərin axırları – 80-ci illərdə Benson pop-vokala daha çox diqqət yetirirdi, lakin 90-cı illərin əvvəlində yenidən klassik caz standartlarına və akustik ifalara qayıtdı. Onun yaradıcılığının həmin dövrü Kaunt Beysinin məşhur orkestri ilə əməkdaşlıq etməsi, sonra isə özünün “Big Boss Band” biq-bendinin yaradılması ilə əlamətdar olmuşdur. İlk baxışda güman etmək olardı ki, hər şey öz yerinə qayıdır. Lakin bu musiqiçinin istedadının hansı istiqamətdə inkişaf edəcəyini hələ heç kəs söyləyə bilməzdi. Bu yaxınlarda yazdırdığı “Absolute Benson” - “Böyük bos” albomunda (o, hələ öz sənət karyerasının başlanğıcında bu ləqəbi almışdı) cazı yenə ritm-n-blüz, pop musiqisi və fank ilə sintez edir.

Bensonun svinqdən və bopdan caz-roka və smooth-caza qədər bütün bu bitib-tükənməz səyahətləri öz yolunu axtaran sənətçinin əzablarına az oxşayır. Benson müxtəlif janrlarda qüvvəsini sınasa da, həmişə özü kimi qalır – unikal improvizator, mükəmməl vokalçı və istedadlı instrumentalist. “Böyük bos” indiyə qədər iki dəfə “Ən yaxşı alboma görə” və “Ən yaxşı ritm-ənd-blüz kompozisiyasına görə” nominasiyalarında prestijli Grammy musiqi mükafatına layiq görülmüşdür. Onun mükafatlarının ümumi sayı buraxılmış disklərinin sayı ilə (onların sayı isə əllini aşmışdır) rəqabət aparır, bu musiqiçinin pərəstişkarlarının sayı isə milyonlarla hesablanır. Təbii ki, bizim ölkədə də onun pərəstişkarları az deyil.

Corc Benson

Bakılıların bir neçə nəslinin intizarla gözlədiyi gün, axır ki, gəlib çatdı. Dünyada gitaranın tacsız kralı kimi tanınmış virtuoz maestro Corc Bensonun pərəstişkarları - onun üzünü görmək, canlı ifasını dinləmək istəyənlər belə bir imkan əldə etdilər. Bakılı pərəstişkarları ilə görüş Bensonun yarıtəzə-yarıköhnə konsert proqramı ilə dünya turnesinin bir hissəsi oldu: sənətçinin qastrol marşrutuna keçmiş İttifaqın şəhərləri də daxildir.

Yeri gəlmişkən, Bensonu Rusiyanın bomondu ilə ilk dəfə tanış edən Araz Ağalarov olmuşdur. O vaxt Ağalarov Bensonu özünün “Krokus-Siti” adlı ticarət evinin açılışına dəvət etmişdi.

Konsertdən əvvəl Heydər Əliyev Sarayının foyesində toplaşanlar arasında nazirləri, deputatları, biznes sinfini təmsil edən dövlət məmurlarıın və demək olar ki, bütün şou-elitanın nümayəndələrini görmək olardı. Bəziləri “defisit” dövründə Corc Bensonun vinil plastinkalarını və Breezing albomunu əldə etmək şərəfinə nail
olduqlarını qürurla xatırlayır (1976-cı ildə buraxılmış, haqlı olaraq Bensonun sənətinin zirvəsi hesab edilən bu albomda Benson “fyujn” stilinin banisi kimi təqdim olunur, bu disklər özləri isə bütün dünyada raritetə çevrilmişdir), digərləri virtuoz-metrin Moskvada, İstanbulda, Tbilisidə verdiyi konsertlərin təəssüratını bölüşürdülər.

Müxtəlif nəsillərə mənsub olan bu saysız-hesabsız pərəstişkarlar maestronun yaradıcılığı ilə onun müxtəlif illərə aid pop-repertuarı əsasında tanışdırlar. Təsadüfi deyil ki, Benson düz 10 dəfə (!) müxtəlif nominasiyalarda “Qremmi” mükafatına layiq görülmüşdür. Yer kürəsində milyonlarla fanatı olan bu musiqiçinin mükafatlarının ümumi sayı yazdırdığı disklərin sayı ilə rəqabətə girə bilər (disklərin sayı isə 50-dən artıqdır).

Corc Bensonu bakılı tamaşaçılara xüsusi təqdim etməyə ehtiyac olmadı. Hadisələr çox sadə “Bakı ssenarisi” üzrə cərəyan edirdi: əvvəlcə səhnə arxasından tamaşaçılara müraciətlə mobil telefonları söndürmək və foto çəkilişlər aparılmasının qadağan olunması barədə xəbərdarlıq edildi, sonra elektrik-bend, daha sonra maestro özü gitarası ilə bərabər, çevik hərəkətlə səhnənin qabaq tərəfində göründü. Konsert başladı, nə başladı...

Tamaşaçılar Bensonu gurultulu alqışlarla, “Bravo!” sədaları ilə qarşıladılar: elə bil iki saatlıq konsert artıq başa çatmışdı. Bensonun nostalji duyğular oyadan, firma unisonu (sket-vokal+simli alətlər) ilə seçilən tanış kompozisiyalarının melodiyaları tamaşaçılara yeni ritm-seksiyalı başqa aranjimanda təqdim edildi.

Dəyişməyən bir məqam vardı – məhəbbət mövzusu. Metr sanki özünün bütün pərəstişkarlarına üztutaraq şövqlə oxuyurdu, bu mövzu bütün konsertin ana xəttinə çevrilmişdi. Klassik “Give Me The Night”, yaxud

Corc Benson

“This Masquerade” disko-hitləri ifa ediləndə nostalji ekstaz hissləri kulminasiya nöqtəsinə çatdı.

Soul və fank janrında interpretasiyalar səslənən konsertdə bəzən rok musiqisinə də müraciət edilirdi. Lakin əsas məsələ budur ki, həmin konsertdə svinq və bop, caz-rok və smooth-caz notları səsləndi. Bir daha sevindim ki, təkcə bunun xatirinə Bensonun konsertinə gəlməyə dəyərdi, axı bu melodiyalar hələ iyirmi beş il bundan əvvəl mənim qəlbimi ovsunlamışdı. Bensonun bu konsertində iştirak edən musiqiçilərin hamısı dünyanın adlı-sanlı cazmenləri ilə birgə çıxış etmiş, çoxlu albomlar yazdırmış tanınmış sənətçilərdir. Həmin ifaçıların hər biri üçün bu və ya digər kompozisiyalarda müəyyən solo-improvizasiya “dozası” ayrılmışdı. Benson kostyumunu dəyişən arada səhnədəki bas-gitaraçı musiqiçiləri tamaşaçılara təqdim etdi. Bu, özünəməxsus bir şou idi.

Konsertin birinci bölməsində Corc Bensonun əynində qara paltar, boynunda qızıl zəncir, qolunda yüksək əyarlı qolbaqlar, barmaqlarında bahalı üzüklər vardı. Projektor şüaları altında bərq vuran bu aksessuarlar Sarayın yarıqaranlıq zalında blüz ballada və kantrilərin sehrinə düşmüş tamaşaçıların diqqətindən yayınmırdı. Maestro Bensonun qızıl suyuna çəkilmiş gitarasının simlərindən süzülən musiqi sədaları zalda xüsusi bir ab-hava yaratmışdı.

Bu, səriştəli Bakı tamaşaçısı üçün qeyri-adi meditativ şok idi. Konsertin ikinci bölməsində maestro Benson əyninə ağ libas geyinmişdi. Bu dəfə tamaşaçılar yerində otura bilmirdi: onların əksəriyyəti özünü lap rəqs meydançasındakı kimi hiss edirdi. Görünür, bu da finala hazırlığın bir əlaməti idi: konsert başa çatandan sonra instrumentalistlərin müşayiəti ilə “bis!” sədaları altında səhnəyə çıxan metr “Yeddinci gün kilsəsinin qaradərili baptist keşişi” görkəmində səhnənin qabaq hissəsinə gəlib qızıl qolbaqlı, qızıl üzüklü əlini uzadaraq tamaşaçılarla görüşürdü.

Bu, sözlə təsvir edilməsi çətin olan bir ajiotaj idi: kumirin əlini sıxmaq arzusunda olanlar əməlli-başlı “basabas” yaratmışdılar. Hətta zərif cinsin bəzi nümayəndələri bu virtuoz ifaçının əlini öpməkdən özlərini saxlaya bilmirdi. Şuluqluq yarana biləcəyini hiss edən mühafizəçilər vaxtında işə qarışdılar və heç bir qanqaralığı yaranmadı, tamaşaçılar sarayı xoş təəssüratlara tərk etdilər.

Konsertdə heyrət doğuran məqamlardan biri də bu oldu ki, Bensonun artıq 66 yaşı olmasına baxmayaraq o, müəllif şou-proqramlarında yenə eksperimentlər keçirir, müxtəlif janrlarda qüvvəsini sınayır və unikal improvizator, mükəmməl vokalçı və parlaq instrumentalist kimi öz məxsusiliyini qoruyub saxlayır. Mənim fikrimcə, o hələ də dünya pop mədəniyyətinin rəmzi, Frenk Sinatra və Maykl Ceksondan sonra sonuncu mogikanlardan biridir.

Ülvi Mehdi